Contents
  1. Müqəddimə
  2. Cəhənnəm
  3. 1. xan tüpürcəyi
  4. 2. topal seyid
  5. 3. deşikli ağac
  6. 4. qazaq qəbri və xəlifəli ocağı
  7. 5. cındırlı pir
  8. 6. öskürək piri
  9. 7. cicim ocağı
  10. Odabaşının hekayəsi

Page 1 of 25

BİR NEÇƏ SÖZ

“Cəhənnəm məktubları” adlandırdığım bu əsərim “Marallarımın” mabədi olaraq, bir para mənfi tiplərdən və mövhumatdan bəhs edən bir əsərdir.

Cəhənnəmin təsviri, şöbələri və şöbələrinin adları, günahkarlara olan cəzaların növləri – heç birisi xəyali deyil. Hamısı “Tənbihülqafilin” və o qəbil sair cəhətlərdən götürülmüşdür. Bu əsəri yazmaqdan məqsəd mövhumatın avam türk xalqının başında nə dərəcədə möhkəm bir mövqe tutmasını göstərmək idi.

Mədinənin ətrafında peyda olan əjdaha və Adəmlə Həvvanın Xənnası yedikləri xüsusda yazılanı oxuyanlar deyəcəklər: “Bu, müsənnif tərəfindən böhtandır”. Sizi inandırıram ki, bu, böhtan isə də, müctəhidlərin kitablarında yazılıbdır.

Qara camaat arasında İndi də baqi qalan bir para mövhumi adətləri göstərmək, məsələn, pirlərə inanmaq, qudurmuş it tutanda təbib əvəzinə topal seyid yanına getmək, habelə camaat arasından götürülməsi vacib olan adətlərdən danışmağı həmçinin lazım bildim.

Söz yox ki, cəhənnəm özü bir mövhumi məkandır. Amma bu əsərdə “cəhənnəm” sözünü “mənfi tiplər” cəmiyyəti mənasında düşünməlidir.

Ə. H.

Müqəddimə

Əmma raviyani-əxbər və naqilani asar və tutiyani-şəkkər-şikənü şiringöftar camiülhekayatda kimdən ərz eləsinlər? Bəndədən.

Bəndeyi-həqirü fəqir, əqəlli-külli-bəndəgan müləqqəb be “Xortdan” bir günü kəştiyi-xəyalatda əyləşib dəryayi-təfəkkürdə seyr eləyirdim və dünyanın keçmişini və gələcək işlərini bir-bir xəyalımdan keçirirdim. Nagah xəyalıma cəhənnəm düşdü. Və xəyalımdan qulağıma bir nida gəldi ki: “Ey qafil xortdan, bu nə xabi-qəflətdir ki, uyub-

Guya şeytanın oğlu imiş

san? İnsan dünyanın cəmi yerlərini, dağlarını, meşələrini, dəryalarını ayaqları altına alıb gəzdi; yer üzündə insan ayağı dəyməmiş bir nöqtə qalmamış. Nə olar sən də onların acığına gedib cəhənnəmi səyahət eləyib, oradan bir xəbər gətirəsən?” Bu sədanı eşitdikdən sonra xəyalım hər yerdən danışdı. Ancaq bir tək cəhənnəm səfəri başımda qərar tutdu. Öz-özümə dedim: məgər mən Xristofor Kolumbdan əskik oğlanam; getdi Amerikanı açdı və ya Magellandan əskigəm ki, dünyanı dörd dəfə dolanıb, nə qədər bilinməz yerlər, cəzirələr tapdı. Doğrudur, yolda vəhşilər onu öldürüb bozbaş bişirdilər. Bu da onun öz taktikasıdır. Bir “ismi-əzəm” oxuyub onların gözlərinə üfürsəydi, hamısının gözləri tutulardı, o da yolu ilə düz çıxıb gedərdi. Kafir olduğundan ismi-əzəmi bilməyirdi. O idi ki, bəlaya uğradı. Və ya Vasqo de-Qamadan, ya Nansendən qalanam və ya Iskəndəri-Zülqərneynlə zülmata gedənlərdən aciz oğlanam və ya şeyxi-səyyahdan acizəm ki, illərlə zövrəqnişin olub Hind dəryasını səyahət edib və Avropaya İndi də məlum olmayan günbədidəvvarı tapıb, onun divarına mum yapışdırıb kimya duasını götürübdür.

Mən bu adamların heç birisindən geri qalan və heç birisindən aciz oğlan deyiləm. Gərək mən də gedib cəhənnəmi səyahət eləyib oradan xəbər gətirəm.

Oraya İndiyədək milyonlarla adam gediblər. Çoxusu alim və savadlı adamlardır. Amma heç birindən bir xəbər yoxdur. Mən gedərəm də, xəbər gətirərəm də.

Bu yerdə məni bir fikir götürdü: zəmani ki, mən diriyəm, necə cəhənnəmə gedə bilərəm? Insan gərək ölsün ki, cəhənnəmə getsin.

Doğrusu, əvvələn, ölməyə heç iştahım yox idi. İkincisi, ölüb gedən qayıtmaz. Hətta bu xüsusda bir məsəl də var.

Bizim şəhərimizdə Musa bəy adlı bir kişi var idi. Bu adam yetimlərə qəyyum olmağı özünə peşə qayırmışdı. Dörd yetimə bir-birinin dalınca qəyyum olub, hamısının da var-yoxlarını həzm-rabedən keçirmişdi. Yetimlər böyüyüb ondan hesab istəyəndə deyirdi: “Bala, qəbiristana gedən ölü dala qayıtmaz”. Ondan bu söz bizim şəhərdə zərbülməsələ olubdur.

Bəs müvəqqəti bir ölüm lazımdır. Bir neçə illiyə ölüb, cəhənnəmə gedib, sonra yenə qayıdasan.

Yenə gördüm xəyalımdan səs gəldi: “Naümid olma, Xortdan! Naümid şeytandır ki, Allahın dərgahından həmişəlik qovulub. Sən dayanma, birbaş get Qarabağa, orda Mirzə Qoşunəli Təbrizi adında bir möhtərəm şəxs iksir qayırmağa məşğuldur. O sənin dərdinə əlac eləyə bilər. Bil və agah ol, Xortdan, axtaran tapar”.

Bu səsi eşidib, özüm də “axtaran tapar” deyib Yevlax mövqifinə rəvan olub, sübh yetişdim. Xəbər aldım ki, Şuşuya poyezd nə vədə gedəcək.

Dedilər:

– On beş ildən sonra bəlkə gedə.

Dedim:

– Yox, bir belə müddət gözləməyi mən bacarmayacağam. İşim əcələlidir.

Dedilər:

– Onla gərək faytonla gedəsən.

– Çox gözəl, – deyib faytonçu çağırdım.

Yəni əslinə baxsanız faytonçu məni çağırdı. Yevlaxa gələnlərə faytonçular göz verir, işıq verməyirlər. Adamın başının üstündə, quzğun cəmdək üstündə dolanan kimi, dolanırlar. Eybi yoxdur. Belə deyək, bir faytonçu çağırdım:

– Bala, faytonun sazdımı?

– Belə faytonum var ki, avtamabel onun yanında heçdir!

– Məni Şuşaya neçəyə aparacaqsan?

– Görürəm sən bir nəcib oğlansan. Özün də bəyə oxşayırsan. Yəqin

çənə-bazarla da aran yoxdur. Ona görə sənə bir qurtaran söz deyəcəyəm...

– Əlbəttə, qurtaran söz yaxşıdır.

– Sənin xatırın üçün faytonu qırx yeddi manata qoşaram...

– Məni nə vədə Şuşaya yetirərsən?

– Vallah, qorxuram yalan ola. Sabah, sübh saat onda Şuşaya varid olarsan.

– Yəqin?

– Bəlkə bir az da tez... Ancaq söz verməyə qorxuram. Bəlkə yalan oldu. Amma saat ona şəkkin olmasın.

– Xub, get qoş, gəl.

Faytonçu getdi, mən də əyləşib çay içdim. Bir az keçmişdi, gördüm ki, fayton ildırım kimi stansiyaya tərəf çapır.

Çıxıb əyləşdim.

Faytonçu əlini havaya qaldırıb, bir qamçı mənim papağıma, birini də atlara vurub yola düşdü. Fayton elə bir sürətlə yola düşdü ki, dedim yəqin bu gecə məni mənzilə yetirəcək. Bu sürətlə təxminən iki verst gedəndən sonra atların cilovunu çəkdi. Atlar başladılar qədəmlə getməyə.

Gördüm bu yerişlə İki günə məni mənzilə aparıb çıxartmayacaq.

Dedim:

– Bacı oğlu, bir qədər faytonun hərəkətinə haram qarışdır. Bu yerişlə sən nə vaxt Şuşaya çatacaqsan?

Bu dəfə faytonçu artıq etina etməyib, ağzının ucu ilə cavab verdi:

– Vaxtında çatarıq.

Beş saatdan sonra “Bərdə bazarına” varid oldum. Çox gözəl bazardır. Yolun o tay-bu tayına dükanlar düzülmüş və hər birində bir nəfər mömin qardaş əyləşmiş. Hamısı əhli-iman, Allah bəndəsi, özgənin bir quruşuna xəyanət eləməyən. Süd əvəzinə su, yağ yerinə piy satmayan. Akulə düyüsünə Tərtər düyüsündən aşqar vurmayan. Doşab küpələrində siçanlar oynamayan, yalandan atalarının ərvahına and içib, malı üçqat artıq qiymətə satmayan adamlardır.

Bərdə bazarında gördüm aclıq mənə əl verib, faytonçudan xəbər

aldım:

– Burada çörək yeməyə bir yer tapılmayır?

Dedi:

– Bəli, bu yaxında Məşədi Şərbətəlinin yaxşı pakizə restoranı var.

Orada nahar eləyə bilərsən.

Restorana tərəf gedib, gördüm qapının ağzında İki dənə samovar qoyublar, rəngləri qapqara. Faytonçudan xəbər aldım ki, bu samovarları niyə təmizləmirlər?

Faytonçu gülüb dedi:

– Bu samovarların misi əslindən qaradır. Maku sərdarı Murtuzaqulu xanın təzə mədənindəndir.

Təəccüb eləyib restorana daxil oldum.

Restoranın təmizliyinə söz yoxdur. Divarlarının yanında çarpayılar qoyulmuş, hamısının üstünə fərşlər salınmışdır. Bir kənarda kürə qurulub. Restoran sahibi də başında araqçın, döşündə döşlük, kürənin arxasında durub, qabağında düzülmüş tavalardan, qazanlardan müştərilərin istədikləri xörəkləri çəkib verir. Çarpayıların üstündə neçə nəfər əyləşib. Kimi xörək yeyir, kimi içir, kimi qəlyan, ya çubuq çəkir.

Bir nəfər arıq, uzunboğaz, başı şapkalı, əynində bozarmış sertuq, təxminən qırx sinnində şəxs, qabağında bir stəkan dişləmə çay, tez-tez yumruğunu yerə döyüb burnunu çəkərək, onunla yanaşı oturmuş tənumənd, yoğun, qarasaqqallı bir hampa kəndli ilə mübahisə eləyirdi:

– Axır sənin ki mənimlə bir ədavətin yoxdur. Ərizə gətirərsən, yazaram.

Pavestka gətirərsən, oxuyub vədəsini deyərəm; axır sən niyə mənim evimi yıxdın? İndi, budur, məni müəllimlikdən çıxarıblar! Mən uşaqlarımın əlindən tutub haraya gedim? Təzədən bir də yer tapınca mənimki mənə dəyər. Qiyamətdə mənim balalarımın cavabını sən verəcəksən.

Hampa deyir:

– Ay Mirzə Səttar, axır niyə insafla danışmayırsan? Mən oğlu ölmüşün oğlu, inspektora nə demişəm? Əgər yalan demişəm, bu adamların yanında vur başım yarılsın. Məgər mən işin olanını deməmişəm?

Soruşdu: uçtel haraya gedib, mən də dedim: gedib dərs gətirməyə. Özün hər gedəndə uşaqlara demirsənmi ki, gedirəm dərs gətirməyə?

– Mən çox da deyirəm. Sən bilmirsənmi ki, bu inspektorun mənimlə arası yoxdur? Məni çıxartmağa çoxdan bəhanə axtarırdı!

– Mən nə bilim sizin aranızda nə var. Eşitdiyimi, bildiyimi demişəm. – Siz uşaqlarınızı oxutmağı haram bilirsiniz. Odur ki, istəmirsiniz buraya müəllim gəlsin. Buraya məndən qabaq gələn müəllimi soyuqdan dondurub qaçırtdınız. Nə məktəbə, nə də onun mənzilinə odun verdiniz. İndi mənə də bu kələyi tapdın. Görək məndən sonra gələni necə yola aparacaqsınız!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets