Xortdanın cəhənnəm məktubları
Contents
Page 7 of 25 · 24%
Cəhənnəm
Səhranın günbatan tərəfindən gördüm bir şölə asimana bülənd olub, işığı hər yeri bürüyübdür. Üzümü şöləyə tərəf tutub getdim. Bir az gedəndən sonra məni cəhənnəmin istisi vurdu. Təəccüb burası idi ki, burnuma plov iyi gəldi. Yəqin etdim ki, cəhənnəmdə hamıdan çox yananlar plov yeyənlərdir.
Isti gəldikcə artdı. Mən dayandım. Gördüm ki, hərarətin artıqlığından mənim üçün irəli getmək mümkün olmayacaqdır.
Birdən qulağıma bir səs gəldi:
– Əyyühəlxortdan! Eşidibsən ki, “kafər bəcəhənnəm nəmirəvəd, kəşan-kəşan mibərənd”. Getməsən də aparacaqlar. Yaxşısı budur öz xoşunla gedəsən.
Bu sözü eşidən tək başladım yeriməyə. Dedim:
– Hərçi bada-bad!
Mən cəhənnəmi həmişə Bakının mədənlərinə oxşar bir şey hesab edirdim və çox vədə də deyirdim ki, cəhənnəm yəqin Bakıda olacaq.
Neft quyularının hamısından alov göyə dirəklənəcək və günahkarları birbəbir təpəsi üstündə quyulara salacaqlar.
Bir də mən belə hesab edirdim ki, cəhənnəm bir böyük şəhərdir, dəryanın kənarında düşübdür. Təmirat hamısı oddandır. Yananlar istəyirlər ki, özlərini dəryaya atsınlar, bəlkə su onların əzabını azalda, amma olmur. Əziyyətləri birə iki də artır.
Xülasə, hər növ təsəvvür edirəm, amma heç birisi gördüyüm olmadı. Cəhənnəm əvəzində bir böyük əjdaha gördüm ki, onun yetmiş min fərsəng boyu idi və yeddi min fərsəng eni idi. Yetmiş min ağzı var idi, yetmiş min burnu, yetmiş min gözü və yetmiş min qulaqları var idi.
Heyvanın ağzından, qulaqlarından və burunlarından alov dirəklənirdi.
Bu halda gördüm, mənə tərəf bir kişi gəlir: arıq, uzun, boğazı nazik, başı balqabaq boyda. Burnu qaraquş burnuna və saqqalı keçi saqqalına bənzəyir. Amma döşündə bir şiri-xurşid nişanı var. Və nişanın da ətrafında farsca bu sözlər yazılmış: “Abi şurəst, çi qabiliyyət darəd, büdeh, berizəd bə guripədərəş”.
Yazını oxuyan tək, kişini tanıdım. Yəqin qarelər hamısı tanıdılar.
Tanımayanlar var isə, vəzir Mirzə Ağa Asinin divanını oxusunlar, o saat tanıyarlar.
Kişidən xəbər aldım:
– Mərdəkə, burada nəmənə qayırırsan?
Dedi:
– Elə ölən gündən məni cəhənnəmdə odabaşı ediblər.
Dedim:
– Çox gözəl mənsəbdir, mübarəkdir.
Sonra xəbər aldım:
– Bu əjdaha burada nə qayırır?
Kafir cəhənnəmə getməz, onu çəkə-çəkə apararlar.
“Şor sudur, nə əhəmiyyəti var. Ver töksün atasının goruna”.
Dedi:
– Qulaq ver nağıl edim: xudavəndi-aləm ki cəhənnəmi xəlq etdi, onun hərarətindən göy od tutdu. Otlar, ağaclar, dəryaların suyu hamısı qurudu. Cəmi vühuş və teyur, ins və cins qaziyəlhacət dərgahına əl götürüb yalvardılar:
– İlahi, yandıq. Yaratdıqlarına rəhmin gəlsin.
Xudavəndi-aləm məxluqatın duasını eşitdi və bu əjdahanı yaradıb ona əmr etdi ki, cəhənnəmi udsun.
Əjdaha yalvardı, ərz elədi:
– Xudaya, mən nə günah eləmişəm? Qəzəbini mənim üstümdən götür.
Əjdaha bir də baxdı ki, başının üstündə bir mələk, əlində oddan qamçı, dayanıb deyir:
– Ud cəhənnəmi, ey Allahın heyvanı! Xudavəndi-aləmin əmrindən boyun qaçırmaq olmaz!
Əjdaha itaət edib cəhənnəmi çəkdi kamına.
Əjdaha cəhənnəmi udandan sonra onun içərisi başladı alışıb yanmağa.
Əjdaha ilan dili çıxardıb yalvardı:
– Allah, yandım, mənə rəhm elə!
Xudavəndi-aləmin əjdahaya rəhmi gəlib, əmr etdi ki, ilin altı ayını nəfəsini çölə versin və altı ayını içəri çəksin. Odur ki, əjdaha nəfəsini çölə verəndə bahar və yay olur, içəri çəkəndə payız və qış olur. Bir para sarsaq-sarsaq kitablarda yazırlar ki, nə bilim ay belə gedir, gün belə gəlir, yer dombalaq aşır. Bunlar hamısı axmaq sözlərdir. İndi gözünlə görüb yəqin edə bilərsən.
Dedim:
– Bəli, görürəm. Mən bu sözləri dünyada da eşitmişəm. Bizim şəhərə İrandan bir axund gəlmişdi. Məktəb açıb şəhərin uşaqlarına dərs verirdi.
Axundun adını unutmuşam. Ancaq yadımdadır ki, məktəb uşaqları onun adını Molla Həmmami-Zənanə qoymuşdular. Mən bu sözləri o büzürgüvarın dilindən, minbərdən eşitmişəm. Görünür, axund düz buyururmuş.
Dalınca bir ah çəkib öz ürəyimdə dedim:
– Ya Molla Həmmami-Zənanə, əgər qiyamətdə görüşmək müyəssər olsa, səndən halallıq istəyəcəyəm; çünki o vaxt tamam məsciddə cəm olanlar bir ağızla salavat çevirdilərsə də, mən şəkk elədim. Bu söhbətdən sonra odabaşıdan soruşdum:
– Cəhənnəmə girmək olarmı?
Dedi:
– Bəli, bəli! Buyura bilərsiniz. Cəhənnəmin qapıları gələnin üzünə açıqdır.
– Pasport, filan?
Dedi:
– Heç bir şey lazım deyil. Sən görən polis burada yoxdur.
Qapını açıb məni içəri saldı.
Bəli, vasil olduq cəhənnəmə. Allah cəmi arzısında olan mömin, müqəddəs qardaşlara qismət eləsin.
Cəhənnəm, nə cəhənnəm! Tamaşası cəmi dünyaya dəyər. Onun müqabilində nə teatr, nə kəndirbaz, nə qoç döyüşməsi, nə dəvə güləşməsi, nə xoruz və bildirçin döyüşməsi, nə mütrüb oyunu, nə qoçular atışması... hamısı bu tamaşanın müqabilində heç yerindədir. Bu tamaşanı görən, yəqinimdir ki, Sultan Həmidin mövləvi təkyəsinə etina etməyib, yanından gözüyumulu ötər.
Bilirəm oxucular inanmayacaqlar, deyəcəklər:
– Xortdan gedib cəhənnəmə, oradan ağzına gələn hədyanı yazır.
Cəhənnəm nədir, tamaşası nə ola?
Mən oxucularımı inandırmaq üçün bir neçə möhkəm and içməyə hazıram. Ancaq Qurana and içməyəcəyəm. Inanmazsınız; çünki müsəlman ki Qurana and içdi, yəqin edin ki, yalan deyir. Mənim andlarım möhkəm andlardır.
And olsun Cəfərqulu xanın övladının ağızlarının tüpürcəyinə, and olsun Topal Seyidin barmağının qanına, and olsun deşikli ağaca, qazaq qəbrinə, Xəlifəli ocağına, cındırlı pirə, Cicim ocağına, öskürək pirinə, and olsun Xorasan mütəvəlli başçısının anbarından çıxan şərab küplərinə, İmam Cümənin buğda anbarına, Bala keşişin tasına, Mirzə Qoşunəli Təbrizinin çarıqlarına, dərviş Qırışmalqulunun dişsiz əfilərinə, yazdığım sözlərdə bir hərf qələt yoxdur; hamısı haqq sözlərdir.
Burada bir haşiyəyə ehtiyac göründü: oxucularımı dürüst inandırmaq üçün yuxarıda göstərdiyim müqəddəs şəxslərdən və məqamlardan bir az izahat vermək istəyirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-xortdanin-cehennem-mektublari
Use ← → keys to move, R for a random poem
More by this author
İki pərdəli dramİştirak edənlər
Birinci pərdəPərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin*heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və*
İkinci pərdəQafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışıb. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır.Əkbər**. Ana gəl bu ağı mənim boynuma tik.
Yeyərsən qaz ətini, görərsən ləzzətiniKeyfiyyəti-qəribədir ki,üç məclisdə tamam olur
Poems by other poets
Ey ağalar necə olurHalı yardan ayrılanın
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.