Contents
  1. Müqəddimə
  2. Cəhənnəm
  3. 1. xan tüpürcəyi
  4. 2. topal seyid
  5. 3. deşikli ağac
  6. 4. qazaq qəbri və xəlifəli ocağı
  7. 5. cındırlı pir
  8. 6. öskürək piri
  9. 7. cicim ocağı
  10. Odabaşının hekayəsi

Page 6 of 25 · 20%

İndi kimə demək olar ki, sən qışın çilləsində, gecə yarısı get çıx minarənin başına, orada azan ver? Bunu, bu əyyamın cavanları qəbul edərlərmi? Amma bizim azançımız Hacı Tağı dindar bir adamdır.

Onun İndi yaşı həştaddan ötübdür. Bu həştad ilin altmışını azançılıqda keçiribdir. Və deyir canım ağzımdan çıxınca azan verəcəyəm.

– Ona maaş nə verirlər?

– Maaş çox deyil, mövqufatdan ayda onun üç manat məvacibidir.

– Üç manatla onun məişəti necə keçir?

– Hacının özgə mədaxil yerləri də var. Birinci mədaxil hamamlardandır. Bizim hamamlar sizinkilərə oxşamıaz. Mən eşitmişəm, sizin hamamlarda qüsl üçün hovuz yoxdur. Divarlarda samovar qurnasına oxşar bir şey qoyubdurlar. Onun altında da çimən yəqin pak olmayacaq. Bizim hamamların Iran qaydası böyük hovuzları var ki, adına xəzinə deyirlər. Hər müsəlman hamamın içinə girdikdə gərək qabaqca xəzinəyə daxil olub orada bir neçə dəqiqə bədənini isitsin. Sonra çıxıb, canını kisələdəndən sonra dübarə hovuza daxil olub, qüsli-cənabət eləsin. Hər hamama vaxtına görə gündə otuz adamdan yüz adamadək gəlir. Arvad hamamları həftədə bir dəfə açıq olduğundan oraya neçə yüz arvad dolur. Hər bir xəzinəyə girib-çıxan yəqin orada bir qədər canının çirkindən qoyur. Hamam boşalıb gecə xəzinənin suyu durulandan sonra üzərində əl qalınlığında piy durur. Bu piyi suyun üzündən alıb təmizləmək lazımdır. Bu da azançı Hacı Tağının vəzifəsidir. Hər sübh azandan sonra hamamları gəzib hər yerdə xəzinənin üzünün piyini yığır. Şəhərdə yeddi-səkkiz hamam var. Hər birisindən gündə iki şahı pul alır. Bu da onun gün ruzusuna kifayət edir.

Hacı Tağının ikinci maaş pulu budur: hacı şəhərin əhalisini səğirənkəbirən, ünasən-zükurən hamısını tanıyır. Odur ki, hər bir toya, təziyəyə, təkyəyə adam çağırmaq lazım olsa, bunu da Hacı Tağıya tapşırırlar.

Hacı siyahını əlinə alıb, şəhəri dolanıb hamını dəvət eləyir. Söz yox ki, ziyafətdə özü də əyləşib iştirak edir. Həmişə ətəyinin altında da bir ləyən gətirib, onu da plovla doldurub evinə aparır. Əlavə hacı, əmələyi-mövtadan sayılır. Hər ölünün qabağınca qəbiristana gedir, buna da bir haqq verirlər. Xülasə, hacının kefi kökdür. Yaxşı dolanır.

Mirzə əczanı alıb, bir qara xoruz da gətirib bağlamışdı və qabağına da bir qədər kişmiş qoymuşdu. Səbəbini xəbər aldım, dedi:

– O xoruza bu gün başqa şey yedirtmək olmaz. Kişmiş dənələrinə xüsusi dualar oxunubdur.

Süfrə salındı. Dalınca süfrəyə duz, çörək və dolma gəldi. Mirzə üzr istəyib dedi:

– Plovu inşallah axşam yeyərik.

Axşam zamanı mirzə məni tək qoyub dedi:

– Siz burada əyləşin, mən gərək xoruz banlayınca covşən-kəbir və məntər oxuyam.

Axşam saat on radələrində xoruz səslənənədək içəridən həvəngdəstənin səsi gəldi.

Bir az keçmiş mirzə daxil olub, bir şüşə içində dərman gətirib dedi:

– Buyurun, hazırdır.

Bir qədər söhbət edib, plov yeyib yatdıq.

Sübh durub mirzəyə yüz manat verib xudahafiz elədim. Mirzə bir məktub da Ağ Mollanın adına yazıb buyurdu:

– Burada lazım olan adabı yazmışam. On gün ki, siz dərman istemalına məşğul olacaqsınız, o gərək gecə və gündüz sizin yanınızda olsun.

Mirzədən razılıq edib, yenə haman yolla Tiflisə qayıtdım.

Tiflisdə Ağ mollanı tanımayan bir nəfər tapılmazdı. Çünki onun mənzili vaqe olan Sumbatov küçəsini Tiflisin tamam cavanları tanıyırdı.

Bu küçə bir vaxtında Tiflis cavanlarının oynağı idi. Evlərin hamısında sübhədək piano çalınıb, qızlar və cavanlar “matçiş” oynardılar.

Sonra hökumət, cavanların göz yaşlarına baxmayaraq, bu evləri bağladı. İndi bu küçədə Ağ Molla yaşamaqdadır.

Ağ Mollanı nəinki müsəlmanlar, tamam Tiflisin gürcüləri, erməniləri və rusları da tanıyır. Evi hər gün axşamadək onun yanına ziyarətə gələnlərlə dolu olur.

Gələnlərin çoxusu qadınlardır. Kimisinin əri qaçıb – onu qaytarmaq istəyir, kimisi duldur – ərə getmək istəyir, kimisi filan oğlana özünü sevdirmək üçün cadu yazdırır. Ürəkkeçməsi olanlar, baş ağrısına mübtəla olanlar, bir para xəstəliklərə tutulanlar hamısı Ağ Mollanının duası ilə məramlarına çatmaq istəyirlər.

Gecə evdə dincəlib, səhər getdim mollanın xidmətinə. Qəbul otağı qadınlarla dolu idi. Qulluqçusundan Mirzə Qoşunəlinin məktubunu göndərdim. Məni o saat içəri çağırdı. Əhvalatı müfəssəl söylədim. Soruşdu ki, bəs mirzə sizə verdiyi dərmanın nədən və nə əczadan əmələ gəldiyini buyurmadı?

Cavabında dedim:

– Mənim yanımda əczaların adlarını bir-bir oxudu, ancaq unutmuşam.

Çox əfsus edib buyurdu:

– Bu dərmanın sirrini ondan savayı dünyada bir kəs bilməz. Bunu keçmişdə Mir Damad və Xacə Nəsir-Tusi bilərlərmiş; onlar da bu xüsusda bir yadigar qoymamışlar. Bəhər-hal, mirzənin xahişinə görə, bu on günü sizinlə bir yerdə keçirərəm və mirzə göstərdiyi duaları oxuyaram. Ancaq gərək mənim zərərimi öhdənizə götürərsiniz. Siz görürsünüz ki, mənim yanımda nə qədər adam var. Hər gün də belədir. Gərək gündə mənə əlli manat verəsiniz ki, on gündə beş yüz manat eləsin. Bir qədər danışdıqdan sonra, axund cənablarını üç yüz manata razı elədim və şənbə günündən işə şüru etməmizə qərar verdik. Xudahafiz edib getdim.

Şənbə gününə dörd gün qalmışdı. Bu dörd gündə mən cəmi işlərimi yöndəmə qoyub dost-aşnalarla vidalaşıb əyləşdim mənzildə.

Şənbə günü səhər axund gəldi. Mən dərmanı çamadandan çıxartdım. Bankanın ağzı açılanda ətir qoxusu evi başına götürdü. Mən bismillah deyib dərmandan bir qaşıq ağzıma qoymaq istədikdə axund dedi:

– Dayan!

Dayandım.

Buyurdu:

– Gərək bu saat gedib hamamda qüsli-cənabət edəsiniz. Hamamdan çıxıb dalınıza baxmayaraq evə gələsiniz. Evdə İki rükət hacət namazı qılandan sonra başlayıb dərmanı istemal edəsiniz. Mən də siz hamamdan qayıdınca burada Mirzə Qoşunəlinin məktubunda göstərdiyi duaları oxumağa məşğul olaram.

Hamamdan qayıdıb axundu, həqiqət, kitab oxuyan gördüm. Sonra kitabı yumub, cibindən bir lülə kağız çıxardıb başladı onu oxuduqca açmağa. Bu dua eni bir çərək, uzunluğu bir kilometr kağızın üzərinə yazılıb, bir ağac parçasının ətrafına sarınmışdı. Duanın adına “covşənkəbir” deyirdilər.

Axund buyurdu:

– Vaxtdır. İndi başlayıb dərmanı tənavül edə bilərsiniz...

Dərmandan bir qaşıq ağzıma qoyanda ağzım, sonra boğazım, axırda qarnım hamısı odlaşdı.

Bu halət xüsusunda mirzə cənabları mənə izahat vermişdi. Ona görə də davam etdim.

Müxtəsəri-kəlam, doqquz gün gündə üç qaşıq bu dərmandan tənavül elədim. Onuncu günü dost-aşnanı cəm edib onların hüzurunda cəhənnəmə müşərrəf olmağımı lazım bilib hamısına xəbər elədim.

Haman günü dost-aşna tamam cəm oldular və məndən xahiş etdilər ki, cəhənnəmdə hər nə görsəm onu yazıb bir dəftərçə bağlayam, ta dost-aşna oxuyub feyzyab olsun.

Mən söz verdim.

Sonra Axundla belə məsləhət gördük ki, mənim bədənimi qırx gün bir sandıq içərisində saxlasın və qırx gün tamam olduqda öz əli ilə gəlib sandığı açsın.

Axund buyurdu:

– Vaxtdır, uzan.

Itaət edib uzandım və axırıncı qaşıq dərmanı yedim. O saat gözüm qaraldı, başım gicəlləndi, məni yuxu tutdu. Birdən özümü bir böyük səhrada gördüm. Bildim ki, bu səhra cəhənnəm səhrasıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets