Page 1 of 2

Hacı Mehdinin otağı nümayan olur. Yaxşı döşənmiş otağın iki tərəfində qabaqqabağa
iki döşək püştü ilə salınmış. Otağın bir qapısı sağ tərəfdə, bir qapısı sol tərəfdə və iki qapı
müqabildə. Hacı Mehdi əyləşib döşəklərin birinin üstə, Şiraz qəlyanı damağında. Bir azdan
sonra başın qalxızıb üzünü tutur qapıya, nökəri çağırır.

Hacı Mehdi. Ay gədə, Qiyas!

Nökər (daxil olur). Nə buyurursan, ağa?

Hacı Mehdi. Mirzə Heydəri gedib gördünmü? Necə cavabgətirdin?

Nökər. Ağa, Mirzə Heydər neçə vaxtdır gəlib, buradadır. Əgər istəyirsən bu saat çağırım gəlsin.

Hacı Mehdi. Ay namərbud, neçə vaxtdır gəlib, niyə mənə xəbər verməyibsən? Nə qayırırdın? Hansı cəhənnəmə getmişdin?

Nökər. Ağa, dəxi niyə acığın tutur, aşpaz övrət göndərmişdi bazara, dolmadan ötrü kələm almağa.

Hacı Mehdi. Yaxşı, bazara getməmişdən gəlib mənə deyə bilməzdin, heyvan? Kişi iki saatdır gəlib müntəzirdir. Itil gözümün qabağından!

Nökər (öz-özünə söylənir). Erməniyə koxa dedilər, çuxasını özgəyə götürtdü. İndi buna da ağa dedilər, qudurdu.

Hacı Mehdi. Dodağının altında danışma. Çağır gəlsin! (Nökər gedir.) Bu nökər bilmərrə məni təngə gətirdi. Həqiqət buğda çörəyi qarın deşən olur deyirlər, doğru imiş.

Mirzə Heydər (daxil olur). Səlaməleyküm.

Hacı Mehdi. Ələykəssəlam, Mirzə! Buyur, buyur əyləş. (Mirzə əyləşir.) Əhvalın necədir, Mirzə? Heç görünməyirsən?

Mirzə Heydər. Bəndə, nə vaxt buyursanız, qulluğunuzda hazıram.

Hacı Mehdi. Gərək mirzə, bağışlayasan, nökər səni incidib. Çoxdan gəlibsən, mənə heç xəbər etməyib.

Mirzə Heydər. Xeyr, hacı. Bu nə sözdür buyurursunuz? Bəndə həmişə sizin müxlüsünüz varam. Mənim üçün belə zəhmətlər çox rahatlıqdır.

Hacı Mehdi. Çox razıyam. Amma gərək genə bağışlayasan, zəhmət vermişəm.

Mirzə Heydər. Allah bağışlasın, bu nə sözdür, hacı, buyurursunuz?

Hacı Mehdi. Bilirsən, mirzə, sənə nə üçün zəhmət vermişəm?

Mirzə Heydər. Xeyr, hacı ağa, buyurun görək.

Hacı Mehdi. Bir təvəqqəm var, mirzə, qorxuram əmələ gətirə bilməyəsən.

Mirzə Heydər. Hacı, belə sözləri buyurmayın. Bəndəni ölümə də göndərsəniz boyun qaçırmaram. Siz ki məni ölümə göndərməyəcəksiniz?

Hacı Mehdi. Di onda qulaq as deyim.

Mirzə Heydər. Bəli, buyurun, hacı ağa.

Hacı Mehdi. Bax, mirzə, mən dünən hamamdan qayıdan vaxt bir arvad tayfasına rast gəldim. Hava da bir az külək idi. İttifaqən külək arvadın başından çadırşəbini atdı, arvadın üzünü açdı. O vaxt mənim halətim dəyişdi və özümü bilmərrə itirdim. Guya ki, məni qalxızıb ikiəlli vurdular yerə. Bu çanacan əqlim başıma gəlməyib. Vallahi heç bilməyirəm evə necə gəldim çıxdım. İndi mənim də səni çağırmağımın səbəbi budur ki, gərək mənə bu işdə bir çarə tapasan ki, mən o övrəti alım.

Mirzə Heydər. Xub, hacı. Əvvəl gərək bilmək o, qızdır, ya yox? Və bir də kimin qızıdır? Bəlkə ərdədir?

Hacı Mehdi. Mən gəldim evə yarımcan. O saat adam göndərdim

Gülpəri qarını çağırdım və övrətin bir para nişanələrini ona dedim. Deyən kimi bildi və dedi ki, o qız qəssab Nəbinin qızıdır. Adı da Güllü və özü də qızdır. Bax, mirzə, İmdi aman günüdür, mənə bir əlac eylə. Əlindən gələni müzayiqə eləmə. Sənə bir yaxşı xələt verrəm.

Mirzə Heydər (əlini aparır alnına və bir az fikrə gedir). Bir adam göndərin, hacı, bircə Gülpərini buraya çağırsın, görək nə tövr edərik.

Hacı Mehdi (üzünü tutur qapıya). Ay gədə, Qiyas! (Qiyas daxil olur.) Get Gülpəri qarıya deyilən ağam səni çağırır, səninlə işi var, tez deyilən gəlsin. Genə bayaqkı kimi kələm almağa getmə. (Nökər gedir.) Yaxşı, mirzə, İndi fikrin nədir?

Mirzə Heydər. Hacı, bunun bir fikri yoxdur. Çox asan işdir. Amma bir zad var ki!

Hacı Mehdi. Nədir o zad, de görüm.

Mirzə Heydər. Hacı, bağışlayınız, sizin Allaha şükür bir parça yeməyə çörəyiniz var, övrətiniz var, dörd nəfər, Allah saxlasın, uşaqlarınız var. İndi sizin iki arvad nəyinizə lazımdır?

Hacı Mehdi. Ay mirzə, mən səni buraya vəz verməyə çağırmamışam. Əgər bu işə əl qoya bilərsən qoy. Yox, qoymayacaqsan, onu de. Dəxi mənə vəz vermək lazım deyil.

Mirzə Heydər. Ay hacı, dəxi nə üçün acığınız tutur? Bir söz idi dedim, hər nə buyurursunuz yerinə yetirrəm.

Hacı Mehdi. Dəxi mən bir zad bilmirəm, ancaq bu işdə hər nə kələyin var işlət.

Gülpəri (daxil olur). Salaməleyküm, hacı qadan alım, genə nə olub məni yadına salıbsan, nə qulluğun var?

Hacı Mehdi. Gəl otur, İndi görərsən nə qulluğum var. Qulluğum çoxdur. (Gülpəri əyləşir qapının ağzında. Hacı üzünü tutur mirzəyə) Bu da Gülpəri!

Mirzə Heydər (əlini salıb cibinə, kağız, qələmdam çıxarır). Hacı, hərçənd mən bu işə əl qoyaram, ancaq qorxuram ki, sonra cəmi təqsiri, günahı mənim boynuma qoyasınız.

Hacı Mehdi. Ay rəhmətliyin oğlu, dəxi artıq söz lazım deyil, işini gör.

Mirzə Heydər. (Gülpəriyə). Gülpəri, bilirsən, hacı istəyir qəssab Nəbinin qızı Güllünü alsın. Ondan ötrü səni çağırmışıq ki, gedəsən qəssab Nəbinin arvadının yanına elçiliyə. İndi hər nə deyəcəksən, nə tövr söz açacaqsan, o sənin işİndir. Onu sən yaxşı bilirsən. Elə ki işi qurtardın, hacı sənə bir yaxşı xələt verəcək.

Gülpəri. Ay başına dönüm, qəssab Nəbinin arvadı bir lovğa şeydir, o heç İndiyə kimi gözəl-göyçək cavan oğlanları bəyənməyib, onlara qız verməyib. İndi mən ora getsəm, vallahi məni it ilən qovarlar. Deyərlər ki, ay kaftar, bizim qızımız qırmızı saqqallı, qoca kişinin tayıdır?! Hərçənd hacı dövlətlidir, amma genə qəssabın arvadı günü üstünə qız verməz.

Mirzə Heydər. Bəs mən nəçiyəm? Mən elə iş görərəm ki, heç bir söz deməzlər.

Gülpəri. De görüm nə eylərsən, əlinə ağac alıb gedib onlar ilə dava edəcəksən?

Mirzə Heydər. Sən ağzına gələni söyləmə, sözümə qulaq as. Mən İndi üç dua yazaram: birini qoyarsan dilinin altına, onda sən hamısına şirin görünərsən. Heç kəs sənə yaman söz deməz və bir də bir dua yazaram onu it tükü ilə, ancaq qara it olsun və pişik tükü ilə bir yerdə qəssabın qapısından girəndə basdırarsan və üçüncü duanı qoyarsan suya, bir gecə qalar suyun içində. Sübh, gün çıxmamış bir almanı üç dəfə salıb çıxardarsan o suyun içinə və qalan su ilə üzünü yuyarsan və almanın da bir parçasını bir tövr qəssabın qızına, bir parçasını da anasına verərsən, sonra iş düzələr gedər. Di İmdi səbr elə, duaları yazım. (Başlayır yazmağa.)

Gülpəri. Yaxşı, yaz görək necə olar.

Hacı Mehdi. A Gülpəri, bu işi düzəltsən, məni özünə borclu elərsən. Sənə elə bir xələt verərəm ki, heç misli olmasın və hansı çitdən özün bəyənsən, tuman alaram. Ala, qabaqca də sənə bir az xərclik verim. Allah qoysa, iş ki düzəldi, səni razı edərəm, necə ki, xahişin.

Gülpəri (pulu alır). Allah oğlunu saxlasın. Allah qoysa, hacı, mirzə duaları yazar, apararam, yəqin ki düzəldərəm. Sonra, hacı, səndən bir zad təvəqqe edəcəyəm.

Hacı Mehdi. Nədi, de görüm?

Gülpəri. Mənim kiçik oğlum evdə bekar oturub. Xahiş edirəm ki, onu götürüm burada sənə xidmət eləsin. Mən də sənin canına nə qədər ömrüm var, duaçı ollam.

Hacı Mehdi. O da baş üstə, dəxi nə qulluğun var? Elə yaxşı oldu. Bu nadürüstü qovaram, sənin oğlunu saxlaram. Sənin oğlun yaxşı oğlandır.

Mirzə Heydər. Hə, Gülpəri, duaları yazdım. Dur gəl irəli. (Gülpəri gəlir mirzənin yanına) Bax, bu duanı qoyarsan dilinin altına, bu birini də itpişik tükü ilə basdırarsan qəssabın darvazasının ağzında. Bunu da...

Gülpəri. Mirzə, başına dönüm, pişik də gərək qara olsun?

Mirzə Heydər. Yox, pişik hər rəng olsa olsun, ancaq pişik olsun. Bunu da...

Gülpəri. Dedim birdən deyərsən pişik də gərək qara olsun. Onda mən qoca arvad pişiyi hardan qova-qova tutacağam? Amma yaxşı oldu, öz evimizdə bir dənə boz pişik var, elə onun tükündən yolaram.

Mirzə Heydər. Yaxşı, dəxi bəsdir, qulaq as gör nə deyirəm. Bax bunu da suya salıb, içinə bir dənə alma salginən və suyu ilə də üzünü yuyarsan, başa düşdünmü?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets