Page 1 of 2

Həmin otaqdır. Hacı Mehdinin evində. Həmin qayda ilə döşənmiş, necə ki, əvvəlinci
məclisdə. Hacı Mehdi oturub öz-özünə danışır.

Hacı Mehdi (tək). A kişilər, bu ikiarvadlılıq nə yaman şey imiş. Allah harada iki övrətlilər var, hamısının evini yıxsın, hamısını mənim kökümə salsın. Övrət gətirmədim, canıma bir od gətirdim. Axşama kimi dava-şava. Yediyim çörək də bu bihəyaların əlindən boğazıma getməyir. (Sənəm, Hacı Mehdinin əvvəlinci övrəti, daxil olur.) Genə nə var qaşqabağını tökübsən? Niyə qoymursunuz bu dünyada bir parça zəhrimar çörəyi rahat yeyək, beş vaxt namazımızı qılıb oturaq. Axı bu nə qalmağaldır? Səsiniz tamam qonşuları az qalıb köçürtsün. Ay Allah sizə nələt eləsin?

Sənəm. A kişi, mən haçan qalmaqal elədim?

Hacı Mehdi. İş gör nə məqama çatıb ki, dünən qonşumuz

Kərbəlayı Rəcəb çıxıb qabağıma, deyir bəs filani, arvadım naxoşdur, çox bədhaldır. Gedib rus həkimi gətirmişəm. Buyurub ki, qoymayın küy-kələk olsun. Mən evdə uşaqlara qədağan eləmişəm, səslərin çıxartmasınlar. Amma sənin evinin hay-küyü azarlının aramını kəsib. Allah xatirinə, əgər mümkün olsa, evdə deyinən az qışqırsınlar. Ay bihəyalar, ayıb deyilmi? Axır mən belə sözlər eşidəndə əriyib ölürəm. Ay eviniz yıxılsın, bir həyanız olsun, bir abrınız olsun. Yenə it olub düşmüsünüz biri-birinizin canına!

Sənəm. Ay kişi, vallah mənim səsim çıxmayıb. Dünən balaca uşaq gedib Güllünün bir yumaq sapını anlamayıb götürüb, aparıb uşaqlar ilə at-at oynayırlarmış. Bir də gördüm, uşağa elə qarğış eləyir ki, yer-göy titrəyir. Deyir səni görüm bədəninə o yumaq boyda yara çıxsın. Mən də peşman oldum dedim: niyə uşağa qarğış eyləyirsən, gəl bir yumaq sapını verim. Elə onu dediyimi gördüm, özüm də peşman oldum. Elə bil ayıya dəyirmançı dedilər. Urus barıtı kimi elə partladı, Dəxi nə deyim? Hər nə ağzına gəldi dedi mənə. dəxi məndə təqsir var? Istəyirsən hər kəsdən soruş, mən də lam-cim oturdum yerimdə. Niyə işin həqiqətinə getməmiş məni söyürsən?

Hacı Mehdi. Heç arvadın dilini bilmək olmaz! Birinə deyirsən günah səndədir, atır o birisinin boynuna. O birisinə deyirsən, o da həmçinin. Dəxi lap naçar qalmışam, bilmirəm nə tövr eləyim, başıma nə çarə qılım.

Sənəm. Bircə de görüm bu səs-küy, dava, qalmaqal qabaqlar niyə yox idi?! Kefin qalxdı, getdin bu ağsaqqal vaxtında təzə arvad aldın, arvad-uşağın ola-ola. Bircə de görüm mən sənə nə eləmişdim? Məndə nə yamanlıq gördün ki, getdin mənim üstümə günü gətirdin? Həm özünü biabır elədin, həm də mənim günümü qara.

Hacı Mehdi. Dəxi yaxşı, bəsdir danışdın. Itil cəhənnəmə, başımdan açıl, ovqatımı təlx eləmə. İndi hərə gəlib mənə bir nəsihətçi olacaq.

Sənəm. Xeyr, Allah eləməsin mən sənə nəsihət eləyim. Dəxi acığın niyə tutur?

Hacı Mehdi. Sənə deyirəm baş-beynimi aparma, itil buradan, rədd ol! (Sənəm gedir.) Allah sizin kökünüzü yerdən qazısın. Gedim yıxılım yatım, bəlkə bir az bunların qalmağalından qulağım dincələ.

Hacı gedir o biri otağa. Məclis qalır boş. Bir az vaxtdan sonra Hacı Mehdinin ikinci
övrəti Güllü, dalınca Mirzə Heydər sol tərəfdən çıxırlar.

Güllü. Mirzə, buyur içəri.

Mirzə Heydər. Ay başına dönüm, xanım, hacı birdən gələr, məni burada görər, sonra dərimə saman təpər.

Güllü. Qorxma, irəli gəl. Hacı çoxdan yatıb o yanda. Hacı elə bərk yatır ki, elə bil bir daşdır. Hərgah ayağına bir ip salıb sürüyəsən oyanmaz. Bəri gəl, qorxma. (Mirzə gəlir otağın ortasına) Bax, Mirzə, hərgah bu işdə mənə kömək eləsən, mən bilirəm ki, səni nə cür razı eləyəcəyəm. Bax, bir yaxşı tumanlıq Məşədi Imandan alıb arvadına bağışlayaram və özünü də hər tövr sənin razılığındır, elə razı edərəm.

Mirzə Heydər. Xanım, sənin sağlığın mənə puldan da, maldan da, bəlkə mənim canımdan da artıqdır. Nə buyurursan? Mənə sənin peşkəşin lazım deyil. Təki sən sağ ol, sənin işin düzəlsin, sonra hamısı yola gedər. İndi, xanım, başına dönüm, tez ol, hər tövr dua buyurursan de, yazım. Birdən hacı gələr, sonra mənim nəfəsimi kəsər.

Güllü. Qorxma, hacı daş kimi yatıb, işini arxayın tut. Bax, mirzə, dəxi utanmaq yeri deyil, gərək işin hamısını sənə açıb deyəm.

Mirzə Heydər. Əlbəttə, gərək məndən heç bir şey gizlətməyəsən. Çünki biz məhrəmik, necə ki, övrət öz sirrin ərinə, qardaşına, oğluna açar, deyər, bizdən də gərək gizlətməsin. Çünki gizlətsə duanın bilmərrə əsəri olmaz.

Güllü. Bilirəm a! Bax, hacı məni hərçənd təzə gətirib və təzə övrətin də hörməti, görmüşük, bir az kişinin yanında artıq olur. Amma hacı heç bilmir mən nəyəm. Məni Allah yaradıbdır, ya dəmirçi döyübdür. İndi bax, başına dönüm, mirzə, gör bir tövr eləyə bilərsənmi kişi heç olmasa mənə də bir yaxşı göz ilə baxsın.

Mirzə Heydər. A xanım, belə işlər mənim əlimdə su kimidir. Bir dua yazaram, hacı əvvəlki arvadından bilmərrə soyuyar və cəmi məhəbbətini salar sənə. Amma belə duaların xərci bir az artıq olur. Əvvəla, gərək bir sarı toyuq ola, ancaq yumurtlamamış gərək olsun və bir para da dava gərək bazardan alınsın ki, həb qayırılsın, o toyuğa üç gün verim yesin. Üç gündən sonra haman toyuğu kəsəm, onun qanı ilə dua yazam.

Güllü. Yaxşı, İndi sarı toyuğu biz burada hardan tapaq?

Mirzə Heydər. Ay xanım, sən mənə pul ver, mən bazardan sarı toyuq alım aparım evə. Üç gündən sonra nökərini göndərərsən gələr, duanı aparar.

Güllü. İndi mən sənə nə qədər pul versəm bəsdir?

Mirzə Heydər (məkr edib barmağı ilə hesab edir). Davanın xərci bir az çoxdur və toyuq da alacağam. Xülasə, bir beş manat versən, bir sayaq elərəm.

Güllü. Yaxşı, o duanı yazdın göndərdin, bəs mən onu hacıya necə verim?

Mirzə Heydər. Bax, əvvəl duanı salarsan suyun içinə, bir az çarxalarsan. O dua suyun içində təmizlənər, sonra verərsən hacıya, içər. Onda görərsən ki, yavaş-yavaş hacı əvvəlki arvadından bilmərrə soyudu. Hələ mənim çox gümanım var, əvvəlki arvadı boşasın.

Güllü. Ay mirzə, bəlkə toyuğun qanı suyun rəngini dəyişdi, sonra hacı duydu, onda necə olsun?

Mirzə Heydər. Ay xanım, a başına dönüm, mən dua yazacağam, mən dəxi dua yerinə bizim Nadir şahın əhvalını yazmayacağam ki. Belə bir parça kağızın üstündə üç-dörd söz yazacağam. Salarsan bir yekə cam suyun içinə, heç məlum eləməz. Elə ki hacı gecə yarı oyandı, su istədi, onda verərsən içər, heç bilməz.

Güllü. Çox yaxşı, onda gedib sənə pul gətirim, toyuq deyirsən, nə deyirsən, al. (Güllü gedir. Sənəm daxil olur.)

Sənəm. A kişi, yenə burada nə qayırırsan? Sənin ayağın məgər bu evdən kəsilməyəcək?! Aləmin evini yıxıbsan, bəs deyil?! İndi bura gəlib, yenə iş görürsən? Ay Allah sənin evini yıxsın! Bir müddət gəldin-getdin, kişinin beynini yedin, mənim də günümü qara elədin, Allah sənin gününü qara eləsin! Əlimlə verdiyim duz-çörək sənin gözündən gəlsin! İndi nə var, yenə niyə gəlibsən?

Mirzə Heydər. Xanım, başına dönüm, bir işə dürüst mültəfit ol, gör bir iş nə yerdədir. Sonra məni söy. Axır mənim təqsirim nədir söyürsən və deyirsən, sənin evini yıxmışam? Bilirəm dediyin nədir. Amma, xanım, bax, and olsun atamın ərvahına, mənim bu işdən bilmərrə xəbərim yoxdur. Elə yaxşı oldu söz açıldı. Mən İndi işin olubolacağını sənə açıb deyirəm. Mən bilirəm, sənə deyiblər: guya mən cadu yazdım, qəssabın qızını hacıya aldım. Amma bax, xanım, yenə and olsun atamın ərvahına, hacının evində yediyim duz-çörəgə ki, mənim bu işdən əsla xəbərim yoxdur. Mənə verdiyin duzçörək gözümdən gəlsin, hərgah mən bu barədə əlimə qələm almışam. Mən hacı ilə qədim aşna idim, həmişə gəlib-gedərdim. Yenə gəlmişdim. Ay xanım, mən məgər razı ollam ki, sənin üstünə hacı övrət alsın? Doğrudur, mən cadugərəm, amma elə adama yazıram, əslini-kökünü tanımayam, nəinki dostaşnaya. Ancaq mən sizə bir söz deyim: mən təəccüb edirəm, siz özünüz

Gülpəri qarını tanıya-tanıya məni niyə söyürsünüz? Vallahı, xanım, məni söymək nahaqdır. Sən özün yaxşı bilirsən. Gülpəri qarı üçün cadu yazmaq lazım deyil. Ondan ötrü ki, o, özü başdanayağa cadudur. Istəsə nəinki, insanı, vallahı, şeytanı da yoldan çıxardar. Bax, xanım, yenə sizə deyirəm: yəqin biləsiz ki, mənim bu işdən əsla xəbərim yoxdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qoca tarzən

Bahar fəsli təzəcə daxil olmuşdu. Qoca tarzən Cavadın arvadı müztərib halda tez-tez qapını açıb küçəyə baxırdı və ah çəkərək otağa qayıdırdı.Əri Cavad tamam qışı xəstə yatıb, İndi isə qıçlarında bir qədər qüvvə hiss edib dedi:

5 min
Kapitalizmlə mübarizə

Sabiq tacir Ağa Qurbanı hamı tanıyırdı. Rastabazarda iki qapıdan ibarət böyük bəzzaz mağazası vardı; ildə neçə dəfə ticarət niyyəti ilə Moskvaya, Nijni Novqoroda, Lodza, Varşavaya gedib-gəlirdi. Şəhərdə İki böyük imarəti var idi. Hər biri ona bir neçə min manat mədaxil gətirirdi.Ağa Qurban nədənsə məni xoşlamışdı. Düşəndə birgə gedib onun dükanından parçadan-purçadan almaq istərdim. Məni əyləşdirib bir stəkan acı çaya qonaq edib, gəzdiyi şəhərlərdən, çəkdiyi keflərdən nağıl edirdi:

11 min
Qaban

Böyük poçt yolunun kənarında uca bir təllin üstündə vaqe, bir mərtəbəli, ağ daşdan yapılmış bina çaparların mənzili idi. Çaparların vəzifəsi dəmiryol moqifindən gəlib şəhərə və şəhərdən gəlib moqifə gedən poçtu müşayiət etmək idi. Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Bu bir dünya görmüş, neçə illər polis idarələrində qədim murovlar, pristavlar, naçalniklər yanında xidmət etmiş şirİndil, zərif, gödək boylu, altmış sinnini ötürmüş bir kişi idi.Poçt yolu ilə gəlib gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmaliməmnuniyyətlə rəf edərdi. Qubernator həmişə deyərdi: “Poçt yolundakı çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd qoyunla otlar”.

7 min
Söhbət

İsti yay günlərindən biri idi. Evin bürküsü məni boğduğundan, durub küçəyə çıxdım. Küçədə də, doğrudur, hava çox isti idi, amma bununla belə, balaca bir külək də əsirdi. Camaat istinin əziyyətindən küçələrdə əkindən qayıtmış yornuq öküz kimi o yan-bu yana dolaşırdı. Sərin su satılan dükanların qabağında xalq növbəyə durub, bir şahı, iki şahı verib özlərini bir az sərinlədirdilər. Cibi bir qədər pullular özlərini pivəxanalara verir, oralarda axşam sərini düşənədək vaxtlarını keçirməyə hazırlaşırdılar. Bir əlimdə papağım, o biri əlimdə dəsmalım şəhər bağının darvazasından ötəndə, bağdan bir nəfər məni səslədi. Dönüb qədim dostum Kərbəlayı Hüseynəlini gördüm.Bu görüşdən dolayı çox şad olub bağa girdik. Salamlaşdıqdan və əhvalpürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik.

6 min

Poems by other poets