Təbriz kədərliydi, sən ağlayırdın,Gecəydi biz səndən ayrılan zaman,Pərişan görkəmin, o son sözlərinBir an xatirimdən çıxmamış, inan.

Adını dilimə gətirəndə mən,Sanki, alov alır dodaqlarımı,Yaxın gəl, yaxın gəl öpüm üzündən,Öpüm rəngi qaçmış yanaqlarını.

Elə məlul-məlul baxma üzümə!Baxışın qəlbimə od saçır sənin.Sən yalqız deyilsən, sıxma qəlbini,Böyük bir xalqın var, böyük vətənin.

O xalqın, o elin qızısan sən də,Onun qüdrəti də, şöhrəti də var.Qəhrəman ölkəmiz sarsılmamışdır,Soyub taladısa onu yağılar.

Bilirəm, çox sıxır səni ayrılıq,Əsarət dünyası başına dardır.Lakin unutma ki, hər bir gecəninMin bir şüa saçan gündüzü vardır.

Əlimdən nə gəlir? Demə bir daha,Demə ki, qocayam, saçlarım dümağ.Vətən öz qəhrəman oğlu, qızınıHər zaman, hər zaman gənc saxlayacaq.

Alnının xətləri, bəyaz saçlarınKeçmiş həyatından bir yadigardır.Hörmət o saçlara, nifrət keçmişə,Bu günün öz adı, mənası vardır.

Qalx ana, qalx ana! səni döyüşəÇağıran öz qızın, öz vətənindir.Bax, yanır odlarda odlar diyarı,Bu Vətən, bu torpaq, bu el sənindir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland