Ürəyimin həmdəmidir,Mənə könül məlhəmidir,Yadların da yaxınıdır,Doğmasıdır, məhrəmidir,Mənim sevdiyim insanlar!

Tez-tez görünsünlər gözə,Hər gün gəlib çıxsın bizə.Təbriz olsun gözlərimdə,Gedə bilməsəm Təbrizə,Mənim sevdiyim insanlar!

Onlar olsun dağım, düzüm,Ürəyimdə qürur, dözüm.Yolunuza çiçək kimi,Sözlərimi dərib, düzüm,Mənim sevdiyim insanlar!

Günəş kimi yanasıdır,Yaxşılığın anasıdır.Qəm yeyəndə dərd əlindən,Yolum üstə qonasıdırMənim sevdiyim insanlar!

Uzaqda, Zəncanımdadır,O gənclik dövranımdadır.Xəyalımda, nisgilimdə,Ürəyimdə, canımdadırMənim sevdiyim insanlar!

Nurdur könül sarayıma,Hər günümə, hər ayıma,Dar gündə çəksəm adınıGəlib çatar harayıma,Mənim sevdiyim insanlar!

Dərdə, qəmə ortaq olar,Üzü bir dönməz dağ olar.Düşmənlərə qənim, yağı,Dost gözünə çıraq olarMənim sevdiyim insanlar!

Bir dəryadır sədaqəti,Bir dünyadır məhəbbəti.Vüqarlı başının üstə,Bayraq edər ədalətiMənim sevdiyim insanlar!

Yaraşıqdır kainata,Həm anadır, həm də ata.Qənimdir vaxtsız ölümə,Çarpar ürəkdir həyata,Mənim sevdiyim insanlar!Mənim sevdiyim insanlar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets