Məlik Oğuz
Səddədin Əsəd pişgaha gələndə Cahan Pəhləvan tacını təzəcə başına qoyub taxta əyləşmişdi. Vəzirin salamına cavab verməmiş soruşdu:
– Bu gün həftənin hansı günüdü?
Yekşəmbədi, hökmdar. – Sədəddin Əsəd dərhal başa düşdü ki, saray sahibi nə isə mühüm bir əmr, ya fərman vermək niyyətindədir.
– Ağır gündür. – Cahan Pəhləvan özü taxtından ağır-ağır düşdü, pişgahın məşriqə baxan pəncərəsinin önünə gəldi, oradan xeyli müddət Elanlı dağına baxdı, sonra yenə ağır-ağır qayıdıb taxtında öz yerini tutdu və topa saqqalını sol ovcunun içərisinə alıb fikrə getdi. Hələ də ayaq üstə durub gözləyən Səddədin Əsəd daha dayana bilmədi, keçib sədr kürsülərindən birində əyləşdi və ehtiyatla hökmdar deyəni təkrar etdi:
– Bəli... ağır gündür. – Və dərhal da əlavə edib dedi: – Niyə soruşursuz, hökmdar?
– Elə-belə... Oğuz Salur... – Saray sahibi səsinə xüsusi bir ahəng verəndən sonra fikrini tamamladı: – Şərur məliki Oğuz Şərur buyurub?
– Bəli, gəlib. – Səddədin Əsəd hökmdarın niyyətini indi başa düşdü.
– Gəlib yox... gətiriblər. – Cahan Pəhləvan vəzirin danışığına irad tutub düzəliş verdi.
– Siz buyurandı...
– Müqavimət göstərməyib?
– İmkan tapmayıb. – Sədəddin Əsəd danışığına bir də irad tutulub düzəliş veriləcəyindən ehtiyatlanıb əlavə etdi: – Mühafizlərə demişdim ki, səssiz-səmirsiz gətirsinlər... Yəni oğurlayıb gətirsinlər...
– Niyə?
– Mənə səhih məlumat çatmışdı ki, məlik hökmdarın çağırışına bu dəfə də əməl etmək niyyətində deyilmiş... Çox tərs tayfadır bu salurlar.
– Tərs olsa da, başa düşmür ki, Şərur elə qədim Salur tayfasının adıdır?.. Bəlkə elə buna görə özünü çox tox aparır, torpaq paylayır, yeni iqtadarlar təyin edir, özünə gündə bir ləqəb götürür? Dövlət adından hökmlər verir... Hələ hərəmxana da açmaq istəyir...
Sədəddin Əsəd nə cavab verəcəyini birdən kəsdirə bilmədi, ona görə də çox uzaqdan başladı:
– Deyirlər İsgəndər Makedoniyalı qoşunu ilə Naxçıvana çatmamış əsgərlərinə əmr edir ki, Arpaçayın sahilində çadırlar qurub dincəlsinlər. Başlayırlar çadırları qurmağı. Bu vaxt yaxından nurani bir qoca keçirmiş. Böyük fateh qocanı əyləndirib soruşur: “Ey pir, bura haradır?” Qoda deyir: “Şərur”. Məğribi göstərib xəbər alır, “Bəs o dağın adı nədir? Qoca deyir: “Ağrı”. Yuxarıya işarə edib deyir: “Bəs o yamyaşıl görünən qəlbi yaylanan adı nədir?” Qoca cavab verir: “Əyricə”. İsgəndər bir az fikrə gedəndən sonra qoşun başçılarına deyir: “Bir yerin ki, şəri də, ağrısı da, əyrisi də öz içində ola, orda əylənmək məsləhət deyil”. Və əmr edir ki, yola rəvan olsunlar. Bəli, qurulan çadırları sökürlər və yollarına davam edirlər. Buna görə də şərurlularla həmişə ehtiyatlı danışmaq, ehtiyatlı davranmaq gərəkdir, hökmdar.
– Öyrənməmisən sarayın təşkil etdiyi yığıncağa, məliklərlə apardığım məşvərətə niyə gəlməyib?
– Başı belə-belə işlərə qarışıbmış. – Səddədin Əsəd əlində tutduğu bir qarış uzunluqda olan qamışın içərisindəki risaləni çıxarıb hökmdara uzatdı. – Ziyaülmülk çisrini adlayıb Arazı keçmək istəyən bir çaparın qoltuq cibindən tapılıb. Süvari məlik Oğuzun çaparıymış... Sultan Arslan ibn Toğrulun yanına gedirmiş... Bunu mənə Heyvərə Həsənin adamlarından deyəndə əvvəlcə inanmadım. Gərək bağışlayasınız ki, sizə deməmiş tədbir gördüm. Və çaparın apardığı naməni ələ keçirəndən sonra hər şey aydın oldu.
– Risalədə nə yazıb ki?
– Hədyan-hədyan sözlər... Eldəgəzlər sülaləsinin ünvanına böhtanlar... Mömina xatun ananın müqəddəs ruhuna şər-şamata...
Cahan Pəhləvan nədənsə risaləni vəzirə qaytarıb oxumasını əmr etmədi.
Kürəyini taxtın oturacağına sıxıb sol qoluna dirsəklədi. Xəyalı bir anda neçə-neçə illəri adlayıb geri qayıtdı.
...Ani düzündə qızğın döyüş gedirdi. Atabəy Şəmsəddin Eldəgəzin süvariləri gürcü çarı Georginin qoşununu pərən-pərən salmışdılar. Atabəy-əzəm onunla Oğuz Salura tapşırıq verdi ki, inad göstərib təslim olmaq istəməyən düşmən əsgərlərini qılıncdan keçirsinlər. Təslim olanların həyatını hifz etsinlər. Cahan Pəhləvan hələ o vaxt hiss etmişdi ki, Şərur məliki inad göstərənlərdən çox təslim olanlara qılınc qaldırır... O, buna etiraz edəndə Oğuz Salur: “Sən mənim işimə qarışma!” deyib, atını geriyə çapmışdı. Cahan Pəhləvan bu barədə atabəy-əzəmə deyəndə, o da məlikin sözlərini təkrar edib demişdi: “Sən mənim işimə qarışma... Hökmdar da, sipəhsalar da hələ mənəm!.. Məlik Oğuz tayfalarının ən qoçaq, ən etibarlı nəslindəndir...” Cahan Pəhləvan narazılıq edərək atabəy-əzəmə deyəndə ki, “Oğuz Salur nəsrani¹” qızının döşlərindən süd əmib...”
Atabəy-əzəmin qaşları çatılmış, bir an fikrə gedəndən sonra demişdi: “Sən öz işində ol”. – “Xilafətə bərk yarınır, Naxçıvanda hakim olmaq niyyətindədir”. Sən elə işlərə qarışma...”.
Cahan Pəhləvanın xəyali geri qayıtdı.
– Mən indi məlikə divan tutum, vəzir də tamaşasına dursun. Baxıb görək bahadır törəməsi özünü necə aparır. Cahan Pəhləvan əlini əlinə vurub kimisə çağırmaq istəyirdi ki, vəzir sədr kürsüsündən qalxıb yanına gəldi.
– Mən bu fikirdəyəm ki, hökmdar məlik ciddi məzəmmət edər və o da öz səhvini başa düşər... Hökmdara bunu da çatdırmağı özümə borc bilirəm ki, Əbubəkr oğul da bir az bundan əvvəl yanıma təvəqqəyə
¹ Xristian gəlmişdi ki, hökmdara deyin bir qələtdi eləyib, məlik Oğuz. İgidliyin, xidmətlərin nəzərə alıb onu əfv etsin. Deyəsən məliyin özü də... Cahan Pəhləvan əsəbiləşdi:
– Hər təvəqqəni mənə çatdırıb əhvalımı pozmağı özünüzə rəva bilməyin, vəzir. O ki, qaldı Əbubəkr oğluna, bir da yanınıza gələndə onu başa salın ki, mən ona sərdabə tikməyi hökm etmişəm. Bənnadı, memardı, bilmirəm nədi, gedib öz işini görsün, dövlət, divanxana işlərinə qarışmasın... ona bunları bilmərrə başa salın!
Səddədin Əsəd hökmdarın qırımını görüb ürəyində öz-özünə məzəmmət etdi.
Elə bu vaxt hökmdar divar pərdəsinə bərkidilmiş poncaqlı ipi aşağı çəkdi, dəhlizdə qumrov səsləndi. Həbəş qulam içəri girdi. Səddədin Əsəd düşündü: “Fəlakət üz verməsə yaxşıdı.
– Şərur məlikini içəri dəvət elə!
Həbəş Qulam baş endirib çıxdı. Şərur Məliki Oğuz salur içəri girdi. Sədəddin Əsəd aşağı başa qoyulan kətili məlikə göstərdi. Oğuz Salur da göstərilən yerdə oturdu. Saray sahibi yavaş-yavaş başını qaldırıb qənşərində əyləşən məlikin əvvəlcə qatlanmış süvari çəkmələrinə, qara mahuddan səliqə ilə tikilmiş çuxasının qıvraq ətəklərinə, belinə bağladığı ağ mina dəstəkli xəncərinə, sinəsinin sağ-sol döşündəki vəznələrinə və nəhayət onun məkrli sifətinə tamaşa etdi. Boz qaragüldən tikdirib enli qara qaşları üstünə endirdiyi papağına çox uyğun gələn çal bığına, girdə saqqalına xeyli baxdı. Və birdən kinayə ilə xəbər aldı:
– Səni yolda incitməyiblər ki, Oğuz Şəruri?
Oğuz Salur cavab əvəzinə eyni kinayə ilə dedi:
– Sizdən bundan artıq nə gözləmək olar ki?
– Elə bu?.. Qarnının başqa dərdi var, onu de...
Məlik nə qədər çalışdısa hirsini boğa bilmədi.
– Məni özündən əskik kişi bilmə...
Cahan Pəhləvan taxtında xeyli qurcalandı.
– Bizim adamlar sənin çaparını Ziyaülmülk çisrindən Arazı keçərkən tutublar, xəbərin var? – Cahan Pəhləvan bu dəfə məlikin düz gözlərinin içinə baxdı. Oğuz Salur onun nəzərindən yayınmağa çalışsa da, özünü sındırmadı.
– Var.
– Sultan Arslan ibn Toğrula risalə yazmaqda məramın nə olub? – Saray sahibi Səddədin Əsdin gətirdiyi risaləni Şərur məlikinə göstərdi.
– Sultanı ayıq salmaq istəmişəm... başqa məramım olmayıb. – Oğuz Salur üzünü yana çevirdi, hökmdarın kin-küdurət yağan gözlərinə daha axıra kimi baxa bilmədi.
– Sultan ki, yatmayıb! Arslan ibn Toğrul həmişə ayıqdı... Və sənin xəbərdarlığına ehtiyac yoxdur – Cahan Pəhləvan bir an fikirləşəndən sonra risaləni Sədəddin Əsədə qaytarıb dedi:
– Vəzir, al... oxumaq istədiyin yeri indi oxu.
Sədəddin Əsəd qurcalana-qurcalana oxudu:
– “Sabah-birisi gün sənin sultanlığını da tamam danar bu Eldəgəz nəsli. Və beləliklə də Arranda səlcuq xanədanı birdəfəlik süqut edər, sülalənizin də kökü birdəfəlik kəsilib gedər. Sonrakı nəsillər səni səlcuqilərin ən fərsiz, ən öddək varisi kimi tanıyarlar. Əvvəllər atabəy Şəmsəddin atanı ələ saldı, indi də oğlu səni ələ salır, adına xütbə oxutdurmaqla, sikkə kəsdirməklə tovlayıb bütün ixtiyaratı öz əlinə alıb. Hər yerdə – Həmədanda da, Bərdədə də, Naxçıvanda da, Gəncədə də Cahan Pəhləvanı hökmdar kimi tanıyırlar. Qoşun onun əlində, beytulmal onun əlində. Bir sözlə, ixtiyari-küllü odur. Daha sənin haran oldu sultan, ay Arslan ibn Toğrul...”
– Bəsdir. – Cahan Pəhləvan işarə edib vəziri dayandırdı, məlikdən soruşdu: – Bu sözlər sənin öz sözlərindir?
– Mən həmişə öz sözümü demişəm... Başqalarının sözünə ehtiyacım olmayıb!..
Cahan Pəhləvan poncaqlı ipi yenə aşağı çəkdi, dəhlizdə yenə qumrov səsləndi. Yenə həbəş Qulam içəri girdi.
– Cəlladı çağır.
– Hökmdar, bəlkə... – Vəzir Səddədin Əsəd nəsə demək istədi.
– Dayan! – Cahan Pəhləvan ötkəm səslə həbəş Qulama xəbərdarlıq etdi, o da ayaq saxladı. – Yaxşı. Qoy vəzir istəyən olsun... İki fərraş... bir də mənim bərbərim gəlsin.
Oğuz Salur şaşırmış halda dönüb vəzirə baxdı. Sədəddin Əsəd saray sahibinin nə etmək istədiyini birdən kəsdirə bilmədi. Buna görə də Məlik Oğuzla heç bir him-cim etmədi. Oğuz Salur birdən ayılan kimi oldu, əlini xəncərin qəbzəsinə atdı. Cahan Pəhləvan bir göz qırpımında taxtın sağ yanına dayadığı qılıncını götürüb ayağa qalxdı.
– Məlik!.. – Xəbərdarlıq edən Sədəddəin Əsəd idi. Və Oğuz Salurun qənşərinə yeridi.
– Başını bədəninin üstündə saxlamaq istəyirsənsə, xəncəri qınına qoy! – Cahan Pəhləvanın sərt səsi otağı cingildətdi. Oğuz Salur onun qəzəb yağan sifətinə, alışıb yanan gözlərinə, sinəsi önündə par-par parıldayan qılıncının tiyəsinə baxıb geri çəkildi və birdən gözlənilmədən əlindəki xəncəri qınına qoymaq əvəzinə taxta sarı tulladı. Cahan Pəhləvan cəld yana çəkildi, xəncər divara vurulan böyük xalıya sancıldı.
Sədəddin Əsəd qəzəblə qışqırdı:
– Sən nə edirsən, məlik Oğuz...! Dəli olmusan?
Cahan Pəhləvan taxta əyləşdi. Elə bu vaxt iki fərraş qapıda hazır oldu. Hökmdar nə işarə etdisə onlar özlərini Salur Oğuzun üstünə atıb böyük çətinliklə qollarını burdular və güclə arxasında saxladılar. Bərbər elə bil bunu gözləyirdi. İrəli çıxıb farağat dayandı. Oğuz Səlur nə baş verəcəyini dərhal anladığı üçün səsinin ahəngini dəyişib yarısərt, yarımülayimliklə dedi:
– Adam kişi olar, Şəmsəddin oğlu! Kişi kişinin heysiyyətinə, qeyrətinə toxunmaz... Əmr elə boynumu vursunlar, amma bığıma, saqqalıma toxunma!
– Sənin nə başın gərəkdi, nə də bığın, saqqalın. Dilin xoşuma gəlmir, Oğuz Şəruri. Uzundu, özü də yaman uzundu!..
– Aləmi-pənah, bəlkə...
– “Bəlkə”siz, vəzir! Daha heç bir “bəlkə-məlkə” yoxdur. – Hökmdar gödəkboy bərbərə tərəf döndü. – Məni başa düşdün, bərbər?
– Bəli, qibleyi-aləm.
Oğuz Salur nəsə demək istədi, ancaq sözləri boğazında qaynayıb boğunuq bir səsə çevrildi.
– Aparın! – Cahan Pəhləvan bu dəfə taxtın sol yanındakı dəyirmi mizin üstündən balaca gümüş sinin götürüb fərraşlardan geri qalan bərbərin ayaqları altına tulladı. – Bunu da başa düşdün?
– Bəli, qibleyi-aləm. – Bərbər əvvəlki sözünü təkrar etdi və yanlarını basa-basa otaqdan çıxdı.
Sədəddin Əsədin elə bil tutulan nitqi birdən açıldı:
– Siz... siz nə etdiniz, hökmdar...
– Gücə, səbrə arxalanmayan siyasət siyasət deyil, vəzir!.. Siyasət başının üstündə daim qılınc tutmalı, sinəsində daim qalxan gəzdirməlidir. Siyasət həm kəsməyi bacarmalıdır, həm də yamamağı, özünü qoruyub hifz etməyi... Mən atabəy-əzəmi əvəz edən çağımdan Atabəy dövləti üçün vuruşmağa özümə söz verib and içmişəm. Bu yolda heç nəyimə, hətta canıma da müzayiqə etməyəcəm... Sonrası nə olacaq bilmirəm, amma onu bilirəm ki, bizim nəsil bu yerlərdə, ata-babalarımızın ömür sürdükləri bu yurdda yeni bir dövlətin əsasını qoyub. Bu yeni dövlət Arrandı, daha dürüst, Azərbaycandı. – Bir dəfə dediyi sözləri yenə təkrar etdi: – başı Qafqaz dağlarından başlanıb ayağı İran xəlicinə dirənəcək Azərbaycan... Biz onu nəyin bahasına olursa-olsun hifz edib qorumalıyıq, dirçəltməliyik... Adını da, dinini də!.. – Cahan Pəhləvan nitqini qurtaran kimi qılıncını götürüb pişgahdan çıxdı.
Sədəddin Əsəd yana-yana oyalandı.
– Get-gedə yaman amansız olursan, Şəmsəddin oğlu!
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-melik-oguz
Use ← → keys to move, R for a random poem
More by this author
Əcəmi sübh tezdən durmuşdu. Həyətdə bir az qurdalandı... Ancaq heç nəyə əl vurmağa həvəsi yox idi, yeməyə də onun kimi. Buna baxmayaraq müxtəlif söyüd, iydə şivlərindən müxtəlif rənglər vurub toxuduğu səvərələrdən bir balacasını götürüb həyətə çıxdı. Elə bu vaxt kor Əhsənin udunun həzin sədaları səhərin mehinə qarışıb onun həyətinə doldu, qulaqlarına axdı. Kor Əhsən yenə muğam çalırdı, qədim bir muğam...Əcəmi gedə bilmədi, ağacın altındakı kötüyün üstündə əyləşib axıra kimi qulaq kəsildi. Muğam qurtarıb, ud susandan sonra səvərəni sol qulağına keçirdi, darvazanı kilidlədi və yola düzəlib bazara getdi.
Memar və mələkəMələkə Zahidə xatun sarayda hökmdara məxsus yaşayış otaqlarında yerləşmişdi. Bu otaqlarda vaxtı ilə Atabəy-əzəmlə Möminə xatun yaşamışdı, bu otaqlarda onların uşaqları – Nüsrətəddin, Müzəffərəddin ayaq tutub yerimişlər, böyüyüb boya-buxuna dolmuş, ərsəyə gəlmişdilər.Cahan Pəhləvan Naxçıvana varid olan gün əvvəlcə həmin otaqlarda yaşamaqdan imtina etmək istəmişdi, ancaq sonra nə fikirləşmişdisə razılıq vermişdi. Razılıq vermişdi ki, deyəndə ki, birdən ürəyindən
Düşüncələr, düşüncələr...“Ey insan, sən kimsən?.. Ən ali və ulu məxluq... Yer üzündəki bütün canlıların ən kamili, ən güclüsü... Ağlın kəsən gündən üstündə gəzdiyin bu torpağın yetirdiyi ən əziz və ləziz nemətləri sən yeyirsən, ən axar-baxarlı yerləri sən gəzib dolaşırsan, sevən də, sevilən də sənsən... Və bir gün gəlir ki, bunların hamısın itirirsən. Necə vermişdilərsə, eləcə də alırlar... Ali və ululuğun da itir. Kamilliyin də əlindən gedir, gücün də tükənir... yemirsən, gəzib dolanmırsan, sevib-sevilmirsən... Nəfəsin ağzından çıxan kimi səndən diksinirlər, kənara qaçırlar. Bir anın içində hamı üçün özgələşirsən, yadlaşırsan... Dünən mayıl-mayıl baxılan üzünə daha heç kim baxmaq istəmir, dünən məhəbbətlə öpülən dodaqlarına, qucaqlanan bədəninə heç kimin toxunmağa micası gəlmir... Ey insan, sən kimsən?.. Əvvəli də torpaq, sonu da torpaq... İbtidası da heç nə, intəhası da heç nə... Bəlkə də buna marağalı qoca dərviş tez-tez deyərdi: “Ma hiç, cahan hiç...”¹. Bax burada bu naxışlı-zərli sərdabədə hər şeydən xəbərsiz yatıb uyuyan möhtərəm Şeyx Yusif də bu insanlardan biriydi... Amma vaxt var idi ki, onu görəndə hamı baş əyirdi, o içəri girəndə hamı ayağa dururdu, o gəlib keçəndə hamı kənara çəkilib yol verirdi... O harada, nə vaxt danışsaydı, hamı nəfəsini içəri çəkib qulaq kəsilirdi. O, gülsəydi hamı gülməli, ağlasaydı hamı ağlamalıydı... Hə, belədir dünyanın işləri, cənab Şeyx Yusif!.. Rahat yat, bu dünyanın səninlə, sənin də onunla daha heç bir işi yoxdu... İkiniz də hesabı çürütmüsünüz... Əbədiyyət evin nurla dolsun!..Əcəmi fikirləşirdi. Son vaxtlar narahat günlər keçirən, Cahan Pəhləvanla söhbətdən sonra bir yerdə qərar tuta bilməyən, gah şəhristanda, gah da rəbatlarda görünən Əcəmi bu gün də sübh tezdən durub Şahab meydanına gəlmşdi. Şəhər əhli Cahan Pəhləvanı bir hökmdar kimi qarşılayandan sonra onun buralara yolu düşməmişdi... Əvvəllər hərdən özü yaratdığına – camaatın “Atababa” adlandırdığı sərdabəyə baxmağa gələrdi, çünki onu öz övladı kimi görməyə bir ehtiyac duyardı... Hələ üstəlik, içəriyə girib Şeyx Yusifə ziyarətnamə oxuyardı, sonra bayıra çıxıb yenə heyran-heyran sərdabəyə baxardı, vurduğu naxışların ürəyinə yatımlığından xoşu gələrdi, kitabələrdə gözünə dəyən qüsurları isə hiss edən kimi narahat olardı, fikrə gedərdi, “Öz təqsirini özünə heç vaxt bağışlama...” Əcəminin ağlı kəsəndən, əli iş tutandan əqidəsi beləydi... Elə ki, Elalının arxasından Günəş doğdu və özünün zərrin şüaları ilə sərdabənin hüsnünü cilaladı, kitabələrini aləlvan boyalarla zinətləndirdi, onda Əcəmi özündə bir yüngüllük hiss edərdi, öz əməlindən razı qalardı... Və arxayın-arxayın Şahab meydanını, suyunu ən çox xoşladığı Şahab bulağını tərk edib gedərdi...
Karvan yola çıxırAxşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.
Poems by other poets
Bahar əyyamıdır, acıldı güllər, ey cavan sənsiz!Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Dedim mərqum edəm ol yarə kağızDedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.