Memar və mələkə
Page 2 of 2 · 50%
Cəlaliyyə növbəti səhifələrdən birini açanda nəzərləri vərəqin baş tərəfindəki iki quş rəsminə dikilib qaldı. Ortadakı rübaini oxudu:
¹ Tək olduqda ən yaxşı yoldaş kitabdır (ərəb.) “Hicrində gündüzüm gecə oldu, yar. Zamanın əlindən könlüm qan ağlar. Göndər xəyalını bizə bu gecə, görsün necə üzür məni intizar...” Quşlar gül-çiçəyin içərisində görünən bir budağa qonub üz-üzə dayanmışdılar. Bədənləri bülbülə, başları az qala qız və oğlana bənzəyən bu quşlar dimdik-dimdiyə durub elə bil bir-birinə nəsə pıçıldayırdılar. Cəlaliyyə ikinci vərəqədəki rübaini oxudu: “Yaşıl otlar üstə cilvələnir gül, bülbül şirə gəlib açır şirin dil...” Kitaba aludə olan Cəlaliyyə onu yenidən sinəsinə sıxıb öz otağına keçdi.
Əcəmi dedi:
– Mələkəyə minnətdaram ki, mənim ricamı qəbul edib və mənə onun hüzuruna gəlməyə razılıq verib. Bir balaca nigarançılığım olmasaydı bəlkə də sizə əziyyət verən deyildim...
– Ustad memar mənimlə açıq danışa bilər... Və əmin ola bilər ki, qiyabi də olsa, mənim onun həm sənətinə, həm də özünə böyük hörmətim var... İstərəm deyəsiniz, mənim yanıma gəlməkdə məramınız nədir?
– Kişiləri bəd niyyətindən, hətta mən deyərdim, əyri yolundan yalnız sevdikləri, könül verdikləri qadınlar döndərə bilərlər. – Əcəmi azacıq dayandı, sonra Zahidə xatuna diqqətlə baxıb təmkinlə əlavə etdi. – Mən bütün əqidəmlə inanmışam ki, Arran gözəlləri həm ağıllı, həm də tədbirli olurlar...
Zahidə xatuna aydın oldu ki, Əcəmi niyəsə fikrini birdən-birə açıq demək istəmir. Buna görə də dedi:
– Ustad Əcəmi məramını açıq deyə bilər.
– Məramım budu ki, mələkə hökmdara elə təsir etsin ki, davadalaş olmasın... Yanğınlar baş verməsin, dağıntı olmasın. Onsuz da qonşularımız fürsət düşən kimi kəndlərimizə, şəhərlərimizə basqınlar edirlər... Adamlarımızı soyub-talayırlar, əllərinə keçəni qənimət kimi sil-süpür eləyib öz yurdlarına aparırlar...
– Qonşu etibarsız olanda gərək yarağını özündən uzaqda saxlamayasan. Bu, hökmdarın sözləridi. – Zahidə xatun ani fikrə getdi.
– Nizaminin gözəl bir kəlamı var. Elə bir kəlamı ki, beynimə həkk olub, ürəyimə işləyib, qanıma keçib... Nədənsə heç vaxt unuda bilmirəm o kəlamı. Şair yazıb ki, ey insan oğlu, qur, yarat. Qurub yaratmasan bil ki, elə sağlığında ölüsən, heç kimə gərək deyilsən və heç kim səni yadına salıb xatırlamayacaq. Bəli, insan oğlu bu dünyaya yıxıb-dağıtmaq, vurub-uçurmaq üçün gəlmir, qurub-yaratmaq üçün gəlir.
Zahidə xatun memarın eyhamını başa düşsə də, onu xəbərdar etməyi üstün tutdu:
– Hökmdar öz məramından hələm-hələm imtina edən ərənlərdən deyil... Bunu ustad bilməlidir.
– Bilirəm, amma ürəyimə damıb ki, Zahidə xatun nə vaxt istəsə Cahan Pəhləvanı daha mərhəmətli olmağa vadar edə bilər... Biz Naxçıvanın əhli-irfanı Zahidə xatunu belə tanıyırıq, həmişə belə tanımaq istəyirik!
Ortalığa sükut çökdü:
– Mənim sarayın... hökmdarın sirrini faş eləməyə haqqım yoxdu. Amma istəyirəm... İstəyirəm ki, ustad Əcəmini bir məsələdən agah edəm. Əlbəttə, aramızda qalmaq şərtilə... hökmdar Təbrizə, Fələkəddinin üstünə qoşun yeritmək niyyətindədir. Deyir Təbrizi Əhmədili törəməsinin əlindən alıb Eldəgəzlər xanədanına ilhaq etmək lazımdır...
– Niyyət yaxşıdı, amma yenə qan töküləcək...
– Ustad Əcəmi bilməlidir ki, elə məsələlər var ki, onlardan ötrü qan tökməsən məqsəd hasil olmaz... Hökmdar deyir ki, bu sadə davadalaş deyil, bu, qəzavatdı¹. – Zahidə xatun da durdu.
Söhbət bura çatanda Əcəmi dinmədi, gördü ki, mələkə hökmdar ərinin dediklərinin fərqinə varmadan tutuquşu kimi təkrar edir... Bunu balaca xatun da büruzə verdi:
– Gördünüz, mənim anam nələri bilir? – Cəlaliyyə zarafata salıb güldü.
Əcəmi balaca xatuna baxıb gülümsədi və söhbəti qurtarmaq istədi:
– Mənim üçün xoşdur ki, Eldəgəzlər xanədanının təxt-tacını balaca xatun kimi bir inci bəzəyir...
Əcəmi gedəndən sonra ana-bala xeyli bir-birlərinə baxsalar da, kəlmə kəsmədilər, ancaq Cəlaliyyə birdən anasını bərk-bərk qucaqlayıb üzündən-gözündən öpməyə başladı.
Hökmdar qızının bu axşam sevincinə səbəb kasıb bir memarın ona bağışladığı kiçik hədiyyə idi...
¹ Müqəddəs müharibə
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-memar-ve-meleke
Use ← → keys to move, R for a random poem
More by this author
Cahan Pəhləvan sərdabənin açılışından sonra xəstəliyindən Həmədana dönməmişdi. Şirazlı təbibi-xünkarın dedikləri düz çıxmamışdı: hökmdar bimarü-rəncur idi. Sarayda da, şəhərstanda da, söz-söhbət gəzirdi ki, şahın halı gün-gün xarablaşır.Hökmdarın xəstələnməsi, atabəy-əzəmdən sonra üz-gözləri öyrəşmiş vəliəhdin onları əbədilik tərk etməsi ehtimalı bir sıra məliklərin, sarayın xəlvətiyyəsinə yaxın olan varlıların ciddi narahatlığına səbəb olmuşdu. Sarayın daxilində də bayırında da söz-söhbətə bir an belə ara verilmirdi:
Dərban və mühafiz (qış söhbəti)Böyük çillə təzəcə çıxmışdı. Kiçik çillə bütün gücünü toplayıb şəhər əhlinə öz zərbi-dəstini göstərirdi.Allahın elə ildə iki dəfə bu yerlərin sakinlərinə qəzəbi tuturdu: yayın ortalarında güclü istisi ilə, qışın ortalarında sərt soyuğu ilə.
Qəfil küləklər əsəndəGünəş məşriqdən neçə dəfə çıxıb məğribdə neçə dəfə doğub qürub etdi – heç kəs hesablamadı, neçə-neçə bulaqlar birləşib çaylara qovuşdu, heç kim baş açmadı, dəryalara nə qədər təzə sular axdı – heç kim fərqinə varmadı, neçə-neçə gündüz gecəni qovdu, neçə-neçə gündüzün gecə üzünə zülmət pərdəsi çəkdi – heç kim bilmədi.Əcəmi də günəşin doğub batmasına tamaşa edə-edə, bulaqlardan su içə-içə, çaylardan adlayıb neçə-neçə gecəni gündüzə, gündüzü gecəyə qata-qata, nağıllarda deyilən kimi, neçə-neçə yollardan keçdi, aşırımlar aşdı, keçdikcə də, aşdıqca da saçlarına düşən dən çoxaldı, illər çin-çin olub yaşının üstünə qalandı...
Saray dəbirinin son yazısıEy dünya! Ey ərşi-fələk! Ey asəfi-dövran! Gərdişindən fələyin özü də baş aça bilməyən dünya! Bolluca-bolluca dərdi-səri, acısı- ağusu, azca-azca şadlığı-sevinci, şirini-şəkəri olan dünya!.. Birinə batman-batman yamanlıq, birinə misqal-misqal yaxşılıq paylayan dünya... Gəlimli-gedimli, olumlu-ölümlü, qalımlı-itimli dünya. Gör kimlər gəldi, kimlər getdi, kimlər öldü, kimlər qaldı, kimlər itdi səndə? Birinə mərd, birinə namərd dünya!.. Hanı atabəy-əzəm Şəmsəddin Eldəgəz? Hanı onun bir sözü iki olmayan, qılıncından qan daman oğulları Nüsrətəddin Cahan Pəhləvan, Müzəfərəddin Qızıl Arslan? Hanı atlarının kişnərtisi bir günlük mənzildən eşidilən nəvələri Mahmud, Əmiran, Əbubəkr, Özbək? Hanı bütün bəni-Eldəgəz, Hanı? Bəyaz saçlı mərhum anam deyərdi: “Bizim bu dünyadan köçüb axirət dünyasına getməyimizə bir o qədər qalmır. Bu gün-sabah cənab Mehdi Sahib əs-Zaman zühur edəcək. Zühur edən kimi də bu dünyaya onun öz ümməti gələcək...” Madam ki, belə olacaq, onda bu dünyanı mütləqa hifz edib Mehdi Sahib əz-Zamana da, onun ümmətinə də abad halda, qurulu qaldı tikili halda təhvil vermək gərəkdir... Əlbəttə, bunlar çox vaxt bizdən asılı olmur, tarixin öz dərsi, zamanın öz gərdişi mövcuddur. Tarix, zaman isə istiqbala gedən yollardır. Əyri-üyrüsü də olur, düpdüzü də, dolayısı olur, hamarı da... Nə olur-olsun, amma mən bir dəbir kimi onu bilirəm ki, gün keçəcək, həftə ötəcək, ay dolanacaq, il ilə qovuşacaq, Günəş yenə məşriqdən tülu edib doğacaq, məğribdə qürub edib batacaq. Bu ulu dünyamıza nəsillər gəlib, nəsillər gedəcək, nə şahları yada salacaqlar, nə də padşahları; nə xaqanları xatırlayan olacaq, nə də hökmdarları... Amma Əcəmini, Əbubəkr oğlu Əcəmini hamı yad edəcək, hamı xatırlayacaq-xeyirxah əməlinə görə, ilkin növbədə, bəzəkli gəlinə oxşayan, həmişə canlı kimi görünən, nəfəs alan, insanların ovqatını təzələyən “Mərhaba, mərhəba!” Və bunu da deyəcəklər:“Ey insanlar, bu yurd da, onun üstündəki abidələr də sizə bir ata-baba amanatı...” Axı böyük ustadın özü də ürəyindən keçənləri abidənin lal kitabələrinə elə beləcə həkk edib: “Təlatüm içrə biz, sükunətdə daim ruzgar. Köçərik dünyadan, amma bu qalar yadigar...”