Qəbullar
Page 2 of 5 · 20%
¹ Edam kötüyünün yanında oturan xidmətçi
Hökmdar hər şeyi diqqətlə nəzərdən keçirdi və hər şey də xoşuna gəldi, ürəyinə yatdı. Döşəməyə rəqqasələrin rahat rəqs etməsi üçün təzə, nəfis toxunmuş kilimlər döşənmişdi. Otağın qapılarına bir neçə rənglə boyanmış nazik qamışlardan toxunan pərdə asılmışdı. Baş tərəfdəki, Təbriz xalçasının qabağında isə Cahan Pəhləvan üçün yanları fil sümüyü ilə haşiyələnmiş qızıl payəli hərim kürsü, onun qabağında eyni ustanın hazırladığı masa dururdu. Masanın üstünü payızda çətin tapılan müxtəlif meyvələr, ləvin-ləvin fındıq, qoz, badam, fısdıq içləri, səbzə, kişmiş və qırmızı minalı ibriqlərdəki tərxun, nanə şərbətləri bəzəmişdi.
Cahan Pəhləvanın sərt sifətində ötəri bir təbəssüm gəzdi. Xəlil bunu saray sahibi ayağını astanadan içəri qoyan kimi hiss edib rahat olmuşdu. Bu, o demək idi ki, hökmdar bu dəvətdən, təzə səliqəsəhmandan razıdı. Xəlil cəld qızıl payəli hərim kürsünü çəkib əlahəzrətin əyləşməsinə kömək etdi. Cahan Pəhləvan oturan kimi tez büllur ibriqdən qızıl piyalələrin birinə nəbiz¹ süzdü, hökmdar bir-iki qurtum içdi, badam içindən götürüb ağzına atdı. İkinci qədəhə şərab süzmək barədə bir kəlmə söz demədiyini görən Xəlilin işnırığı içində qaldı, ibriqi qaytarıb yerinə qoydu.
– Matahanı göstər görək, İsfahan lotusu... Neçə vaxtdı qulağımı dəng eləyibsən...
Xəlil saray sahibinin sifətindəki ötəri təbəssümü görüb seyrək dişlərin ağartdı, qadın səsinə oxşar səslə:
– Baş üstə, əlahəzrət – deyib çıxdı. Onun çıxması ilə xüsusi geyimləri olan çalğıçıların içəri girməsi və baş endirib yerlərini tutması bir oldu. Həzin musiqinin ilk sədaları otaqda nə vardısa hamısını elə bil ehtizaza gətirdi.
Bəlağətli səsi olan cavan müğənninin oxuduğu mahnı, həzin-həzin axan bulaq suyu kimi get-gedə çoxaldı, çağlayıb daşdı: “Hicran qəlbi sovuşanlar bəxtiyardır. Vüsal çağı yovuşanlar bəxtiyardır. Diri-diri soyulsa da yar yolunda öz yarına qovuşanlar bəxtiyardır...”²
Cavan müğənninin oxuması hökmdarın xoşuna gəlsə də, əlini qaldırıb onu dayandırdı, hiss etdi ki, “hicrandan”, “vüsaldan” söhbət açan, “yar yolunda diri-diri soyulanların” müsibətini sadalayan cavan müğənni atabəy-əzəmin qırxından sonra təzə-təzə durulan nəşəsinə soğan doğraya bilər, əhval-ruhiyyəsini korlaya bilər.
¹ Xurma şərabı
² Şeir Qətran Təbrizinindir.
– Mən rəqsə baxmaq istəyirəm...
– Baş usta, əlahəzrəta! – Xəlil baş endirib çıxdı, çıxanda işarə eləyib cavan müğənnini də özü ilə apardı. Otağa açılan ikinci qapıdan rəqqasə qızlar bir anın içərisində durna kimi qatarlanıb süzə-süzə bir-bir çıxdılar. Kilimlərin üstü ilə narın-narın süzən gözəllərin gəlişi, bərbəzəyi, paltarlarının üstünə səpilən Rey ətri otağın havasını dəyişdi.
Xəlil yenə oğrun-oğrun hökmdara baxdı, sifətindəki təbəssümün sevinclə əvəz olunduğunu, xoş əhval-ruhiyyəsini görüb ürəkləndi, pəncələri üstə özünə Cahan Pəhləvanın sol tərəfində yer elədi. Hökmdar qızıl qədəhdəki son qurtumunu içdi. Pişxidmət fövri olaraq qədəhi doldurdu. Cahan Pəhləvan başını qaldırıb onun üzünə baxdı, razı halda başını tərpətdi. Xəlil daha da ürəkləndi, qarnı maneçilik etdiyi üçün azacıq əyilib təzə rəqqasə cariyələri sarayın yeni sahibinə təqdim etməyə başladı:
– Bu gördüyünüz birinci və əndamlı gözəl bəzzaz¹ qızıdı. Mərənlidi. Bəşuşdu², qaranquş qanadına bənzər kirpikləri var. Əli də, ürəyi də açıqdı...
Cahan Pəhləvan sol əlini yuxarı qaldırdı. Bu, o demək idi ki, kifayətdi, adla o birisinə.
– O mavi rəngli geyimi olan cariyyə vəzzan³ qızıdı... Qazançı kəndindəndi. Qəmzəkardı, işvəkardı. Belə məxluqu xaliq həmişə xəlq eləmir... Belə məlaiknümuru⁴ inanmıram bir də doğan ana tapılar... Bu mənim qəti fikrimdir... Sinəsinə isə söz ola bilməz, elə bir cüt Beyləqan narını oğurlayıb orada gizlədib...
Cahan Pəhləvan qədəhi qaldırıb yarısına kimi içdi, ağzına yenə bir-iki səbzə atdı. Büllur qabdan alma götürüb o tərəf-bu tərəfinə baxdı, amma fikrə getdi... Bağdadda cavan vaxtı ona bağışlanan Rum gözəli Bəhriyyə yadına düşdü...
Xəlil isə öz işində idi, fürsəti fövtə vermək istəmirdi:
– O üçüncü cariyyə Şərur məlikinin hədiyyəsidi... Nəccar qızıdı. Əsfər⁵ rəngli ipəyi xoşlayır... Ləbşəkər kafurvəş⁶ qızlardan biridi... Söz-söhbətindən doymaq olmur. Bədihəguluğluğu⁷ da var. – Lap arvad kimi and içdi. – Yalan deyirəmsə, öləndə Məkkeyi-mükərrəməyə həsrət qalım...
¹ Arşınmalı satan
² Gülər üzlü
³ Qapançı
⁴ Mələk simalı
⁵ Sarı
⁶ Ağappaq
⁷ Bədahətən şeir deyən
Cahan Pəhləvan fikrə getdi: “Oğuz Şəruri yoxsa siyasətə əl atıb?.. Ağzına su alıb susması hara, mənə hədiyyə göndərməsi hara? Özü də qızıl yox, daş-qaş yox... cariyyə?”
– Məlik Oğuz bunu çoxdan göndərib?..
– Xeyr, əlahəzrət... İki həftə olar...
Cahan Pəhləvan dinmədi, sol əlini yuxarı qaldırdı. Çalğıçılar nə başa düşdülərsə, rəqsi birdən dayandırdılar. Xəlilin qəti işarəsi dərhal səhvlərini düzəltdilər. Bir az keçəndən sonra təkcə təbilin sədası eşidildi. Son günlərdə xüsusi təlim keçən qızlar üst paltarlarını bir-biri soyunub qanovuz örtüklü kürsülərin üstünə qoydular, təkcə zümrüd məmədanlarına, üçbucaq örtüklərinə və topuqlarındakı xal-xallara dəymədilər. Bütün bacardıqlarını toplayıb bədənlərinin ayrı-ayrı əzalarını oynatmağa başladılar: biri çiyinlərini silkələdi, biri məmələrini titrətdi, biri ombalarını atıb-tutdu, biri yabızını burcutdu...
Xəlil öndə dayanan qızı göstərib dedi:
– Bu nərmənazik ceyranı Ordubad tərəflərindən qovub saraya gətiriblər. Dəllak¹ qızıdı. Deyərlər: Şərq gözəllərinin çoxu Bağdaddadı. Mən də buna inanmışdım. Amma son günlərdə belə bir əqidəyə gəlmişəm ki, Ordubad qızlarından, bu şəhərin gözəllərindən heç yerdə olmaz... Xudavənedi-aləm elə bil ilk qələmi özü bu Ordubadlı gözələ çəkib. – Xəlil barmağını irəli uzatdı: – Bir baxın hökmdar... Görün necə dupduru gözləri var! Elə bil Zəmzəm² suyudu... Kəhhallə³ əli dəyməsə də, gözlərinə elə bil qeybdən sürmə çəkiblər...
Hökmdar dinmirdi, xumarlana-xumarlana gah çalğıçılara, gah da rəqqasələrə baxırdı, xəyalı ötən günlərə, gənclik illərinə uçur, bircə anda da geri qayıdırdı. Qəsdi isə sadə idi: Xəlilin deyəcəyi yeni gözləri eşitmək, həzz almaq..
– Bu müənbər⁴ gözəlin çiyinlərinə, arxasına söz ola bilməz... Kəffaş⁵ qızıdı. Dümbül kəndindəndi. Anası elə bil onu hökmdar üçün doğub, bəsləyib... Belələri mum kimi olurlar... İstədiyin şəklə sala bilirsən...
¹ Kisə çəkən
² Dini əfsanəyə görə cənnətdə müqəddəs bulaq
³ Gözə sürmə çəkən qadın
⁴ Xoş iyli
⁵ Çəkməçi
Cahan Pəhləvan da özünü pişxidmətə oxşadaraq onun sözlərilə xəbər aldı:
– Bəs bu zibasənəm?¹
– Təkcə zibasənəm deyil, həm də zövqəfzadı²... Qəffal³ qızıdı. Xorasandandı, həmyerlidi... Öpülməli yanaqları var, buxağından xoş boynundan xoş vəri iyi əskik olmur. Dodaqları temr⁴ kimi şirindir. Siz onun bir qövsi qaşlarına, ceyran gözlərinə, təzə tər sinəsinə tamaşa edin. Yanağına elə bil anadan gəlmə İsfahan qımızı sürtüblər. Belələrini Allah-Təala yüz ildən bir xəlq edir. Yaraşıqlı göbəyi dələmədir ki, durub... Əbülfəzil Allah haqqı, üstündə xüfdən namazı qılmaq olar... Özü də canamazsız, möhürsüz...
Cahan Pəhləvanın nəzərləri Xəlilin xeyli tərif etdiyi qızın əvvəlcə gözlərində, sonra isə yaraşıqlı göbəyində ilişib qaldı... Nə fikirləşdisə əlindəki qədəhi yerə qoyub xəyala getdi. Həmədan sarayında zəhər içib özünü öldürən “Bağdad gözəli” Mədinəni xatırladı... Və nədənsə köks ötürdü... Demə, hökmdarların da köks ötürən vaxtları olurmuş..! – Bəs bu kimdi? – Cahan Pəhləvan qəmli görünən, könülsüz rəqs edən qızı göstərib nədənsə hirslə soruşdu:
– Əllaf⁵ qızıdı. Əlincə ətrafındakı kəndlərin hansındansa gətiriblər.
Cahan Pəhləvan payəli kürsüdən durdu.
– Niyə mükəddərdi?⁶
– Saraya bir həftə olar ki, gətiriblər... Haralı olduğunu bilmirəm. Amma deyirlər ki, atası vergi verməyib, darğalar onun əvəzində qızını sürüyüb kənddən çıxarıblar... Dünən axşam qaçmaq istəyirmiş, dərban⁷ tutub geri qaytarıb... Ceyran kimi ürkəkdi... Bir gözlərinə baxın... Elə bil Əlincik ceyranın gözləridir... (Xəlil onu da bilirdi ki, Cahan Pəhləvan cavan vaxtından ceyran gözlərinin vurğunudur) Məmədanı da, xalxalı ilk dəfədir görür... Zornan geyindirmişəm... Qəribə də adı var: Cahannur..
Sarayın yeni sahibi elə bil pişxidmətin bir-birinə oxşar tərəflərindən, yeknəsəq mədhiyyələrindən darıxdı və işarə etdi ki, çalğıçılar da rəqqasələr də rədd olub gedə bilərlər...
¹ Göyçək dilbər
² Kef verən
³ Qıfıl qayıran
⁴ Dəymiş xurma
⁵ Ot satan
⁶ Kədərli
⁷ Saray darvazasının qapıçısı
Xəlilin ovqatı pozulsa da, əmri yerinə yetirdi. Əllafın qızı qapıdan çıxmaq istəyəndə Cahan əlini atıb onun qolundan tutdu. Cahan əvvəlcə dinmədi, sonra birdən kənara sıçradı və ara vermədən üyüdüb tökdü:
– Rəiyyətin namusun qorumaq padşahın borcudur. – dedi. Mənim qardaşım kəndimizin, qızlarının, gəlinlərinin namusunu qoruduğuna görə qaçaq olub dağa-daşa düşüb... Mən Əli Şimşəyin bacısıyam. Buraxın məni, buraxın! – Cahannur geydiyi paltarın sinəsini cırdı, üstündəki bər-bəzəyi, başındakı səkineyi çalmanı çıxarıb yerə tulladı. Xəlil onun qolundan tutub bayıra atmaq istəyəndə, Cahan Pəhləvan əlini qaldırıb işarə etdi ki, ona toxunmasınlar. Saray sahibi bu anda tez götürqoy edib fikirləşdi: “Elə igidin bacısını saraya gətirmək namərdlikdir. Rəiyyət deyər ki, özünə gücləri çatmadı, bacısına əl atdılar. Bunu haradan qansın bizim qanmaz rəis!.. Dəyyus, qəvvad bilmir ki, qardaşın hayıfını bacıdan almazlar...”
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-qebullar
Use ← → keys to move, R for a random poem
More by this author
Axşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.
Axşam əzanından sonraŞəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”
Əsrin onda biriCahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:
Analar kövrək olurlar– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.
Poems by other poets
Nəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
Aşıq Camalın İbrahimlə deyişməsiAşıq Camal**Aşıq Camal içdi kövsər şərabı,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,