Söz sözü gətirər...
Page 1 of 3
Əcəmi evə çox yorğun gəlmişdi. Müəzzinlər şəhər camaatını məscidlərə günorta namazına dəvət edəndə o da evə qayıtmışdı.
Bir az keçməmiş dəbir darvazanı açıb həyətə girdi. Salamlaşdılar. Ev sahibi yanındakı qamış kətili dəbirə tərəf itələdi, o da əyləşdi.
Əcəmi dəbiri hələ Şəmsəddin Eldəgəz ölümündən bir neçə ay əvvəl Xorasandan saraya gətirdiyi vaxtdan tanıyıb xoşlamışdı. Əvvəlcə tanış olmuşdular, sonra bu tanışlıq dostluğa çevrilmişdi. Əcəmi ona “mirzə”, dəbir də ona “qardaş” deyə müraciət edirdilər.
– Yorulmadın bu daşlarla əlləşməkdən?.. Bilmirəm bu daşlarda nə görmüsən? Özü də lap guşənişin olub getmisən, – deyə dəbir ona qayğı göstərməyə cəhd etdi.
– Mənim nəzərimdə mərmər, daş, kərpic dəyərindədi... Daş isə ölkənin yaraşığıdı, mirzə. Daş varsa yurd abaddı, kənd, şəhər abaddı. Özün çox yaxşı bilirsən ki, daş olmasaydı intibah dövrü çoxdan unudulub getmişdi. Dünya mədəniyyətinin ulu babaları hetlər tarix səhnəsindən bir millət kimi silinib getsələr də, onları bu günə kimi yaşadan daşlardı. Hər şey solur, amma daş solmur. Qədim Qobustana, Ordubadın Gəmiqayasına baxanda, onların üstündəki yazılara, şəkillərə nəzər yetirəndə biz də ulu babalarımızı yada salırıq. Sərkərdələr, igidlər, daşa dönüb, ehramlara çevrilib əsrlərdən əsrlərə adlayırlar, zamanlardan zamanlara köçürlər, elə bil təzədən cana gəlib gözümüzün qabağında ucalırlar. Yaranışın ən ufacıq heyvanları – ceyran, cüyür, əlik, ən nazlı quşları – kəklik, turac bir təhlükə hiss edən kimi daşa pənah gətirirlər. Daş güclüdür, uludur. Amma insan ondan da güclüdür... Fərhad daşa qalib gəldi, Şirin eşqinə azman qayaları çapıb sübuta yetirdi ki, həqiqi məhəbbətin, təmiz eşqin qarşısında daş da gücsüzdür, qaya da acizdir.
– Əcəmi əqiq daşından yonduğu balaca yaraşıqlı bir at fiqurunu dəbirə uzatdı. Qoyma, qabartma üsulu ilə ona yüyən, quşqun, tapqır, üzəngi işləmişdi. Yəhəri dərhal tərlikdən seçilirdi. Elə bil zərgər işiydi...
Alıb heyran-heyran baxırdı dəbir:
– Xüsusi həvəslə yonmusan!
– İgidlik rəmzidi at... Bir də qonşu uşağa söz vermişəm, xoşuna gələ gərək...
At haqqında ulu babaların dedikləri yadına düşdü dəbirin:
– Açıq-açıq meydana bənzər sənin alınsığın...
Gözləyirdi ki, indicə Əcəmi maraq göstərib soruşacaq:
– “Mirzə bu əşar kimindi?” Soruşmadı, şerin ardını dedi:
– İki şəbçırağa bənzər sənin gözcüyəzin...
Dəbir davam etdi:
– İki qoşa qardaşa bənzər sənin qulancığın...
Əcəmi cavab verdi:
– Əri muradına yetirər sənin arxacığın...
– At deməzəm cana, qardaş derəm, qardaşımdan yey!
Cavab aldı:
– Başıma gəldi, yoldaş derəm, yoldaşımdan yey!
Bir-birlərinə baxdılar, şeir söyləməkləri hər ikisinin xoşuna gəlmişdi. Aralığa ani bir sükut çökdü. Əcəmi:
– Qorqud babaya rəhmət, – dedi və “atı” dəbirdən alıb yerinə qoydu.
– Mən heç bilməzdim ki, sən daş haqqında bu qədər söz deyə bilərsən. – Dəbir onun çiyninə vurub güldü. – Adətən sənət adamları güldən, çiçəkdən belə ürəklə danışırlar...
– Sən dediyin şairlərdir.
– Elə sən də şairsən, qardaş! Buna indi daha çox inandım.
– Əfsus ki, yox. Mən özümə görə bənnayam, saraya görə memar.
– Saraya görə niyə? Sən sözün əsl mənasında memarsan.
– Əfsus ki, biz daşı daşın, kərpici kərpicin üstünə qoyub evlər tikirik, imarətlər inşa edirik, abidələr ucaldırıq, özümüz isə günü-gündən sökülüb tökülürük. – Əcəmi söhbətin yönünü dəyişmək istədi. – Çünki ömür sarayımızdan hər gün bir kərpic düşür... – Bu gün niyəsə gözümə bikef dəyirsən, qardaş?
Əcəmi isə işində idi, deyəsən, ürəyini boşaltmaq istəyirdi:
– Fərz edək ki, hər birimizin ömrü bir abidədir, ötən günlər isə əzilib ovxarlanmış kərpiclər. Bu qoca dünyanın əzəli gündən qanunu belədi... Zəhməti yaradana min alqış. Zəhmət olmasaydı bəşər övladı bu torpaq üstündə bir gün və ayaq tutub duruş gətirə bilməzdi, mirzə!
Bu dəfə onun sözünə qüvvət verdi dəbir:
– Zəhmət əmin-amanlıq olanda çiçək açır... – Əlbəttə, zəhmət xeyirxahlığa güvənməlidi. – Əcəmi də onun dediklərini təsdiq etdi: – Amma nə edək ki, həmişə belə olmur... Quruluları, tikililəri şahlar, hökmdarlar bəzən vurub uçururlar, dağıdırlar, viran qoyurlar... Od vurub yandırırlar. Lənətə gəlsin dava-dalaş da, onlara hərislik göstərən şahlar da! Silah gərək ağıllıların, zəkalıların əlində ola. Bir vaxt gələcək ki, dəlisov hökmdarları, ağlısız qoşun başçılarını, qana həris sərkərdələri lənətlə yad edəcəklər. Bizim bu gözəl məkanımız yer üzünə əmin-amanlıq lazımdı, qan-qada yox!
– Axı indi silah iş görür. Ağıl, zəka yox. İndi elə bir zəmanədi ki, ən hörmətli adamlar qoşun başçılarıdı, sərkərdələrdi... Şan-şöhrət hərisliyi, var-dövlət tamahkarlığı kor edib şahları, hökmdarları.
Əcəmi nəsə fikirləşib onu sakitləşdirmək istədi:
– Analar şah doğmurlar, mirzə, – dedi. – Zülmkarları həyat yetişdirir, həyat yaradır. Həyatla da çiling-ağac oynamaq olmaz. O, zarafatı sevmir. Onun sevinci də çox olur, kədəri də. Dünya həm quzu kimi mülayimdi, həm də canavar kimi yırtıcı. – Əcəmi bu dəfə uzaqlara baxıb dərin fikrə getdi.
– Deyəsən, yenə bədbinləşdik axı, qardaş? – Əcəmiyə təskinlik vermək istədi dəbir: Yer üzünə bir nəsil gələcək... Bilmirəm yüz ildən, bəlkə də min ildən sonra... Onda tarixi şahlarla, hökmdarla deyil, sənət adamları ilə yaxşıya-yamana ayıracaqlar. İntibaha da, durğunluğa da onların işi, əməli ilə qiymət verəklər... Deyəcəklər Nizami dövrü... Əcəmi zəmanəsi...
Əcəmi bilirdi ki, dəbirin onunla söhbətlər etməyə xüsusi həvəsi var. Buna baxmayaraq söhbəti dəyişdi:
– Filosofluq elədik, bəsdi... – Xəyallarından uzaqlaşdı. – Yeməyə sənə nə hazırlayım?
– Yeyib gəlmişəm, heç nəyə meylim yoxdur. – Dəbir razılıq etdi.
– Yaxşı kəklikotu çayı dəmləyə bilərəm. Xanəgah kəndindən göndəriblər...Əlincənin ətrafındakı dağların döşündən yığılıb. Heç bilirsən həmin dağların gül-çiçəyinin necə gözəl ətri olur... Kəklikotunun bir ətri, çobanyastığının bir ətri, yarpızın bir ətri, qantəpərin bir ətri... – Bilirəm, qardaş. – Dəbir gülümsədi. – Mənə də xalam hər il Savalanın ətəklərindən yığıb göndərir...
Hər ikisi susdu. Əcəmi durub içəri keçdi, əlində qara çaydan və iki kiçik piyalə qayıtdı. Çay süzüb birini dəbirə verdi, birini də öz qabağına qoydu. Piyaləni götürüb burnuna yaxınlaşdırdı, bir neçə dəfə dərindən iylədi dəbir..
– Bilirsən nədən ötrü gəlmişəm?.. Hökmdarın təklifinə cavabın nədi?
– Hələlik bir qərara gəlməmişəm.
– Sən bilirsən ki, Cəmil məndən də çox narahatdı?
– Bilirəm.
– Bir şeyi unutma ki, şahlar rica etmirlər, hökm edirlər, fərman verirlər... Hökmdarın fərmanı ata-babadan bəllidir ki, dürüst də olsa, səhv də olsa yerinə yetirilməlidir. Eldəgəzlər sülaləsinin isə ərkəyi də, dişisi də süründürməçiliyi xoşlamır...
Əcəmi bir müddət dinmədi. Dəbir bundan istifadə edib ürəyini boşaltdı:
– Sən işə başla, özün də fikirləşmə ki, hökmdarın anası üçün sərdabə tikirsən. Sən fikirləş ki, bir sənət əsəri yaradırsan... Qoy yaxşı bir yadigar qalsın dünyada səndən. Axı biz gəlib gedirik, dünya qalır. – Əcəmi dinmirdi, dostunun sözlərinə diqqətlə qulaq asırdı. Dəbir isə elə bil bu vəziyyətdən daha da həvəsə gəlirdi. – Mən gecələr Aya baxmağı xoşlayıram. Baxanda da öz-özümə fikirləşirəm: “Ay neçə-neçə yüz illərdi, min illərdi doğur da, batır da, batır da, doğur da... Onun gözəl camalına bir vaxtı babamın babası baxıb, sonra babam baxıb, sonra atam baxıb, indi də mən baxıram... Aya bizdən sonra gələnlər də baxacaqlar neçəneçə yüz illər, min illər... Bilirsən niyə? Ona görə ki, işıqlıdı, nurludu, aydındı, təmizdi... İnsanın əməli də işıqlı, nurlu olanda, niyyəti təmiz, pak olanda sənət də işıqlı olur, ölməz olur, əbədi olur... Bilirsən bu sözləri kim deyib?
– Yox, bilmirəm.
– Sən demisən... Böyük şeyx Yusif ibn Küseyr sərdabə tikəndə. Sənətkar sancı çəkən qadına bənzər. Yükünü yerə qoyandan sonra azad nəfəs alar, özünü xoşbəxt bilər. İndi öz sözünü özünə qaytarıram. Əliniqolunu çırmalayıb işə başla. Ürəyimə damıb ki, sənin əlindən bu dəfə gözəl bir sənət əsəri çıxacaq... Ürəyimə o da damıb ki, tikəcəyin abidə əzəmətli olduğu qədər də gözəl, gözoxşayan, qəlbləri riqqətə gətirən olacaq. Sən də onu xeyirxah bir ananın məzarı üstə ucaldırsan. O, ana qədər əzəmətli, qadın kimi təravətli olsun gərək! O ki qaldı Cahan Pəhləvana... Bilirsən ki, dediyindən dönən deyil. Sən onun anasına layiq bir abidə ucaltmalısan, yaxandan əl çəkən deyil.
– Bilirəm, mirzə... Amma yenə də götür-qoy edirəm. – Əcəmi ani fikrə getdi, sonra əlavə edib dedi: – Bilirsən ki, memarlıq həndəsəsiz, riyaziyyatsız keçinə bilməz. Memar gərək riyazi risalələri çox kamil bilə. Rəsmxətti də ondan kamil... Bunları niyə deyirəm, məqsədim var. Mənim fikrimcə, memar da alimdi. O, özündən sonra bir məktəb qoyub getməlidi. Elə bir məktəb ki, elə bir sənət ocağı ki, onsuz da danışsın, onsuz da, yol göstərsin... Bu ocaq da isinənlər, bu məktəbdə kamilləşib yetişənlər özlərini çox arxayıncasına, çox qürurla, Cahan Pəhləvan deyən kimi, “naxçıvani” adlandırsınlar. Onları gələcəkdə Maradağda, Səlmasda, Təbrizdə... lap elə Bağdadda əsl sənətkarlar kimi tanınsınlar. Qoy naxçıvanlı sənətkarların şan-şöhrəti bütün Şərqə, bütün Asiyaya yayılsın. Şüəara dili ilə desək, memara da gərək nəzirə yazanlar olsun... Mən gələcəkdən gələn bu səsləri indidən eşidirəm, mirzə!
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-soz-sozu-getirer
Use ← → keys to move, R for a random poem
More by this author
Məhəmməd öləndən sonra onun varisləri xeyli fikirləşməli, götür-qoy etməli oldular. Əhmədi-mürsəlin, Qasimi rəhmətin¹ adını yazmaq, irsini qorumaq, buyurduğu qayda-qanunları hifz edib saxlamaq lazım idi. Doğrudur, daha meraca² gedib-gələn yox idi, amma rəsullahın³ xətəmun-nəbiyin⁴ yer üzərində kölgəsi daim gəzir, ruhu gecə-gündüz dolanır, nəfəsi bir addımda duyulur, Qüreyşi övladları vaxtlı-vaxtında boy atıb böyüyürdülər...Götür-qoy çox çəkmədi, baş sındırmaq da bir o qədər lazım olmadı: varisləri özlərini “xəlifə” elan etdilər, dövlətlərinə isə “xilafət” adı qoydular. Əllərinə Allahın müqəddəs kitabını – Quranı alıb başlarının üstünə İslamın yaşıl ələmini tutub atlarını dördnala obadan-obaya,
Şəhdigül...Pəncşənbə günü idi. Əcəmi tezdən durub iş yoldaşlarının təzədən düzəltdikləri evinə, həyətinə nəzər yetirdi. Sərdabədə işi dayandırıb gecə-gündüz bilmədən tikib-quran, təmir aparan həmkarlarının ünvanına ürəyində də olsa dönə-dönə xoş sözlər dedi. Hamıdan çox əziyyət çəkən Cəmilin ata-anasına rəhmət oxudu, bütün qab-qacağın yuyub təmizləyən, pal-paltarını təzələyən Zəhraya xoşbəxtlik arzuladı. Və yenə də sevindi ki, yaxşı olub darvazaya xətər toxunmayıb... Yanğın tez söndürülməsəydi, alov yəqin ki, onu da qarsacaqdı, üstündəki naxışları korlayacaqdı. Hamı da fikirləşəcəkdi, hökmdarın ayağı düşmədi... Şəmsəddin oğlu nəzərlədi Əbubəkr oğlunu...Əcəmi bunları fikirləşə-fikriləşə həyətində bir az qurdalandı, sonra bazara getdi. Məqsədi qonşu uşağı Rəşidin şikəst nənəsi Xədicə qarıya qovun, üzüm alıb gətirmək idi. Alıb evə qayıtdı. Rəşidi səsləyib aldıqlarını ona verdi, sonra tut ağacının altındakı yanı qarsalmış kötüyün üstündə oturub dincini almaq istədi. Anası Badisəba yadına düşdü.
Bu xatirə yenə Əcəmi dilindəndir“...Yetim böyümüşəm, rəhmətlik İbrahim, ha budu, mənə həm ata olub, həm də qardaş. Özümün isə bəxtimi allahtala əzəli gündən qara yazıb... Bir gün gəldi ki, xalam oğluna nişanladılar məni. Əslində mən getmək istəmirdim, qardaşım tək-tənha qalırdı, o halında... Amma sözündən çıxa bilmədim. Xalam oğlu da, ha budu, dinc bala deyildi. “Vur ölüm, haqqımı ver”in biriydi. Gedib qoşuldu qaçaq-quçağa. Toyumuz olmamış vurub öldürdülər... Yazıq hələ əlimdən də tutmamışdı, üz-üzə durub bir kəlmə belə kəsməmişdik... Bizim kənddə də, ha budu, adət var: hansı qızın toyu olmamış nişanlısını başına bir qəzavü-qədər gəldi, o qızın adını daha heç bir oğlan dilinə gətirməz. Gətirsə də, ata-anası razı olmaz... Deyər qarabəxtdi... O ki, qaldı Şahab meydanında gördüyün övrətə, rəhmətlik anamın siğə bacısıdı. Gözümü açandan Xəzangül arvadı özümə doğma xala bilmişəm. Körpə də, ha budu, onun nəvəsiydi... “Qızlar bulağı”na su gətirməyə məni İbrahim göndərmişdi... İndi bəxtimdən ha budu, yüz kərə, min kərə razıyam. Görüm Cəmil qardaş da, Zəhra bacı da “neynim, necə eləyim” deməsinlər. Məni sənə ürcah elədiklərinə görə işləri həmişə avand olsun...”Şəhdigülün nisgilli taleyindən, cavan yaşında başına gələn müsibətlərdən hali olandan sonra bu sadə, ürəyi açıq qıza məhəbbətim birə-on qat artmışdı. Artmışdı deyəndə ki, bu məhəbbəti aramızda, əslində, rəhmətlik bənnanın bacısı özü yaratmışdı. Onun qayğısı, mehribanlığı, uşaq kimi sadəliyi, qəlbinin güzgü kimi təmizliyi, üstəlik, gözəl səliqə-sahmanı məni ona elə bağlamışdı ki, görən deyərdi biz neçə illərin ər-arvadıyıq. Dəryanurdan sonra qəlbimdə yaranan boşluğu özüm də hiss etmədən pünhan-pünhan, qətrə-qətrə doldururdu Şəhdigül.
Əli ŞimşəkƏcəmi Şəhdigülü qaynanasının siğə bacısı Xəzangül arvadın yanında qoyub rəisin tapşırığını yerinə yetirmək üçün atını dağlara sarı sürdü, özü də elə yerlərdən sürdü ki, tez-tez bulağa rast gəlsin. Əcəmi hələ cavanlıq çağlarından bilirdi ki, Əlincə silsiləsinə gedən cığırların, yolların kənarlarında suyu diş donduran neçə-neçə bulaqlar çağlayır... Onun isə uşaq vaxtından bulaqlardan xoşu gələrdi, buludların göz yaşından, gül-çiçəyin, şəbnəmindən yaranıb gah bu daşın altından qaynayan, gah o qayanın dibindən pıqqıldayan bulaqlardan... Dizini yerə qoyub bulaqların göz yaşı kimi duru suyundan içəndə, pıçıltısına qulaq asanda ürəyinə xoş arzular dolardı.İndi də bulaqlara baş çəkə-çəkə, dupduru sularından içə-içə gəlib çıxdı Əlincənin ətəklərinə. Sal qayanın altından çıxan Xanəgah bulağının başında atını əylədi, səndəl ağacını qurşağına keçirib süfrə açdı. Şəhdigülün dəsmala bükdüyü pendir və çörəyi iştahla yedi. Amma bulaqdan ayrılmaq istəmirdi. Sal daşın üstündə əyləşdi. Nəzərləri uzaqlara zilləndi. Uzaqda dumana bürünmüş Əlincə qalası görünürdü.
Poems by other poets
Nazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?