Page 3 of 3 · 67%

– Allah rəhmət eləsin.

– Qəbri nurla olsun.

– Məhəbbət zoru sevmir... Məhəbbət, eşq qala deyil, qoşun çəkib alasan. Ac çörək üçün, torpaq su üçün necə darıxırsa ürək də ürək üçün gərək elə darıxa...

– Haqlısan, tamamilə haqlısan – dedi dəbir. – Amma rica edirəm ki, əş-şeyx ər-rəisin qızından sonra neçə illərdi qapıldığın əbədiliyə, tərki-dünyalığa meyl göstərmək niyyətinə son qoyasan. Həyat eşqi, həyat nəşəsi hamıya lazımdır.

Əcəmi dəbirin səsindəki qətiyyəti hiss etdiyi üçün həm narazı, həm də razı vəziyyətdə baxıb dedi:

– Deyəsən, birləşib hücuma keçirsiz?

– Sən bilirsən ki, dünyada hələ heç kim üç şeyin sirrindən xəbər tuta bilməyib?

– Nədi o üç şey? – Əcəmi güldü.

– Ölüm, səma... bir də məhəbbət...

– Belə de!.. Demək istəyirsiz ki, mən də təzədən eşq, məhəbbət dəlisi olum, hə? Ürək darvaza deyil ki, hər buyuran gəlib keçə...

Cəmil işi belə görüb bir başa əsas məsələyə keçdi:

– Qonşuluğumuzda gözəl bir gəlin var, gəl alım onu sənin üçün. O günü Şabah meydanında körpəsinə maraq göstərən gəlinə oxşayır... Gözəl-göyçək... ağıllı, ifallı...

– O da ötəri bir maraq idi... Baxdım, xoşuma gəldi, vəssalam! – Əcəmi güldü və birdən şairlik etdi: – bir quş idi, budağa qonmuş idi... uçdu getdi, vəssalam!

– Körpəyə maraq göstərirdin, ya gəlinə?

– Cəmil də sayıqlayır...Əcəmi üzünü dəbirə tutdu: – Amma yaman gözəl idi!..

– Hökmdarı qarşılamağa çıxanların içindəydi!.. Özü də şəhərli deyildi.

– Guya şəhərli olsa nə olacaqdı! – Əcəmi yenə güldü. Görmədin qucağında körpəsi vardı...

– Körpə başqasının da ola bilər...

– Axır sözün, qardaş!

– Evləndiririk, vəssalam! Çox qətiyyətlə dedi. Cəmil.

Əcəmi onları sakitləşdirmək istədi:

– İcazə verin bir də fikirləşim.

Cəmil, dəbir bir-birinin üzünə baxıb razılaşdılar.

– İstərdim sənə bir söz deyəm, qardaş... Nəzərə al ki, Cahan Pəhləvan Naxçıvanda çox qalmayacaq, bu yaxınlarda Həmədana qayıdacaq... Sən şəhər rəisi ilə işləməli olacaqsan... O da ki, sənin bədxahlarından biridi, Əş-şeyx ər-rəisin sözünü qoyub heç vaxt sənin nəfinə danışmaz.

– Düzdü... mirzə haqlıdı, Əcəmi, – Cəmil də təsdiq etdi...

...Əcəmi onları darvazadan ötürüb qayıtdı, otağa keçdi, pəncərənin artırmasında əyləşib dərin fikrə getdi. Qayğılı gözlərini Araza tərəf uzanan düzənliyə, oradan da pillə-pillə dağlara dirənən təpələrə dikdi. Bir az sonra boz-boz buludlar bir-birinin üstünə qapandı. Göy qübbəsi elə bil bir az da aşağı endi.

Birdən leysan başladı. Yağışın səs-küyü, göyün qurultusu, bir-birinə dəyib şaqqıldayan buludların səsi, tutqun səmada qıvrılıb açılan şimşəklərin çaxması Əcəminin əhvalında heç bir dəyişiklik əmələ gətirmədi. O, səndəl ağacının uclarını ovuclarının içərisinə alaraq çənəsini onun ortasına söykədi və gah düzlərə, gah dağlara, gah da səmaya, bir-birinin ətəyindən sallanıb az qala torpağa dəyən buludlara tamaşa etdi...

Təbiətin növbəti şıltaqlığı uzun çəkmədi. Birdən elə bil möcüzə baş verdi: yağış xırp kəsdi, buludlar dağıldı, şimşəklər yoxa çəkildi. Elə bil kimsə bütün səs-küyü nəhəng bir xaralın içərisinə doldurub dağların arxasına tulladı. Göy üzünə mavi, lacivərd bir örtük çəkdilər...

Elə bu vaxt haradansa həmişə eşitdiyi udun hüzn dolu səsi yenə onun qulaqlarına gəldi. Udun səsi gah enir, gah qalxırdı. Bu səs ona elə bil nakam bir məhəbbətin qəmli hekayətini danışırdı. Udu vaxti ilə Əcəminin qonşusu olan tanışlarından biri çalırdı: kor Əhsən.

...Udun pərdələrində mahir bir ustanın barmaqları gəzirdi. Bu barmaqlardan həzin-həzin səslər süzülüb axırdı. Elə bil göz yaşı kimi duru olan bir bulağın suyudu bu həzin səslər, elə bil şirin bir ana laylasıdı bu həzin səslər, elə bil qənirsiz bir körpənin gülüşüydü bu həzin səslər... Eyni zamanda, bir gəlin qəhqəhəsi, bir çay coşğunluğu, bir igid nəşəsi var idi bu həzin səslərdə... Kor Əhsən muğam çalırdı, qədim bir muğam...

Havanın birdən tutulub, birdən də açılması, udun naləsi Əcəminin fikrini yenə ötən günlərə qaytardı. Neçə-neçə illər gəlib ötsə də, hər şey olduğu kimi gəlib onun gözləri önündən keçdi, elə bil əhvalat dünən-srağagün baş vermişdi.

Yaxşı deyiblər: xatirə heç vaxt qocalmır, həmişə təzə-tər qalır...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Allah, Peyğəmbər, Xəlifə

Məhəmməd öləndən sonra onun varisləri xeyli fikirləşməli, götür-qoy etməli oldular. Əhmədi-mürsəlin, Qasimi rəhmətin¹ adını yazmaq, irsini qorumaq, buyurduğu qayda-qanunları hifz edib saxlamaq lazım idi. Doğrudur, daha meraca² gedib-gələn yox idi, amma rəsullahın³ xətəmun-nəbiyin⁴ yer üzərində kölgəsi daim gəzir, ruhu gecə-gündüz dolanır, nəfəsi bir addımda duyulur, Qüreyşi övladları vaxtlı-vaxtında boy atıb böyüyürdülər...Götür-qoy çox çəkmədi, baş sındırmaq da bir o qədər lazım olmadı: varisləri özlərini “xəlifə” elan etdilər, dövlətlərinə isə “xilafət” adı qoydular. Əllərinə Allahın müqəddəs kitabını – Quranı alıb başlarının üstünə İslamın yaşıl ələmini tutub atlarını dördnala obadan-obaya,

15 min
Şəhdigül

...Pəncşənbə günü idi. Əcəmi tezdən durub iş yoldaşlarının təzədən düzəltdikləri evinə, həyətinə nəzər yetirdi. Sərdabədə işi dayandırıb gecə-gündüz bilmədən tikib-quran, təmir aparan həmkarlarının ünvanına ürəyində də olsa dönə-dönə xoş sözlər dedi. Hamıdan çox əziyyət çəkən Cəmilin ata-anasına rəhmət oxudu, bütün qab-qacağın yuyub təmizləyən, pal-paltarını təzələyən Zəhraya xoşbəxtlik arzuladı. Və yenə də sevindi ki, yaxşı olub darvazaya xətər toxunmayıb... Yanğın tez söndürülməsəydi, alov yəqin ki, onu da qarsacaqdı, üstündəki naxışları korlayacaqdı. Hamı da fikirləşəcəkdi, hökmdarın ayağı düşmədi... Şəmsəddin oğlu nəzərlədi Əbubəkr oğlunu...Əcəmi bunları fikirləşə-fikriləşə həyətində bir az qurdalandı, sonra bazara getdi. Məqsədi qonşu uşağı Rəşidin şikəst nənəsi Xədicə qarıya qovun, üzüm alıb gətirmək idi. Alıb evə qayıtdı. Rəşidi səsləyib aldıqlarını ona verdi, sonra tut ağacının altındakı yanı qarsalmış kötüyün üstündə oturub dincini almaq istədi. Anası Badisəba yadına düşdü.

7 min
Bu xatirə yenə Əcəmi dilindəndir

“...Yetim böyümüşəm, rəhmətlik İbrahim, ha budu, mənə həm ata olub, həm də qardaş. Özümün isə bəxtimi allahtala əzəli gündən qara yazıb... Bir gün gəldi ki, xalam oğluna nişanladılar məni. Əslində mən getmək istəmirdim, qardaşım tək-tənha qalırdı, o halında... Amma sözündən çıxa bilmədim. Xalam oğlu da, ha budu, dinc bala deyildi. “Vur ölüm, haqqımı ver”in biriydi. Gedib qoşuldu qaçaq-quçağa. Toyumuz olmamış vurub öldürdülər... Yazıq hələ əlimdən də tutmamışdı, üz-üzə durub bir kəlmə belə kəsməmişdik... Bizim kənddə də, ha budu, adət var: hansı qızın toyu olmamış nişanlısını başına bir qəzavü-qədər gəldi, o qızın adını daha heç bir oğlan dilinə gətirməz. Gətirsə də, ata-anası razı olmaz... Deyər qarabəxtdi... O ki, qaldı Şahab meydanında gördüyün övrətə, rəhmətlik anamın siğə bacısıdı. Gözümü açandan Xəzangül arvadı özümə doğma xala bilmişəm. Körpə də, ha budu, onun nəvəsiydi... “Qızlar bulağı”na su gətirməyə məni İbrahim göndərmişdi... İndi bəxtimdən ha budu, yüz kərə, min kərə razıyam. Görüm Cəmil qardaş da, Zəhra bacı da “neynim, necə eləyim” deməsinlər. Məni sənə ürcah elədiklərinə görə işləri həmişə avand olsun...”Şəhdigülün nisgilli taleyindən, cavan yaşında başına gələn müsibətlərdən hali olandan sonra bu sadə, ürəyi açıq qıza məhəbbətim birə-on qat artmışdı. Artmışdı deyəndə ki, bu məhəbbəti aramızda, əslində, rəhmətlik bənnanın bacısı özü yaratmışdı. Onun qayğısı, mehribanlığı, uşaq kimi sadəliyi, qəlbinin güzgü kimi təmizliyi, üstəlik, gözəl səliqə-sahmanı məni ona elə bağlamışdı ki, görən deyərdi biz neçə illərin ər-arvadıyıq. Dəryanurdan sonra qəlbimdə yaranan boşluğu özüm də hiss etmədən pünhan-pünhan, qətrə-qətrə doldururdu Şəhdigül.

18 min
Əli Şimşək

Əcəmi Şəhdigülü qaynanasının siğə bacısı Xəzangül arvadın yanında qoyub rəisin tapşırığını yerinə yetirmək üçün atını dağlara sarı sürdü, özü də elə yerlərdən sürdü ki, tez-tez bulağa rast gəlsin. Əcəmi hələ cavanlıq çağlarından bilirdi ki, Əlincə silsiləsinə gedən cığırların, yolların kənarlarında suyu diş donduran neçə-neçə bulaqlar çağlayır... Onun isə uşaq vaxtından bulaqlardan xoşu gələrdi, buludların göz yaşından, gül-çiçəyin, şəbnəmindən yaranıb gah bu daşın altından qaynayan, gah o qayanın dibindən pıqqıldayan bulaqlardan... Dizini yerə qoyub bulaqların göz yaşı kimi duru suyundan içəndə, pıçıltısına qulaq asanda ürəyinə xoş arzular dolardı.İndi də bulaqlara baş çəkə-çəkə, dupduru sularından içə-içə gəlib çıxdı Əlincənin ətəklərinə. Sal qayanın altından çıxan Xanəgah bulağının başında atını əylədi, səndəl ağacını qurşağına keçirib süfrə açdı. Şəhdigülün dəsmala bükdüyü pendir və çörəyi iştahla yedi. Amma bulaqdan ayrılmaq istəmirdi. Sal daşın üstündə əyləşdi. Nəzərləri uzaqlara zilləndi. Uzaqda dumana bürünmüş Əlincə qalası görünürdü.

17 min

Poems by other poets