Bizim təzə evə köçməyimiz və dəftərxana kağızlarının göyə sovrulması
Page 1 of 2
Nəhayət, atamın tikdirdiyi binanın bir tərəfi hazır olandan sonra biz kirayədə olduğumuz evdən ora köçdük. Hamımız bayram içindəydik. Mən də, bacım da, anam-atam da təzə paltar geyinmişdik. Anam brilyant qaşlı qızıl bilərziklərini, aypara şəklində olan qızıl silsiləsini taxıb ortasında göz kimi iri yaqut olan enli, qızıl kəmərini bağlamışdı, ayaqlarında dikdaban lak tufli var idi və bütün bunlar mənim, onsuz da gözəl anama fövqəladə bir yaraşıq verirdi. Onun gözəl, duru gözlərində bir sevinc duyulurdu və bu, məni xoşbəxt edirdi. Mən həmişə anamı şən görəndə özümü xoşbəxt hiss edirdim. Həmişə çox ciddi, işgüzar bir adam olan atam da bu gün deyib-gülürdü. Təzə evimizin, bağçamızın barəsində anamın tərifinə məmnuniyyətlə qulaq asırdı. Atamın bu cür şadlığı, tez-tez gülüb zarafat eləməyi məni sevindirirdi.
Bir də gördük ki, adamlar səs-küylə dəftərxanaya sarı yüyürürdülər.
Atam, anam, ustalar söhbətlərini kəsib təəccüblə ora baxdılar. Sonra gördük ki, adamlar dəftərxanaya doluşdular. Sonra daha qəribə bir hadisə oldu: adamlar dəftərxananın kağız-kuğuzunu pəncərədən, qapılardan bayıra tullayırdılar, kağızlar da havada uçuşaraq ətrafa səpələnirdi. Sonra çinovniklər bayıra çıxaraq poqonlarını qoparıb atırdılar.
– Bu nə əhvalatdır? – deyə anam təəccüblə soruşdu.
Atam ona cavab verməyərək, pilləkəni tez-tez düşüb dəftərxanaya tərəf yüyürdü. Sonra gördük bir kişi içəridən gətirdiyi kətilin üstünə çıxıb əllərini ölçə-ölçə nə isə danışmağa başladı. Sonra bütün izdiham birdən-birə hərəkətə gəlib qışqırdı:
– Urra!!!
Pəncərələrdən hey atılan kağızlar havada ağarışırdı.
Nəhayət, atam da, ustalar da qayıdıb gəldilər. Atam həyəcanla anama dedi:
– Nikolayı taxtdan salıblar!
– Heylə şey olmaz, – deyə anam təəccüblə səsləndi.
Binamızın o başında işləyən erməni usta Qara dedi:
– Niyə olmur?! İnqilabçılar çoxdan əlləşirdilər ki, ikibaşlı qartalın boğazını üzsünlər.
Mən ustanın sözünü düzünə başa düşərək: «Qartalın da iki başı olarmı?» deyə təəccüblə düşündüm. Lakin mən bu barədə heç nə soruşmağa cəsarət eləmədim, çünki atam dəfələrlə mənə acıqlanmışdı ki, böyüklərin söhbətinə qarışmayım, bu tapşırıq da mənimlə böyüklər arasında getdikcə bir səddə çevrilirdi, saysız-hesabsız suallarım ürəyimdə qalırdı.
Atam papiros bükub yandıraraq dedi:
– Yəqin kişi də bu gün-sabah gələr.
Atam Bayram babama həmişə «kişi» deyirdi.
Nikolay taxtdan yıxılanda Bayram babam qonşu qəza rəisinin müavini idi.
Anam qayğı ilə dedi:
– Yəqin ki, yollar qarışıqlıq olacaq.
Atam dedi:
– Kişiyə nə qarışıqlıq, onu aləm tanıyır.
Anam dedi:
– Az düşməni yoxdur ki?..
Atam dedi:
– Heç nə olmaz.
Mən Bayram babamın gələcəyini eşidib sevinclə soruşdum:
– Nə vaxt gələcək babam?
Atam mənə sərt bir nəzər salıb acıqlı-acıqlı dedi:
– Sənə yüz dəfə tapşırmışam ki, böyüklər söhbət eləyəndə dayanıb gözünü onların ağzına dikmə! Uşaqsan, get oyna.
Həmişə atam mənə acıqlananda anam məni müdafiə edirdi, indi də mənim pərt olduğumu görüb atama dedi:
– Uşaq söz soruşur də... Pis şey eləmir ki?..
Mən ağlayacağımı hiss edərək iri daş pilləkəni düşüb bağdakı tut ağacına söykəndim. Burada məni heç kəs görmürdü, mən də heç kəsi görmürdüm. Mən ağaca söykənib ağladım. Hər dəfə atamın danlağına qarşı anamın məni müdafiə eləməsi ürəyimi kövrəldirdi. Sonra mən gözümün yaşını pencəyimin qolu ilə silib bayaq dəftərxananın qabağındakı hadisəni xatırladım. Sonra ikibaşlı qartalın necə olduğunu təsəvvürümə gətirməyə çalışdım və bunun padşaha nə dəxli olduğunu təəccüblə düşündüm. Sonra onu da düşündüm ki, axı padşahı taxtdan kimlər və necə yıxırlar? Mən elə bilirdim ki, padşah anamın danışdığı «Min bir gecə» nağıllarındakı kimi, tilsimli bir qalada qızıl taxt üstündə əyləşmişdir. Onun o tərəf-bu tərəfində isə bir əlində qalxan, digər əlində uzun nizə tutmuş pəhləvanlar dayanmışdılar və bu pəhləvanlar da Rüstəm Zal kimi güclüdürlər. Ona da təəccüb edirdim ki, adamlar mənim həmişə həsədlə tamaşa elədiyim qızıl zərli poqonları niyə qoparıb atırdılar? Nə üçün sevinirdilər? Elə bu zaman altında dayandığım tut ağacına bir sağsağan qonaraq mənə baxıb sevinclə səsləndi. Həmişə sağsağan gəlib Bayram babamgilin bağında elə səslənəndə Fatma nənəm şadlanıb deyirdi:
– Xeyir xəbər sağsağan, oğlunun oğlu olub, qızının da oğlu olacaq.
Tut ağacına qonmuş sağsağan mənə baxıb susur, sonra yenə sevinclə səslənirdi. «Yəqin ki, sağsağan babamın gələcəyini mənə xəbər verir!» – deyə mən şadyanalıqla düşündüm.
... Dəftərxananın kağızları cırılıb göyə sovrulandan sonra bizim balaca şəhərin küçələrində silahlı, patrondaşlı adamlar peyda oldular. Mən evimizin küçə qapısında oturub saatlarca onlara tamaşa edirdim. Onlar iri, hündür atlarını ora-bura çapır, bərkdən danışıb-gülüşürdülər. Sonra evimizdə iki tüfəng və çoxlu patron gördüm. Gecələr isə bizim böyük qonaq otağımız qonaqla dolu olurdu. Bu zamanlar evimiz tamam tikilib qurtarmışdı. Böyük zalı qiymətli xalı-gəbə ilə döşəyərək qonaq otağı eləmişdilər. On dörd-on beş yaşlı nökərimiz Qüdrət balaca armudu stəkanlarda qonaqlara çay, çini boşqablarda cürbəcür xuşgəbər aparırdı. Anam da qonaq otağına bitişik otaqda oturub onların söhbətinə qulaq asır, bizi, yəni bacım Mahtabla məni səs eləməyə qoymurdu. Mən böyük zalda hey «hürriyyət, Rusiya, məşrutə» sözlərini eşidirdim, axır səbir eləməyib anamdan soruşdum ki, onlar nə barədə danışırlar?
– Sən bilən şeylər deyil, – deyə anam qısa cavab verdi. Nökərimiz Qüdrətdən iki-üç yaş böyük olan qulluqçumuz Zinyət pıçıltı ilə məni başa saldı ki, «onlar padşahın yıxılmağından danışırlar».
Bütün bu işlər isə mənim zehnimdə tamam bir qarmaqarışıqlıq əmələ gətirmişdi. Mən gecələr yerimə girəndən sonra gündüz görüb eşitdiyim bu həyəcanlı hadisələri dərk etməyə çalışırdım, lakin hər şey məndən uzaq və anlaşılmaz idi, ata-anamın bu əhvalatlar barədə mənə heç nə deməmələri, məni saymamaları ürəyimi ağır hisslərlə sıxırdı, bütün xarici mühiti, hətta ata-anamı belə, özümə qarşı biganə hiss edirdim.
Sonra evimizdəki söhbətlərdən bilirdim ki, yollarda, kəndlərdə soyğunlar başlayıb, gecə evlərə hücumlar olur, hökumət olmadığı üçün hər kəs bildiyini eləyir.
... Bir gün də atam şəhərdən gəlib, həyəcanla anama xəbər verdi ki, Nikolayın İran sərhədində olan qoşunları gəlib gedir Yevlağa ki, oradan da qatarlarla daşınıb getsinlər Rusiyaya.
– Nə üçün? – deyə anam soruşdu.
Atam papiros bükə-bükə dedi:
– Bizimkilər dinc oturmurlar, yolları kəsiblər ki, İran sərhədindən qayıdan çar qoşununu qırsınlar, yəqin işdir ki, bu, asan məsələ deyil, qoşunun topu var, pulemyotu var, onunla bacarmaq olar?!
Atam papirosunu yandırıb əlavə etdi:
– Çarın qisasını qoşundan almaq istəyirlər.
Anam dedi:
– Qoşun özbaşına deyildi ki?.. Yazıq soldatların nə günahı var?
– Onu kimə başa salmaq olar?.. Özü də qoşun gəlib burdan keçəcək! – Atam əli ilə bizim evin yaxınlığından keçib Yevlax stansiyasına gedən şose yola işarə elədi.
– Əgər qoşunla atışmağa başlasalar, onlar da şəhəri topa tutacaqlar, ona görə də siz burda qala bilməzsiniz.
– Burada qalmayıb hara gedəcəyik? – deyə anam soruşdu.
– Biz üç-dörd adam qərara almışıq ki, qoşun gəlib-keçənə qədər arvad-uşaq yığılsın Məşədi Qurbanın evinə. Ora daldadır. Yevlax yolundan atılan güllələr oranı tutmaz.
Anam papiros yandırıb dinmədi. Mən hiss elədim ki, anam bu məsələdən narazıdır, görünür, Məşədi Qurbanın evinə sığınmaq onun xoşuna gəlmirdi.
Məşədi Qurban ucaboy, enlikürək, qartalburun bir kişi idi. Özü qəssab olsa da, şəhərdə sayılan adam idi. Qoyun sürüləri, çobanları var idi. Bizlərdə o adama sayılan deyərdilər ki, atıb-vuran olsun, heç kəs onun bir sözünü iki eləyə bilməsin, əlsiz-ayaqsızları müdafiə eləsin.
Məşədi Qurbanın beş-altı otaqdan ibarət birmərtəbəli evinə bizdən başqa qohum-qonşudan da üç-dörd ailə yığılmışdı. Ev qalın bağın içindəydi. Ev sahibi qoyun kəsir, arvadlar da qapıda qalanmış ocaqların üstündə iri mis qazanlarda xörək bişirirdilər. Hamı həyəcan içində idi, kişilər topa dayanıb söhbət edirdilər. Məşədi Qurban hamıdan sakit görünürdü, qısa çubuqlu qəlyanını tüstülədə-tüstülədə adamların söhbətinə qulaq asırdı. O öz sakitliyi ilə mənə əzəmətli görünürdü. Bağın qalınlığında zəncirə bağlanmış atlını atdan salan iri itlər, adamların həyəcanlı üzləri və Məşədi Qurbanın təmkini mənim xəyalımı çəkib Möhnət qocanın söylədiyi nağıllara aparırdı. Mən atamın arxa tərəfində hərlənərək kişilərin söhbətinə qulaq asırdım və atam hərarətlə deyirdi:
– Canım, bizimkilər ağılsız hərəkət eləyirlər, axı. Niyə qoymurlar qoşun çıxıb getsin yerinə-yurduna?! Niyə xalqı qırğına verirlər?!
– Düzdür, canım, – deyə baqqal Daşdəmir əmi həyəcanla səsləndi, – tutaq ki, üç-dörd yüz soldat qırdılar, nə olacaq?
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-bizim-teze-eve-kocmeyimiz-ve-defterxana-kagizlarinin
Use ← → keys to move, R for a random poem
More by this author
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Poems by other poets
Nə anladıq bu gəlmaqdan,Bu altı aylıq qonaqdan?
Ver müjdəmi, ey dil ki, nigarın gələcəkdirVer müjdəmi, ey dil ki, nigarın gələcəkdir,Qönçədəhanü laləüzarın gələcəkdir,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat