Güclə yadıma divarları firuzə rəngində kürsülü bir ev gəlir. Biz bu evin iki balaca otağında olurduq. Evin geniş artırması, firuzə rəngli məhəccəri var idi. Məhəccərin üstünə içində qırmızı, sarı qərənfil bitmiş güldanlar qoyulmuşdu və bu qərənfillər mənim yadıma gələn ilk gördüyüm çiçəklər idi, bunlar təbiətin gözəlliyi ilə mənim ilk təmasım idi; bəlkə buna görə idi ki, sonralar da mənim ən çox sevdiyim çiçək qərənfil idi.

Bizim Maral adlı on altı-on yeddi yaşlı bir qulluqçumuz vardı. Göyçək, şən bir qız idi, mən də, demək olar ki, anamdan çox mehrimi ona salmışdım. Bir gün başında tüklü, basma papaq, əynində köhnə yamaqlı çuxa, ayaqlarında çarıq bir kişi gəlib Maralı apardı. Mən gözlədim, Maral gəlmədi, gözlədim, gəlmədi. Sonra: «Maralı istəyirəm!» – deyə ağlamağa başladım. Atamla anam məni ovutmağa çalışaraq dedilər:

– Dilənçi gəlib Maralı apardı.

Beləliklə, mən yeni qədəm basdığım bu dünyada ilk dəfə olaraq ayrılıq acısını duydum və bu, mənim ürəyimi uzun zaman kövrəldən ilk kədərim oldu.

Mən bir az böyüyəndə bildim ki, bu «dilənçi» Maralın atası imiş və atamgilin onu «dilənçi» adlandırmaları ürəyimdə mənə toxundu.

... Anam, ya əl maşınında tikiş tikər, ya xörək hazırlayar, mən də yerə döşənmiş xalının üstündə oturub, özüm-özümlə oynayardım. Anam iş görəndə astadan zümzümə edərdi. Bekar vaxtlarında isə içində atlı-qılınclı pəhləvan şəkilləri olan kitablar oxuyardı. Ya da qonşu otaqda yaşayan Bəyim xala ilə söhbət edərdi. Bəyim xala saçları kömür kimi qapqara, arıq, ortaboylu, nəzakətli, zərif bir qadın idi. Evdə də həmişə bütün qızıl zinətlərini taxıb, elə geyinərdi ki, elə bil, toya gedəcəkdi.

Bəyim xala da, əri Daşdəmir əmi də cavanlıqda Xan qızı Natəvanın sarayında xidmət edərmişlər, orada aşiq-məşuq olub, qoşulub qaçıblar. Ona görə qoşulub qaçıblar ki, Xan qızı Bəyimi çox istəyirmiş, fikri də bu imiş ki, onu versin bəy oğlanlarından birinə. Amma Bəyim də vurulub Daşdəmirə. Daşdəmir əmi kök, qırmızı bir kişi idi, özünün də baqqal dükanı var idi. Bəyimlə evlənəndən sonra Şuşada Bayram babamın köməyi ilə Daşdəmir əmi əvvəl uryadnik olub, uzunboğaz çəkmə geyib, furajka qoyub, qılınc asıb, paqon taxıb. Bir az maya düzəldəndən sonra keçib ticarətə.

Onların məndən iki-üç yaş böyük bir oğlu vardı. Özü də ağıldan kəm idi. Onunla oynamaq üçün mən tez-tez onlara qaçırdım. Ancaq oğlan mənimlə oynamayıb, qıyıq gözləri ilə eyzən boşluğa baxaraq öz-özünə anlaşılmaz sözlər danışırdı. Məndən iki yaş kiçik olan bacım Mahtab ondan qorxurdu. Bəyim xala oğlu ilə elə danışırdı ki, elə bil, oğlan ağıllı-başlı adam idi. O, nadinclik eləyəndə Bəyim xala sakit, mehriban səslə deyirdi:

– Fazil, ağıllı ol.

Fazili həmişə təmiz, qəşəng geyindirərdilər. Daşdəmir əmi hər gün onun üçün konfet, şəkərçörəyi alıb gətirərdi. Mən dayanıb Fazilin öz-özü ilə oynamağına tamaşa edərdim. O da mənə baxmadan:

– Ay qutu... qutu, – deyə-deyə əlindəki balaca ətir qabını hey o tərəf-bu tərəfə çevirərdi.

Fazil xəstələnəndə Bəyim xala ilə Daşdəmir əmi əldən-ayaqdan gedərdilər. Gecə səhərə qədər uşağın çarpayısının böyründə oturub keşiyini çəkərdilər. Onların, yəni Daşdəmir əmi ilə Bəyim xalanın Fazili bu qədər əzizləmələri, onunla ağıllı uşaq kimi rəftar etmələri mənim ürəyimi kövrəldirdi, mənim Fazilə daha çox yazığım gəlirdi.

Bu, mənim həyatda insan faciəsi ilə ilk tanışlığım idi.

Atam şəhərin kənarında, səfalı bir yerdə özümüz üçün ikimərtəbə, böyük ev tikdirirdi. Anam da tez-tez üstündə qırmızı güllər olan qanovuz çarşabını örtərək bizi də götürüb təzə evimizə baxmağa gedərdi. Atam bizim gəlişimizlə fərəhlənib evin ayrı-ayrı otaqlarını, mətbəxin necə olacağını anama izah edərdi. Anam da çarşabını açıb, artıq hörgü işi qurtarmaqda olan otaqları, böyük sahəli bağımızda atamın əkdirdiyi meyvə ağaclarını, gülləri həvəslə nəzərdən keçirərdi, artırmanın geniş, pəncərələrin iri olmağını istəyirdi. Mən də balaca bacımla bağda ora-bura qaçıb, quşların bizdən hürküb pırıltı ilə uçmağından, sağsağanın sevinclə səslənməsindən ləzzət alırdım.

Kirayədə olduğumuz evin dar, yarıqaranlıq həyətindən sonra, elə bil ki, zanbaq kimi gömgöy səmanın altındakı bu geniş, cavan bağımızda azadlığa çıxırdıq. Təzə-təzə boy atan alma, armud, gilənar ağacları, yenicə qalxan təzə yoncalıq bizə hədsiz sevinc gətirirdi. Biz nəşə ilə qışqıraraq alabəzək kəpənəklərin ardınca yüyürürdük.

Mən ilk dəfə olaraq təbiətin gözəlliyini, quşların, kəpənəklərin, yeni-yeni yarpaqlayan cavan ağacların, təzə qalxan yoncaların sevincini hiss edirdim. Amma öz təzə bağçamızdan ayrılıb kirayə tutduğumuz evə gələndə ürəyimə məyusluq çökürdü. Hər şey mənə bu balaca, yarıqaranlıq həyət kimi tutqun görünürdü. Bəyim xalanın döşəkcəsinin üstündə əyləşib sükut içində nə isə tikməsi, Fazilin gözlərini boşluğa zilləyərək, «ay qutu, qutu» deyə-deyə əlindəki balaca qutunu oynatmaqdan usanmaması məni kədərləndirirdi, mən heç bir səbəb olmadan ağlamaq istəyirdim. Atamın da öz mədaxilini, məxaricini ciddi ifadə ilə hesablayıb yaşıl karandaşla balaca dəftərçədə səliqə ilə qeydlər eləməsi məni darıxdırırdı. Mən bir guşəyə çəkilərək təzə bağçamız haqqında, zanbaq kimi mavi göy haqqında, nəşə ilə uçuşan quşlar haqqında, bizimlə oynaşan kəpənəklər haqqında xəyallara dalırdım.

Bunlar müəyyən bir əhvalat ətrafında birləşməyərək, müxtəlif boyalarla, müxtəlif sözsüz kadrlarla gözümün qabağından gəlib-keçirdi. Həyatımda birinci dəfə olaraq mən quşların, kəpənəklərin azadlığını və bu azadlığın nəşəsini hiss edirdim. Birinci dəfə olaraq bu azadlığa həsəd aparırdım. Birinci dəfə olaraq mənim qəlbimdə ata-anama məlum olmayan qapalı bir dünya yaranmağa başlayırdı. Birinci dəfə olaraq mən tez-tez təklənərək, real həyatdan uzaqlaşıb bu xəyal aləminə qapanırdım və bu xəyal aləmi mənə real həyatdan daha şirin, daha gözəl görünürdü. Mənimlə çox az gülüb-danışan və anamla daima öz işləri haqqında söhbət eləyən atamın ciddiliyinə qarşı məndə bir soyuqluq əmələ gəlirdi. Onun geniş alnı mənə həddindən artıq sərt görünürdü. Və mən tez-tez Maralı xatırlayırdım. Onun məni sevməsi, gülüşü, zarafatları, Qaçaq Nəbi haqqında oxuduğu mahnıları artıq geriyəqayıtmaz, xoşbəxt günlərim kimi acı xatirələrə çevrilirdi. İndi içində yaşadığımız otaq mənə həddindən artıq darısqal və boğucu görünürdü. Mən tez-tez gecələr qorxulu röyalar görüb yuxuda ağlayırdım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mənim cənnətim

Mən bu azca ömrümdə birinci dəfə olaraq insanların rəftarında, bu dünyaya gəlmələrində anlaşılmaz bir uyğunsuzluq və bu uyğunsuzluğu daim müşayiət eləyən acı, biganə bir kədər hiss edirdim. Və başa düşmürdüm ki, nə üçün adamların gülüşü, sevinci mənə süni görünür? Mənə sirayət eləmir?Mən bu aləmə qaynayıb-qarışa bilmirdim. İman kişi gündüz qonşulara kəhrizdən su daşıyıb, gecələr öz aləmi ilə məşğul olduğu kimi, mən də gündüz məktəbə gedir, dərslərimi öyrənir, anamla atamın söhbətlərinə qulaq asıb, gecələr öz otağımda tək qaldıqda öz aləmimlə məşğul olurdum. Bu aləm isə qəribə idi. Fatma nənəm mənə nağıl eləmişdi ki, Firon qərara gəlib ki, gərək yer üzündə də Allahın behişti kimi bir behişt düzəltsin. Firon həmin behiştin torpağını mirvari, ləl-cəvahirat elətdirir, meyvə ağaclarının yarpaqlarını qızıl elətdirir, ab-kövsər kimi şirin bulaq düzəltdirir. Bir sözlə, əsil cənnət yaradıb, dünyanın gözəl qızlarından da gətirdib, huri elətdirir. Və bu cənnət Allahın o qədər xoşuna gəlir ki, əmr edib onu göyə çəkdirir.

3 min
Səriyyə və dünyanın ən gözəl duyğuları

Vəziyyətimiz çətin keçirdi. Ancaq xüsusi ticarətə hökumət icazə verdikdə atam anamın üstündəki qızıl şeylərdən satıb əlində maya eləyərək yenə də xırda dəmir-dümür alverinə başladı. (Mən sonradan bildim ki, bu ticarətə-filana da icazə verilməsi yeni iqtisadi siyasətin nəticəsində imiş...)Vəziyyətimiz bir ara babatlaşdı. Mən dördüncü sinfə keçdiyim ilin yayı bərk isti olduğundan atam bizi Şuşa qalasına apardı. Fatma nənəm isə evimizdə qaldı. Biz anamın xalası Bəyaz xanımgilə düşdük.

11 min
Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 min
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 min

Poems by other poets