Həyəcanlı xəbərlər, köçhaköç və sandıq əhvalatı
Page 2 of 3 · 33%
– Sən zəhmət çəkmə, uşaqlar apararlar.
Ancaq atam razı olmayaraq, qaçarağı ilə məşhur boz atımızı yəhərləyib minərək, məni də qucağına alıb özü apardı. Qolumun boynumdan asılı olmasına baxmayaraq, at silkələdikcə bərk ağrıyırdı, ona görə də atam məcbur olurdu, bir əli ilə cilovdan yapışsın, digər əli ilə sınmış qolumun altından tutsun. Yəqin ki, qaçaq-quldura rast gəlməmək üçün atam əsas yolla deyil, dərə-təpədən keçərək çölləmə gedirdi.
– Qolun ağrımır ki? – deyə atam tez-tez soruşurdu.
Mən kiçik həyatımda birinci dəfə olaraq atamın səsində özümə qarşı təsirli mehribanlıq və qayğı hiss edirdim və bu, mənim ürəyimi kövrəldirdi.
Biz Xələfli kəndinə girib Məşədi Mahmudun həyətinə daxil olduq. Altmış beş-yetmiş yaşlı bir adam olan Məşədi Mahmud artırmada böyük taxtın üstündə əyləşərək mitəkkəyə söykənib təsbeh çevirirdi, bizi görərkən dikəlib:
– Ay uşaq, qonağın atını tut! – deyə səsləndi.
Atam əvvəl məni usdufca yerə qoydu, sonra da özü aşırılıb düşdü. Cavan bir oğlan uşağı yüyürüb bizim atı tövləyə çəkdi. Əynində atlas arxalıq, başında gümüşü papaq olan Məşədi Mahmud taxtdan düşərək qabağımıza yeriyib, köhnə tanış kimi atamla görüşdü və bizi də taxtın üstündə əyləşməyə dəvət elədi. Atamla ordan-burdan söhbət elədilər. Bolşeviklərin gəlişindən danışdılar. Məşədi Mahmud sakit və qayğılı səsilə:
– Gəlsinlər, görək nə deyirlər?
Həmin cavan oğlan bizə çay gətirdi. Sonra Məşədi Mahmud zarafatyana mənə dedi:
– Qoçaq oğlan, göstər görüm qolunu.
Atam mənim qolumu açdı. Məşədi qolumu əli ilə yoxlayanda mən şiddətli ağrı hiss eləsəm də, səsimi çıxarmadım. Dişlərimi bir-birinə bərk sıxıb dözdüm. Məşədi nələrdənsə tapitmə qayırıb qolumu sarıyandan sonra gülümsəyib dedi:
– Bu, doğrudan da, dözümlü oğlanmış...
Sonralar... çox sonralar mən həyatımın kəskin əzablarına dözəndə həmişə sınıqçı Məşədi Mahmudun o sözlərini xatırlayırdım. Görünür, tale mənim gələcəkdə nələr çəkəcəyimi bildiyi üçün mənim lap kiçiklikdən hər cür ağrı-acıya alışmağıma kömək edirmiş. Əlbəttə, birinci növbədə, mənəvi ağrılara...
Biz sınıqçı Məşədi Mahmudun həyətindən çıxanda axşam sərini qalxmışdı. Biz yenə də çölləmə gedirdik. Boz at yaxşı yeyib dincəldiyi üçün (bizim yerlərdə qonağın özünə olduğu qədər də atına qulluq edərdilər) dərələri, təpələri yel kimi çıxıb enirdi. Atam soruşdu:
– İndi necədi ağrısı?
Hələ bərk ağrısa da, dedim:
– Yaxşıdır.
– Məşədi dedi ki, bir az ağrıyıb kəsəcək.
Atamın mülayim danışığı və onun səsində özümə qarşı hiss elədiyim qayğı məni xoşbəxt edirdi və mən öz-özümə fəxrlə deyirdim: «Bax, mənim də atam məni çox istəyir...»
Atam hey ev-eşiyin, mağazanın başına nə gələcəyi barədə danışırdı. Narahat olurdu. Belə anlarda anam ya papiros çəkib biganə bir ifadə ilə ərinin sözlərini təsdiq edirdi, ya da ona qulaq asa-asa tamam ayrı bir şey barədə fikirləşirdi. Mənə isə anamın belə hərəkəti daha şirin, daha cazibədar təsir bağışlayırdı. Mən öz var-dövləti barədə atamın büruzə verdiyi qayğıda, nə isə, soyuq, tutqun bir şey hiss edirdim. Halbuki mən uşaq olsam da, var-dövlətin nə demək olduğunu bilirdim. Ancaq mənə elə gəlirdi ki, anamın sağlamlığı, şənliyi, qayğısızlığı mənim üçün dünyada hər cür dövlətdən, qızıldan, puldan sevinclidir.
On birinci ordunun hissələrinin şəhərə çatdığını eşitdiyimiz günün səhəri gördük ki, vaxtilə Bayram babamgilin nökəri, indi isə adlı qaçaqlardan biri Bahadur öz dəstəsilə gəldi. Anam Qaçaq Bahadur haqqında çox həvəslə danışardı. Onun necə sədaqətli, üzügülər, gözəl oğlan olduğunu söyləyirdi. Mən isə onu ilk dəfə görürdüm. Ucaboylu, əsmərbənizli və çox yaraşıqlı oğlan idi. Qızılbaşoğlu kimi, Qaçaq Xanmurad kimi birçək saxlamırdı. Qara sıx saçlarını şəhərlilərsayağı vurduraraq geriyə daramışdı. Ayaqlarında təmiz silinmiş uzunboğaz çəkmə vardı. Belinə üç patrondaş bağlayıb, ikisini də çiyinlərindən çalın-çarpaz aşırmışdı.
O, anamla köhnə bir dost kimi görüşüb gülə-gülə onun kefini soruşdu. Atamla, bir növ, rəsmi görüşdü.
Məlum oldu ki, Bayram babam onları göndərib ki, bizi Alxaslı kəndinə aparsınlar. Atam getmək istəmirdi, o istəyirdi biz, heç olmazsa, öz kəndimizə – Güney Güzdəyə gedək. Anam iki ayağını bir başmağa dirəyib qəti razı olmadı. Anamın Güney güzdəklilərdən zəhləsi gedirdi, onları namərd, qəddar hesab edirdi.
Nəhayət, biz atlanıb Alxaslıya gedəsi olduq. Anam mənə işarə ilə dedi:
– Gərək bir adam sarıqlı qolundan ehmal tutsun.
Qaçaq Bahadur dedi:
– Qaqaş bir yaşında olanda həmişə Bahadur dayısının qucağına minərdi, yəqin, indi də minər.
Qaçaqlardan biri məni qaldırıb qoydu Qaçaq Bahadurun qucağına. Qaçaq Bahadur da mənim sarıqlı qolumdan yapışaraq atını mahmızlayıb düşdü qabağa.
Yollar atlı-tüfəngli adamlarla dolu idi. Hər yerdə hökumətsizlik bilinirdi.
... Biz Alxaslı kəndində babamın köhnə dostu, Qazı Mirzəlinin evinə düşmüşdük. Alxaslı da Kürdoba kimi tərəkəmə idi. Əhalinin çox hissəsi hələ mayın on beşindən yaylağa köçmüşdü. Qazının da qoyun-quzusu yaylaqda idi, ancaq, görünür, son hadisələrlə əlaqədar olaraq, özü və arvad-uşağı hələ yaylağa köçməmişdi. Qazının dörd oğlu var idi. Qızı isə bizim şəhərin lap yaxınlığındakı Şahbabalı kəndində Ədil bəy adlı oğlana ərə getmişdi. Ədil bəy də atamın yaxın dostu olub, ticarətlə məşğul idi.
Qazının böyük oğlu Mirzə Sadıq mollalığa hazırlaşırdı. Qısa vurulmuş qara saqqalı və molla papağı vardı. Ayaqlarına qədər uzanan arxalığının üstündən ağ qurşaq bağlamışdı. Kiçik oğlu Sərdar isə məndən üç-dörd yaş böyük olardı. Qazının evi kənddə, daşdan tikilmiş yeganə üstü dəmirli, böyük, ikimərtəbəli bina idi. Evin alt tərəfindən Köndələn çayının bir qolu axırdı. Qazı ağanın üç yüzə qədər inəyi sağılırdı. Bütün Arazboyu kəndləri kimi, Alxaslı da çox isti yer idi. Bütün günü isti çəkirdik. Qazının kiçik oğlu Sərdar məni aparırdı arxın qırağına. Arxın üstünə bir tir qoyulmuşdu. Sərdar məni də qucağına götürüb tirin üstü ilə yüyürə-yüyürə o tərəf-bu tərəfə keçirdi. Bir dəfə məni yerə qoyub dedi:
– İndi özün tirin üstüylə yeri görüm.
Mən özümü nə qədər bərkişdirdimsə də, tirin üstü ilə arxı keçməyə cəsarət etmədim. Sərdar qəhqəhə ilə gülüb:
– Ə, bu şəhər uşaqları nə qorxaq olurlar, – dedi və bir neçə dəfə tirin üstü ilə yüyürə-yüyürə o tərəf-bu tərəfə keçdi.
... Başda babam olmaqla, Arazqırağı kəndlərinin, obalarının, demək olar ki, bütün adlı-sanlı adamlarını gündüzlər «Şıpartı» deyilən çöldə daldalanıb, gecələr qasid vasitəsilə hələlik bolşeviklərin Alxaslı tərəfə üz qoymadıqlarını öyrənib, gəlirdilər Qazı Mirzəlinin evinə. Burada qoyunlar kəsilir, samovarlar qoyulurdu. Onların içində necə olmuşdusa, Nuru paşanın ordusundan ayrılıb qalmış Kazım bəy adlı bir zabit də vardı. Dəstənin sayı getdikcə artırdı. Hər gün qazının evində iki-üç erkək kəsilirdi. Gecələr kəndin aşağı tərəfində, şəhərə gedən yolun üstündə qarovolçu qoyub, həyətdə salınmış xalı-gəbənin üstündə əyləşərək, yeyib-içir və eyzən bolşeviklər barədə həyəcanla danışırdılar.
Qazının böyük oğlu Molla Sadıq isə gündüzlər uzun bir ağacın başına bir parça ağ bağlayaraq bayraq qayırıb, səhərdən axşamacan evin qabağındakı təpənin üstündə əyləşirdi ki, bolşeviklər gələndə lap uzaqdan görsünlər ki, kənd əhli ağ bayraq qaldırıb onları gözləyir. Cavan Molla Sadığın bu hərəkəti anama çox gülməli görünürdü. Anam ona sataşaraq deyirdi:
– Bolşeviklər mollalarla da düşməndirlər, gərək saqqalını qırxdırıb, paltarını da dəyişəsən.
Molla Sadıq da fasıq-fasıq gülümsəyib, heç bir söz demirdi və onun bu təbəssümü ikiüzlü bir hərəkət kimi mənə pis təsir eləyirdi. Ona görə də, mən cavan mollanı sevmirdim, istəyirdim ki, bolşeviklər gəlib onu məhşər ayağına çəksinlər, görək onda da belə fasıq-fasıq güləcəkmi?!
Mən ikiüzlü gülüşü, ikiüzlü hərəkəti, danışığı hiss edirdim, bəzən mənasını başa düşməsəm də, hiss edirdim. Məhz bunun üçündür ki, atam bəylərlə, böyük vəzifə sahibləri ilə hörmətlə danışanda acığım tuturdu. Mən bilirdim ki, atam bəyləri sevmir. Daldada onları «ciblərində siçan oynayan, yekəxana, müftəxor cənablar» adlandıraraq lağa qoyurdu. Mən onu da hiss edirdim ki, anamın bəylərlə hüsn-təvəccöhi atama qətiyyən xoş gəlmir.
Alxaslıya gələndən bir neçə gün sonra Bayram babam gecə bizim yanımıza gələrək atama dedi:
– Məsləhət belədir ki, Güney Güzdəyə gedəsiniz. Ora sizin üçün buradan qorxusuz olar.
Atam soruşdu:
– Nəyə görə?
Babam dedi:
– Ona görə ki, bura Qazı Mirzəlinin evidir. Amma Güney Güzdəkdə sənin qardaşın ayağı çarıqlı kəndli babadır. Bolşeviklər ona toxunmazlar. Siz də paltarlarınızı dəyişib sadə kəndli paltarı geyərsiniz. Aralıq sakit olana qədər orada qalarsınız.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-heyecanli-xeberler-kochakoc-ve-sandiq-ehvalati
Use ← → keys to move, R for a random poem
More by this author
Müasir ruhda və çox zəngin bir qonaq otağı.*Fəridə oturub gündəlik yazır.*
Sevgililərin cəhənnəmdə vüsalı[Mənbənin skanında burada mətn itib.]*Xumar**
Söyüdlü arxMən Güney qışlaqdan çıxandan bəri həyatımın bu kədərli sərgüzəşti haqqında kimsəyə bir söz deməmişəm. Onu yüz dəfə gözümün qabağına gətirmişəm, yüz dəfə xatırlamışam, lakin heç kəsə heç nə söyləməmişəm. İndi o günlər bütün təfsilatı ilə xəyalımdan gəlib-keçir, hər şeyi o qədər aydın görüb hiss edirəm ki, elə bil, bunlar hamısı dünən, srağagün baş vermişdir.Mən teatr institutuna girəndən əvvəl də həmişə aktrisa olmaq xəyalı ilə yaşayırdım. İnstituta girəndən sonra isə bu arzu məni büsbütün öz hökmü altına aldı. Biz hər dəfə dram teatrının tamaşalarına gedib, hamının tanıdığı, sevdiyi məşhur aktrisanın oyununa baxanda, o gecə səhərə qədər özümü onun yerinə qoyaraq, min cür həyəcan keçirər, bəzən xəyalən ifa etdiyim rolun iztirabları ilə göz yaşı tökərdim.
Xurşidbanu Natəvanİştirak edirlərXurşidbanu Natəvan*