İbrahim xanın iqamətgahı. On səkkizinci əsrin hərbi paltarında olan gənc Hüseynqulu xan iti addımlarla daxil olur.

Hüseynqulu xan (qonşu verandaya)

Səltənət bəyim.

Səltənət bəyim (yüyürərək, sevincli halda gəlir)

Ah, ilahi! Kaş mənim bütün arzularım belə çin olaydı. Daşaltıdan qırxpilləkənlə Cıdır düzünə qalxırdıq. Mən kənizlərimə deyirdim: «Qızlar, nə olardı, gedib görəydik Hüseynqulu xan gəlib...» (Hüseynqulu xanın geyiminə diqqət yetirərək). Bu nədir, məgər müharibəyə gedirsən?

Hüseynqulu xan (ötkəm gənclik sevinc və qüruru ilə)

Gedəcəm. General Sisyanov atam Cavad xana ultimatum göndərib ki, qalanı ona təhvil verib, rus padşahına tabe olaq. Biz də müharibə eləyib, ona öz həddini bildirəcəyik.

Səltənət bəyim

Allah sizə kömək olsun, mənim cavan xanım. Yəqin ki, xan atam da, ona tabe olan xanlıqlar da sizə kömək eləyəcək?..

Hüseynqulu xan

Yox. Kömək eləməyəcəklər. Atam onlara müraciət elədi. Amma heç birindən səs çıxmadı. Biz tək vuruşacağıq. Sisyanovun qoşunu Gəncə qalasına gedən yolları tutub. Mən dağlarla, meşələrlə səninlə görüşməyə gəldim. Fikir elədim ki, müharibədi, birdən vurarlar, səni görmərəm.

Səltənət bəyim

Oy, Allah eləməsin. Sənə gələn qada mənə gəlsin. Mənim nişanlım. Mənim igid xanım. Mən sənin hicranına bir dəqiqə də dözmərəm. Bir ucu Təbriz, bir ucu Dərbənd, neçə xanlıq atamın bir sözü ilə nə qədər qoşun çıxara bilər... Doğrudanmı, xan atam bu dar gündə Cavad xana kömək etmək istəmir?

Hüseynqulu xan

İbrahim xan rus padşahına tabe olmaq istəyir. Onun ürəyi rus padşahı ilədir.

Səltənət bəyim

Nə üçün? Axı rus padşahı neçə min verst bizdən uzaqda – buzlar ölkəsindədir. Biz heç rusu nə görmüşük, nə də tanıyırıq. Axı nə üçün onlar şimaldan gəlib bizə ağalıq eləməlidirlər?

Hüseynqulu xan

Biz heç kəsə qul olmayacayıq, Səltənət bəyim. Biz son nəfəsimizə qədər vuruşacayıq. Türk xalqı heç bir zaman heç bir yadelli padşaha qul olmayıb.

Səltənət bəyim

Bəs nə üçün mənim hökmdar atam bizim gözəl vətənimizin rus padşahına tabe olmağını istəyir? Yox. Mən buna inanmaram. O, Ağa Məhəmməd şaha tabe olmaq istəmədiyi halda, indi rus padşahına tabe olmaq istəyir? Ola bilməz.

Hüseynqulu xan

Artıq bu barədə düşünmək gecdir, Səltənət bəyim. Salamat qal. Mən düşmənlə vuruşduqca, sən daima gözümün qabağında olacaqsan.

Səltənət bəyim

Yox. Mən sənin yanında olmaq istəyirəm. Mən də səninlə birlikdə düşmənlə vuruşmaq istəyirəm. Sən məni də özünlə apar. Özün bilirsən ki, nişana atmaqda heç bir igiddən geri qalmıram. Mən də gedirəm.

Hüseynqulu xan (gülümsəyir)

Bu, mümkün deyil.

Səltənət bəyim

Sənin mənə bağışladığın qumral ürgəni minib kənizlərimlə birbaşa Gəncə qalasına çapacam. Qarabağdan Gəncəyə gedən dağ yollarına mən də bələdəm. Xan atam o yerlərdə ov eləyəndə, mən də onun izdihamında olardım. Mənim kənizlərim də çox igid bəy qızlarıdır. Mütləq gələcəyik.

Hüseynqulu xan (gülümsəyir)

Sənin qəhrəman təbiətin məni düşmənlə vuruşa tələsdirir. Hələlik, mənim nişanlım. Xan atalarımız bizi, hələlik, rəsmi nişanlamasalar da...

Səltənət bəyim

Biz özümüzü nişanlamışıq. Qoy böyük yaradan bu günahsız nişanı uğurlu eləsin.

Hüseynqulu xan

Mən bilirəm ki, sən bir sözü dedin, eləyəcəksən. Amma bizim davaya gəlmək istədiyini qoy zarafat hesab eləyək.

Səltənət bəyim

Yox... gələcəm.

Hüseynqulu xan

Sən mənim canım, heylə şey eləmə.

Səltənət bəyim

Oy, canına qurban kəsilim. Mənim igid nişanlım!

Hüseynqulu xan Səltənət bəyimə təzim edərək iti addımlarla gedir.

İşıq sönür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets