Birinci pərdə
Contents
Page 1 of 9
Birinci şəkil
Qafqaz canişininin malikanəsi. Pərdə açılanda geniş otaqda Xurşidbanu ilə Mirzə Ruhullah sükut içində dayanıb zala baxırlar. Knyaz Xasay iti addımlarla gəlib Xurşidbanunun qarşısında dayanır.
Knyaz Xasay
Canişin cənabları indi buyurub sizi dinləyəcəklər, Banu bəyim.
Xurşidbanu
Təşəkkür edirəm, knyaz.
Knyaz Xasay
Qulluğunuzda həmişə hazıram, Banu bəyim.
Xurşidbanu
Bu mənim üçün böyük iltifatdır, knyaz.
Knyaz Xasay
Mən sizin haqqınızda lap əfsanəyə bənzər gözəl söhbətlər eşitmişəm.
Xurşidbanu
Sən mənim haqqımda zəhərli sözlər də eşidə bilərsən, knyaz.
Knyaz Xasay
Ola bilməz! Bütün Azərbaycan sizinlə fəxr etməlidir.
Xurşidbanu
Bu sözləri səndən eşitmək mənim üçün xoşdur, knyaz. Qarabağa qonaq gəlsən, bizi şad etmiş olarsan...
Knyaz Xasay
Böyük məmnuniyyətlə gələrəm, Banu bəyim.
Ortayaşlı, yaraşıqlı bir adam olan canişin otağa daxil olur.
Canişin
Xoş gəlmisiniz, madmazel. Sizi gördüyümə çox şadam. Rica edirəm, əyləşin. (Xurşidbanu ilə canişin əyləşirlər) Sizin nəslinizə dərin hörmətim olduğuna əmin ola bilərsiniz, madmazel. Qaladakı çinovniklərimizdən razısınızmı? Onlar sizə lazımi qədər hörmət edirlərmi?
Xurşidbanu
Onlarla elə yaxın münasibətim olmasa da, güman edirəm ki, mənə hörmət eləməyə bilməzlər, knyaz həzrətləri.
Canişin (Banunun ötkəm cavabına bir qədər təəccüb eləsə də, özünü o yerə qoymur)
Əlbəttə, İbrahim xanın nəvəsinə, general Mehdiqulu xanın qızına hörmət hər kəsin borcudur. Eşitdiyimə görə, siz həm də gözəl şairəsiniz. Sizin haqqınızda kapitan Mirzə Fətəli Axundov mənə danışmışdır. Mən azərbaycanlıların igidliyinə heyranam. Elə bil ki, Allah özü də onların qəhrəmanlığını gözəl Qarabağ atları ilə mükafatlandırıb. Ancaq təəssüf ki, belə cəsur xalqın yarısı sizdən ayrı düşüb.
Xurşidbanu
Bu, bizim faciəmizdir, knyaz həzrətləri. İki böyük dövlətin, qədim bir tarixi olan Azərbaycan xalqını iki yerə parçalayıb, qardaşı qardaşdan ayırmaları ədalətli iş deyildir.
Canişin
Tarixin hadisələri bəzən elə cərəyan edir ki, ağıllı hökmdarlar belə, amansız hərəkətlərə məcbur olurlar. (Söhbəti dəyişir) Sizin Tiflisə təşrif buyurmağınızın səbəbi mənə məlumdur, madmazel. Mən çalışaram atanızdan qalan mülkün bir hissəsi sizə qaytarılsın.
Xurşidbanu
Knyaz həzrətləri, mən bütün mülklərimizin qaytarılmasını tələb edirəm. Mən varisiyəm!
Canişin (zarafatyana)
Siz tək qızsınız, o qədər mülk nəyinizə lazımdır?
Xurşidbanu (həyəcanla)
Mən tək deyiləm, knyaz həzrətləri! Mənim yaşadığım Şuşa şəhərinin əhalisi hələ də şor su içir! Kəndlilərimizin uşaqları məktəbsiz, elmsiz, kitabsız böyüyürlər. Mən onlara heç bir kömək eləyə bilmirəm.
Canişin (qısa pauzadan sonra)
Yaxşı, madmazel, mən sizin xahişinizi olduğu kimi əlahəzrət imperatora çatdıraram. Ümid edirəm ki, imperator həzrətləri İbrahim xanın nəvəsindən öz iltifatını əsirgəməz.
Xurşidbanu
Təşəkkür edirəm, knyaz həzrətləri. (Qalxır)
Canişin (qalxır)
Arzu edirəm knyaginyanın təşkil etdiyi bu gecəki balda siz də vaxtınızı xoş keçirəsiniz. Zənn edirəm Knyaz Xasay sizi bala müşayiət etmək şərəfini qəbul edər.
Knyaz Xasay
Məmnuniyyətlə.
Xurşidbanu
Diqqətinizə qarşı minnətdaram, knyaz həzrətləri. İcazənizlə biz bu gün Şuşa qalasına yola düşməliyik.
Canişin
Nə deyə bilərəm, sizə yaxşı yol. (Əl tutuşur)
Xurşidbanu, Knyaz Xasaya da baş əyərək, Mirzə Ruhullahın müşayiəti ilə çıxır.
Canişin (Xurşidbanunun ardınca baxaraq)
Ağıllı qızdır. (Zarafatyana) Knyaz, siz nə vaxtacan subay gəzəcəksiniz?
Knyaz Xasay (canişinin eyhamını başa düşərək, zarafatyana)
Görünür, tale özü qəsdən məni indiyə qədər dayandırırmış, knyaz həzrətləri.
Canişin (gülümsəyir)
Eləmi?.. Xurşidbanu həqiqətən şahanə xanımdır... (Zarafatyana) Madam ki, tale sizi indiyə qədər subay gəzməyə məcbur eləmişdir, demək, indi öz bəxtinizi sınaya bilərsiniz... Əgər, Xurşidbanu ilə evlənsəydiniz, mən sizi ürəkdən təbrik edərdim... Zənn edirəm ki, bu izdivac əlahəzrət imperatorun özünə də xoş gələrdi. Siz ona sadiq, onun taxt-tacına yaxın müsəlman kübarısınız... İbrahim xanın nəvəsilə sizin izdivacınız Azərbaycan xalqına da psixoloji cəhətdən müsbət təsir edər, imperator hakimiyyətinə qarşı onların hüsn-rəğbətini artırar. (Zarafatyana) Necə deyərlər, siz bizi onlarla qohum edərsiniz.
Knyaz Xasay
Başa düşürəm, əlahəzrət... Lakin mən namuslu adamam. Yalnız siyasətə görə evlənmək...
Canişin
Yox, knyaz, etiraf eləyin ki, bu gözəl xan qızı sizi məftun etmişdir.
Knyaz Xasay (zarafatyana)
Bu hələ işin bir cəhətidir, əlahəzrət...
Canişin
Mən, Xurşidbanunun indi gedərkən sizə saldığı ani baxışından hiss elədim ki, bu məhəbbət qarşılıqlı ola bilər. (Zarafatyana) Axı, mən də belə incə duyğuların köhnə xiridarıyam...
Knyaz Xasay (bir növ şadlıqla)
O məni Şuşa qalasına qonaq dəvət elədi.
Canişin
Gedin, knyaz.
Knyaz Xasay (yarızarafatla)
Doğrusu, əlahəzrət, nə isə, özümdə bir cəsarətsizlik hiss edirəm.
Canişin
Cəsarətsizlik? İnanmaram. Siz ki, kübar salonlarının pələngisiniz! Təkrar edirəm ki, sizin Azərbaycan xanzadəsilə izdivacınız əlahəzrət imperatora da xoş təsir bağışlayar.
Knyaz Xasay
Qarabağ camaatı şiədir. Qorxuram onların böyük ruhaniləri keçmiş Qarabağ hakimi İbrahim xanın varisi olan Xurşidbanunun kənardan gəlmiş bir sünnüyə ərə getməsinə razılıq verməsinlər. Onlar çox mütəsib olurlar.
Canişin
Güman etmirəm Xurşidbanu kimi yüksək təhsil görmüş açıqfikirli bir qız elə xurafatlarla hesablaşsın... Mən sizin səfərinizin uğurlu olacağına əminəm...
Knyaz Xasay (ruhla)
İmperator həzrətlərini məmnun etmək mənim üçün şərəfdir!
İşıq sönür.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-xursidbanu-natevan-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Ən çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi:
İmaşla Güllü necə qaçdılar...Dayım şəhərdən fışdırıq çala-çala kefikök gəldi, hətta mənə baxıb gülümsədi də. Sonra artırmada, stulda oturub:– Güllü, su gətir, – deyə çağırdı.
Bizim yaylağa köçməyimiz, o taylı qaçaqlar... Cavan Əhmədalının bir toğlunu tək yeməyi, Nuru dayımın törətdiyi işlər və onun acıq eləyib arana qayıtmağıYay isti gəldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedək. El çoxdan köçmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razı deyildi, «yollar doludur qaçaqla» deyirdi, anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerdə kişini tanıyırlar, neyləyəcəklər bizə». Ancaq Fatma nənəm öz təşvişi barədə Nuru dayımın yanında bir kəlmə də danışmırdı, nənəm bilirdi ki, əgər danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əgər bir şey olsa, dayım dinc durmayacaq.Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki günə gedib çıxırdı, ancaq biz üçatlı faytonla gedirdik. Atamla Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamınkı isə boz idi. İkisi də cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə geyib, belinə üç patrondaş çəkərək zağlı, gödək beşaçılan, taxta beşaçılan, taxta qoburlu onatılan tapança götürmüşdü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür həşəri – boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünki mən heç bir zaman onu Nuru dayım kimi at çapan, güllə atan görməmişdim.
QaracaMən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.