Page 1 of 4

Yay isti gəldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedək. El çoxdan köçmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razı deyildi, «yollar doludur qaçaqla» deyirdi, anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerdə kişini tanıyırlar, neyləyəcəklər bizə». Ancaq Fatma nənəm öz təşvişi barədə Nuru dayımın yanında bir kəlmə də danışmırdı, nənəm bilirdi ki, əgər danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əgər bir şey olsa, dayım dinc durmayacaq.

Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki günə gedib çıxırdı, ancaq biz üçatlı faytonla gedirdik. Atamla Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamınkı isə boz idi. İkisi də cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə geyib, belinə üç patrondaş çəkərək zağlı, gödək beşaçılan, taxta beşaçılan, taxta qoburlu onatılan tapança götürmüşdü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür həşəri – boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünki mən heç bir zaman onu Nuru dayım kimi at çapan, güllə atan görməmişdim.

Biz gün çıxanda yola düşüb, axşama yaxın Dədələr adlı kəndə çataraq, Bayram babamın köhnə dostlarından olan Hacı Fərhadın evinə düşdük. Hacı Fərhad neçə min qoyunu, at ilxısı olan bir tərəkəmə idi. Özü bütün ailəsilə çoxdan yaylaqda idi. Evdə qapı-bacaya baxan qoca bir kişi ilə onun qoca qarısı qalmışdı. Onlar babamgillə Hacının dostluğundan xəbərdar olduqları üçün bizə olmazın hörmət elədilər, neçə çolpa kəsib çığırtma bişirdilər, neçə dəfə samovar qaynatdılar, gecə birmərtəbəli evin meydan kimi geniş artırmasında hamımız üçün ipək yorğan-döşək açdılar. Səhər çay-çörəkdən sonra düzəldik yola. Obadan bir xeyli aralanmışdıq ki, hansı yolla getmək üstündə atamla dayımın arasında mübahisə düşdü. Dayım deyirdi ki, Gəyən yolu ilə gedək, çünki kəsədi, şose yolla otuz-qırx verst təfavütü var, mənzərəli yerlərdən keçir.

Atam deyirdi: «Yayın bu isti vaxtında Gəyən düzü, yəqin ki, cəhənnəm kimi od tutub yanır, özü də bu qarmaqarışıqlıqda qaçaqsız-quldursuz olmaz».

Dayım istehza ilə güldü:

– Denən qorxuram, vəssalam.

Atam bərk tutuldu:

– Sənin də elə bir igidliyini görməmişik.

Dayımın göy gözləri qəzəblə parladı:

– Sənin kimi tərəzi dibi kəsdirənin tapança bağlamağını görəndə adamın gülməyi tutur.

Sonra o, faytonçu Cümşüdə əmr etdi:

– Gəyənlə get!

Cümşüd Qarabulağın yaxınlığındakı kəndlərdən idi. Çəkinə-çəkinə dayıma dedi:

– Abdulla doğru deyir, Gəyənlə getmək bu saat qorxuludu.

Dayımı cin götürdü:

– Axmaq oğlu, axmaq! – deyə faytonçuya qışqırdı. – Sür, Gəyən yoluna! Siz kəndlilərin qorxaqlığı aləmdə məşhurdu.

Dayımın axırıncı sözlərində atamın da payı var idi. Bizim tərəflərdə köçəri tərəkəmə camaatının oturaq kənd əhli ilə arası olmazdı, tərəkəmələr oturaq kəndliləri qorxaq, aciz-avara hesab edərdilər.

Faytonçu, yəqin ki, dayımın xasiyyətini bilirdi, ona görə də dinməz-söyləməz atların ağzını döndərdi Gəyən düzünə tərəf. O zaman atam da atını şose yolla dördəmə çaparaq, bizdən uzaqlaşdı. Qarabağın cənub tərəfindən ta Araza qədər uzanan Gəyən düzü, atam deyən kimi, od tutub yanırdı. Günəş işığında qızıl kimi parıldayan ilanlar faytonun qabağında o tərəf-bu tərəfə şütüyüb keçirdilər. Daşlıqlarda istidən ağızlarını ayırıb baxan boz kəkliklər görürdük. Dayımın deməyinə görə, gərək biz bu yolla Kürdoba yaylaqlarının yaxınlığındakı şəhərə – Gorusa daha tez çataydıq, ancaq hey gedirdik, heç bir kənd, şəhər əlaməti görünmürdü. Susuzluqdan dilimiz ağzımızda yanırdı. Bacım Mahtab «su!» deyə qışqırırdı. Dayım binoklla hər tərəfi nəzərdən keçirirdisə də, heç nə görmürdü, məlum oldu ki, azmışıq. Dayım tez-tez alnının tərini silərək faytonçunu söyüb danlayırdı ki, nə üçün azıb? O da hirsini udaraq heç bir söz deməyib, istidən, susuzluqdan yorulub taqətdən düşən atları şallaqlayırdı. Bacım Mahtab susuzluqdan tamam bihal olmuşdu. Fatma nənəm hey müştüyünü tüstülədib susurdu. Anam da tez-tez papiros çəkirdi, mən bərk susasam da, səsimi çıxarmırdım. Bu qızmar gün işığında ancaq cırcıramaların aramsız, yeknəsəq səsi eşidilirdi. İndi fayton atları da, dayımın atı da addım-addım gedirdi, birdən dayım diqqətlə üfüqə baxaraq, faytonçuya dedi:

– Bir saxla görək, ə!

Cümşüd atların cilovunu çəkib dayandırdı. Anam da, mən də dayımın gözləri zillənən istiqamətə baxaraq güclə seçdik ki, toz qopara-qopara o yandan bəri bir topa qaraltı gəlir. Dayım toz qopara-qopara irəliləyən qaraltını binoklla bir neçə saniyə nəzərdən keçirib, sakit, quru səslə dedi:

– İran atlılarıdır!

Sonra əlavə etdi:

– Səkkiz nəfərdilər.

Fatma nənəm pıçıldadı:

– Allah, sən saxla!

Dayım tələsik atdan düşərək faytonçuya əmr etdi:

– Düş, fərməşi, çamadanları aç yığ bura.

Fatma nənəm çəkinə-çəkinə dayıma dedi:

– Bala, güllə atarsan, tökülüb bizi qırarlar.

Dayım acıqlı-acıqlı cavab verdi:

– Yoxsa ki, güllə atmasam, bizə rəhm eləyəcək İran qaçaqları? Tez! – deyə faytonçuya qışqırdı.

Cümşüd faytonun arxasından iri fərməşi, iki çamadanı düşürən kimi dayım yenə əmr etdi:

– Faytonu döndər, atları qov geri!

Özü isə, faytondan düşürülən şeyləri səngər kimi düzəldərək arxasına yıxılıb indi artıq açıq seçilən atları basdı gülləyə. Cümşüd isə atları döndərib geriyə çapdı. Dayımın atı bir qədər faytonun böyrünə dördəmə gedib birdən geri döndü. Dayanıb dayıma tərəf baxaraq kişnədi. Biz dayımdan təxminən bir kilometr aralananda anam faytonçuya qışqırdı:

– Saxla!

Deyəsən, faytonçu qəsdən özünü eşitməməzliyə vurub atları qovmağa davam etdikdə, anam cəld hərəkətlə faytonun içində ayağa qalxıb arxadan Cümşüdün pencəyindən dartaraq qəzəblə səsləndi:

– Demirəm saxla? Nurunu qoyub hara qaçırsan?

Cümşüd atların cilovunu çəkib faytonu dayandırdı. Anam da, mən də faytondan düşüb geri baxdıq! Dayım güllələyir, atlılar isə buna əhəmiyyət verməyərək toz qopara-qopara o yandan bəri çapırdılar. Güllə mənzilinə çatanda lap qabaqda gələn at şaha qalxaraq yıxıldı. O biri atlılar da ona çatıb dayandılar. Neylədiklərini aydın seçə bilmirdik. Ancaq görürdük ki, dayıma tərəf üç dəfə yaylım atəşi açdılar. Dayımın ətrafında toz qalxıb, bir an onu görünməz etdi.

Fatma nənəm hey deyirdi:

– Allah, sən saxla! Allah, sən saxla!

Deyəsən, quldurlar dayımı vurulmuş hesab edərək yenə də üzübəri çapdılar, indi onların ağ keçə araqçınlarını da aydınca görürdük. Yenə də dayım pulemyot kimi dalbadal atəş açdı. Onlar yenə də bir an dayanaraq, bir yerə toplaşdılar. Sonra bir-birindən aralanaraq seyrəklənib yenə də dayıma tərəf çapdılar. Elə bu anlarda bir də gördük ki, bizdən təxminən üç yüz metr sağ tərəfdəki təpənin dalından bir dəstə tüfəngli atlı çıxaraq atlarının başını çəkib atışma gedən tərəfə baxdılar. Anam qabaqdakı qırmızı çuxalı boz atlıya diqqətlə baxıb faytonçuya qışqırdı:

– Səslə onları! Bizim tərəfin adamlarıdı!

Faytonçu bir anda dəsmalını şallağın başına keçirib təpənin üstünə qalxan atlılara tərəf yelləyərək qışqırdı:

– Ayə, kömək eləyin, İran qaçaqlarıdı qabağımızı kəsən. Onlarla atışan Kürdobalı Bayram bəyin oğludur!

Təpənin üstündəki atlılar güllə ata-ata iranlılara tərəf çapdılar. Bunu belə görən Nuru dayım da qalxdı, yüyürərək atına minib onların dəstəsinə qoşuldu, iranlılar atlarının başını döndərib geriyə çapdılar, bəlkə də bu ondan oldu ki, İran qaçaqları bu yerlərə nabələd idilər. Bəlkə də qorxdular ki, hansı tərəfdənsə yenə də dayımgilə kömək gələr. Bütün bu müddətdə Fatma nənəm bir dəqiqə də ara verməyib, hey dayıma dua eləyirdi. Dayımgil iranlı qaçaqların dalınca çapa-çapa gözdən itəndə anam qızıl suyuna çəkilmiş və ağzında iri yaqut olan qutusunu açdı, bir papiros çıxarıb yandıraraq faytonçuya əmr etdi:

– Sür şeylərin yanına!

Fayton dayım səngər eləyən yerə çatıb dayandı. Biz faytondan düşüb şeylərə baxdıq: çamadanlar, fərməş deşik-deşik olmuşdu. Fatma nənəm heç bir şeyə əhəmiyyət verməyərək hey bizim atlılar gözdən itənədək üfüqə baxıb dua edirdi. Faytonçu anama dedi:

– Siz beş-on dəqiqə burada dayansaydınız, mən o təpəyə çıxıb baxardım, bəlkə bir yol-riz göründü.

Anam dedi:

– Yaxşı, get.

Qorxu sovuşduğu üçün susuzluq, isti yenidən bizə divan tutmağa başladı. Bacım Mahtab bihuş halda faytonda uzanmışdı. Fatma nənəm gözlərini üfüqə zilləyib hey dodağının altında nə isə pıçıldayırdı. Nə istini hiss edirdi, nə də susuzluğu. Faytonçu təpəni yüyürə-yüyürə enib yanımıza gələrək dedi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Müsavat hökuməti və Nəcəf bəyin çomağı

Bir gün atam bazardan həyəcanla gəlib dedi:– Təzə hökumət qurulub, adına da «müsavat hökuməti» deyirlər.

4 min
Bayram babama güllə atılması və qoca qaçaq

Atamın ticarət işləri də gündən-günə tərəqqi etməkdəydi. O, mal gətirmək və ya mal aparmaq üçün tez-tez Bakıya gedib-gəlirdi.Həmin bu dövrdə anamın malyariyası yenə də başlamışdı. Hər gün bərk titrədib-qızdırırdı. Vurulan iynələrin yerləri də çirk eləmişdi. Həmin yaralar sağalandan sonra doktor Quliyev məsləhət gördü ki, anam bir-iki ay kəndə gedib havasını dəyişsin. Bizim kənd də havası, suyu yaxşı olan, yaylaqsayaq bir yer idi.

10 min
Güney Güzdəkdə nələr düşünürdüm...

Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:

7 min
Yenə şəhərdə

Bir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:

3 min

Poems by other poets