Birinci pərdə
Contents
Page 7 of 9 · 67%
Yeddinci şəkil
Xurşidbanunun malikanəsi. Bəyim, Xurşidbanunun qərənfillərinə su tökür. Daşdəmir qapını aralayıb başını içəri uzadaraq, ona xitabən, şən əda ilə oxuyur.
Daşdəmir (oxuyur)
Araz axır lil ilə,
Dəstə-dəstə gül ilə,
Mən yarımı sevirəm
Şirin-şirin dil ilə.
Bəyim
Kefim yoxdur, Daşdəmir.
Daşdəmir
Nə üçün?
Bəyim
Banu bəyimin əhvalı ürəyimi qana döndərir.
Daşdəmir
Niyə, nə olub Banu bəyimə?
Bəyim
Knyaz Xasayı yaddan çıxara bilmir.
Daşdəmir
Nə deyir ki?
Bəyim
Heç nə demir... Amma hiss eləyirəm ki, ürəyi yenə də onun yanındadır. Nə eləyirsə, könlü açılmır.
Daşdəmir
Nahaq yerə. Denən, xanım, o ki, sənin kimi canı qoyub getdi, sən də heç onun adını tutma.
Bəyim
Bəyəm deməklədir? Özü hamının başına ağıl qoyur... Amma...
Möhnət və Şahmar gəlirlər.
Möhnət
Salaməleyküm!
Şahmar
Hər vaxtınız xeyir.
Möhnət
Xan qızını görmək olar?
Bəyim
Nahara əyləşiblər.
Şahmar
Nə olar, gözlərik. (Birdən Daşdəmiri tanıyaraq) Bıy, ə, qağa, sən naxırçı Gülmalının oğlu deyilsən? Tu... tu... Bədnəzərdən uzaq, nə yaxşı oğlan olmusan, ə? Gümüş xəncərə bax, gümüş vəznəli çuxaya bax... Barı, Gülmalı kişiyə qənddən-çaydan alıb göndərirsənmi, ə?
Daşdəmir (dilxor halda)
Mən niyə göndərirəm?
Bəyim
Atasının puluna nə gəlib?
Şahmar (təəccüblə)
Yox a... Bəlkə kişi qızıl-zad tapıb, ə?
Daşdəmir
Mən, sən deyən Gülmalının oğlu deyiləm. Mənim atama pullu Gülmalı deyirlər.
Şahmar
Məni dolama, ə. Bizim Şahsevəndə sənin dədən naxırçı Gülmalıdan savayı Gülmalı var? (Gülür) Hi... hi... Ə, qodux, gözümüzün qabağında böyüməmisən? O daxmanızın üstü çürüyüb tökülür... Gör düzəldib fağır Gülmalıya beş-on manat göndərə bilərsənmi, heç olmazsa, daxmanızın üstünü düzəltsin, yağış başlarına tökülməsin.
Bəyim
A... Daxma nədi... Bu nə danışır, Daşdəmir?
Daşdəmir (Şahmara)
Dədəmin üçmərtəbə evinə nə gəlib...
Şahmar
Necə üçmərtəbə ev? Bəlkə səni qara basır, qağa?
Bəyim təəccüb və məzəmmətlə Daşdəmirə baxır.
Möhnət
Ay Şahmar, bir dayan görək dayna.
Bəyim (pıçıltı ilə Daşdəmirə)
Çox sağ ol!
Bəyim pərt halda tələsik gedir.
Möhnət (Daşdəmirə)
Qağa, yeri gör Xan qızı nahardan qalxıbsa, xəbər ver ki, Möhnətlə Şahmar gəlib, səni görmək istəyirlər.
Daşdəmir (acıqlı)
Siz də gəlməyə vaxt tapmısınız. Dedim ki, Banu bəyim nahara əyləşib... Heç qəbul vaxtıdır...
Şahmar
Sənin işin yoxdu, qağa, yeri xəbər ver. (Daşdəmir hirsli halda gedir) Üçmərtəbə ev ha... Sən ölmüyəsən, dünya xarab olub. Ə, bu naxırçı Gülmalının oğlu niyə əslini danır? Səfehləyib nədi?
Möhnət
Ə, arif ol, dayna. Yəqin o göyçək qıza gop eləyib ki, bağ belə, bostan belə... Sən də durub kişinin oğlunun yalanını çıxarırsan...
Şahmar (gülür)
Sən ölmüyəsən, yəqin heylədi... Dəsgahın olsun Gülmalı, bu da kişinin axır əməli...
Xurşidbanu gəlir.
Xurşidbanu
Xoş gördük sizi.
Möhnət
Həmişə xoş günün olsun, Banu bəyim.
Xurşidbanu
Nə əcəb gəlmisiniz?
Möhnət
Banu bəyim, sən bir ətək pul töküb Şuşa əhlinin canını o şor sudan qurtardın...
Şahmar
Üstümüzdən əskik olmayasan, Banu bəyim.
Möhnət
Biz ilan mələyən Haramıdan gəlirik. Arazın iki ağaclığında olan ucsuz-bucaqsız Mil düzünün bərəkətli torpaqları zəbanə çəkib yanır. Şahsevən, Afşar, Ağcabədi, Qarabulaq camaatı su dərdindən o torpaqları əkib-becərə bilmir. Sən xeyir işlər anasısan, Banu bəyim. Bəlkə Arazdan da Mil düzünə bir arx çəkdirəsən, bizim əlimizi çörəyə çatdırasan. Dana-dunamızın dalınca arana-dağa ayaq döyməkdən canımız qurtarar.
Şahmar
Qapı-bacamızda dirrikdən-zaddan əkib dolanarıq.
Möhnət
Oturaq olub, ev-eşik tikərik...
Şahmar
Bağ-bağat salarıq.
Möhnət
Əl çəkərik o qaraçı yaşayışından, yorulmuşuq!
Şahmar
Sən heylə bir iş başlasan, biz də əlimizdən gələn köməyi elərik, Banu bəyim. Biz sənin bir sözünlə dağı dağ üstünə qoyarıq!
Xurşidbanu
Mən o barədə fikirləşirəm. İnşallah, tezliklə işə başlarıq.
Möhnət
Ömrünüz uzun olsun.
Şahmar
Gedib gözləyəcəyik, Banu bəyim.
Möhnət
Salamat olun, Banu bəyim.
Şahmar
Salamat olun.
Xurşidbanu
Xoş gəldiniz.
Möhnətlə Şahmar gedirlər. Xurşidbanu stulda əyləşib nə isə yazır. Bəyim əlində məktub gəlir.
Bəyim (Xurşidbanuya məktubu təqdim edərək)
Firəng yazıçısı Aleksandr Dümadandır.
Xurşidbanu (məktubu nəzərdən keçirərək)
Yəqin Düma elə bilir ki, biz Knyaz Xasayla bir yerdəyik. O bizə qonaq gələndə knyazla təzə evlənmişdik, həyatımızın gözəl çağları idi... O zaman heç bilməzdim ki, ömrümün xoşbəxt günləri bu qədər qısa olacaq. (Bəyim özünü saxlaya bilməyərək ağlayır) Ağlamaq nə üçün?
Bəyim
Siz elə dediniz, ürəyim davam gətirmədi.
Xurşidbanu
Görürsən ki, mən davam gətirirəm... Bu qəmli dünyada məhəbbətlə kədər əkiz yaranmışdır, Bəyim.
Bəyim (gözünün yaşını silərək üsyanla)
Yaddan çıxardın onu, Banu bəyim! O necə sizi qoyub gedə bildi?!
Xurşidbanu
Onu vətəni, ata yurdu çağırırdı, məni də vətənimin dərdi saxlayırdı... Bizim ikimizin də taleyimiz bir idi.
Mirzə Ruhullah daxil olur. Bəyim çıxır.
Mirzə Ruhullah
Banu bəyim, İran şahzadəsi səninlə nəzakət görüşünə gəlib.
Xurşidbanu
Yoxsa, elə bilir ki, onun cənubi azərbaycanlılara tutduğu divan yadımızdan çıxıb? Deyin, mən onu qəbul eləmək istəmirəm!
Mirzə Ruhullah
Qəbul eləmək lazımdır, Banu bəyim. Bu, dövlətlər arasında qaydadır.
Xurşidbanu
Getsin canişinin hüzuruna. Biz ki, dövlət deyilik, Mirzə.
Mirzə Ruhullah
Sən İbrahim xanın nəvəsisən! Sən məşhur Azərbaycan şairəsisən! Sən onu qəbul elə, qoy görsün ki, şahlar Azərbaycan xalqını iki yerə parçalayıb, zorla bir-birindən ayrı salsalar da, onun milli ləyaqəti yaşayır!
Xurşidbanu
Yaxşı, mirzə, qoy gəlsin.
Mirzə Ruhullah çıxır. Şahzadə, Mirzə Ruhullahın müşayiətilə daxil olur.
Şahzadə
İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı, Qarabağın gözəl şairəsi Xurşidbanu bəyimə öz dərin hörmətimi bəyan etməklə bəxtiyaram.
Xurşidbanu
Təşəkkür edirəm, əlahəzrət. Ancaq biz qadınlar bir qədər şöhrətpərəst oluruq. Əlahəzrətin nəzərinə çatdırmaq istərdim ki, mən yalnız Qarabağın deyil, bütün Azərbaycanın – həm Şimali, həm də Cənubi Azərbaycanın şairəsiyəm! Özüm də bununla fəxr edirəm!
Şahzadə
Mən buna çox şadam, Xurşidbanu bəyim. Böyük İran səltənəti şeri-sənəti qiymətləndirməyi bacarır. Xüsusən də şer kəlamı bu qədər nəfis xanımın qəlbindən zahir ola...
Xurşidbanu
Görünür, əlahəzrətin özü də şeri çox sevir.
Şahzadə
Bəli, Xurşidbanu bəyim, Firdovsinin, Hafizin, Sədinin kəlamı ilə dil açan şəxs şeri-sənəti sevməyə bilməz.
Xurşidbanu
Dünyada qəribə təzadlar olur, əlahəzrət, şer-sənət nəcib hisslərin, nəcib fikirlərin tərcümanı olduğu halda, bəzən qəddar hökmdarlar da onu sevir.
Şahzadə (Xurşidbanunun eyhamını başa düşərək)
Ona görə ki, Xurşidbanu bəyim, insan anadan qəddar doğulmur. Əgər, məsum bir uşaq böyüyüb ağıllı bir hökmdar olursa, özündən asılı olmayaraq, səltənətin mənafeyi onu qəddarlığa vadar eləyəcək! Belə olmasaydı, İran şahları neçə min il taxt-səltənətdə əyləşə bilməzdi. Hətta, böyük Nuşirəvan Adil belə zəncirlərin ucunu ancaq qılınc gücünə əlində saxlayıb.
Xurşidbanu (əsəbiliyini güclə saxlayaraq)
Ona görə də, həmin Nuşirəvan Adil qardaşlıq, bərabərlik təbliğ eləyən Məzdəki boğazından asdırdı.
Şahzadə (Xurşidbanunun sözünün üstündən keçərək)
İran şahları həmişə şerin, sənətin himayədarı olmuşlar. Firdovsilər, Sədilər, Hafizlər o böyük qayğı və məhəbbətdən ruh almışlar.
Xurşidbanu
Məncə, o ulduzlar qədim İran mədəniyyətindən işıq almışlar. Mədəniyyəti isə xalq yaradır.
Şahzadə
İran mədəniyyətini belə qiymətləndirməyinizə xeyli şadam, Xurşidbanu bəyim. Ancaq sizin lütfən xalq adlandırdığınız qaragüruhun əksəriyyəti günahkarlardan, canilərdən ibarətdir ki, möhkəm hökmdar olmasa, onların öhdəsindən gəlmək olmaz!
Xurşidbanu (artıq əsəbiliyini saxlaya bilməyərək)
Güman edirəm ki, əlahəzrət xalq haqqında bu qədər sərt mülahizədə olmasaydı, cənubi azərbaycanlılarla, bəlkə də, başqa cür rəftar edərdi...
Şahzadə
Etiraf edirəm ki, biz azərbaycanlıların zəkasını, cəsurluğunu lazımi qədər qiymətləndirməmişik... Axı, İranın şah İsmayıl kimi, Nadir şah kimi qəvi hökmdarları azərbaycanlı olmuşdur. Mən hələ Qacarları demirəm.
Xurşidbanu
Biz öz tariximizi yaxşı bilirik, əlahəzrət. (Saatına baxır, bununla da görüşün qurtardığını hiss etdirir)
Şahzadə
Bizim bu görüşümüz cənabınıza qarşı məndə böyük hörmət və heyranlıq hissi doğurdu. (Qalxır) Xudahafiz, xanım.
Şahzadə çıxır.
Xurşidbanu (artıq qəzəbini saxlaya bilməyərək qışqırır)
Cəllad! İkiüzlü qaniçən!
Mirzə Ruhullah
Əsəbiləşməyin, Banu bəyim. Bizim taleyimiz səbir-mətanət istəyir, mənzil uzaq, yol çətindir.
Xurşidbanu
Ax, Mirzə, elə bil ki, məni dəmir məngənə arasına qoyub sıxırlar. Bəzən mənə elə gəlir ki, biz heç bir zaman bu məngənədən xilas ola bilməyəcəyik.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-xursidbanu-natevan-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Ən çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi:
İmaşla Güllü necə qaçdılar...Dayım şəhərdən fışdırıq çala-çala kefikök gəldi, hətta mənə baxıb gülümsədi də. Sonra artırmada, stulda oturub:– Güllü, su gətir, – deyə çağırdı.
Bizim yaylağa köçməyimiz, o taylı qaçaqlar... Cavan Əhmədalının bir toğlunu tək yeməyi, Nuru dayımın törətdiyi işlər və onun acıq eləyib arana qayıtmağıYay isti gəldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedək. El çoxdan köçmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razı deyildi, «yollar doludur qaçaqla» deyirdi, anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerdə kişini tanıyırlar, neyləyəcəklər bizə». Ancaq Fatma nənəm öz təşvişi barədə Nuru dayımın yanında bir kəlmə də danışmırdı, nənəm bilirdi ki, əgər danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əgər bir şey olsa, dayım dinc durmayacaq.Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki günə gedib çıxırdı, ancaq biz üçatlı faytonla gedirdik. Atamla Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamınkı isə boz idi. İkisi də cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə geyib, belinə üç patrondaş çəkərək zağlı, gödək beşaçılan, taxta beşaçılan, taxta qoburlu onatılan tapança götürmüşdü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür həşəri – boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünki mən heç bir zaman onu Nuru dayım kimi at çapan, güllə atan görməmişdim.
QaracaMən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.