Page 2 of 3 · 33%

... Mən əlimdə böyük, dolu zənbil, kefi kök halda təkrar Adilin kabinetinə daxil oldum.

– Nə çox bazarlıq eləmisən, – deyə o, gülümsədi.

– Yarısını körpüsalanlar üçün almışam.

– Özləri tapşırmışdı?

– Yox.

O, üzünü yana çevirib:

– Bəs bu vaxta qədər elə bazarda idin? – deyə tutulmuş halda soruşdu.

– Manikürçügildəydim...

– Hansı manikürçügildə?

– Bu küçənin aşağısındakı manikürçülər yoxdurmu?

– Sən onları haradan tanıyırsan?

– Dırnaqlarımı düzəltdirəndə tanış olduq. Məni evlərinə dəvət etdilər.

– Axı bilmədiyin-tanımadığın evə nə üçün gedirsən?

– Adamlar anadan tanış olmurlar ki, Adil?

– Sən nə vaxtacan mənə bu cür cavablar verəcəksən?

– Bilmirəm!

– Bilməyin lazımdır.

Mən ona diqqətlə baxaraq:

– Amma, – dedim, – manikürçülər səni tərifləyirdilər.

– Mənim elələrinin tərifinə ehtiyacım yoxdur.

– Bəs kiminkilərinə ehtiyacın var?

Adil gözlərini üzümə dikərək bir neçə saniyə susdu. «Yəqin ki, məni vurmaq istəyir» deyə düşündüm. Əlbəttə, o belə şey eləməzdi. Lakin mən onun nəzərləri altında özümü narahat hiss edirdim. Elə bil ki, bu baxışlar ağır bir yük olub məni sıxırdı.

– Saat altıya işləyir, getmək istəmirsən? – deyə mən səbirsiz halda qalxdım.

– Gedək.

O, zənbildən yapışmaq istədikdə:

– Yox, Adil, özüm götürərəm, – deyib ağır zənbili qaldıraraq, qapıdan çıxdım.

Zənbili maşının dal tərəfinə qoyub özüm sükanın arxasına keçdim.

– Burada niyə oturursan?

– Mən sürəcəyəm.

– Lazım deyil, o yana keç.

– Yox, Adil, bu dəfə mən sürəcəyəm.

O keçib mənim yanımda əyləşdi.

Mən maşının sürətini artırıb rayon mərkəzindən çıxdım.

«Nə üçün bizim duyğularımız getdikcə bir-birindən bu cür uzaqlaşır? Nə üçün o, mənim isinişdiyim, dost və yoldaş hesab elədiyim adamlara bu qədər yaddır? Bəlkə mən heç işləməyəydim? Lakin bu necə ola bilərdi? Mən özümü vətəndaşlıq hüququndan necə məhrum eləyə bilərdim? Yox, Adil, bu mümkün deyil! Mən bunu bacarmaram. Mən özümü sənin və körpüsalanların gördüyü işdən təcrid eləyə bilmərəm. Bəlkə sən özün bir yol tapasan? Nə üçün sən heç öz hərəkətlərin barədə düşünmürsən? Axı sən ağıllı, işgüzar oğlansan... Nə üçün sən mənim kölgədə sürünməyimi istəyirsən? Mən sürünməyə nifrət edirəm».

Mən uçmaq... hey uçmaq istəyirdim. Mən meşəli dağların, sıldırım qayaların, dibi görünməyən dərin dərələrin yanından qıjıltı ilə vurub keçdikcə, daha iti sürətlə uçmaq istəyirdim. Mən sürəti artırdıqca, tez-tez görünüb qeyb olan mavi üfüqlər də uzaqlaşırdı. Mən meteor, fövqəladə bir raket kimi yüz min kilometrləri bir anda qət etmək istəyirdim. Mən ərimin varlığını büsbütün unutmuşdum. Mən hər şeyin necə amansız bir sürətlə arxada qalmasından aldığım zövqdən başqa heç nə duyub-dərk etmirdim.

Mən pəncərə şüşəsi kimi çərçivəyə salınmış «əqlisəlimin» pedant soyuqluğuna nifrət edirdim! Əsrləri bir anda vurub-keçən dahilərə eşq olsun! Əgər biz koramal kimi yerlərdə sürünəcəkdiksə, manikürçü qadın demişkən, bəs bu dünya kimin üçünmüş? Əgər biz fərsiz, məhdud arzuların əsiri olacaqdıqsa, bəs bu əzəmətli dağlar, bu uçurumlu yollar nə üçünmüş? Bütün məxluqatın əşrəfi olan insanın ləyaqətinin mənası nədən ibarət imiş?.. Mən insan əli, insan dühası ilə düzəldilmiş maşının gedib Aya çatdığını eşitdiyim gecə uzun zaman yata bilmədim. Mən uçmaq, uçmaq istəyirdim.

– Yavaş, nə edirsən? – deyə o, qolumdan yapışdı, – sürəti azalt, görmürsən, yol xarabdır?

– Qorxma, heç nə olmaz.

– Yox, azalt!

– Yaxşı, Adil, bu dəfə sən deyən olsun, – deyə zarafatyana cavab verib sürəti azaltdım.

– Necə yəni «bu dəfə»?

– Yoxsa həmişə sən deyən olmağını istəyirsən? – mən eyni zarafatla yanakı ona baxdım.

Adil də mənə baxdı. Biz qadınlar xarici görünüşümüzün kişilərə nə cür təsir bağışladığını dərhal duyuruq. Bu anda mənim ona çox cazibədar göründüyümə şübhə yox idi və bunu hiss etmək mənə zövq verirdi. Elə bil ki, mən bununla ondan nəyin isə qisasını alırdım.

Yolun alt tərəfi hər yerdə uçurum idi. Əgər maşın aşsa, tikəmiz də tapılmazdı. Ona görə xüsusi döngələrdə çox ehtiyatlı olmaq lazım gəlirdi. Buna baxmayaraq, sürəti artırmaq həvəsi ilə yanırdım. Mən, hətta tez-tez siqnal verməyi belə unutmuşdum. Ona görə də çətin döngələrin birində qəflətən qabağımıza çıxan yük maşını ilə az qala toqquşmuşduq.

Lakin mən özümü itirməyərək, maşını dərhal sağa burub, saxladım. Qabaq təkərlər lap uçurumun üstündə dayanmışdı. Vəziyyət o qədər qorxulu olmuşdu ki, yük maşınının şoferi də maşını saxlayaraq, kabinədən başını çıxarıb acıqlı-acıqlı mənə baxırdı. Mən gülümsəyərək «QAZ-69»u yavaşca geri verdim və bu zaman buldozerçini ilk dəfə gördüyüm anı xatırladım...

Adilin rəngi azca qaçmışdısa da, özü heç bir şey olmamış kimi sakit oturmuşdu.

– Bağışla, Adil, – dedim, – bir də belə iş görmərəm.

O mənə cavab verməyərək, eyni soyuqqanlılıqla üzünü yana çevirdi. Onun bu hərəkəti ilə mənim maşını qanadlandırmaq həvəsim də sönüb getdi. Mən həyatda hər bir coşğun qəzəb və ehtirasın axırda necə cansıxıcı bir adiliklə nəticələnə bildiyini acı-acı düşünərək maşının sürətini lap azaltdım. Bəlkə Adilə necə xoş gəlirsə, elə yaşamaq lazımdır? Axı, deyirlər, keçmiş analarımız belə edirmişlər... Aramızda baş qaldıran bu örtülü çəkişməyə bu cür son qoymaq olmazmı? Bəlkə mən Adili heç istəmirəm?! İndi onunla yanaşı oturduğumuz bir zamanda bu fikrin ağlıma gəlməsi mənə dözülməz dərəcədə ləyaqətsiz göründü. Mən özümü onun qarşısında ikiüzlü bir miskin kimi hiss elədim. Mənim əqidəmcə, dünyada ən böyük alçaqlıq namərdlikdir. Sənin bir yastığa baş qoyduğun adamdan heç nə gizlətməyə haqqın yoxdur! Ona görə də mən tezliklə öz hisslərimi aydınlaşdırmalıyam.

Mən heç kəsin qarşısında ikiüzlülük eləməmişəm. Bundan sonra da etməyəcəyəm. İndi bizim zəmanəmizdə «ər-arvad» sözləri çox zaman «həyat yoldaşı» ifadəsi ilə əvəz olunur. «Yoldaş yoldaşa tən gərək, tən olmasa gen gərək!» Çox gözəl deyilmişdir! Ataların hər sözü qızıla bərabərdir.

... Buldozerçinin dəyişilməyib yerində qalmasını briqada arasındakı birliyin ilk qələbəsi kimi qiymətləndirərək, işə daha qızğın girişdiyimizdən, körpü sürətlə qurulmaqda idi. Yolun körpü üzrə mühəndisi üç-dörd dəfə gəlib işimizi diqqətlə yoxlayaraq, çox razı qalmışdı. Lakin Adil özü səhərdən axşamacan iş sahəsini gəzdiyi halda, son zamanlar bir dəfə də olsun, nə bizim körpünün üstünə gəlmiş, nə də o barədə bir söz soruşmuşdu. O, körpüyə sarı heç baxmırdı da. Elə bil ki, bizim Zoğallı körpü onun ögey oğlu idi, bu, əlbəttə, mənim xətrimə dəyirdi. Elə bil ki, o, körpüyə deyil, mənim doğma balama biganəlik göstərirdi. Onun briqada üzvlərinə bu soyuq, məğrur münasibəti məni yoldaşlarımın yanında utandırırdı. Onlar bunu hiss etdikləri üçün Adil barəsində mənimlə bir kəlmə də danışmırdılar... Lakin mən istəyirdim ki, onlar bu barədə danışsınlar! Rəisin yad münasibətini pisləsinlər! Mən bunu şiddətlə arzulayırdım. Mən öz qəzəbimi ifadə üçün bir vasitə, bir münasibət axtarırdım.

Hamısından da çox mənə Adilin məhz buldozerçini ayrı yerə dəyişmək istəməsi qəribə görünürdü... Özü etiraf etməsə də, mən onda bu oğlana qarşı, nə isə bir kin hiss edirdim. Lakin mən o zaman buldozerçinin nədə təqsirkar olduğunu bilmirdim. Sonralar da onda heç bir günah yox idi. Mən bu barədə onun əvəzindən indi də and içə bilərəm. Lakin hələ o zamanlar, yəni arada hələ heç nə yox ikən, Adilin buldozerçini görmək istəməməsi məndə ona qarşı xoşagəlməyən bir duyğunun getdikcə güclənməsinə səbəb olurdu. Mən haqlı-haqsız onun qarasına əsəbiləşir, onu acılamaq istəyirdim. Onun buldozerçini dəyişmək təşəbbüsü isə bu duyğunu daha da tündləşdirdi, buldozerçi ilə mənim aramda tamamilə yeni və lal bir münasibətin yaranmasına sanki təkan verdi. Çünki mən buldozerçinin nələr keçirdiyini hiss edirdim. Buldozerçi namərdlik etmirdi. Adil bunu bilməli idi! Adil mənə şillə vuraydı, danlayaydı, lakin körpüsalanların böyük səmimiyyətinə yuxarıdan aşağı baxmayaydı. Adil yalnız o zaman məni itirməzdi.

... Buldozerçinin dəyişilməyib yerində qalması xəbəri körpüsalanların böyük sevincinə səbəb olmuşdu. Onlar bunu məndən gizlətmirdilər, lakin buldozerçi özü əvvəlkinə nisbətən daha qaşqabaqlı olmuşdu. Onun öz baxışlarını mənim nəzərlərimdən yayındırmağa indi daha çox cəhd etdiyini hiss edirdim. İş zamanı ikimiz də tək qalanda o, bir bəhanə ilə məndən uzaqlaşırdı. Mən də onu daha əvvəlki kimi cürbəcür zarafatlarla sancmırdım...

Tennis oynayanda onun məni aparmasından əvvəlki kimi yanıb-yaxılmırdım. Mən öz baxışlarımla, gülüşümlə, ona nə isə mehriban sözlər deyirdim. Mən onun soyuq və hətta acıqlı rəftarından qəzəb deyil, fərəh duyurdum. Mən onun üst köynəklərini və dəsmallarını zorla alıb özümüzünkülərlə bərabər yuyub ütülədiyim zaman özümü fövqəladə dərəcədə səmimi, ləyaqətli bir insan kimi hiss edirdim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mən və ağaclar

Evimizin qabağında atamın saldırdığı və indi hər gün, heç olmasa, bir-iki saat həvəslə qulluq elədiyi, öz əli ilə suvardığı cavan bağla mənim aramda gizli bir ünsiyyət yaranırdı. Buradakı alma, ərik, tut, gilənar, əncir, gavalı, qoz, armud, heyva ağaclarının hərəsinin öz görünüşü vardı və bunların hər biri mənə bir cür təsir eləyirdi. Ərik ağacının çəhrayıya çalan çiçəkləri mənə nə üçünsə əsrarəngiz təsir bağışlayırdı, gilənar, gavalı ağaclarının ağ çiçəkləri mənə zərif bir şadlıq gətirirdi. Ağ şahtutun günəş işığında zümrüd kimi parıldayan enli, ipək yarpaqları bu şənliyə bir cəsarət, daha qüvvətli bir şadyanalıq çaları verirdi. Qoz yarpağının soyuq ətri məni qüssələndirir və anamın tez-tez xəstələnməsini xatırladırdı. Bəlkə də bu ondan idi ki, bir dəfə anam malyariyadan bərk qızdıranda Zinyətə dedi ki, «get, bir qoz budağı qır gətir». Zinyət budağı gətirib verəndən sonra anam gözlərini yumub onu xeyli qoxladı... və anamı yuxu tutanda mən də balaca qoz budağını götürüb qoxladım və onun enli, tər yarpaqlarından qalxan ətir mənə soyuq və həsrətli göründü.Anamın xəstələnməsi həmişə mənim üçün son dərəcə qəmgin bir hadisə olurdu. Onun gözəl, şəffaf gözləri qızdırmadan alışıb-yananda mən özümü dünyanın ən bədbəxt adamı sayır və saatlarca yastığının böyründən uzaqlaşmırdım. Anam xəstəlikdən sağalıb ayağa qalxanda isə ürəyimdəki fərəhin həddi-hesabı olmurdu. Lakin kədərim kimi, fərəhim də həmişə ürəyimdə gizli qalırdı. Yəni mən onları izhar eləməkdən çəkinirdim. Ona görə çəkinirdim ki, mənim ortaboylu, enlikürək, qaraqaş, qaragöz, gözəl və çox qüvvətli bir oğlan olan atam başqa adamlarla zarafat eləməyi, deyib-gülməyi sevdiyi halda, biz uşaqlarla, xüsusən mənimlə çox sərt rəftar edirdi. Nə üçünsə, mənim zarafatım, deyib-gülməyim həmişə onu acıqlandırırdı. Ona görə də yavaş-yavaş məndə bir qapalılıq əmələ gəlirdi. Mən heç bir sirrimi, sevinc və kədərimi biruzə verməməyə çalışırdım və atamın yanında öz hərəkətlərim özümə yöndəmsiz görünürdü. Özümə, öz hərəkətlərimə inamım azalırdı, mən, bir növ, fağır, çəkingən olurdum, bu isə atamı acıqlandırırdı və onun mənə qarşı daha sərt rəftarına səbəb olurdu. Mən üsulsuz bir hərəkət eləyəndə, məsələn, nahar elədiyimiz zaman stəkana toxunub çayı süfrəyə dağıdanda, o, qəzəblənib, məni «maymaq», «filinti», «çolaq» adlandırıb danlayardı. Bu zaman:

8 min
Qızılbaşoğlu

Bir azdan Fatma nənəmi gətirən Qızılbaşoğlu Alı da gəldi. Bu, uzunboylu, xına rəngində saçları boynunun ardına tökülmüş, ayaqlarında uzunboğaz çəkmə, əynində sərdari çuxa, başında gümüşü papaq olan bir oğlan idi. Belində ağac qoburlu onatılan tapança var idi.– Necəsən, bacı? – deyə anamla hal-xoş eləyib Güllünün içəridən gətirdiyi stulda əyləşdi.

3 min
İmaş və Güllü

Həmişə nənəm, ya anam məni müdafiə eləyəndə ürəyim kövrəlirdi. İndi də Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının qabağında oturub üst köynəyini yamayır, əldə toxunan kobud yun şaldan tikilmiş sərdarisini isə alt köynəyinin üstündən atıb çiyninə. Həmişə olduğu kimi, indi də məni görəndə gülümsədi. Onun arvad kimi köynək yamaması mənə qəribə göründü, mən ondan soruşdum:– Niyə köynəyini özün yamayırsan?

17 min
Nuru dayımın gəlişi və anamın xalası oğlu Əhmədin üç arvadı öldürməyi

Səhəri gün Nuru dayım Çarvadar Həbibin üçatlı faytonunda gəldi. Çarvadar Həbib dayımın çamadanlarını faytonun dalından götürüb yerə qoydu. İmaş yüyürüb dayıma «xoş gəldin, ağa» deyərək çamadanları qaldırıb apardı evə. Çarvadar Həbib Fatma nənəmə:– Xoş gördük, xanım! – deyib mənə baxaraq gülümsədi (güləndə onun uzunburunlu, bir az da pərtdəgözlü üzü çox gülməli görünürdü, elə bil ki, bu saat, nə isə komik bir hərəkət eləyəcəkdi).

8 min

Poems by other poets