Adil
Page 1 of 2
O bu dəfə tennis oyunundan qəribə əhvali-ruhiyyə ilə qayıtmışdı. Elə bil, nə isə itirmişdi, nəyi isə xatırlamağa çalışırdı... Mənim suallarıma fikri dağınıq halda cavab verir, bunun xətrimə dəyə biləcəyini, yəqin ki, düşünmürdü. Buraya gəldiyimiz gündən bəri mən birinci dəfə idi ki, aramızda soyuq, qaranlıq bir divarın yavaş-yavaş qalxdığını aydınca hiss edirdim.
Əli yanan ağzına təpər. Mən qəzəbin, acığın, gücün mənasız olduğunu anlayaraq gülür, zarafat edir, onun xoşuna gələcək sözlər danışmağa çalışırdım. Mən qapıda stolun dalında oturmuşdum. O da yanımda dayanıb sağ əlinin qeyri-iradi, yavaş hərəkəti ilə saçını darayır və uçurum üzərində hərlənən ağ qartala baxırdı.
Mən:
– Səriyyə, – dedim, – yolu çəkib qurtarandan sonra bir aylıq məzuniyyət götürüb gedərik səyahətə... Eləmi?
O, gözlərini qartaldan çəkməyərək, könülsüz halda başını tərpətdi.
– Bir pud ağırlığında başını tərpədincə, altı misqal dilini tərpətsənə... – deyə mən zarafat elədim.
Lakin o, cavab vermədi. O zaman mən onun əlindən tutub çəkərək yanımdakı kətildə oturdum:
– Niyə bikefsən, nə olub?
O, mənə diqqətli bir nəzər salaraq, əlini geri çəkdi:
– Mənə nə olduğunu bilmirəm, Adil, biləndə sənə deyəcəyəm.
Bu, çox qəribə cavab idi. Lakin mən daha heç nə soruşmadım. Ürəyimin necə sıxıldığını ona hiss etdirmədim. Bunun mənası yox idi. Dişim bağırsağımı kəsirdi. Bununla belə, mən onu indiki qədər istəməmişdim. Həm də mən onu tikə-tikə doğramağa hazır idim. Mən onun Madonna Sikstinskayanın üzünə bənzəyən üzünün, dodaqlarının xəncərlə parça-parça olunmasını istərdim. Mən bu dərəcədə vəhşiləşdiyim anda onun bu dərəcədə gənc və gözəl göründüyünə yana-yana baxırdım. İndiyə qədər bu gözlər, bu nazik və elastik bel əzələli, çiyninə qədər çılpaq olan bu qollar yalnız və yalnız mənə məxsus idi. Mənimki idi. İndisə mən bu hüququn sarsıldığını duyurdum. Lakin bununla bərabər, heç bir fənalıq etmək iqtidarında deyildim. Mən özümü çox yorğun hiss eləyərək, çadıra girib çarpayıma uzandım. Nə qədər yatdığımı bilmirəm. Birdən elə bil ki, yuxuda mənə «dur!» dedilər. Gözlərimi açıb, onu çarpayısının üstündə büzüşüb oturaraq, bayıra baxan gördüm. Mən oyandığımı hiss etdirməyərək, onun nəyə baxdığını bilmək üçün gözlərimi bayıra zillədim və körpüsalanların çadırı tərəfdə nöqtə boyda bir işığın qaranlıqda közərdiyini gördüm. Bu odlu nöqtə tez-tez havada yarımdairə cızıb dayanırdı. Yəqin kim isə papiros çəkirdi...
Lakin burda qəribə nə var idi? Onun gözləri nədən bu odlu nöqtəyə bənd olub qalmışdı?
O, niyə yatmamışdı?
Birdən sanki qanım damarlarımda dondu və mən dəhşətlə xatırladım ki, körpüsalanlardan yalnız bir nəfər papiros çəkir... Yalnız bir nəfər... Buldozerçi!
Biz institutda oxuyanda Şekspiri təqsirləndirib deyirdik ki, nə üçün Otello bir dəfə də olsun, dəsmalı haradan aldığını Kassiodan soruşmurdu... Lakin burada Kassiodan heç bir şey soruşmağa lüzum yox idi...
Nəhayət, odlu nöqtə havada daha böyük bir yarımdairə cızaraq qeyb oldu. Səriyyə daha bir müddət qaranlığa tamaşa etdi. Dərindən nəfəs alıb, arxası üstə yastığa uzandı və bir dəfə də olsun mənim çarpayıma sarı baxmadı.
Çadırımızın yanından axan su həmişəki incə ahəngi ilə şırıldayırdı. Qapıdan görünən göy parçasında ulduzlar sevinclə sayrışırdı. İlıq bahar havası çiçəklərin ətri ilə dolu idi. Təbiət həmişəki kimi gözəl və dərdsiz, qəmsiz idi. Mən isə bu qaranlıq çadırda əzab çəkirdim.
Cəhənnəm əzabı! Bir vaxt mən gəncliyimdən, namus və ləyaqətlə yerinə yetirdiyim işimdən gizli bir fərəh duyurdum. İndisə bunlar hamısı bir heç olmuşdu. Bir an mənə elə gəldi ki, həyat saysız-hesabsız aldanışlardan ibarət olub, uşaq oyuncağı kimi bir şeydir. Lakin yox! Madam ki, mənim içərimdə bu cəhənnəm zəbanə çəkir, demək, həyat yalnız aldanışlardan ibarət deyil. Demək, duyan, düşünən cəmi məxluqatın əşrəfi olan insanın əzəmətli bir taleyi olduğu həqiqətdir. Mən onun necə aramla nəfəs aldığını eşidir, lakin nələr düşündüyünü bilmirdim. Birdən körpüsalanların çadırı tərəfdə kiçik alov görünüb yox oldu. Sonra yenə nöqtə boyda işıq közərdi. Səriyyə təkrar qalxıb yerində oturdu. Mən onun bayıra zillənən gözlərinin qaranlıqda necə parıldadığını görürdüm.
Yenə də yadıma Otellonun dəsmal əhvalatı düşdü. Yox, hər halda, Otello dəsmalı haradan aldığını Kassiodan soruşmalı idi. Ədalət bunu tələb edirdi.
Mən özümü indi oyanmış kimi göstərərək yerimdə qurcalandım. Sonra çarpayımdan qalxıb yuxulu səslə soruşdum:
– Sən hələ yatmamısan?
– Yox.
– Nə üçün?
– Elə-belə, yuxum qaçıb.
– Uzan, beş yüzəcən say, yuxun gələr.
Sonra tələsmədən pijamamı geyinib bayıra çıxdım və çadırdan bir qədər aralanandan sonra ağaclığa girib səssiz addımlarla meşə yuxarı qalxmağa başladım. Madam ki, Səriyyə və mən çadırda uzanmış olduğumuz halda o odlu nöqtəni görürük, deməli, papiros çəkən adam körpüsalanların çadırı yanındakı qayalı təpənin döşündə oturmuşdur və ya dayanmışdır.
Mən tez-tez havada yarımdairə cızan odlu nöqtəni nəzərdən qaçırmamağa çalışaraq, ehtiyatla, kiçik bir şaqqıltı belə salmadan irəliləyirdim. Çox həyəcanlı olduğumdan, tez-tez ayaq saxlayıb nəfəsimi dərirdim. Nəhayət, üstünü kol-kos basmış qayanın yanına çatıb dayandım. Çünki artıq burada, papirosun közərən zəif işığında buldozerçinin üzünü tanıya bildim... O, balaca daşın üstündə oturub, dalbadal papiros çəkirdi.
Bu da sənə Kassionun cavabı.
Mən dönüb bizim çadıra tərəf baxdım. İçərisi qətiyyən görünmürdü. «Bəlkə bu kişi də, Səriyyə kimi bədxah olub, yata bilmədiyi üçün çıxıb burada oturmuşdur... Bəlkə mən də yazıq ərəb kimi aldanıram... Bəs Səriyyə? Bu qaranlıqda közərən papiros odu nə üçün onun yerinə qor doldurub? Axı mən bunu öz gözlərimlə gördüm. Bunu başa düşməmək üçün mən nə qədər axmaq bir sadədil olmalıyam...»
Mən dönüb yenə də buldozerçiyə baxdım. O mənim üçün əlverişli yerdə oturmuşdu. Otuz-qırx metr də qalxaraq, yuxarıdakı qayalardan birini tərpədib ona tərəf yumalatmaq kifayətdir. Sonra da arxayınca hərlənib çadıra gedərəm, dinməz-söyləməz çarpayıya uzanaram. Əgər Səriyyə soruşsa ki, «o nə gurultudur», mən tamam biganə ifadə ilə deyərəm ki, «görəsən, yenə yuxarıdan heyvandan-zaddan keçib, nədir... yıxıl yat...»
Bununla da hər şey qurtarar. Məni təqsirləndirmək kimin ağlına gələr? Sonra?! Sonra nə olsun? Uçub tar-mar olmuş bir sarayın xarabaları mənim nəyimə lazımdır? Mən lap uşaqlıqdan bayquşa nifrət edirəm.
«Mənə nə olduğunu bilmirəm, Adil! Biləndə sənə deyəcəyəm» – gündüz o belə dedi və mən onun doğru danışdığına zərrəcə şübhə eləmirdim. Görünür, böhran təzə-təzə başlayır. Nə etmək lazımdır?! Bunun qarşısını necə almaq olar?
Nəhayət, buldozerçi papirosu tulladı, qalxıb öz çadırlarına tərəf getdi. Mən də ağır addımlarla geri qayıtdım. Səriyyə nazik adyalı üstünə çəkərək üzünü o biri tərəfə çevirmişdi. Mən içəri girəndə nə tərpəndi, nə də bir söz dedi. Mən də heç nə demədim. Səssiz-səmirsiz yatağa uzandım və səhərə qədər yatmadım.
Səhər çaydan sonra o:
– Adil, – dedi, – biz qərara almışıq ki, bu il institutun qiyabi şöbəsinə imtahan verək.
– Siz, yəni kimlər?
– Biz, yəni mən, Soltan, bir də Kərəmxan.
– Bəs buldozerçi?
– O, institut tələbəsidir, qiyabi oxuyur – deyə soyuq bir ifadə ilə cavab verdi.
Və sonra birdən başını qaldırıb, gözlərimin içinə şax baxaraq əlavə etdi:
– Gərək ki, bir dəfə mən bunu sənə demişdim.
– Bağışla, yəqin unutmuşam. Ancaq sən qiyabi instituta nə üçün girirsən? Şəhərə qayıdanda əməlli-başlı oxuyarsan.
– Yox, Adil, mən qiyabi oxumaq istəyirəm.
– Niyə axı?
– Ona görə ki, biz briqadada bu cür qərara almışıq. Biz həm oxuyacağıq, həm də işləyəcəyik.
Mən acığımı güclə saxlayaraq:
– Əşi, – dedim, – briqadanın dediyi qanun-zad deyil ki...
– Mənim üçün qanundur. Biz uzun illər bir yerdə işləyəcəyik.
– Demək, sən gələcəkdə də onlarla birlikdə işləmək fikrindəsən.
– Əlbəttə!
– Bəlkə, bu yolu çəkib qurtarandan sonra mən yenə də nazirliyə qayıtdım.
– Nə olar ki... Sən qayıdarsan, mən qalıb işlərəm.
– Bu necə ola bilər?
– Nə üçün olmur ki?
– Sən, doğrudan, belə düşünürsən?
– Doğrudan.
– Daha onda bu nə ər-arvadlıq oldu ki...
– Adil, yaxşı olar ki, «ər-arvad» əvəzinə ayrı bir söz işlədəsən. Bu ifadə adama birtəhər təsir eləyir.
– Bağışla, – deyə mən bir neçə saniyə susdum.
Sonra:
– Yaxşı, Səriyyə, – dedim, – tutaq ki, sabah məni təkrar şəhərə qaytardılar. Bəs sən burada üç oğlanla necə qala bilərsən?
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-adil-2
Use ← → keys to move, R for a random poem
More by this author
Bayram babam qəza milis rəisi olandan sonra Qızılbaşoğlu Alı kimi, Hacı kimi, Əhmədalı kimi atıb-vurmağı, yaxşı at minməyi bacaran igid oğlanlardan başına toplayıb dağlarda, meşələrdə yurd salan oğru-əyri qaçaqlarla mübarizəyə başlamışdı. İnqilabdan əvvəl bizdə iki cür qaçaq olurdu. O adamlar ki, hökumətin, yerli bəylərin, ağaların zülmündən qaçıb qaçaq olurdu, onların kasıb-kusubla, camaatla işi olmurdu. Əksinə, Nəbi kimi, Süleyman kimi qaçaqların, yeri gələndə, kasıblara köməkləri də dəyirdi. Amma elələri də olurdu ki, oğurluq üstündə, başqalarına haqsız ziyan vurmaq üstündə qorxub qaçaq olurdular. Belələrinə hamı nifrətlə baxırdı. Birinci növ qaçaqları babam sülhlə üzə çıxarmağa çalışırdı. İkinciləri isə dağda-dərədə hərləyib, nəhayət, tuturdular. Bir dəfə Bayram babam pul üstündə bir seyidi öldürdükləri üçün iki nəfəri tutub gətirmişdi. Sonra dedilər ki, onları camaatın qabağında güllələyəcəklər. Həmin gün Fatma nənəmlə birlikdə mən də getmişdim tamaşaya. Şəhərin ortasındakı meydana çoxlu adam yığılmışdı. Yeddi-səkkiz nəfər əlitüfəngli hazır dayanmışdı. Fatma nənəm arvadların içində, yerdə oturmuş qoca bir qarını göstərib dedi:– Həmin öldürülən seyidin anasıdı bu arvad.
Yenə də Nuru dayımBir yaz günü bir də gördük Nuru dayım üç tüfəngli milislə, atlı gəldilər bizə. Atam bazardaydı. Anam dayımı görəndə, yəqin ki, Bayram babama görə gözləri yaşardı. Nuru dayımın gözlərindən bir-iki damcı sakit halda üzüaşağı yuvarlanırdı. Mən yüyürüb dayımın gəldiyini Fatma nənəmə xəbər verdim. Arvad qılçaları bir-birinə dolaşa-dolaşa mənimlə gəldi bizə, Nuru dayımın bir neçə saniyə arvadın üstündə dayanan baxışlarında buz kimi soyuq bir şey hiss elədim. Yəqin buna görədir ki, arvad özünü itirib bir söz demədi. Oğlu da bir söz demədi. Mən pərt oldum. Fatma nənəmə yazığım gəldi. Dayımın «yaxşı qulluqda» olmağı da, üç atlı milislə, tüfəngli gəlməyi də gözümdən düşdü. Dayım mənə yad və qəddar göründü.Hamısından betəri də bu oldu ki, səhəri gün Fatma nənəmgilə gedəndə içəridə dayımın qəzəbli səsini eşidərək ayaq saxladım. O, nənəmə deyirdi:
Mənim cənnətimMən bu azca ömrümdə birinci dəfə olaraq insanların rəftarında, bu dünyaya gəlmələrində anlaşılmaz bir uyğunsuzluq və bu uyğunsuzluğu daim müşayiət eləyən acı, biganə bir kədər hiss edirdim. Və başa düşmürdüm ki, nə üçün adamların gülüşü, sevinci mənə süni görünür? Mənə sirayət eləmir?Mən bu aləmə qaynayıb-qarışa bilmirdim. İman kişi gündüz qonşulara kəhrizdən su daşıyıb, gecələr öz aləmi ilə məşğul olduğu kimi, mən də gündüz məktəbə gedir, dərslərimi öyrənir, anamla atamın söhbətlərinə qulaq asıb, gecələr öz otağımda tək qaldıqda öz aləmimlə məşğul olurdum. Bu aləm isə qəribə idi. Fatma nənəm mənə nağıl eləmişdi ki, Firon qərara gəlib ki, gərək yer üzündə də Allahın behişti kimi bir behişt düzəltsin. Firon həmin behiştin torpağını mirvari, ləl-cəvahirat elətdirir, meyvə ağaclarının yarpaqlarını qızıl elətdirir, ab-kövsər kimi şirin bulaq düzəltdirir. Bir sözlə, əsil cənnət yaradıb, dünyanın gözəl qızlarından da gətirdib, huri elətdirir. Və bu cənnət Allahın o qədər xoşuna gəlir ki, əmr edib onu göyə çəkdirir.
Səriyyə və dünyanın ən gözəl duyğularıVəziyyətimiz çətin keçirdi. Ancaq xüsusi ticarətə hökumət icazə verdikdə atam anamın üstündəki qızıl şeylərdən satıb əlində maya eləyərək yenə də xırda dəmir-dümür alverinə başladı. (Mən sonradan bildim ki, bu ticarətə-filana da icazə verilməsi yeni iqtisadi siyasətin nəticəsində imiş...)Vəziyyətimiz bir ara babatlaşdı. Mən dördüncü sinfə keçdiyim ilin yayı bərk isti olduğundan atam bizi Şuşa qalasına apardı. Fatma nənəm isə evimizdə qaldı. Biz anamın xalası Bəyaz xanımgilə düşdük.