Təzə günlərin təzə əhvalatları
Page 2 of 2 · 50%
Həyatda mənim bütün varlığıma hakim olan, bir dəqiqə də olsa, məndən uzaqlaşmayan ilk qorxu hissi bu cür peyda oldu.
... Bizlərdə hökumət orqanları qurulandan sonra on birinci ordunun hissələri, o cümlədən, bizim evdə olan hərbiyəlilər də tərpənib getdilər.
Biz, demək olar ki, tamam yoxsul vəziyyətdə qalmışdıq. Zinyət də çıxıb getmişdi obalarına. Şəhərdə çörək-filan da qit olmuşdu. Anam indi gündə bir dəfə, özü də ucuz başa gələn bişmiş bişirirdi, özü xəstə olanda isə Bəyim xala və ya anama çox uzaq qohumluğu çatan Nabat xala gəlib bişirirdi. Nabat xala qırx beş-əlli yaşlarında qozbel, olduqca xoşsifət bir qadın idi. Ərə getməmişdi. Özündən böyük bacısının ailəsində yaşayırdı. Bacısının əri, əsli Arazın o tayından olan bir tacir idi.
Nabat xalanın bişirdiyi xörəklər qeyri-adi dərəcədə ləzzətli olurdu. Bir dəfə də olsun, mən onu qaşqabaqlı və ya qəmgin görməmişdim. Və mən düşünürdüm ki, kaş mənim anam da Nabat xala kimi qozbel olaydı, amma onun kimi heç bir zaman xəstələnməyəydi! Əlbəttə, mən ürəyimin dərinliyində anamın qozbel olmasına heç də dözməzdim, ancaq anam o qədər tez-tez xəstələnirdi və mən bu barədə o qədər gizli dərd çəkirdim ki, deyirdim, hər nə olurdusa-olaydı amma anam azarlamayaydı. Mən görürdüm ki, Nabat xala heç bir zaman öz taleyindən şikayətlənmir, həmişə təmiz-tarıq, səliqə ilə geyinir, zarafat eləyib anamı güldürür. Hiss edirdim ki, arvad öz söhbətindən, bişirdiyi ləzzətli xörəklərdən də zövq alır. Ancaq özünün yeməyi dörd-beş yaşında uşağın yeməyi qədər olurdu. Başa düşə bilmirdim ki, Allah belə yaxşı bir qadını niyə qozbel yaradıb?
... Sonra gördüm atam anamın qalan daş-qaşlarından, qızıl zinətlərindən nə isə satıb yaxşı qaçan bir at aldı, ingilis yəhəri aldı. Bir gecə də gördüm ki, iki qatar patronla beşaçılan alıb, xəlvətcə gətirdi evə.
Bundan bir neçə gün sonra isə, qaranlıq bir gecədə atam boğazlı çəkmə geyib, patrondaşları bağladı belinə. Göydəmir atı yəhərləyib minərək anama:
– Allah amanatında olasınız! – deyib hara isə getdi.
Mən anamdan soruşdum ki:
– Hara gedir atam?
Anam da ancaq onu dedi ki:
– İşi var, özgə yerə gedir.
Ancaq səhəri gün Fatma nənəmlə danışıqlarına gizlincə qulaq asıb bildim ki, atam dörd yoldaşı ilə Təbrizdən qaçaq mal gətirməyə gedib.
Fatma nənəm dedi:
– Bəlkə o tayda kişini də (yəni Bayram babamı) gördülər.
Anam dedi:
– Ağlım kəsmir... Onlar yiyəsiz yerlərlə çölləmə gedəcəklər.
Bir neçə gündən sonra yenə də qaranlıq bir gecədə atam gəldi. Atın tərkinə bağladığı keçə xurcunu açıb, qaldırdı evimizə. Anam soruşdu:
– Bəs satmağa bir şey gətirməmisiniz?
Atam da cavab verdi ki:
– Gətirmişik. Ədil bəyin evindədir.
Ədil bəy atamın yaxın dostu idi. Üzündə tək-tük çopuru olan yoğun, yaraşıqlı bir kişi idi. Tez-tez bizə gələrdi, bəzən stulda, ya divanda bardaş qurub oturardı, mən də təəccüb edərdim, Ədil əmi bu qədər yoğun qılçalarını necə qatlayıb bardaşqurma otura bilir? Həmişə bizə gələndə gülümsəyib, məndən soruşardı:
– Kişi oğlu, necəsən? Həsən döyər, yoxsa sən?
Həsən onun, məndən iki-üç yaş böyük oğlu idi. Bizim şəhərin lap yaxınlığındakı kəndin kənarında Ədil əmigilin neçə otaqdan ibarət mavi taxtapuşlu böyük evləri var idi. Biz tez-tez onlara qonaq gedərdik. Onun arvadı da Bayram babamın dostu qazı ağanın qızı idi. Arıq, sağlam bir qadın idi.
Atam anama dedi:
– Xurcunu aç, uşaqlara xuşgəbər ver.
Sonra mənə məlum oldu ki, atamgil Təbrizdən cürbəcür parça-filan gətiriblər... Və onlar gətirdiklərini satıb qurtaran kimi, yenə də gizli surətdə Təbrizə getdilər.
Bu əhvalat da mənə çox maraqlı görünürdü. Çünki yaz vaxtı olduğundan bütün çaylar, o cümlədən, Araz daşıb göylə gedirdi. Atamgil özləri Arazı pələdə keçirdilər. Atlar isə üzgüçülərin müşayiətilə Arazı üzüb keçirdilər. Bizim şəhərdən Təbrizə atla üç-dörd günlük yol idi. Bütün bunları mən atamın anamla olan söhbətindən bilirdim, bilirdim ki, pələ çox təhlükəli şeydir. Beş-altı ağacı yan-yana bir-birinə bənd eləyib, altına üç-dörd qoyun dağarcığını üfürüb bağlayırlar, adamlar da otururlar üstündə. Pələçi kürəkləyib keçirir çaydan...
Sonra atamgil yollarda hər saat, dəstə ilə gəzən qaçaq-quldura rast gələ bilərlər. Bütün bu qorxulara baxmayaraq, atam yavaş-yavaş bizim ailə vəziyyətimizi babatlaşdırırdı. Bu da məni sevindirirdi, çünki mən bu az zamanda yoxsulluğun nə demək olduğunu hiss eləmişdim.
... Sovet hökuməti qurulandan sonra Qəza İcraiyyə Komitəsinin sədri bizim mahala gəlmişdi. Evimizdə olan söhbətlərdən eşitmişdim ki, köhnə inqilabçılardandır, Bakıda çox hörməti var. Bizim mahala gələndən sonra da az vaxt içində xeyli hörmət qazanmışdı. Hamı deyirdi: «Yaxşı adamdı...»
Bir gün atam bazardan həyəcanlı gəlib anama dedi ki:
– Qəza İcraiyyə Komitəsinin sədri məni çağırtdırmışdı...
Anam maraqla soruşdu:
– Nəyə görə?
Atam dedi:
– Məndən soruşdu ki, «sənin qayınatan Bayram bəy nə üçün qaçıb İrana?» Mən də düzünü dedim... Dedim, yəqin ki, tutulmaqdan-zaddan qorxub. Dedi: «Sən ona mənim adımdan sifariş göndərə bilərsənmi ki, qorxmasın, gəlsin, çıxsın üzə?»
Anam soruşdu:
– Bəs sən nə cavab verdin?
– Dedim, mənim heylə imkanım yoxdur.
Anam dedi:
– Yaxşı demisən.
Sonra anam sədrin qarasına acıqlı əlavə etdi:
– Sifariş göndərək gəlsin, sən də tutub güllələdəsən...
Atam dedi:
– Axı o, qəribə bir söz də dedi...
– Nə dedi? – Anam soruşdu.
– Dedi ki, Bayram bəyə sifariş göndərin, mən onu tanıyıram, qorxmasın!
Anam yana-yana başını buladı:
– Sən də onun sözünə inandın? Deyirlər, o, gəncəlidi, haradan tanıyacaq dədəmi? Heylə aldillə gətirib tutmaq istəyir.
Atam dinmədi. Mən hiss edirdim ki, atam sədrin sözünə inanır.
O, papiros büküb yandırandan sonra:
– Ancaq, – dedi, – xoşsifət adamdı... Mərdimazara oxşamır.
Anam yenə də acıqlandı:
– Sən də söz danışdın. Bunlara inanmaq olar?
... Ancaq bir gün anam evdə oturub maşında nə isə tikirdi. Mən də artırmada bacımla oynayırdım. Hava soyuq və çiskinli idi. Bir də gördüm çöl tərəfdən həyətimizə atın üstündə, ucaboylu, əynində saçaqlı yapıncı, başında gümüşü papaq bir adam gəldi. Mən diqqətlə baxıb, birdən:
– Babam gəldi! Babam gəldi! – deyə sevinclə qışqırdım, anam da mənim səsimə yüyürdü bayıra. Bayram babam düşüb, atı ağaca bağlayaraq çıxdı artırmaya. Mənim və bacımın üzündən öpüb anamın kefini soruşdu. Sonra yapıncısını çıxarıb kətilin üstünə ataraq anamın verdiyi stulda əyləşdi. Onun yanağında qoşa xal olan yaraşıqlı üzü gündən, ayazdan yanıb mis kimi qızarmışdı. Anam soruşdu:
– Ay dədə, bəyəm, üzə çıxmısan?
(Həmişə anam babamla danışanda, elə bil ki, utanıb çəkinə-çəkinə danışırdı. Bu da mənə qəribə görünürdü. Çünki anam, kiminlə olursa-olsun, danışanda onun səsində həmişə ötkəmlik hiss olunurdu).
Babam:
– Yox, – dedi, – sədr o taya yanıma adam göndərmişdi.
Anam hərarətlə dedi:
– Sən də onun sözünə inandın?
Babam köz kimi qızaran yaqut qaşlı gümüş qutusunu açıb, papiros bükə-bükə dedi:
– İnansam da, inanmasam da gəldim. O tayda yaşamaq mümkün deyil. Gərək orada da qaçaq yaşayasan. Şah ərbablarının əlindən insan təngə gəlir. Çox rəzil olurlar.
Anam dedi:
– Bunlara da etibar yoxdur, dədə.
Babam dedi:
– Ondan keçib... gedəcəyəm...
Babamın pencəyinin altından tapançasının lüləsi görünürdü.
Anam çay-çörək hazırladı. Babam yeyib-içəndən sonra qalxıb yapıncısını çiyninə salıb, anama dedi:
– Sən narahat olma. Mən heç bir yoxsulu-kəndlini incitməmişəm. Görsəm ki, məni aldillə gətirdiblər, sədrin özü üçün də yaxşı olmayacaq...
Mən başa düşmədim ki, bu sözlərlə babam nə demək istəyir. Onu tutandan sonra sədrin nə vecinə olacaq?
Babam ağır, təmkinli addımlarla həyətə enərək atını minib getdi.
Anam dinməz-söyləməz onun ardınca baxa-baxa papiros yandırıb çəkdi. Sonra atam gəldi. Anam əhvalatı ona danışdı, atam da heç bir cavab verməyib papiros yandırdı.
Aradan nə qədər keçdi, bilmədim, sonra bayırda at ayağının tappıltısını eşidərək yüyürdük artırmaya. Babam atdan düşüb, gümrah addımlarla çıxdı yuxarı.
Atam onun qabağına yeriyib:
– Allaha şükür, əşi, – dedi, – sağ-salamat qayıtdın.
Babam yapıncısını çiynindən götürüb stolun üstünə ataraq dedi:
– Əşi, dünyada qəribə işlər olur.
Anam soruşdu:
– Nə məsələdi?
Babam dedi:
– Atı İcraiyyə Komitəsinin həyətində bağlayıb çıxdım sədrin otağına, özü də söz verdim ki, qarınınki Qurandan keçib, əgər görsəm ki, məni tutmaq istəyir, o saat vurum. Ancaq kişi məni görən kimi qalxıb gülə-gülə qabağıma yeridi. Mənimlə əl tutuşub soruşdu: «Bəy, məni tanıdınız?» Dedim: «Xeyr». Zarafatla dedi: «Heylə şeyi yaddan çıxarmaq olar, bəy? O vaxt siz Şıpartı dərəsində məni qaçağın əlindən almasaydınız, indi sümüyüm də sürmə olmuşdu».
Atam həyəcanla dedi:
– Odur ki, atalar deyib: «Yaxşılıq itməz». Sonra nə oldu?
Babam dedi:
– Sonra da bildirdi ki, məni qəza milis rəisi təyin edirlər. Doğrusu, olmaq istəmirdim, dedim, axı mən firqəçi deyiləm. Özüm də sizdən qaçmışdım. Deyir, biz sizə etibar eləyirik. Deyir, sizdən birinci xahişim budur ki, hansı yolla olur-olsun, banditizmi ləğv eləməkdə bizə kömək eləyəsiniz. Nüfuzlu adamsınız, deyir, sizin sözünüzü eşidərlər.
Bu xəbər hamıdan çox məni sevindirdi, mən şəhərimizdə təzə peyda olmuş milisləri görürdüm. Demək, mənim babam bütün o milislərin naçalniki olacaq! Bu, mənim izzəti-nəfsimi oxşayırdı...
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-teze-gunlerin-teze-ehvalatlari
Use ← → keys to move, R for a random poem
More by this author
Bir yaz günü bir də gördük Nuru dayım üç tüfəngli milislə, atlı gəldilər bizə. Atam bazardaydı. Anam dayımı görəndə, yəqin ki, Bayram babama görə gözləri yaşardı. Nuru dayımın gözlərindən bir-iki damcı sakit halda üzüaşağı yuvarlanırdı. Mən yüyürüb dayımın gəldiyini Fatma nənəmə xəbər verdim. Arvad qılçaları bir-birinə dolaşa-dolaşa mənimlə gəldi bizə, Nuru dayımın bir neçə saniyə arvadın üstündə dayanan baxışlarında buz kimi soyuq bir şey hiss elədim. Yəqin buna görədir ki, arvad özünü itirib bir söz demədi. Oğlu da bir söz demədi. Mən pərt oldum. Fatma nənəmə yazığım gəldi. Dayımın «yaxşı qulluqda» olmağı da, üç atlı milislə, tüfəngli gəlməyi də gözümdən düşdü. Dayım mənə yad və qəddar göründü.Hamısından betəri də bu oldu ki, səhəri gün Fatma nənəmgilə gedəndə içəridə dayımın qəzəbli səsini eşidərək ayaq saxladım. O, nənəmə deyirdi:
Mənim cənnətimMən bu azca ömrümdə birinci dəfə olaraq insanların rəftarında, bu dünyaya gəlmələrində anlaşılmaz bir uyğunsuzluq və bu uyğunsuzluğu daim müşayiət eləyən acı, biganə bir kədər hiss edirdim. Və başa düşmürdüm ki, nə üçün adamların gülüşü, sevinci mənə süni görünür? Mənə sirayət eləmir?Mən bu aləmə qaynayıb-qarışa bilmirdim. İman kişi gündüz qonşulara kəhrizdən su daşıyıb, gecələr öz aləmi ilə məşğul olduğu kimi, mən də gündüz məktəbə gedir, dərslərimi öyrənir, anamla atamın söhbətlərinə qulaq asıb, gecələr öz otağımda tək qaldıqda öz aləmimlə məşğul olurdum. Bu aləm isə qəribə idi. Fatma nənəm mənə nağıl eləmişdi ki, Firon qərara gəlib ki, gərək yer üzündə də Allahın behişti kimi bir behişt düzəltsin. Firon həmin behiştin torpağını mirvari, ləl-cəvahirat elətdirir, meyvə ağaclarının yarpaqlarını qızıl elətdirir, ab-kövsər kimi şirin bulaq düzəltdirir. Bir sözlə, əsil cənnət yaradıb, dünyanın gözəl qızlarından da gətirdib, huri elətdirir. Və bu cənnət Allahın o qədər xoşuna gəlir ki, əmr edib onu göyə çəkdirir.
Səriyyə və dünyanın ən gözəl duyğularıVəziyyətimiz çətin keçirdi. Ancaq xüsusi ticarətə hökumət icazə verdikdə atam anamın üstündəki qızıl şeylərdən satıb əlində maya eləyərək yenə də xırda dəmir-dümür alverinə başladı. (Mən sonradan bildim ki, bu ticarətə-filana da icazə verilməsi yeni iqtisadi siyasətin nəticəsində imiş...)Vəziyyətimiz bir ara babatlaşdı. Mən dördüncü sinfə keçdiyim ilin yayı bərk isti olduğundan atam bizi Şuşa qalasına apardı. Fatma nənəm isə evimizdə qaldı. Biz anamın xalası Bəyaz xanımgilə düşdük.
Mən və yeni həyatMən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Poems by other poets
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
با من چو بخندید خوش آن در خوشاببر خنده ز شرم دست را کرد نقاب