Tufandan sonra
Page 3 of 5 · 40%
– Ə, niyə dinmirsən? – deyə səs təkrar eşidildi. – Kimsən, səsini çıxar! Yoxsa odladım...
Və qaranlıqda çaxmaq şaqqıltısı eşidildi.
O zaman oğlan qızı usdufca yerə qoyaraq, nəfəsini bir an dərdi:
– Yol azmışıq, – deyə batqın səslə cavab verdi. – Yaxın gəl, kömək elə!..
– Nəyə kömək eləyim? – deyə indi səs yaxından eşidildi və oğlan əl fənərinin işığını həmin tərəfə saldıqda, çiynində yapıncı, əlində beşatılan tüfəng olan cavan bir adamın dayanıb onlara baxdığını gördü və acıqlı bir ifadə ilə:
– Niyə durmusan, – dedi, – quldur-zad deyilik ki...
Çoban ehtiyatla yaxınlaşaraq:
– Bu qıza nə olub, ə? – deyə soruşdu.
– Bu oğlan, qızı yeddibaşlı divin tilsimindən qurtarıb qaçıranda yıxılıb, ayağı burxulub, – deyə qız cavab verdi.
– Necə? – deyə çoban təəccüblə səsləndi.
Oğlan belə bir vəziyyətdə zarafat eləyən qıza təəccüblü bir nəzər salaraq, əyilib onu yerdən qaldırdı... Sonra amiranə bir səslə çobana dedi:
– Düş qabağa...
... Çobanın balaca otağı fənər ilə işıqlanmışdı... Ortada ocaq yanırdı.
– Buyurun, – deyə çoban, onları özündən qabaq içəri buraxdı.
Oğlan qızı ocağın qırağındakı ayı dərisinin üstünə qoyaraq, dərindən nəfəs aldı.
– Deyəsən, yaman yorulmusan... – deyə çoban oğlana baxaraq, çayniki ocağın üstünə qoydu. Sonra qıza ötəri bir nəzər salıb soruşdu:
– Hansı ayağındır?
Qız sağ ayağını göstərdi.
Çoban bir anlıq tərəddüddən sonra, ocağın yanındakı kötüyün üstündə oturmuş oğlana müraciətlə:
– İzin verseydin, baxmaq olardı...
– Bəyəm başın çıxır? – deyə oğlan birdən-birə canlanaraq soruşdu.
– Bir az başım çıxır, mənim atam da, babam da sınıqçı olublar.
Qız ayağını irəli uzadaraq, – gəlin baxın, – dedi.
Lakin çoban yerindən tərpənməyərək, eyni tərəddüd içində oğlana işarə ilə:
– Əgər, – dedi, – yoldaşın razı olarsa, baxmaq olar...
Qız ayağının ağrısına baxmayaraq, bərkdən güldü:
– Yoldaşım qısqanc deyil, gəlin baxın, – dedi.
Oğlan ciddi ifadə ilə çobana dedi:
– Bax, görək nə olub?
... Çoban qızın çəkməsini, corabını usdufca çıxararaq, onun gözəl ayağını diqqətlə müayinə edirdi...
Oğlan qaşqabaqlı nəzərlərlə baxırdı.
Qız dodaqlarını bərk-bərk sıxaraq, ağrıya davam gətirməyə çalışırdı.
... Çoban qızın ayağına nə isə elədi. Qız bərkdən qışqırdı!
... Çoban qızın ayağını sarıyıb qurtarandan sonra:
– Qorxma, – dedi, – tez sağalar.
Sonra oğlana müraciətlə əlavə etdi:
– Ancaq beş-altı gün gərək uzansın.
– O... beş-altı gün... – deyə qız oğlana baxdı.
– Azı... – deyə çoban, nə üçünsə gülümsədi.
Sonra balaca taxta şkafı göstərib dedi:
– Orda çörək, pendir... çay, qənd də var... Mən gedirəm qoyunun içinə, siz pal-paltarınızı qurudun, rahatlanın.
Sonra qatlama çarpayıya işarə ilə dedi:
– O da mənim yorğan-döşəyimdir. Rəbiyə bu gün təzə döşəkağı, yastıqüzü göndərib... Heç hələ qatını da açmamışam...
– Rəbiyə arvadımdır? – deyə qız maraqla soruşdu.
– Bəli, arvadımdır, – deyə çoban xəfifcə gülümsədi. – Özü də yeddi oğul, bir qız anasıdır. O “Vaqif”dəki küpəgirən qarı demişkən...
– Özünüz belə cavan... – deyə qız gülümsəyərək, cümləsini bitirmədi.
– Cavan deyəndə ki... siz deyən çox da cavan deyiləm. Otuz səkkiz yaşım var... Ancaq Rəbiyə ilə yarışa girmişik, o, uşaqların sayını artırmaqdadır, mən də qoyunların... görək axırı nə olur...
– Yaxşı yarışdır... – deyə qız bərkdən güldü...
– Gecəniz xeyrə qalsın, – deyə çoban qalxıb yapıncısını götürdü...
Qız soruşdu:
– Bəs, siz özünüz harada yatacaqsınız?
– Qoyunun içində.
Və gülümsəyərək əlavə etdi:
– Göydəki ağ buludlar yorğanıdır çobanın! Yadınızdadır, məktəbdə oxuyardıq...
... Çoban gedəndən sonra balaca otağa ani bir sükut çökdü. Hər ikisinin gözü çırtıltı ilə yanan ocağa zillənmişdi.
– Yamanca kələyə düşdük... – deyə, nəhayət, qız gözlərini ocaqdan çəkib oğlana baxdı.
– Bir kələyi yoxdur. İşdir olub, ancaq, sizinkilər indi yəqin ki, yaman təşviş içindədirlər.
– “Bizimkilər”, – deyə Leyla zarafatyana cavab verdi, – ərimlə iki geoloq yoldaşımdan ibarətdir... Onlar da kişidirlər, dözərlər...
– Ata-ananız yoxdur?
– Heç kəsim yoxdur.
... Yeganə stəkanda qıza, dəmir dolçada da özünə çay tökdü...
... Sonra oğlan yorğan-döşəyə təzə yastıqüzü, təzə döşəkağı çəkərək:
– Bu lap ingilis kraliçasına layiq yer oldu, – dedi və qızın əllərindən tutaraq qaldırdı.
– Bəs siz? – deyə qız çarpayının üstündə oturaraq soruşdu.
Oğlan ocağın qırağındakı ayı dərisini göstərdi:
– Siz soyunun yatın. Mənə görə narahat olmayın, – dedi və qapıdan çıxdı.
... Qız soyunub paltarlarını ocağın yaxınlığındakı stolun üstünə sərərək, çarpayıya uzandı...
... Məcməyi boyda Ay üfüqdən qalxaraq, meşəli dağları, çölləri gümüş kimi işıqlandırdı.
... Oğlan yavaş-yavaş addımlayaraq, böyük ağıla yaxınlaşdıqda, itlər bərkdən hürüşdülər...
– Ay it! – deyə qədd-qamətli çoban ağılda yatışan qoyunların arasında göründü.
... Oğlan ilə çoban ağılın kənarında dayanmışdılar.
Çoban deyirdi:
– Düzü, mən meşənin o biri tərəfində olmamışam. Ona görə də, o yerlərə bələd deyiləm. Bu tərəflərdə də qızıl axtaranlara rast gəlməmişəm... Səhər açılsın, xeyir gəlsin...
Qısa sükutdan sonra çoban əlavə etdi:
– Aydın burda olsaydı...
Oğlan soruşdu:
– Aydın kimdir?
– Mənim çoban yoldaşımdır. Toy eləyəcək. Ona görə də, kolxozdan bir aylıq məzuniyyət götürüb.
– Tək sənin üçün çətin olar...
– Eybi yoxdur, – deyə çoban arxayınlıqla cavab verdi. – Sağlığına işimiz pis deyil. Keçən il hər qoyundan iki bala almışıq. Bu il də elə olacaq... Qoyun bərəkətli heyvandır. Camaatı yavanlıqdan korluq çəkməyə qoymur...
– Kəndiniz bura yaxındır?
– Yox... Yüz səksən kilometrdir, odur, o işıq gələn də bizim kolxozun binələridir.
– Sənə əziyyət verdik...
– Sağ olmuş, əziyyət nədir? O gün nazir də gəlib bura çıxmışdı. Deyir, Rəşid, bu yiyəsiz dağlarda darıxmırsan? Dedim, əşi, bu qədər dövləti (çoban əli ilə ağılda yatışan qoyun sürüsünü göstərdi) bəsləyən də darıxarmı...
“Eh...” deyə o, dərindən nəfəs aldı:
– Çobanın canı bu dağlardadır. Evə gedib çimirəm, təmizlənirəm, sağlığına televizorumuz da var, radiomuz da. Rəbiyə ipək yorğan-döşəkdən taxtın üstündə yer salır. Di gəl ki, bu qoyunun içində yatmağın ləzzətini vermir.
– Uşaqlardan məktəbi qurtaran var? – Oğlan döşündən asdığı tranzistoru qurdalaya-qurdalaya soruşdu.
– Var. Böyük oğlum keçən il universitetə girdi... Qız da bu il məktəbi qurtarır...
Bir qədər susduqdan sonra əlavə etdi:
– Qoy oxusunlar. Onlar ayrı cür yaşayacaqlar.
... Sonra çoban göyə baxaraq dedi:
– Radionu bir açsana. Konsertin vaxtıdır.
– Nədən bilirsən? – deyə oğlan soruşdu.
– Ulduzlardan.
Oğlan tranzistoru qurdu...
Aydınlıq içində olan dağlara, çöllərə qədim bir Azərbaycan mahnısı yayıldı.
... Oğlan sakitcə otağa daxil oldu.
... Qız çarpayıda şirin yuxuya getmişdi. Onun yarıya qədər çılpaq sinəsi aramla enib qalxırdı...
... Oğlan səs salmamağa çalışaraq, çırağı söndürüb, çəkmələrini çıxartdı... Sonra plaşına bürünüb, ocağın qırağındakı ayı dərisinin üstünə uzandı.
... Murov dağlarının yiyəsiz ətəklərində bütün insanlardan uzaq üç nəfər yuxuya getmişdi.
... Çoban, yapıncısına bürünərək başını iri qoçun quyruğu üzərinə qoyub, qoyunların arasında yatmışdı...
... Artıq sönməkdə olan ocağın zəif ziyası oğlanın üzünü və qızın yarıaçıq sinəsini işıqlandırırdı.
... Qalın meşənin ortasında alovlanan böyük ocağın qırağında üç nəfər oturmuşdu.
... Mərdan kürəyini iri palıda söykəyərək yuxulamışdı...
... Elxan gözlərini ocağa zilləyərək xəyala getmişdi...
Laçın dalbadal papiros çəkərək, diqqətlə meşədən gələn səsləri dinləyirdi...
... Ay yavaş-yavaş dağların arxasına enirdi...
... Bir qırqovul xoruzu qanadlarını çırparaq, yarpaqlar arasından başını çıxarıb, günəşin üfüqdə lalətək qızaran ilk işığına baxdı.
... Sanki qız balaca pəncərədən üzünə düşən günəş işığından diksinərək gözlərini açıb, ocağın üstündə çay dəmləyən oğlanı gördü... Və oğlanın günəşdən, ayazdan yanmış sərt çöhrəsi onun nəzərləri qarşısında qəribə bir aydınlıqla böyüdü...
– Yaxşı yatdınız?
... Qız cavab verməyərək, ona baxıb gülümsəyirdi...
– Niyə gülürsünüz? – oğlan soruşdu.
– Gecə sizi yuxuda gördüm.
– Nə cür?
– Görürəm ki, bulağın yanındakı qayanın üstündə bir ayı durub bizə baxır. Mən, “Vur o ayını” deyə qışqırıram. Siz isə, qaşqabağınızı töküb, cavab vermirsiniz... O zaman mən, sizi qollarımızdan tutub bərk-bərk silkələyirəm... Siz dinmirsiniz ki, dinmirsiniz...
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-tufandan-sonra
Use ← → keys to move, R for a random poem
More by this author
Yay isti gəldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedək. El çoxdan köçmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razı deyildi, «yollar doludur qaçaqla» deyirdi, anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerdə kişini tanıyırlar, neyləyəcəklər bizə». Ancaq Fatma nənəm öz təşvişi barədə Nuru dayımın yanında bir kəlmə də danışmırdı, nənəm bilirdi ki, əgər danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əgər bir şey olsa, dayım dinc durmayacaq.Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki günə gedib çıxırdı, ancaq biz üçatlı faytonla gedirdik. Atamla Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamınkı isə boz idi. İkisi də cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə geyib, belinə üç patrondaş çəkərək zağlı, gödək beşaçılan, taxta beşaçılan, taxta qoburlu onatılan tapança götürmüşdü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür həşəri – boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünki mən heç bir zaman onu Nuru dayım kimi at çapan, güllə atan görməmişdim.
QaracaMən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.
Qaçaq Xanmurad və Selbasarlıların obamıza basqınıYastı qayanın üstündə cavanlar dayımın öz qohumu Ağakişi haqqındakı məzəli söhbətinə qulaq asıb, qəhqəhə ilə gülürdülər. Bir də gördük dağın dalından bir dəstə atlı çıxıb obaya girdi. Qabaqda da Qaçaq Xanmurad. Dayımgil qalxıb onların qabağına yeridilər, Qaçaq Xanmuradın rəngi ağappaq idi, havanın isti olmasına baxmayaraq, çiynində yapıncı var idi. O, atdan düşən kimi dayım soruşdu:– Nə olub, Xanmurad, birtəhər görünürsən?
Bayram babamın obaya gəlməsi və Qızyetərin əhvalatıSəhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.
Poems by other poets
Hanı o yarə uyub, xəlvət etdiyim gecələr?Ənisü-munis, olub söhbət etdiyim gecələr?
TeymurləngəMəşriqü Məğrib müsəxxərdir sənə,Dövləti-nüsrət müqərrərdir sənə,
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Gəlsin, gəlməsinBir deyən yoxdur o məhcəmaləAşiqi-nalan gəlsin, gəlməsin?