Page 2 of 3 · 33%

Südabə mənim paltomu və papağımı alıb sadə taxta asqıya keçirdi.

– Əvvəlcə çay içmək istəyirsiniz, yoxsa...

– Yaman acıq, – dedim.

Sonra sobanın üstündəki balaca qalaylı qazana işarə ilə:

– Qorxuram, bundan bir şey olmasın, – deyə zarafat elədim.

İçəridəki ucaboylu qadın əyilib Südabənin qulağına nə isə pıçıldadı və qız gülümsəyərək:

– Xala sizin üçün plov bişirmək istəyir, – dedi.

– Çox sağ olun!

– Bu qonağın düyü xörəyindən xoşu gəlmir, – deyə o, stolun üstünə çəngəl-bıçaq qoyaraq qadına cavab verdi.

Sonra təmiz boşqablara çəkilmiş qovurmanı gətirib bizim qabağımıza düzdükdə:

– Bəs özünə? – deyə soruşdum.

– Özüm də oturacağam. Bu gün nahara gəlməyə macalım olmayib.

Lakin o, bizim kimi həvəslə yemirdi. Ağzını yavaş-yavaş tərpədərək mənim necə iştaha ilə yediyimə tamaşa edirdi. Keçmişlərdə, təsadüfən bir yerdə nahar elədiyimiz zamanlarda olduğu kimi, xəfif, fərəhli bir təbəssümlə tamaşa edirdi.

Çörəkdən sonra Südabə bizə çay töküb verərək, özü evlərinə məktub yazmağa başladı.

Mən onun çoxdan manikürsüz, dibdən kəsilmiş təmiz dırnaqlarına baxırdım. Mən onun soyuqdan azca çatlamış əllərində indi sərt, yabanı bir gözəllik duyurdum. Mən ixtiyarsız olaraq, başımı qaldırıb onun üzünə baxanda isə diksindim... sanki bu mənim indiyə qədər görüb tanımadığım tamam ayrı, yad və uzaq bir sima idi. Lakin bununla belə, çırağın sarı ziyası ilə işıqlanmış həmin bu yad simada mənim dünyada birinci dəfə görüb hiss etdiyim heyrətli bir gözəllik var idi. O, tünd-şabalıdı saçlarını yumrulayıb sancaqlamışdı. Aşağı enmiş kirpikləri gözlərinin altını kölgələndirmişdi. Bu iri kölgədəki əsrarəngizlik, düz burnu, uzun və şəffaf boğazının sol tərəfindəki qara xal onun ağ, qızılgül ləçəyitək zərif üzünün gözəlliyinə qeyri-adi bir ahəng verirdi. Mən əvvəllərdə də bunu hiss edirdim. Lakin indi... qaranlıq düzün ortasındakı bu balaca otaqda, neft çırağının sarı ziyası içində bu gözəlliyin ahəngi mənim üçün tamamilə yeni idi. Yeni bir nəğmə idi... Birdən bayırda, mənim keçib gəldiyim geniş düzənlikdə qalxan küləyin soyuq uğultusu bu sözsüz nəğməmi batırdı. Ürəyimdə ağır, çox ağır bir pərişanlıq hiss edərək, bütün həyat tərəfindən unudulmuş kimi qəribsədim.

O, məktubu bitirərək, qalxıb arakəsmənin dalından təzə toxunmuş bir yun şal gətirdi, zərfi də onun arasına qoyaraq, səliqə ilə qatlayıb balaca çit parçasına bağladı.

Artıq paltolarımızı geymişdik. O, şalı mənə uzatdıqda birdən dayandı. Bir an bayırdakı küləyin uğultusunu dinlədi. Sonra:

– Bəlkə qalıb səhər gedəsiniz, – dedi, – biz xala ilə o biri otaqda yatarıq.

Bu zaman əlində odun parçaları içəri girən ucaboylu qadın da:

– Qalsanız yaxşıdır, – deyə təsdiq etdi. – Yaman qarlayır, bu saat yolu-rizi tutacaq. Allah eləməmiş, birdən düzdə azarsınız.

Mən:

– Heç nə olmaz, – deyə şalı qızdan alıb, balaca əl çamadanına qoydum.

Və qadının təsvir etdiyi təhlükə ehtimalı məndə anlaşılmaz bir ruh yüksəkliyi doğurdu. Südabə daha təkid etmədi və mənim sözümə baxmayaraq, bizi ötürmək üçün yoxuşun ayağına, maşının dayandığı yerə qədər gəldi. Qaranlıq çöldə külək uğuldayır, seyrək qar səpələyirdi. Mikola yerinə keçəndən sonra mən:

– Südabə, – dedim, – nə üçün inad edirsən, nə üçün şəhərə gəlmək istəmirsən?

O mənim əllərimdən tutaraq keçmişlərdə, fərəhli axşam görüşlərindən qayıdıb ayrıldığımız zamanlarda olduğu kimi yaxın, doğma, əziz bir ahənglə:

– Cəmil, – dedi, – mən səndən inciməmişəm.

Nəfəsi daraldığı üçün bir an susdu. Sonra sözünə davam edərək dedi:

– Mən səni həmişə yaxşılıqla xatırlayacağam. Get, ancaq yaman soyuqdur! Özünü gözlə! Əgər yolu itirsəniz, mənim işığımı tuş tutub, geri qayıdın. Çırağı səhərə qədər söndürmərəm. Bizim işıqlar lap Bakı yolunacan görünür.

Mən ondan ayrılaraq iti addımlarla gedib maşına mindim.

– Do svidaniya, – həmişə bizimlə azərbaycanca danışan Mikola bu dəfə qıza rusca müraciət etdi:

– Do svidaniya, – deyə Südabə cavab verdi. Mən onun səsində bir titrəyiş hiss elədim.

Maşın tərpənib qar örtmüş düzləri işıqlandıra-işıqlandıra irəlilədi. Mən pəncərədən başımı çıxarıb geri baxdım və ağaran qarın üzərində Südabənin qaraltısını seçdim. O hələ də eyni yerdə durub baxırdı. Sonra, xeyli sonra balaca, zəif bir işığın ağır-ağır yuxarı qalxdığını gördüm. Yəqin ki, bu onun əl fənərinin işığı idi.

Daha sonra maşın uzaqlaşdıqca tez-tez pəncərədən başımı çıxarıb geriyə, fermanın işıqlarına baxırdım və zaman keçdikcə onlar da bir-birinin ardınca sönürdü. Nəhayət, qaranlıq düzənliyin ortasında güclə seçilən tək bir işıq qaldı. Sonra o da yox olduqda, «doğrudanmı, o, çırağı söndürdü?» deyə kədərlə düşündüm. Lakin o tək işıq yenə də göründü və yalnız biz gəlib Bakı asfalt yoluna çıxandan bir qədər sonra tamam gözdən itdi.

Elə bil ki, çölü bürüyən qaranlıq daha qatı, soyuq və kədərli oldu. O zaman mən balaca əl çamadanını götürüb dizlərim üstünə qoydum. Lakin onu açıb əllərimlə şala təmas etdikdə, iki saat bundan əvvəl neft çırağının işığında məktub yazan qızın siması bütün o qəribə gözəlliyi ilə qarşımda görünüb və bir anda da məndən uzaqlaşdı. Mən çölü bürüyən soyuq qaranlıq içində ağır, dərin bir ümidsizlik, bir qəriblik hiss edərək yun şalın üzərinə yıxıldım...

Səhər gəlib evimizə çatdığım zaman bütün ailəmiz böyük yemək otağında əyləşib çay içirdi. İnstitutda professor olan və yaşına nisbətən çox gənc görünən atam da, bacım Firəngiz və onun bakenbardlı, çəhrayı bənizli nişanlısı da, həmişə yaxşı geyinməyi sevən qədd-qamətli anam da buradaydı. Hamısı məni xoşbəxt və mehriban təbəssümlə qarşılayıb, ordan-burdan sorğu-suala tutdu. Yalnız bacım Firəngiz susub mənə təəccüblə baxırdı və mən bunu hiss edərək, tələsik öz otağıma keçib qapını örtdüm, daha doğrusu, bağladım. Sonra yun şalı çıxarıb, açarı həmişə özümdə olan böyük kitab şkafında gizlətdim. Axşam saat doqquzda yenə də otağımın qapısını bağlayıb, yun şalı sahibinə göndərmək üçün şkafdan çıxartdım. Çit bağlamanın qırçını arasından təzə, merinos yunundan toxunmuş şalın bir parçası görünürdü.

Bu yun şalı o toxumuşdu və indi mən onu həmişəlik olaraq öz sahibinə göndərməli idim. Mən pəncərədən başımı çıxararaq, aşağıda maşında gözləyən sürücüyə:

– Gedə bilərsən Mikola, bu günlük mənə lazım deyilsən, – dedim.

Maşın səslənib uzaqlaşdıqda, ürəyimdə ani bir yüngüllük hiss edərək, yun şalı çarpayımın böyründəki balaca stolun üstünə qoydum.

Lakin nə olursa-olsun, şalı sahibinə vermək lazım idi və mən o biri axşam yun şalı sürücü ilə göndərmədim, özüm götürüb apardım! Özü də yemək otağından deyil, o biri qapıdan çıxdım. Nə üçün? Bilmirəm. Heç nə bilmirəm.

Mən Südabəni qapılarına qədər çox ötürmüşdümsə də, nə evlərinə girmişdim, nə də ailəsi ilə tanış idim. Lakin bilirdim ki, o, atasının-anasının bircəciyidir. Onu da bilirdim ki, köhnə rus dili müəllimi olan atası üç il bundan qabaq pensiyaya çıxmışdır.

Balaca evin pillələrini qalxıb ümumi şüşəbəndə girdim və kəndirə sərilmiş paltarları yığışdırmaqda olan bir rus qadınından Möhsünzadəgilin hansı otaqda yaşadıqlarını soruşdum. Qadın çox həvəslə gəlib otağı göstərdi. Zəngi çaldım.

– Buyurun, – deyə içəridən kişi səsi eşidildi.

Mən daxil olduğum zaman ortada qoyulan balaca stolun arxasında oturmuş yaşlı kişi qəzet oxuyur, qapı tərəfdə oturmuş yaşlı qadın isə corab toxuyurdu. Onlar heyrət ediləcək qədər bir-birilərinə bənzəyirdilər. İkisi də bir yaşda görünürdü. İkisinin də saçları dümağ idi. İkisi də balaca, yumru və xoşsifət idi. İkisi də salamımı alıb, eynəklərinin altından maraqla mənə baxdı.

– Bu əmanəti Südabə göndərib, – deyərək bağlamanı stolun üstünə qoyanda ikisi də birdən ayağa qalxıb eynəklərini çıxartdı.

– Siz orada işləyirsiniz? – deyə kişi soruşdu.

– Xeyr, – dedim, – ezamiyyətə getmişdim.

– Əyləşin, əyləşin, – deyə ikisi də bir ağızdan təklif etdi.

Mən kürsü çəkib oturandan sonra özləri də əyləşdilər.

– Necədir, sınıq deyil ki? – deyə ana soruşdu.

– Xeyr, burdakından da yaxşıdır.

– Siz Südabəni burada görmüşdünüz?

– Bəli, görmüşdüm, – deyə cavab verdim.

Və onların maraqla mənə dikilmiş nəzərlərini öz üzərimdən yayındırmaq üçün:

– Şalın arasında məktub var, – dedim.

Ana tələsik bağlamanı açaraq zərfi götürüb cırdı və məktubu nəzərdən keçirmək istərkən ata eynəyini taxıb:

– Ver görüm, – deyə kağızı ondan alıb uca səslə oxumağa başladı:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets