Page 3 of 3 · 67%

“Duş”dan düşən tək-tək damcıların daha da dərinləşdirdiyi sükut içində ağır addım səsləri eşidildi, palma ağacı səmtindən bəri yaxınlaşıb qapının arxasında yavaşıdı. Qaşlarını çatıb qapıya baxan Sultanla birlikdə Səməd də hiss etdi ki, ayaqları çəkələkli, ehtiyatlı Müslüm deyil bu gələn, kim isə başqasıdır.

Sürməli qadın gözləri qapının arasından içəri boylananda prokuror Sayılovun bu gəlişi Səmədi nə qədər heyrətləndirdisə, Sultanı, əksinə, bir o qədər sevindirdi.

– Bu da bir nəfər “iki tərəfə işləyən”imiz, qardaşoğlu! Gör indi neyniyəcək bu qoltuğu qovluqlu Bezobraziye murdarı!

Sayılov gülümsünməyə çalışırdı:

– “Bezobraziye” elə hamımızın möhürümüzdü, Sultan Mamedoviç! “Murdar” bir qədər insafsızlıq olar. Kəlbəcərin SafAğ – “Səfa” dağının əb-həvasından da saf ab-havasında böyümüşəm. İlk dəfə orda prokuror olmuşam, məhz saflığıma görə yoldaşlarım sənin rayonuna göndəriblər axı məni!.. Belə danışa-danışa irəli yeriyib, üstündə “Delo” yazılmış qalın kardon qovluğu açıb, kağızları bircə-bircə göstərməyə başladı: – Bu “Səməd Mədəd oğlu Əmirli haqqında cinayət işi!” Bu, müxtəlif vaxtlarda müxtəlif həkimlərin tərtib etdikləri, cinayətləri təsdiqedici sənədlər! Bu da müxtəlif adamların ifadələri, müxtəlif rabotniklər tərəfindən yazılmış, müzakirələrdən keçmiş, yoxlanmış, milis şöbəsi ilə bizim tərəfimizdən təsdiqlənmiş müxtəlif xarakterli materiallar. Oxusanız, lap elə-belə, ötəri tanış olsanız, şəxsən sizə pis təsir edər, Sultan Mamedoviç. Odur ki, icazənizlə, qardaşoğlunuzun özünün şahidliyi ilə, sizin gözləriniz qarşısında cinayət işini büsbütün məhv edirəm. Əvəzində çox adi və çox sadə bir xahişim var: “Bacanağ”ın məni işdən qovdurmasına yol verməyin, Sultan Mamedoviç! Qardaşoğlunuz qədər saf insan yoxdu bu dünyada. Mən bilirəm onun qiymətini. Siz də həqiqətən murdar adamabənzərlər arasında mənim az-çox insanlığımı qiymətləndirin. Yaşımın, yaddaşımın, Qılınc demişkən, “kaporavalni” vaxtında sizin AğBizənli Alının sazını, sözünü dinləmişəm. Elm öyrənmişəm. Ürək adamıyam mən, Sultan Mamedoviç, soyuq mühakimələr prokuroru deyiləm! Budur, cırıram bu Bezobraziye materiallarını!

Kağızların hamısını parça-parça eləyib, həmin qovluğun arasına doldurub döşəməyə qoydu.

– Rahatlığınıza xələl gətirdiyimə görə üzr istəyirəm!.. Həmişə qulluğunuzda hazıram! – deyib getdi.

Müslüm gəlib, qovluğu götürdü.

– Tək Sayılovun işi deyil, hamısı belə qərara gəlib. – dedi. – Başqa qurğuları var. Təxminən bilirəm, deyəsən sui-qəsddi. Məhərrəm Abbasoviçə çatdırdım. Öz mühafizəçilərinə göstəriş verdi. Heç narahat olmayın.

Sultan qovluğu alıb, cırılan sənədləri gözdən keçirdi.

– Yaxşı oldu, bu valakitadan canımız qurtardı, Müslüm. Qonaqlar gəlmirlər?

Müslüm qovluğu qoltuğuna vurub qımışdı.

– Dəniz vurğunu Rudenko dənizdən aralanarmı?

– Bu da yaxşı oldu, Müslüm. Belə bürküdə qonaqnan oturmaq çətin işdi... Bircə balaynan oturmaq isə hər ikimizin xeyrimizədi... Demək, sui-qəsd?

– Bəli... Siz çox narahat olmayın. Mən özüm də nəzarət dəstəsiynən əlaqə saxlıyacam.

Sultan şoferinin səsinin titrəyişinə diqqət yetirməyə bilməzdi. İstər-istəməz sərtləşib:

– Yaxşı... get! – dedi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Süleyman padşahın xəzinəsi 8

Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatının”, “Cəbrin”, “Həndəsənin”-filanın vərəqlərini o yan-buyana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.

14 min
Süleyman padşahın xəzinəsi 9

Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.

22 min
Süleyman padşahın xəzinəsi 10

Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:– Salam, əzizim. Mən Saşayam, – dedi.

18 min
Süleyman padşahın xəzinəsi 11

Hardasa kim isə heybətli səslə bağırırdı:– Korsunuz?!. Görmürsünüz?!.

46 min

Poems by other poets