Page 1 of 23

Müslüm gedəndən sonra Sultan dönə-dönə başını bulayıb, papiros sümürdü.

– Sui-qəsd... Yenə sui-qəsd! Ağ Əmirnən Boz Əmirin başlarını xurcunda gətirib nümayiş elətdirdilər qələbələrini! “Boqi obezqlavleni” yazdılar, yenə də qələbə hiss eləmədilər. O tayda qırğınlar, bu tayda sürgünlər, qırğınlar! Türkiyədə bədbəxt AtaTürkümüzün öldürməknən kifayətlənməyib orda da gizlin qırğın getdi! Ermənilərin aralarındakı Sovet kəşfiyyatçılarıynan bir yerdə Andranikin qılıncını işə saldılar! Yenə sakitləşmədilər! Pariji, bütün Avropanı Erməniynən doldurub tufan, tünü kimi antitürk təbliğata başlayıb dünyanı əleyhimizə qaldırdılar! Guya Bakıda on səkkizinci ildə Türkü qıran da Erməni deyilmiş! Guya əsas neft yataqlarını xaricilərə satan da Erməni deyilmiş! Hətta Leninə məktubları var: “Baku, eto armyane i ruskiye!” Uddular var-yoxumuzu, yenə də qələbə hiss eləmədilər! Yekəbaş, pensneli “ziyalı” Beriya Moskvaya çağırdı, gözümün içinə dedi: “Mı boremsya s boqami, çtobı osçastlivit lyudey!” “Vot “Bibliya”, proçti, Sultan: “Avram pobedil Boqa”. Ponyal?!..³⁸ “Bir gecə səhərə qədər içə-içə mübahisə elədik, çalışdım başa salım ki, “Avram” deyil, EvƏrimdi, Bağ Atanın oğludu, atasıynan döyüşməz. Qanmadı: “İtak, “Bibliya” vret?!”³⁹ Yenə çalışdım qandırım ki, “Bibl”iya deyil əsli, OdƏrcə – türkcədi orijinalı. “Tövr+at”, “Tora” adları OdEvƏrdəndi, “Bibl” – Bağbildəndi. “Xa! Xa! Xa!” – qəhqəhə çəkdi... Güllələndi!... Heç Stalin də öz əcəliynən ölmədi... Bunlar heç... Romanovların taleyini danışıram, görün deyirəm necə faciələrnən qurtardı dövranları. Dərs götürün, ayılın deyirəm. Qanmırlar, oğul! Qanmırlar! Əmma qorxma. Qurtaracaq bu qanqırğınlar!.. Mənim ölümünnən dəyişdirəmməzlər dövranın gedişatını: Millətin Pünhandı, ƏsAğ – “Aşıq”dı, Alimdi!...

Əmi ilə qardaşoğlunun ürək çırpıntıları ilə dolu, uzun sükutdan sonra tüstünün arasından diqqətlə Səmədə baxanda Sultan elə bil kimdənsə, nədənsə ehtiyatlana-ehtiyatlana, lap astadan qəribə suallar verdi.

– Atanı tez-tez görürsən?

Səməd duruxdu.

– Son günlərdə hə.

– Lap aydın?

– Hə... lap aydın.

– Bir şey başa düşürsən?

– Yox, əmi. Vahimələnirəm... Canımdan üşütmə keçirdi, titrəyirdim. İndi bir az vərdiş eləmişəm. Başa düşürəm ki, nə isə qanuni şeydi, sirdi.

Sultan müəmma ilə qımışdı.

– Desəm ki, atan sağ-salamatdı OdAğÜz BağOdƏr planetində, ordan görür səni, özünü də kino kimi göstərirlər sənə, nə deyərsən buna? Lap canlı insandan da canlı, aydın görünür!

Səmədin gözləri böyüdü.

– Əmi!.. Yəni başqa görənlər də var?!

– Çox şey var, oğul!.. Atan “Əlif”, “Lam”dan başlayıb sözünü. Mən “Boq” kəlməsindən başlayıram. İnsanı insana, bəşəriyyəti Kainatın OdƏr bəşəriyyətinə bağlayan EvƏrEy Bağların nəslindənik biz. Vətənimiz Olamdan başlanıb, Bağdayın ƏrEy vilayətindən, ƏlEvÜn dağından. İndi Elvənd, Elvən deyir cəmaat. O ƏlEvÜnün Bağlarına “Ağ Türklər” də deyirik indi. Sifətləri lap ağappaqdı. İndi “Odessa” deyilən OdƏsdə də bizik, Türkiyədə, burda çox-çox o yanlara Qərbi Sibirə qədər uzun olub ərazimiz. Danışacam. Xüsusi danışacam bu barədə. Uzun söhbətdi.

³⁸ “Biz Boqlarla mübarizə edirik ki, insanı xoşbəxt edək!” “Budu bax, “Bibliya”, oxu, Sultan: “Avram Boqa qalib gəldi!” Başa düşdün?!”
³⁹ “Demək, “Bibliya” yalan deyir?!”

Planetlərdə Bağlar hər şeyi əvvəlcədən görürlər. Yerdə dövlətimizin süqutunu, subasqınını əvvəlcədən biləndə qaya yazılarında “Bağ” yazdırıblar. Assuriya yazılarında “Baq” yazılıb. “Bibliya”da “Boq” olub. Bağıstanı da, bilirsən ki, “Bisütun”a döndəriblər. Adını çəkdiyin o “İstoriya Midii” kitabında çox ötəri qeyd olunub bu “Bağıstan” məsələsi. Əmma bizim “Vərəsə”də, ingilislərin lap bu yaxınlarda çəkdikləri fotoşəkillərdə təfərrüatnan yazılıb ki, Bağıstan qayalarındakı OdƏr yazılarının üstündən farsca, fatehlik tarixi yazılıb... “Latın əlifbası” adlandırılan əlifba OdƏr əlifbasıdır... – Sultan dikəlib, əlini uzadıb, şifonerin qapağını qaldırıb, kitelinin cibindən “bloknot” və “avtomat” qələm çıxartdı, “tubik”lərin arasındakı alçacıq, yüngül, dəyirmi stolu yaxın çəkib, “bloknot”un vərəqinə iri hərflərlə yazdı:

“Bağıstan” Budu bax, al, oxu! Orda, qayanın döşündə bizim hərflər uzundu. Fars hərfləri gödək olduğuna görə altında OdƏr – Türk yazıları asanca oxunur.

Sultan tez-tez köksünü ötürürdü.

– Atan öldürüləndə sənin on səkkiz yaşın da tamam deyildi. Dünyagörüşü formalaşmamış, dəliqanlı şeydin! Dama çağrılanda Ələsgərin “Bağ! Bağ! İnsanı insana bağlıyan Bağ!” – dediyini eşidib gəlib evdə gülürdün, ələ salırdın məktəbin direktorunu: “Bağ-bostanıymış insanı insana bağlıyan!..” Bax onda, yəni atamın ölümündən çox sonra, varisimizi yelbeyin görəndə ilk dəfə atamı gördüm, baban Məhəmməd Əmir təpindi mənə ki, “varis sarsıntılardan keçməlidi!” OdAğÜzdən qışqırdı üstümə: “Cilovunu burax o heyvanın!.. İncimə, çox əsəbidilər onlar. Cahil, insan cahilliyini öz simasında görməlidi! Dərs vaxtı çatanda biləcəksən!” “Allah” – ƏlAğ adlanan Bağlar planetdən planetə bax beləcə danışırlar, əzizim. Mən deyəni “Mədəd” adıynan tanıdığın BağOd eşidir!

Abının sehrli, sirli nitqinin təəssüratı yada düşdü və Səməd dərin hissiyatlı etirafla:

– Açığı, beynim şübhəynən doludu, əmi, – dedi, – deyilənlər o qədər də çatmır mənə, ay əmi! Duman, çən kimi əriyir, yoxa çıxır. Yəni qanammıram... Başa düşürəm, hiss eləyirəm, aydın idraki qənaətim yoxdu!

– Məsələn?

– Məsələn... lap elə Bağ! Bağday! Necə yəni “Bağların ilk dəfə ayağa qalxdığı yer – məkan?!” Əgər Bağ “Boq”dusa, “Allah”dısa, Allah hara, yer hara?! Sədr Mədəd hara, Bağ hara?! “Yer Bağı” olsun o da girmir başıma.

Sultan yenə köksünü ötürdü.

– Yanıram belə sual eşidəndə. “Allah”, “Boq” – Bağ insandı, ay oğul, insandı! Yerdə gəzir, torpaq üstə! Fəzada, boşluqda yox, torpaq üstə gəzir! O pəncərədən göyə bax! Gör nə qədər planet var! Bütün Kainatda yaşayırlar Bağlar! İşləyirlər, yaradırlar!..

– Dayan, əmi... Necə yəni Bağdayda ayağa qalxıblar Bağlar?! Bağday hara, Kainat hara?!

Sultan bir xeyli acı-acı güldü.

– Bu Yer planeti Kainatda deyil?! Bütün günahlar “İstoriya Midii” yazandadı. O kitab yazılanda Nəcəfoğlu tez-tez Akademiyaya çağırırdı məni, faciə içində deyirdi: “Tariximizi gizlədirlər, kömək elə”. Əmma heç bir faktı da açammırdım. Niyə? Siyasi canilər barədə Stalinə məktub yazmağa cəsarəti çatan adam tarixini açammırdı! Çünki tarix üstündə dayanır hər şey, Həqiqət üstündə, kök üstündə bitir! Əslini, nəslini, irsini dan, insanın başqalaşacaq, itəcək! Bildin?! Bizim russko yazıçnılar xəlvətdə “Adar” deyirlər özlərinə, OdƏr yox, “Adar”. Od – həqiqətdirsə, Ər – işıqdırsa, OdƏr – Həqiqət İşığıdırsa bəs “Adar” nədir? Heç nə! Romanovlardan soruş: “ƏrMən” nə deməkdir? Hardan bilsinlər?! Xüsusi fərmannan qaytarıblar “Odessa” adını! Nə olsun? OdƏs nədir, EvƏrEy nədir, əsli hardandır? Niyə təqib olunurlar? Dəqiq bir söz deyən varmı? Yoxdu, oğul! Hünərin var get rusa deynən “Boq” təhrif sözdü, həqiqəti təhrif eləyir. “Boq sın Boqa” yoxdu, Bağ oğlu Bağ var! Mənim dilimdə danışır”. Neyniyər hakim Rus?! “İtak, vı azerbaydiantsı isklyuçitelnıy narod?! Ariyskaya nasiya?! Vot poçemu nemsı sçitayut vas svoimi rodstvennikami!..”

Uzaq keçmişiyin yox, bu günüyün tarixidi Bağ, Bağ oğlu Bağ, Bağlar! Ən yüksək sivilizasiya var planetlərdə, Kainatda! Keçmişdə də olub. Nəhəng-nəhəng işıq gəmiləri var Bağların. Bir kəlmə də deyəmmirdim bu barədə. Bir kəlmə də! Başa düşdün? “Süleyman xalçada uçarmış” de, inansınlar!

Səməd çiynini çəkdi.

– Belə heyrətli tarix!.. Belə dəhşətli həqiqət və belə acizlik?! “Azərbaycan tarixi”ndə yad-yabançı “Zərdüşt”, “Avesta” sözləri ətrafında uzun-uzadı yazmaq olar, Ulu Bağ ƏsƏlMən – “Solomon”, “Süleyman” barədə həqiqəti yazmaq mümkün deyil?!

Sultan bir az susub, gözlənilmədən sual verdi:

– De görüm... Nəsiminin adını eşitmisən? İmadəddin Nəsiminin.

– Eşitmişəm. Əlbəttə! Oxumuşam da. Antalogiyada şeri var rusca. “Vo mne vmestyatsa oba mira...”

– De görüm niyə ruscadı şeir? Azərbaycancasını niyə gizlədiblər?!

Səməd gözünü döydü.

– Gizlədiblər?!

– Bəli, əzizim!.. Yazıq Bircə balam!..

“Vərəsə”mizdə əmilərin yazıblar ki, dörd divanı var Nəsiminin. Dörd böyük divanı. İkisi öz dilimizdə. Biri farsca. Biri də ərəbcə. Öz dilimizdəkidi əsas “Divan”ı. Romada, Vatikanda saxlayıblar. İslam aləmində dördünü də yandırıblar divanların, dəyişdiriblər, dəhşətli dərəcədə təhrif eləyiblər: bütün OdƏr sözlərini pozub, əvəzində “dəri”cə də yox, yəni OdƏrcəyə yaxın sözlər yox, fars-ərəb ifadələri doldurublar. “Vatikan” nüsxəsində, orda-burda OdƏrcə qalıb: “Bağa qılmısan hərgiz, kəmanın inkar etmə”. Nəsimi yazıb bunu. Altı yüz il bundan əvvəl Nəsimi yazıb ki, Bağa etiqad eləmisənsə, kamanını inkar eləmə. Yəni Elmini danma. Vatikanda dilimizi səndən, məndən yaxşı bilirdilər o vaxt, on dördüncü əsrdə. Çünki lap qədimlərdə biz tikmişik “Rim” – Ərim şəhərini, yüz bir Bağ SarEyin olub orda. Sonra böyüyüb, zayı çıxıb, Qreklər, Latınlar dolublar... On dördüncü əsrdə Nəsiminin özünün, muridlərinin yaydıqları Elmi bilən çox olub Rimdə. Bunu da gizlədiblər xalqımızdan! İndinin özündə daha inadla gizlədirdilər ki, Yer planetində bəşəriyyətin beşiyinin “Midiya” – Bağday olduğu bilinməsin, Bağday mədəniyyətinin, Kainat mədəniyyətinin, OdƏr dilində həqiqətlərin bərpası barədə düşünən də olmasın! Hətta tamam uzaq, tamam yad kimi görünən xalqlarnan da qanbir-canbir olduğumuzu yaymasınlar, İlanın “razdelyay, vlastvuy” hökmünə qarşı çıxmasınlar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 min
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 min
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 min
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 min

Poems by other poets