Page 1 of 22

Min doqquz yüz əlli dördüncü il ilə min doqquz yüz səksən səkkizinci illər arasında, yəni Sultan Əmirlinin yeganə yadigarı Mədədin otuz dörd illik ömründə, necə deyərlər, çox sular axsa da, Mədəd universitetin dissertantı olub, tarix elmləri namizədlik dissertasiyasını tamamladığı bir vaxtda gözlənilmədən hər şeyi atıb, Qonaqlıdakı Əmirli mülkünə qayıtdığı günə qədər baş verən hadisələr içində, Əmirli nəslinin sonuncu nümayəndəsi kimi tanınan bu oğlanın zehnində üç hadisə daha dərin iz salmışdı.

Birinci hadisə: Mədəd hələ beş yaşında ikən əmisi Səməd Əmirli rayonda ən məşhur – bilikli, bacarıqlı kolxoz sədri sayılarkən Bakıdan general Məhərrəmov ağ, par-par “Volqa”sında gəlib onu – Səmədi zorla maşına basıb aparmışdı və Səməd cavan, gözəl arvadı Torksinlə oğulluğa götürdüyü körpəni Qonaqlıda qoyub, ildə bir-iki dəfə bir-iki günlüyə qayıtmağı sayılmasa, uzun müddət yoxa çıxmışdı.

İkinci hadisə: beş il bundan əvvəl, yəni səksən üçüncü ildə Səmədin “barmaqla göstərilən” arvadı Torksin, Mədədin lap körpəlikdən “Gül xala” dediyi Gülbənizin Sudüşəndəki evindən qayıdarkən oradan – Sudüşəndən atılan güllələr onun – Torksinin kürəyinə dolmuşdu. Qəsəbədən yüyürüşüb gələn adamlar arasından Rəhim kişi – Xəlvət Rəhim irəli çıxıb meyidin gözlərini sığayıb “Heyif səndən, ay gözəl bala”, – demiş, meyid Əmirli mülkünə aparılıb, kəfənə büküləndən sonra isə o – Xəlvət Rəhim cibindən bir naxışlı tütün kisəsi dolusu qızıl çıxarıb, stolun üstünə qoyub, “Səməd burda yoxdu. Heç bilinmir Bakıdadı, yoxsa xaricdə. Yaxşı dəfn eləyin bu bədbəxti, qəbrin üstündə büstünü qoydurun, ətrafında qışda da solmuyan gül-çiçək əkin”, demişdi. Əmma Mədəd qızılı Xəlvətin sinəsinə çırpıb, “Nə səndən, nə də o qəsəbədən bir qəpik almaram! Özünüzü də bu mülkdə hüzrə buraxmaram! Çıx burdan!” – deyib qocanı kandara itələmişdi.

Üçüncü hadisə: keçən ilin avqustunda Sultan Əmirlinin sovxası kitelin döş cibindən vəsiyyət tapılmışdı. Əslində bu, birinci hadisə sayılmalıdır, çünki məhz o vəsiyyət Mədədin həyatını kökündən dəyişdirmiş, aspiranturanı atmağa məcbur eləmiş, üstəlik, lap ilk gənclikdən ona saz-söz öyrədib məclislərdə gəzdirən ustadları Xızr Abı ilə Çürük Aşığa yenidən bağlanmışdı.

Vəsiyyət cəmi bir neçə cümlədən ibarətdi: “Məni Varisim öldürdü. Varisimi də Varisi öldürəcək. Bu nə sirdir?! Baş açmıram. Daha heç nə eşitmirəm. Heç nə görmürəm. Adı ƏlifBey olanıma yalvarıram, Sahibimizə yalvarsın, mümkündürsə, nəslimizin bu əcaib bədbəxtliyinin səbəbini öyrənsin, hadisələrə müdaxilə eləsin, sən dönə-dönə oxu, Səmədim, dərk etsən, qulun Elmə qul ol!

Yalnız “Muğ” – Bağların anlaya biləcəyi bu vəsiyyəti hələlik üç nəfər – Mədəd özü, “adı ƏliyBey olan”, yəni Xızr Abı, bir də hədsiz qocaldığına görə qara cürəsinin simlərinin parıltısından başqa ancaq OdAğÜzdən göstərilənləri görən Çürük Aşıq oxumuşdu. Qocalar – Abı ilə Çürük yəqin bilirdilər ki, Sultandan qalan sovxaları göz bəbəyi kimi qoruyub saxlayan Gülgəzin sandığındakı boz kitelin yan cibindəki bloknotdan cırılıb, dörd qatlanıb həmin kitelin döş cibinə qoyulmuş bir parça kağızda vəsiyyət Sultanın öz dəst-xətti ilə yazılmışdı və tamamilə aydındı ki, ölüm ayağında, son nəfəsdə yazılmışdı. Sağlığında Sultanın bircə Varisi vardı, o da Səməddi, ikincisi yoxdu. Qocaları dəhşətə gətirən də elə bu idi ki, yazı Səmədlə Səmədin yetirdiyi Varisə – Mədədə aiddi. O Səmədə ki, dünyaya göz açdığı gündən Sultanın keçindiyi günə qədər əmisinə “İdealım” demişdi, Sultanın keçindiyi gündən indiyə qədər – otuz dörd il müddətində isə vaxtilə Arazın o tayından gəlmiş mühacir Demokratların sadiq pənahı AdıPünhan general Məhərrəmovun “əlinin altında işləyə-işləyə” ömrünü yeddi yüz əlli cildlik “Vərəsə” kitabxananın tədqiqinə həsr eləmişdi və əmisinin yeganə övladı Mədədi – oğulluğunu mühacirlərin ailələrində “Cənubun ab-havasına alışdırıb”, gah rayonun inqilab veteranları cəmiyyəti üzvləri, “qəlyanlı qocalar”dan Qılınc Qurbanın, gah da “Məhərrəmovun çekistlərinin qanadlarının altına ötürə-ötürə”, “xüsusi təlim-tərbiyə” ilə böyüdüb, universiteti qurtarandan sonra bir müddət Daxili İşlər Nazirliyinin şöbələrindən birində işlədib, nəhayət, aspiranturaya aparmışdı ki, Mədəd də ömrünü yeddi yüz əlli cildlik “Vərəsə”nin, daha doğrusu, əzik-üzük səhifələri təxmini nömrələnmiş axırıncı cildlərdəki “Sirli dastanlar” adlandırılan “OdƏs OdÜn”lərdə rəmzlərin tədqiqinə – şərhinə həsr eləsin. Nə olmuşdu, ölüm ayağında, son nəfəsdə nə baş vermişdi ki, Sultan Əmirli “Bircə balam” deyə-deyə ömrü boyu əzizlədiyi SafAğ Elmi Varisinə birdənbirə düşmən kəsilib elə sözlər yazmışdı? Heç düşünməmişdimi ki, Bezobraziye mühitində dostdan çox düşmən vardı, günlərin birində kim isə əlini kitelin cibinə salıb o qorxunc kağızı ortalığa çıxara bilərdi.

Sual çoxdu. Cavab yoxdu.

Yaşları yüzü çoxdan aşmış, saysız-hesabsız ölüm-itim görsələr də, hələ də dünyanın gərdişindən heyrətlənən qocaları dəhşətə gətirən bir də bu idi ki, atasının vəfatının otuz beş ili tamam olan günü, yəni 1988-ci ilin avqustunda kağızı kitelin cibindən çıxarıb onlara – Abı ilə Çürüyə oxutdurandan sonra Mədəd, Abının əlindən yerə düşən kağızı tamamilə sakitcə götürüb, sakitcə də dörd qatlayıb pencəyinin döş cibinə qoyub, qalınaraq, cod səslə “Bakıya ayağım dəymiyəcək daha. Aspiranturaya da tüpürdüm, “Vərəsə” kitaxanamıza da, tədqiqatçısına da” – demişdi və o gündən üstündə gəzdirdiyi o qorxunc sənəd barədə bir kəlmə də danışmadan, səsləri çıxmasa da saz çalmağa hələ əlləri tutan köhnə saz-söz ustadlarına qoşulub, aşıqlığa qurşanmışdı. Harda, nə münasibətlə çalıb oxuduğuna qətiyyən fikir vermədən, ustadlarının “Zarıncı”, “Dilqəm”, “Mənsuri” və sair bu qəbildən qəm-kədər, dərd-ələm havaları üstə, cəmaati ağlada-ağlada toyları da yasa döndərirdi. “Badamlı” suyu şüşəsində “levi” araq⁸³ verən Gülənoğludan araq alıb içib, yenə də ustadlarının qəm-kədər, dərd-ələm havaları üstə çalıb oxuya-oxuya yasa batıb, tez-tez “Şüşəli” pavilyona yığışan cavanları da yasa batırırdı. Ən kədərlisi isə bu idi ki, “adı ƏlifBey olanın” – Abının “uca göylərə”, Sahibə – EySara yalvarışlarından da bir nəticə çıxmırdı. OdAğÜzdə kim isə, hətta səsini gizləyib pıçıltı ilə eyni sözləri təkrar edirdi: “Mədəd Əmirlinin doxsan illiyində biləcəksiniz. Biləcəksiniz!

Gizlin “Muğanna”larla – Əmirlilərlə yaxınları, uzaqları da bilirdilər ki, qırx altıncı ildə Mədəd Əmirlinin, əlli dördüncü ildə Sultan Əmirlinin faciəli ölümlərindən sonra bu nəsildən heç kəsə ad günü – “yubiley”-filan keçirmirdilər. Tək bir dəfə – əlli beşinci ildə Sultan Əmirliyə “illik” verilmişdi. Onda da Səməd, Qonaqlı cəmaatı ilə birlikdə, rayondan gələnlərə və qonşu kəndlərin – Tahirli ilə Qurbanlının cəmaatlarına da tapşırmışdı ki, daha heç kəs yasa gəlməsin. “Çünki, birincisi, Sultan Əmirli ölməyib, ikincisi, körpə Mədəd öz əmisi oğlunu – Səmədi ata əvəzi bilib yetimlik çəkməyib”. “Sultan Əmirli ölməyib” sözləri bu həndəvərlərdə heç kəsi təəccübləndirməsə də, cəmaat “el adətinə hörmətsizliyə” – ehsan verilmədiyinə görə Səməddən incimişdi. Ata əvəzi əmioğlunun xəbərdarlığından sonra Qonaqlı, Tahirli, Qurbanlı cəmaatları ilə birlikdə, mərhumu “bu dünyaya tək gəlib tək gedən yeganə vətənpərvər katib” adlandıran və “heç olmasa yubileytəhər bir şey eləyib mərhumların adlarını anmaq” istəyən inqilab veteranları cəmiyyətinin üzvləri – köhnə bolşeviklər də Səmədin sözünü təsdiqləməyə məcbur olmuşdular. Beləliklə, o birinci və axırıncı illikdən sonra heç yerdə heç bir yas və ya yubiley əlaməti görünməmişdi. “Bu dünyaya tək gəlib tək gedən yeganə vətənpərvər katib”in yeganə övladı, veteranlar cəmiyyətinin sədri Qılınc Qurbanın ölümündən sonra da orada da – cəmiyyətdə sədrin katibi işləyə-işləyə, demək olar ki, bütün rayonun himayəsində, universiteti qurtarmış, Nazirlikdə, AdıPünhan general Məhərrəmovun “əlinin altında” işləyə-işləyə aspiranturanı bitirəndən sonra isə, dissertasiyası ilə yanaşı, “Əmirlilərin köhnə sirdaşları” gizlin “Muğ”ların köməyilə “Ağ Əmirlə Boz Əmir Ağlar”

⁸³ “Leviy” gizlin satış; dövlət standartlarından kənar mal satmaq qadağan idi. adında dəstan yazıb, saz-söz ustadlarına göndərib Abı ilə Çürüyün bəlağətli dillərilə Şeyxlərin haqqında həqiqətləri yaydırmışdı.

Bu dəstan “Ağlaram Ağlar kimi” bayatısı ilə başlanıb, “Qəsri-Qacar”dakı faciə ilə tamamlansa da, faciə törədənlərin ünvanı Moskvadan, Şahdan uzaqlaşdırılıb, Din mərkəzi “kum” şəhəri şeyxinin adına bağlandığına görə, qocalar Məhərrəmova arxalanıb, hələ də “Xudiyev dəstəsi” adlanan KQB-dən çəkinmədən, Ağı – SafAğı, “Muğ”u – Bağı öz adı ilə deyə-deyə Elmi açıqca təbliğ edirdilər və bu iş Bakıda Mədədi əməlli-başlı xoşbəxt insana döndərirdi. Min doqquz yüz yetmişinci ildə, Nəsiminin anadan olmasının altı yüz illik yubileyi ərəfəsində, o dörd “Divan”lı nəhəng şairin həyatını əhatə etmək üçün “Divan”ların izi ilə “Vərəsə” tədqiqatı beynəlxalq miqyasa çıxıb, Səmədi Suriyaya, Hələbə, Bağdada, Şama⁸⁴ ezamiyyətə aparanda, Mədəd eyni xoşbəxtliklə “Musa Ağanın” – Ulu Bağ ƏsƏlMənin Muğandan Qazağa sürülməsi haqqında məlumat izi ilə, general Məhərrəmovun zəmanətini alıb Leninqradda “Upravleniye po delam pereselentsev” – “köçkünlərin işləri üzrə idarə”nin Dövlət Arxivinə təhvil verilmiş “qovluqlar arasında eşələnməyə” məcbur etmişdi o vaxtlar. “Bir ayağı Leninqradda, Bakıda, bir ayağı veteranlar cəmiyyətində, “yenə demək olar ki, bütün rayonun himayəsində “keyf çəkmişdi”: ata əvəzi əmioğlundan başlamış, Elm, saz-söz ustadlarına qədər, himayədarlarının hamısı Mədədi “Bircə bala”, “Varis”, “Tədqiqatçı” adlandırmışdı. Odur ki, Tədqiqatçının minimumları verib qurtarıb, dissertasiya müdafiəsi ərəfəsində aspiranturanı atıb aşıqlığa qurşanıb müəmmalı göz yaşı ilə dolu gözlərlə sazın döşünə baxa-baxa “Ağlaram Ağlar kimi” sızıltısına qapılıb və “dilinə qıfıl vurub”, ancaq hərdən üzünə çox baxanlara qəzəblə: “Tüpürmüşəm hər şeyə” deyə-deyə, atasının ölümündən uzun illər keçəndən sonra birdən-birə yasa batmağı üç para kəndlə birgə bütün rayonu da çaxnaşdırıb, bu sirli yasa marağı artırmışdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 min
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 min
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 min
Süleyman padşahın xəzinəsi 7

Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

3 min

Poems by other poets