Page 2 of 22 · 5%

Abı ilə Çürüyü dəhşətə gətirən bir də bu idi ki, ana babası Əlləzoğlundan, nənəsi Hənifədən, anasından və dostu “pyanska şair” Şöşüdən başqa Mədəd heç kəslə kəlmə kəsməsə də, yasa marağın artmağı qıfılın sınmasına – sirrin açılmasına səbəb ola bilərdi. Buna görə də avqustun iyirmi səkkizində, iyirmi doqquzunda Mədədin sağ-solunda dinməz-söyləməz saz çala-çala iki toy keçirəndən sonra qocalar daha nə toylara gedirdilər, nə də məclislərə, “mikrafonnu toyun zırıltısından cana doyub Çürüyün sazını istəyən” Qonaqlıların, Tahirlilərin, Qurbanlıların təkidli dəvətləri ilə birlikdə, “beşmanatlıq aşıqlar”ın boğazdanyuxarı mələmələrindən bezikib, dədə-baba havaları istəyən “pyanska şairlərin”, o cümlədən Şöşünün yalvarışlarına da rədd cavabı verib, Mədədi hər yerdə cəmaatdan təcrid eləməyə çalışırdılar. Çünki “Çürüyün sazını istəyən” Qonaqlılar, Tahirlilər, Qurbanlılar həm də “hələ dili az-çox söz tutan” Abının sözünü də istəyirdilər ki, bəlkə bu qeyri-adi yasın sirrini öyrənsinlər; “dədə-baba havaları istəyən” şairlər isə həm də “Muğanna” təxəllüslü Pünhan şairin şerlərini oxuyan Mədədin qəm-kədər, dərd-ələm havalarını istəyirdilər ki, qəm-kədər içində bir eyham, işarə tutub, yasın sirrini bilsinlər. Bunu qocalar dönə-dönə deyib, Mədədi ayıltmaq üçün təkid edirdilər ki, ağzında dilini tərpətdiyi gündən “əmi” dediyi, sonralar “alimim, fəxrim” adlandırdığı ata əvəzi Səmədin özü ilə danışmadan, vəsiyyətin harda, necə yazıldığını, Sultanın öz istəkli, can-ciyər qardaşoğluna niyə elə birdən-birə düşmən kəsildiyini dəqiq bilmədən ah-uf eləməsin, tək Əmirli nəslinə yox, o tay-bu tay Azərbaycana, Türkiyəyə və bütün dünyaya aid olan yeddi yüz əlli cildlik “Vərəsə”yə – Səmədin çoxillik zəhmətinə “tüpürmüşəm” deyib dünyanı çaxnaşdırmasın.

⁸⁴ SSRİ-nin rəsmi dairələri şeri “Ənəlhəq üstündə qurulmuş” Nəsiminin yubileyinin əleyhinə olsalar da, Azərbaycan KP MK-nın birinci katibi senzuranın iradəsini sındıra bilmişdi və X-XIV əsrlərin gizlin SafAğ mərkəzləri Hələbə, Bağdada, Şama çoxlu ziyalı – tədqiqatçı axınına şərait yaratmışdı: İslam dininin “Şiə” qolunu İranda hakimiyyətə gətirməyə və bununla Şimali, Cənubi Azərbaycanın birləşmək təhlükəsinin qarşısını almağa hazırlaşan KPSS, “Ənəlhəq”i öyrənməyə maraq göstərmişdi.

Adi nəsihət təsir etməyəndə Xızr Abı birdən-birə dümağ ağarıb, soyuq tərə bata-bata qışqırırdı: “İçində nə var sənin, ey KQB?! Səməd Məhərrəm səviyyəsində adamlara da Hələbdən gətirdiyi əlavə material verib ki, hazır olsunlar. “Ermənilərin başlarına hava gəlib, Qarabağı almaq qəsdindədilər. Bütün dərdini çəkmək məqalə-zad yazmaq əvəzinə sən o kağızı cibinə qoyub yetim quzu təki mələyirsən. “Ağlaram!.. Nədi bu?!” Qocalar hardansa, kimlərdənsə öyrənmişdilər ki, “Sovet hökumətinin axırıdı”, məhz buna görə də Səməd öz Pünhan Muğannalarına əlavə Elm sirləri verib ki, imkan yaransa, üzə çıxartsınlar SafAğ həqiqətini. Belə bir vaxtda Elmdən dönən kim olur səncə?! Mən məəttəl qalmışam, yəni mümkündümü belə dönüklük?! Nə olub sənə?! Danış! Açılış!”

Əmma bədbəxtlikdən, Mədəd bu deyilənlərdən təsirlənmədi, açılışmadı.

Toya dəvət edənləri, pavilyona çağıranları həyətdə görəndəcə qəribə hövl içində dik atılırdı. “Tüpürmüşəm, hər şeyə tüpürmüşəm! – deyirdi və divarda xalçanın üstündə mıxlardan cərgə ilə asılı üç sazdan hansı əlinə keçsə, mıxdan qoparıb, eşikdə, toy adamları ilə dəli kimi danişırdı: “Mənimki Şüşəlidi daha! Nə Səməd adında əmim var mənim, nə Elmim, nə də Alimim! Tüpürmüşəm! Tüpürmüşəm!” Şüşəlidə isə “Zəhərimi ver!” – deyə-deyə stəkan dolusu “Badamlı”nı “levi arağı başına çəkib”, tər içində, sazı köynəkdən çıxarıb, “pyanska şair” Şöşü – Şövkət Tahirlə bir küncə çəkilib, öz anlaşılmaz yasını, yanğısını araqla, sazla, sözlə söndürməyə çalışa-çalışa, yeməkdən də qalıb günbəgün əriyirdi.

Qocaları dəhşətə gətirən, nəhayət, bir də bu idi ki, Mədədin hövlü, hərəkəti ancaq vəsiyyətlə yox, həm də Əmirli nəslinin qatı düşməni, Qudalı ağsaqqalı Xəlvətlə – Agent Rəhimlə, bütün Qudalılarla bağlı idi. Arxada “baqajnik”lərdən “sideniye”lərin aralarına qədər yüklü “Volqa”larında Moskvada gəzən “Qudalı gədələri” avqustun iyirmi səkkizində gözlənilmədən kəndə qayıdıb car çəkdilər ki, Mədəd Əmirlinin doxsan illiyinə gəliblər, cəmaatdan xahiş eləyirlər Şüşəli pavilyonun qabağına yığışsınlar. Cəmaat yığışanda isə, Xəlvəti ortalığa çağırıb təklif elədilər ki, ağsaqqal Əmirli nəsli ilə ədavətinin üstündən qələm çəkib, illikdə iştirak eləsin.

İllərdən bəri bütün “illik”ləri ötürüb, birdən-birə “doxsan illik” demək təəccüblü olsa da, cavanların təklifi Qonaqlıları nə qədər sevindirmişdisə, xəlvət Rəhimin bu təkliflə tamamilə tərəddüdsüz razılaşıb, “Qələm çəkirəm! Bir şərtnən: zəng vurun, Səməd Əmirli gəlsin, özünün altmış yaşını da elə burda, öz yurdunda qeyd eləsin. Barışaq!” deməyi hamını qorxutdu.

O günü – avqustun iyirmi səkkizində “Qudalı gədələri” “Ağsaqqalın Əmirlilərnən barışmağı münasibətiynən” Gülənoğlunun bufetinin dalından “Badamlı”ları cəmaatın üstünə ata-ata, özləri də “yüz-yüz vura-vura” hamını, o cümlədən Mədədi də qonaq elədilər. Axşamısı, o qorxunc sənəd Mədədin pencəyinin döş cibində olanda, bu bədbəxtlikdən xəbərsiz, sərxoş cavanlar, “Volqa”larının “musiqili siqnalları” ilə Sudüşən çəməninə səs sala-sala rayondan Bakıya – Səməd Əmirliyə zəng vurmağa getdilər. Gecə yarıda susqun qayıdıb xəbər verdilər ki, “Səməd Əmirli illiyə gəlmiyəcək”. Niyə? “Səbəbini deməyib, elə bunu deyib ki, gəlmiyəcək”.

Vəsiyyətin üstünə bir kəlmə də əlavə olundu: “Gəlmiyəcək”.

Məhz bu kəlmədən sonra Mədəd əlinə saz alıb, ustadlarına qoşulub, Qonaqlının Kətyənli, Tahirlinin Mələkqarı məhlələrində toyları yasa döndərdi. Məhz “gəlmiyəcək” kəlməsindən sonra, bu günlərdə aramsız “səbr, səbr” deyən Çürüyün “ata əvəzi əmi” barədə məsləhətlərinə, Xızr Abının danlaqlarına dözməyib, hövl içində dik atıldı. “Bəsdi, bəsdi! Tüpürmüşəm, tüpürmüşəm! Nə Səməd adında əmim var mənim, nə “Vərəsə” kitabxanam, nə də tədqiqatçım!” – dedi və “pyanska şairə” qoşulub, bədbəxt ustadlarını da ardınca sürünməyə vadar edib, birbaş Şüşəliyə getdi. Məhz “gəlmiyəcək” kəlməsindən sonra Gülənoğluna “Zəhərimi ver!” – deyə-deyə, stəkan dolusu “Badamlı”nı acqarına, birnəfəsə başına çəkə-çəkə, yayın sıxıntısında, daimi qan-tər içində əriyibarıqlayıb ələngəyə çevrildi.

Vəsiyyətin üstünə gələn bir kəlmə belə bədbəxtlik törətdi.

Yas da unuduldu, yasa maraq da. Şüşəlinin çayxana küncündə, “pyanska Şöşü” ilə “pyanska şairlər”in arasında, tüstü-duman içində çalıb-oxuyub “beşdən-üçdən alan beşmanatlıq aşıqlar”dan başqa, o küncdə üç bədbəxt məskən saldı: şan-şöhrətli Əmirli nəslinin son beşiyi Dəli Mədəd, Çürük Aşıq, Xızr Abı. Bir də gah “Mariya”, gah da “Məryəm ana” çağırdıqları cavanca rus qızı həmin dal otağın küncünə qısılıb gizlin-gizlin ağlayırdı. Şüşəlidə hamıya məlumdu ki, bədənçə nəhəng, hətta bir qədər kor-kobud, sifətdən isə “mələk Mariya” – “Məryəm” Mədədlə zaks kəsdirməsə də “qanuni arvadı” sayılırdı. Çünki Marina o ili – səksən səkkizinci ildə açıq görünən hamiləliyini gizlətmirdi, Mədəd isə, sərxoş olduqca, Marinanın böyür-başından keçənləri o yan-bu yana itələyirdi: “Varisimə toxunarsınız!..”

Mədəd Əmirlinin doxsan illiyi bir də o vaxt yada düşdü ki, yenə həmin “Qudalı gədələri” “musiqili siqnal”larla üç para kəndin üçünə də səs sala-sala car çəkdilər ki, sabah – oktyabrın iyirmi üçündə Səməd Əmirlinin atası sədr Mədədin vəfatının qırx iki ili tamam olur. Onlar – Qudalı cavanları yenə Bakıya zəng vurub, təkid eləyib, bu dəfə Səmədi yerindən tərpədiblər, bu axşam gəlməlidir, buna görə də üç para kəndin üçündən də xahiş eləyirlər ki, hər məhlə, kim nə qədər bacarırsa, siyahı ilə pul yığıb aparıb Şüşəlidə Gülənoğluna versin, Gülənoğlu sabaha qədər hazırlıq görsün, böyük qardaşı sədr Mədəddən beş yaş kiçik Sultan Əmirlinin səksən beş illiyi ilə sədr Mədədin vaxtı keçmiş doxsan illiyi, bir də ki, vəfatı günü bir yerdə keçirilsin, avqustdan indiyə qədər – dörd ay sərasər içkiyə qurşanıb ağlını itirən bədbəxt bəlkə cəmaatın qayğısını görüb ağlını başına yığsın, əmisi ilə barışıb aspiranturaya qayıtsın, rayonumuzun baş ucalığı, həmişəki istəkli Bircə balası, Varisi, Tədqiqatçısı olsun.

“Qudalı gədələri”nin bu xəbərindən sonra, axşama yaxın Şüşəli pavilyonun qabağı ikinci dəfə adamla doldu və Qudalı ağsaqqalı ikinci dəfə ortalığa çıxdı...


Mədəd öz daimi yeri çayxana küncündə, tək stol arxasında, tüstü-duman içində başını endirib donqarlanmışdı. Qabağında “Badamlı” şüşəsi, “Prima” siqareti, kibrit, külqabı, heç kəsə, heç nəyə baxmırdı. Sağ-solunda Xızr Abı ilə Çürük Aşığın xırdaca qaraltıları qaralırdı. O qaraltılardan o yanda isə Şövkət Tahirin – Şöşünün saçı ağarırdı.

Eşikdən Xəlvət Rəhimin səsi gəlirdi:

– Deyin görüm, ay cəmaat... Deyin görüm... “Bu dünyaya tək gəlib tək gedən katibin yeganə övladı” niyə bu kökə düşdü? Bu boyda rayonun, inqilab veteranlarının, Məhərrəmovun, Demokratların qanadlarının altında böyüyən Bircə bala, Varis, Tədqiqatçı niyə Dəli Mədəd oldu? Bu Dəli aspiranturaya gedəndə bizim cavanlardan da getdilər, bilirsiniz, şərqşünas, ərəbist, farsist olub xaricə getdilər, yazıb-yaradıb ad-san qazandılar! Əli Şiəsinin tarixini, Şah İsmayılı vəsf eləyə-eləyə bir tərəfdən imam Xomeyninin hədiyyələrini, üstəlik, xeyr-duasını qazandılar. O biri tərəfdən, “O tay, bu tay Azərbaycan”ı birləşdirmək, “vahid Azərbaycanda SafAğ” əbləhi yaratmaq xülyasında olanların əksinə, “Moya malenkaya respublika”, “Şiroka strana moya rodnaya SSR” deyib, ağılnan, kamalnan, gözəl, nağdı siyasəti tərifləyib Moskvanın təşəkkürünü aldılar! Bəs bu şan-şöhrətli Əmirli törəməsi, babalarının, əmilərinin, atasının əməllərinin havayı olduğunu açıq-aydın görə-görə niyə kəc baxdı mənimkilərə? Kim, nə batırdı bu bədbəxti?..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 min
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 min
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 min
Süleyman padşahın xəzinəsi 7

Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

3 min

Poems by other poets