Page 2 of 3 · 33%

Yağış yağanda əlavə bacalardan buxarıların qızğın kərpiclərinə iri damcılar döyəclənib, səssiz cızıldayıb o an da quruyurmuş. Hambal həmin divar dibində çubuğunu sümürə-sümürə Mədədlə Sultana o damcıları göstərirmiş, “O damcılar əhli Təbrizin ruzusudu. Göydən gəlib göyə gedir. Himayədarımız Şeyx Məhəmmədin iltiması da fayda vermir!” – deyirmiş. Uşaqların yenə də qəmlənib, köyrəlib, dillənmədiklərini görəndə isə, bir dəfə dediyini beş də, on da deyib, axırda yenə üsyana səbəb olurmuş: Qardaşlar ikisi də yorğan-döşəkdən atılıb Fağır Məmmədəlinin yaxasından yapışıb soruşurmuşlar ki, əyər Şeyx Məhəmməd Əmir fədailərlə birgə cəmi əhli-Təbrizin himayədar Şeyxidisə, necə ola bilər ki, iltiması fayda verməsin?! Fədailər Bakıdan tüfənglə, patronla qayıdıb, Sərdara, Salara⁵⁹ qoşulub, ərbablarla vuruşurlarsa, bu o demək deyilmi ki, himayədarlarımızın iltiması faydalıdır? Şeyxin bu qədər cavan-cavan yetirmələrini niyə ruhdan salırsan, etiqadlarını sındırırsan?! Belə üsyanlardan Fağır Məmmədəlinin donqar beli daha da donqarlanırmış. “Ərbabın dalında İngilisin topxanası⁶⁰ durur. Beş-üç fədai neylər topxananın qabağında?!” – deyirmiş. Adətən, bütün Təbrizin yuxuda olduğu, qaraul fədainin də harayasa söykənib səsini çıxarmadığı vaxtlarda olan bu söhbətlər kəskinləşəndə Fağır Məmmədəli birdən belinin donqarını düzəldəndə elə bil içərisindən tamam başqa – ziyalı, hətta müdrik bir insan peyda olub, qardaşların taxtanın üzərində qəribə, gözlənilməz mülahizələr deyərmiş: “Tədrisin üçüncü ili nə deyilir burda sizə, bəradərlərim? Deyilmirmi ki, Bağ Atadan ucaları da, BağBağÜÜn Babaynan EyOdƏr babanın SimOdları da birdəfəlik və həmişəlik hökm çıxarıblar ki, insan insana əl qaldırmamalıdı?! Üstünə fateh gələn millətin döyüşməyib ərazini tərk etməsi daha münasib sayılır, düzdü?! Ən son cümlə, hətta fatehin qanını tökmək də çayiz sayılmır! Düzdü?! Bəs möhtərəmlərimizin, himayədarlarımızın fədailəri nə üçün belə qan tökürlər?! Himayədarlarımız sizə bir söz deyir, əməldə başqa söz deyirlərsə, Heydərimizə⁶¹ xoş gedərmi bu?! Nə deyax indi, nə fikir eliyax, bəradərlərim?! Təbrizin ruzisinin ərşə çəkilməsinin səbəbi nədi indi?! İngilisnən İngilislıx elamax nə demaxdı?! Beləliklə, himayədar Şeyx ata ilə birlikdə fədailərin döyüşləri də “elmsizlik”, “cahillik” sayılanda, əmiuşaqları, dayıuşaqları, xala, bibiuşaqları da yorğan-döşəklərin arasından hoppanışıb, hambala hücum çəkirmişlər ki, “Əgər Şeyx Məhəmməd Əmirin bu bağdakı fədai ocağından başqa Təbrizin hər yerində fədai ocaqları silahlanıbsa, Şeyx Ağ Əmirlə Şeyx Boz Əmir də şəhərbəşəhər, kəndbəkənd gəzib hətta o taya – Comərdin⁶² qaçaqlarına kömək göndərirlərsə və o gedənlər də Comərdin qaçaqları ilə çiyin-çiyinə, rus qoşunlarına qarşı vuruşurlarsa, bunun hamısı həq-ədalət üçündürsə, niyə “elmsizlik” sayılsın?!..” Təhsil, tərbiyə-tədris, qurtarandan sonra bu evdəki Əmir yetirmələri də Comərdə, Sərdara, Salara qoşulacaqlarsa, fədailər “beş-üçdürlərmi?!” Bu cür həmlə ilə hambalı elə didib-dartışdırırmışlar ki, Fağır yenə birdən-birə fağırlanıb, sözünü geri götürməyə məcbur olurmuş. “Ay dadaş, məni o bacalardan düşən damcılar azdırır. Xətamı bağışlayın. Yıxılın yatın. Sabah burnunuz kitaba dəyəndə genə mənim üzümə söz gələcək”, – deyirmiş və qalxıb, ilk növbədə Mədədlə Sultanı uzanmağa məcbur eləyib, böyür-başlarını basdalayırmış. Əmma yerə uzanandan

⁵⁹ Səttar xanla Bağır xanın hərbi rütbələri.

⁶⁰ Səhvən “Birinci dünya müharibəsi” adlandırılan müharibə (1914-18), əslində 1910-11-ci illərdə başlanmışdı; Rusiyanın ətrafındakı ölkələrdə bir tərəfdən “Antanta” adlanan dörd iri dövlətlə o biri tərəfdən Rusiyanın Gəncə quberniyasındakı ordu (qaçaq) hissələri ilə döyüş gedirdi.

⁶¹ EyOdƏr Babaya

⁶² “Comərd” hələ XII əsrdən Gəncə AğEy – “Əxi” əsnafının (sənətkarların) Xilafətə qarşı başçısı (komandan rütbəsi) idi; Şeyx Məhəmməd Əmirin, Göyçəli Aşıq Alının və Qazax qəzasında Hüseyn ağanın atası, gizlin “Süleyman” adı daşıyan Bağ da “Comərd” rütbəsində idi; həm Antanta, həm də Rusiya ilə döyüşməyə məcbur edilmiş, 1899-cu ildə “yoxa çıxıb” gizlin məkandan comərdlik edirmiş. “Comərd” – “Süleyman”, “Musa” haqqında tarixi materiallar itirilib-batırılıb, yalnız SafAğ Elmi yayan Pünhan aşıqların əsərlərində qalıb: “Aşıq Qərib” dastanında “Ağ atlı pirani”, “Şahzadə Qasım” dastanında “Şeşpayi bəhr” – “dəniz atı” – “OdünƏs Odu (Günəş həqiqəti), “Məsim və DilƏfruz” dastanında “Süleyman padşah”. sonra qardaşlar özləri də səssiz-səmirsiz cızıldayan damcılara baxdıqca Təbriz əhlinin “ərşə çəkilən ruzusu” haqqında fikirləşirmişlər, ruzunu qaytarmaq üçün himayədar Comərdin, Şeyx Məhəmmədin və Şeyx Ağ Əmirlə Şeyx Boz Əmirin gördükləri işlər haqqında pıçıldaşa-pıçıldaşa, bacalardan işıq süzülüb, buxarıların kərpiclərinin rəngini açana qədər gözlərini yummurmuşlar.

Dolu yağanda o ensiz, uzun bacalardan içəriyə dolu dənələri tökülüb, döşəmədə atdanıb diyirlənirmiş. Hambal divar dibində çubuq sümürə-sümürə yenə elə hey köksünü ötürürmüş, “Getdi... Millətin ruzusu getdi!” – deyirmiş, birisi on iki yaşında, o birisi on yaşında, “Millətin ruzusu”nun dərdini çəkən qardaşlar isə, daha hücuma keçmədən, o atdanan, diyirlənən dolu dənələrini yığıb buxarılara atırmışlar ki, “göylərin bərəkəti ocaqlarda qalsın”.

Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, iyirmi səkkizinci ildə Qəsri-Qacar zindanında şeyxlərlə görüşüb qayıdanda da Mədədlə Sultan öz uşaqlıq məskənlərinə baş çəkib görüblər ki, Şeyx Məhəmməd Əmirin ölümündən və Ağ Əmirlə Boz Əmirin Qəsri Qacar zindanına aparılmasından sonra kimsəsiz evdə bacalardan tökülən dolunu yığışdıran uşaq olmadığına görə, dolunun əriyib islatdığı yerlərdə – buxarıların yan-yörələrində çəmənotu və qazayağı qalxıb, ağ cunalı uca tavanın altında, divarların künclərində isə qaranquşlar yuva tikiblər... O vaxtkı Tat Seyidlə – Şeyxlərin bağbanı ilə aşpazı Xeyriyyə hələ Təbrizdə imiş, Mədədlə Sultanın Tehrandan qayıtmağını gözləyirmişlər ki, onlara qoşulub bu taya adlasınlar. Mədədin bir tərəfdə – buxarının qabağında yasa batdığını, Sultanın o biri tərəfdə – buxarının qabağında yasa batdığını görüb ağlaşıblar, “Ot bitdi. Comərd ocağında ot bitdi. Quşlar yuva saldı” – deyib hönkürüşüblər... Sonra oturub, ətraflı danışıblar ki, “o quru sümük ələngə hambal – Fağır Məmmədəli casus çıxıb: o tayda Qaçaqların başçısı Dəli Alını tutdurub “Fitilbörgə” – Peterburqa, Çarın hüzuruna apartdırıb, o vaxta qədər tutulub aparılan başqa Pünhanlarla birlikdə Dəli Alı çara anladıblar ki, əslində bu müharibənin üç tərəfi olan ölkələrdə – Antantada, Rusiyada, o tay-bu tay Azərbaycanda və Türkiyədə əsrlərdən bəri məskun olan xalqların hamısı BağOdƏr ƏlAğ, EySar (“İsa”, “İisus”) və BağHəmOd adlarına söykənən vahid millətdir, aralarına ayrılıq toxumu səpilib, hətta dillərini də dəyişdiriblər... Dəli Alı Çarın “dilmancına” – tərcüməçiyə deyib ki, biz bu tarixi lap çoxdan bilirik, ona görə də heç bir yerə basqına müharibəyə getmirik; siz – ruslar, o yanda da ingilislər bizim şeyxlərimizi vadar elədilər döyüşək, əslində isə, biz cəmi Yer üzündə qardaşlıq Elmi fədailəriyik... Çar Dəli Alıya “bir çamadan qızıl” verib, deyib yoldaşlarını da apar, gedin Elminizi yayın. Əmma çarın cahilləri yenə qırğın salıblar, hambal Məmmədəli özüynən o taydan rus gətirib Səttar xanı vurdurub... Aradan keçəndən sonra indi-indi məlum olur ki, Şah özü də, İngilisdən savayı, Rusnan da əlaqədə imiş... “Seyid” ömrünün yarısını Məhəmməd Əmirin qapısında”, fədai ocağında bağbanlıqla keçirib, orda da ailə, oğul-uşaq sahibi olduğuna görə, bu tayda şeyxin oğullarının qapısında bağbanlıq niyyətində imiş. Xeyriyyə isə “ömrünün yarısını Məhəmməd Əmirin mətbəxində” keçirib, orda da ər, oğul-uşaq tapdığına görə, bu tayda da şeyxin oğullarının xörək-çörəyinə baxmaq niyyətində imiş və ayrı cür həyat təsəvvür eləmirmiş. Odur ki, Sultan Culfada yük maşınına doldurub gətirdiyi həmşəhrilərinə ağ daş evi göstərib, “Bura qəza komitəsidi. Mən burda oluram. Sizin nə burda qalmağınız məsləhətdi, nə də bu tərəfdə görükməyiniz” deyəndə Seyidlə Xeyriyyə Sultanın belə gözlənilməz dönüklüyünü anlamayıblar; Mədəd maşını Qonaqlı əvəzinə, Qurbanlıya sürdürüb, “Bu kənddə yurd salacaqsınız. Nə Comərdin, nə Şeyx Məhəmməd Əmirin, nə Şeyx Ağ Əmirnən Şeyx Boz Əmirin, nə də Sultannan mənim adımızı dilinizə gətirəcəksiniz” deyəndə Seyidlə Xeyriyyə bundan heyrətləniblər. Əmma Mədəd heç nə izah eləməyib, o vaxtkı İsgəndər kişinin, sonrakı Çeteze İsgəndərin köməyi ilə həmşəhrilərinə dam, avadanlıq, güzəranlıq düzəldib Qonaqlıya qayıdanda isə, özü də “yurd salmaq” niyyətinə düşüb, Möhsün kişinin – kərpickəsən Möhsünün el yolu ağzında qazıb “el quyusu” adlandırdığı bu quyunun yanında mərhum atasının arşın addımları ilə on altı addım uzununa, səkkiz addım eninə ölçüb, bu ölçüdə özül qoydurub. Dəmir yolundan o tərəfdə Xırran çayı deyilən dağətəyi sel yerindən çaylaq daşı gətirib, balta küpü ilə, çəkiclə sındırıb-xırdalayıb, özülə xır tökəndə, iş avadanlığına gələnlər özülün eninə, uzununa baxıb təəccüblənib, “bedkom” Mədəddən soruşublar ki, “Bu boyda mülkü” kimdən ötrü tikdirir? “Bedkom” heç kəsə heç nə izah eləməyib. Lüt Cəfər mızıldanıb söylənəndə ona da izah eləməyib. Qılınc Qurban açıq danışıb: “Arvadın rəhmətə gedib. Çağan da Qıymatın qucağındadı. Bəysən, xansannəsən, bu saray nəyinə lazımdı?!”⁶³ – deyib, Mədəd yenə izah eləməyib.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 min
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 min
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 min
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 min

Poems by other poets