Page 2 of 3 · 33%

Demə, kitablar asfalta töküləndə Sultan əmi elə ordaca “çıraq kimi sönübmüş”, Abı “Emadin”də onun “Ölüsünü gətirib”, rayonda “möcüzəynən dirildibmiş”. Uzunqulaq isə heç nə eşitməyib, heç nə görməyib, anqırmağında, şıllaq atmağında, köpməyində imiş! Yeddi il səkkiz aydan sonra, indicə görürdü ki, “avariya” gününə cəmisi üç gün qalana qədər anqırmışdı, şıllaq atmışdı, köpmüşdü!


“Avariya” gününə üç gün qalmış – dekabrın iyirmisində səhərin ala-toranında atasının “Villis”indən başqa həyətdə iki yük maşını görüb, sədr Mədədin özünün, Qurban əmi Qılınc Qurbanın və Cəfər əmi Lüt Cəfərin, yəni kəndin üç rəhbər işçisinin üçünün də Naxçıvana “göy duz” gətirməyə getmək niyyətinə düşdüklərini eşidəndə az-maz şübhə də eləmədi ki, ilin bu çağında, fermalarda bir kilo yağ çalxanmadığı, bir baş pendir mayalanmadığı, malın, qoyunun duza ehtiyacı olmadığı bir vaxtda duz dalınca Naxçıvana getməzlər. Getsələr də, üç rəhbər işçinin üçü də birdən getməz. Dəliqanlı başında başqa fikir oynadı: üçü də birdən hazırlaşıbsa, deməli, kefə gedirlər. Pambıq yox, bostan yox, taxıl səpilib, fermalara ot daşınıb, kahaların, töylələrin yırtığı-söküyü tutulub. Qalan bir dondurma şumudur, onun da təkcə Miri öhdəsindən gələcək, öküz, kəl haylamağa, kotan qoşmağa da ehtiyac qalmayacaq. Belə arxayınlıqda duz, əlbəttə, bəhanədir: müharibədən qabaqkı kef-damaqlı çağları yada salıblar bu həriflər, sözləşiblər ki, “Naxçıvan diviziyası” adında, müharibənin ən şiddətli vaxtı büsbütün qırılmış “diviziyada qırılan oğlanlar” hər il yazbaşı qalaq-qalaq yuxa bişirtdirib, əməkgününə düşən ətlik heyvandan burmabuynuz erkəklər seçib, Seyid kişidən adama bir “çetvert” çaxır gətirdib, arabaları qoşub “göy duz səfərinə” çıxanda həm gedənbaş, həm də gələnbaş yollarda kefə baxdıqları kimi, bunlar da bir-iki gün o cür eləsinlər.

Belə şeydən qalmaq olar?

Çarpayıdan atılıb geyindi, qara xrom çəkməsini ayaqlarına çəkib, qara dəri paltosunu qoltuğuna vurdu. “Mən də gedirəm!” – dedi.

Hətta “Villis”lə iki yük maşınından başqa “Emadin”i də həyətdə görüb, əmisinin papirosu papirosun oduna yandıra-yandıra, cod, xırıltılı səslə “hə, gedirəm” dediyini eşidəndə də heç nədən şübhələnməyib, “kef” havasını başından çıxartmadı.

Rayonun ərazisindən uzaqlaşıb, hardasa Yevlax səmtində “aşxana” görər-görməz maşından yerə atıldı. “Siz əl-üzünüzü yuyun, qırışığınız açılsın, yuxunuz dağılsın, bu Koroğlu dəlisi özü hər şeyi təşkil eliyəcək!” deyib aşxanaya cumdu.

Aşxananın müdiri əli təsbehli, ağır bir kişi idi. Qara xrom çəkmələrini cırıldada-cırıldada, qara dəri paltosunu xışıldada-xışıldada üstünə yeriyən yelli oğlana gözucu baxıb, yerindən də tərpənmədi. Əmma yelli oğlan çox hay-küylü idi. “Azərbaycanın ən məşhur dörd nəfər adamı qonaq gəlib sizə! Qaçaq-quldur qənimi Qılınc Qurban! Sosialist Əməyi qəhrəmanı Sultan Əmirli! İlk bedkom sədri sədr Mədəd və ilk özək katibi Lüt Cəfər!” – deyib Qonaqlı yeniyetmələrinin doğrudan da “Azərbaycanın ən məşhur adamları” kimi tanıdıqları “dörd nəfər”in ad-sanı ilə o ağır kişini tərpədib, bufetdəki qara “buxanka” çörəkdən, “qallandski sır”dan və “pikuli” adında zay turşudan başqa, Kür balığı, gürcü çaxırı tapdırıb “kefcil hərifləri” içəri çağırdı. Qələbə günü Seyid kişinin şərabı dilinə dəyəndən bəri “böyüklərin məclislərinin yaraşığına” çevrilmiş Koroğlu dəlisini tamada seçib, “dörd qardaşın dördünün də bir yerdə sağlığına tost” dedi. “Bülbül olun, qəfəsdə olmayın”, – dedi. Bədbəxtlərin qəfəsdən də betər bədbəxtlik içində sıxıntısını hiss etmədən, nərildəyib-guruldayıb, hər birinin ayrılıqda, axırda da “dörd qardaşın bir balası tamadanın sağlığına tost” dedi. O “kef”dən başı ayılmamış, bir də hardasa yol qırağında əhənglə ağardılmış alçaq bir daxmanın qabağında “piti” kəlməsi oxuyanda maşından atılıb, piti ilə tut arağı “təşkil elədi”. Dəmlənib, köyrəlib, “Siz məni necə istəyirsiniz, bu qocaman təbiət də elə istəsin sizi!” – dedi. “Hər övladın bir atası var, mənim dörd atam, dörd arxam var!” – dedi. “Dörd ata”dan birincisinin – “Ədalət mücəssəməsi”nin xətri üçün Maksim Qorkinin “Fırtına quşu” şerini oxudu, ikincisinin – “şan-şöhrətli partiya xadimi”nin xətri üçün Səməd Vurğunun “Rəhbərə salam” şerini oxudu, üçüncüsünün – susqun, qəm-qüssəli Lütün xətri üçün Koroğlunun “Şad ol, könlüm, nə məlulsan” mahnısını, dördüncüsünün – sədr Mədədin xətri üçün isə sədr Mədədin özünün mahnısını oxudu: “Sən haralısan, haralı, durnam? Ovçu əlindən yaralı durnam. Yar-yoldaşından aralı durnam. Həm buralı, həm oralı durnam”. Gör bir, yazıq kişiyə necə kef verirmiş!.. Yeddi il səkkiz aydan sonra indicə görürdü ki, mahnı qurtaranda Cəfər əminin dodaqları titrədi, gözləri doldu. Sədr Mədəd üzünü bir tərəfə tutub yaylığını çıxartdı. Sultan əmi üzünü o biri tərəfə tutub inildədi. Hətta Qurban əmi də qəhərlənən kimi oldu və açıq-aşkar qəzəblə ayağa qalxıb, “Kef qurtardı!” – dedi. “Müslüm səni qaytaracaq burdan. Naxçıvanda bizim işimiz çoxdu. Sən dərsdən qalma”, – dedi. Uzunqulaq onda da qanmadı ki, səfər duz səfəri deyil. “Hara qurtarır?! Kef təzə başlanır! Koroğlu dəlisi hələ təzə qızışır! Dərsdən-zaddan nigaran qalma. Bir həftənin dərslərini bir gecəyə hazırlıyaram!” – deyib özünü “Emadin”ə basdı.

Dal oturacaqda qalın, sarı kürk vardı. Qış aylarında kürk həmişə orda olurdu.

Sultan əmi Müslümün yanında oturub, başını döndərib, məzlum-məzlum “Qayıt, qurbanın olum” deyəndə ərköyün qanmaz, əmisinin kədərindən də bir şey qanmadı, Sultan Əmirliyə qırx ikinci ildə verilmiş “komandir kürkü”nü çiyninə salıb, özünü dartıb əlini irəli uzatdı: “Vperyod! Tolko vperyod! Yalnız irəli!”

Kürkün arasında xumarlanıb, mürgüləyib, oyananda yenə “Vperyod” deyə-deyə, quzeylərinə qar çilənmiş təpələrə, quroydan ağarmış qanqallara və sarı, qızılı, çəhrayı çalan qəribə dağlara tamaşa edə-edə axşama qədər yol gedib, dağ aşırımına oxşayan hündür bir yerdə soyuq külək vıyıltısı ilə “Emadin”in içinə uğultu salan güclü yağış şappıltısını eşidənə qədər kef həvəsindən düşmədi. Vıyıltıdan, şappıltıdan, uğultudan bezikib, həvəsdən düşəndən sonra isə, div yuxusuna gedib, bir də o vaxt oyandı ki, yay gecələrində Qonaqlının qəbristanından o yandakı qarğıdalı sahələrində xorultu qoparan qaban sürülərinin xorta-xortu dünyanı götürmüşdü. “Emadin”in şüşəsindən içəriyə güclü işıq vurub, başı şişmiş, gözləri dumanlanmış uzunqulağı kor eləyib, dərhal da keçib gedəndə ardınca ikinci işıq, üçüncü işıq vururdu. Uzunqulağın xəbəri yoxdu ki, Qonaqlının qarğıdalı sahələrinə xorultu salan qaban sürülərindən başqa, dünyada “Stüdobekker” adında nəhəng, xorultulu maşınlar da var. “İkinci cəbhə” deyilən cəbhə açılanda yəni Amerika ilə İngiltərənin də faşizmə qarşı müharibəyə qoşulanda Qonaqlıda meydana çıxan “yaiçni paraşok” da, sonralar “kitayski fanar”, “kitayski termos”, “kitayski makentoş” da Cənubdan bu maşınlarda daşınmışdı. Xəbəri yoxdu ki, “bizimkilər topa tutulandan”, “Milli hökumət yıxılandan” sonra dekabrın on ikisindən iyirmisinə qədər Culfaya axın-axın yığışıb bu taya pənah gətirən Demokratlarımızı da bu maşınlar daşımışdılar: bu küləkli, yağışlı gecədə Əlincə qalasının, Əlincə çayının yarğanı qırağında “Emadin”in şüşəsindən içəriyə gur işıq vura-vura, “Etibarlı yer” adlandırılmış “Şeyx Xorasan” məqbərəsinin yanından keçdikcə dərəyə, dağa xorultu salan “Stüdobekker”lər də qaçqınlarla – mühacirlərlə dolu idi: xəbəri yoxdu ki, “kalon”da axırıncı “Stüdobekker” Şeyx Xorasan məqbərəsinin yanında dayanmışdı, “kabinka”dan boz kepkalı, boz paltolu, arıq, zərif bir ziyalı ilə ağbəniz bir polkovnik düşmüşdü: o arıq, zərif ziyalı Demokrat firqəsinin sədri Xalxali – Mircəfər Pişəvəri idi, o ağbəniz polkovnik isə “Müəllim”, alim və çekist Məhərrəm Məhərrəmovdu. Əllərini bıçaq kimi kəsən küləyin, üzünü dolu kimi döyən iri damlaların altına çıxanda fəhmi bir ona çatdı ki, “quş dimdiyi” burnunun ucunda yağış suyu titrəyən Müslümü sorğu-suala tutsun: “O nə xorhaxordu?”, “Niyə dayanmışıq?”, “Əmim hanı?”, “Naxçıvana çoxmu qalıb?”, “Saat neçədi?” – və sairə. Müslümün nə dörd təkəri dalda, iki təkəri qabaqda, əjdaha maşın “Stüdobekker” barədə dedikləri beynini tərpətdi, nə “çekist Məhərrəm”, nə “Əlincə qalası”, nə “Şeyx Xorasan məqbərəsi”, nə də “dibindən kəlləsinəcən sal daş” olan İlan dağı. “Dörd atası”nın dördü də “Stüdobekker”dən düşən o iki adamla “aşağıya”, yəni Əlincə çayının qırağında pəncərələri saralan kəndə enmişdilər. Niyə? “Çünki Naxçıvana belə gecə vaxtı gedib cəmaati narahat eləmək istəmirdilər”. Burada – “Xanəgah” deyilən kənddə isə “Şeyx Xorasan türbəsi”nə gələnlərin gecələməyindən ötrü qonaq otağı vardı. “Dörd ata”nın dördünün də məsləhəti belə idi ki, bu əriş-arğac Culfa yolu ağzında hər yetənin “bit saldığı” qonaq otağında qalmaqdansa, Bircə bala elə “Emadin”də uzansın. Hiss etmədi ki, “ata”ları onu özlərindən ayırırdılar.

Fəhmi bircə buna çatdı ki, yola çıxanda əmisinin həmişə özü ilə götürdüyü “kitayski termos”u açıb, “saçaqlı konfet” deyilən, şam kimi uzun konfetdən qırıb ağzına atıb, samovarın lüləsindən təzəcə düşmüş kimi qaynar, ədviyyatlı çayla yanğısını söndürdü, iki küpə piti ilə aşırdığı yarımca litr tut arağının beynini yenidən yelləndirdiyini hiss eləyib, qabaq oturacaqda təzəcə mürgüləyən Müslümü dümsüklədi, “Radionu qurtdala bir şey tap!” – dedi. Bədbəxt hardan biləydi ki, “ata”ları burada təhlükəli siyasi iş gördükləri yerdə artıq səs-küyü Müslümə də qadağa eləmişdilər. Əmma Müslüm elə o vaxtlardan bu yelbeyinin əsiri idi. Ağ daş evdə gecənin bir aləmində oyanıb Sultan əmini çarpayıda görməyəndə yelbeyin əlini dərhal telefona uzadardı, “Əmim yoxdu, darıxıram, gəl kəndə apar məni”, – deyərdi. Və ya bazar günləri məktəbin həyətində, kəndin ara-bərəsində səssizlikdən qulaq tutulanda, idarədə isə Qudalı Mürsəlin “çötkə”sinin çaqqıltılarından başqa bir şey eşidilməyəndə yenə telefonun dəstəyini götürərdi: “Müslüm, gəl şəhərə apar!” Müslümün həmişə bircə cavabı vardı: “Baş üstə”. “Qurtdala, bir şey tap” əmrinin cavabında “Bu vaxt radioda heç nə olmaz” deməli idi, əmma yazıq yenə “Baş üstə” dedi və yuxusuzluqdan, “quş dimdiyi” burnunun tez-tez “rulu” dimdiklədiyinə baxmayaraq, hansı ölkədəsə musiqisiz-filansız mələyən bir ərəb tapdı. Yelbeyin o ərəbin avazına başını yelləyə-yelləyə xumarlanıb yenidən yuxuya getdi və bilmədi ki, o küləkli, yağışlı gecədə “dörd atası”nın dördü də yağışın altında idi. Yeddi il səkkiz aydan sonra, indicə xəbər tuturdu ki, “varidatı” – “Vərəsə” kitabxananı o gecə sel-suyun, palçığın-zımrığın içindən yığışdırıb, çadıra, palaza büküblər, üstündən Naxçıvan duzu doldurub, “duz yükü” adı ilə gətirib, əvvəlcə qoyun fermasında kahaya qoyublar ki, kahanın istisində suyu çəkilsin, sonra susuz Xırrançayın axarında daşlığa səriblər ki, gün buludun arasından çıxanda daşlıqda kitablara da hənir dəysin. Elə həmin bu vaxt – dekabrın iyirmi ikisində o teleqram, “Erməni katolikoslarının məktublarının Türkcəyə tərcümələrinin və Sultanın, Məhərrəmlə Saşa Babayevin “Dünya xalqlarına müraciəti, yəni o vaxt hələ təzə təşkil edilmiş “OON”-a – Birləşmiş Millətlər Təşkilatına müraciət məktubu üstündə həngamə qopubmuş; Mirqəzəb Perslə adamlarının hamısını söyüb kabinetdən qovubmuş ki, “Bircə sutqa vaxtınız var. Teleqramı alıb şeyx törəmələri ilə əsabələrini sürgün eləməsəniz, özünüz həbs olunacaqsınız!” Uzunqulağın xəbəri yoxdu ki, həmin həngamənin başqa bir ciddi səbəbi də varmış; demə, “Yağır Məmmədəlinin oğlu”nun, yəni Çax-çuxun Xanəgah kəndində də adamı varmış. “Şeyx Xorasan” türbəsinə gəlib-gedənlərə göz qoyurmuş; o tayda top atəşi altında qırğından sonra bu taya qayıdanda “Yağır agentin” – Yağır Məmmədəlinin zibili Çax-çux, Sultanın Xanəgahda Xalxali-Pişəvəri ilə görüşdüyünü də, kitabların yığışdırıldığını da bilib, elə o gecə – dekabrın iyirmisində bir “depeş” Persə, bir “depeş” də Mirqəzəbin özünə göndərib. O “depeş”lərin ikisinin də məzmunu təxminən belə imiş ki, şeyx qardaşları, Qılınc Qurbanla, Lüt Cəfərlə bir yerdə, Pişəvərinin, Məhərrəm Məhərrəmovun iştirakı ilə “İttihadi-İslam” firqəsinin kitabxanasını Şeyx Xorasan türbəsindən apardılar... Yazıbmış ki, “Bu işə şahidliyimi məhkəmədə deməyə söz verirəm və belə hesab edirəm ki, şeyx qardaşlarının “delo”sunu bağlayıb, prokurora vermək olar”. Həngamə də elə bundan başlayıbmış: “teleqramla”, məktublarla yanaşı, həm də kitabxananın üstündə imiş və bunu Mirqəzəbin özü ilə Persdən başqa, Arazdan o yana “Çarvadar kliçkası” ilə gedib-gələnlər də, rayondakı “rabotnik”lərdən Xudiyevlə Gülənov, Sayılov və RİK Atamalı da, Çax-çuxla yanaşı Xəlvət də, Xəlvətin “gədələri” – Qeybalı ilə Qayım da bilirmişlər. Çax-çux özü daxmasının qabağında kişmiş satmağında, Comərdin, Şeyx Məhəmmədin, Şeyx Ağ Əmirlə Şeyx Boz Əmirin barəsində çərən-pərən danışmağında olsa da, Gülənovun əksəriyyəti Gülənoğlulardan, Qudalılardan olduğuna görə “məhlə milisionerləri” adlanan “qoçuları”ndan başlamış, Qudalıların uşaqlarına qədər dağılışıb “iki maşın Quran” axtarırmışlar. Heç kəsin gümanına gəlmirmiş ki, “iki maşın Quran” elə orda – çaylaqda imiş. Abı çobanlardan ağır-kirli yun yığıb, “Vərəsə”nin üstünə səribmiş, kitablardan quruyanlarını seçib, yuna büküb, Çürük Aşığın, Qonaqlıda “Dam direktor” ləğəbilə məşhur olan Ələsgər müəllimlə onun öz evinin damında xəlvəti “Astronomiya” (əslində “Kainat elmi”) öyrətdiyi yetkin uşaqların qoyun-qoltuğuna qoyub sədr Mədədə ötürürmüş və Sədr Mədəd “Xəzinə”ni gizlətməyə tələsirmiş. “Lap nəm də olsa, tez eləyin. Sonra qurudarıq. Tez eləyin!” – deyirmiş. Səbəbi isə bu imiş ki, Mədəd “özümüzünkülərdən ehtiyatlanırmış”. Məhərrəm Məhərrəmovdan, Qılınc Qurbandan, Lüt Cəfərdən, Təftiş Abbasdan. Çünki həngamə qopandan sonra “özümüzünkülərdən” heç biri “Vərəsə”nin gizlədilməyinin tərəfdarı deyilmiş: Məhərrəm Bakıdan Sultana tez-tez zəng vururmuş ki, “delo”da katolikosların məktubları, “OON”-a müraciət-filan göstərilmir, Azərbaycanda, Türkiyədə tutqular, qırğınlar barədə işarə də yoxdur, – gizlədilir hər şey; əsas ittiham “Vərəsə”dir, “Vərəsə”ni təcili qaytarıb rəsmi imtina eləsəniz, əllərində tutarlı əsas qalmaz”. Qurban da tez-tez Mədədə, gah da Sultana qışqırıb-bağırırmış ki, “Tərəzinin bir gözünə insan həyatı, o biri gözünə “Vərəsə” qoyulubsa, “Vərəsə”yə görə niyə güdaza verirsiniz özünüzü?!” Lüt də, Təftiş də gah rayonda Sultana, gah çaylaqda – kitabların yanında Mədədə yalvarırmışlar, təkid edirmişlər: “Aparın təhvil verin, canınızı qurtarın”. Əmma nə Qurbanın xəbəri varmış ki, “Vərəsə” necə vərəsədir, nə də Lütün, Təftişin xəbəri varmış ki, “Varidat” – “Xəzinə” Məhəmmədin, Şeyx Ağ Əmirin, Şeyx Boz Əmirin və fədailərin əlləri ilə yazılsa da, “Süleyman padşahın xəzinəsi”dir. Bu kənddə hələ heç kəs bilmir ki, məktəbin ağıllı-kamallı direktoru, “Qonaqlının istəkli həkimi” – rus qızı Sestranın istəkli əri Ələsgər müəllim niyə “Dam direktor” olub: yəni Ələsgər müəllimin öz ikimərtəbə daş evinin çardağında uşaqlara “ulduz-mulduz” danışmağının səbəbi bu “Vərəsə”dən götürülmüş tarixdən ibarətdir. Abının özünün xəlvəti yol qıraqlarında, divar diblərində oturub “qərib adamlarla kəlmələşməyi” də bu varidatla bağlıdır. Cəmi bəşərin dilində gəzir ki, “Süleyman peyğəmbərin xəzinəsi qalıb, üstündə ilan yatır”. Hardadır o “Xəzinə”? O necə ilandır ki, heç əl çəkmir “Xəzinə”dən. Bir kimsənin xəbəri yoxdur ki, Vətəndən tərik salınıb “Türk”ə döndərilən OdƏrlərin, Ev ƏrEy ikən “Yevrey”ə, ƏrÜz ikən “Rus”a, AğÜz ikən “Oğuz”a döndərilənlərin ƏsƏlMənidi o “Solomon” – “Süleyman!..” “Süleymandan qalan dünyadan” inci götürməyə cürət edənləri o ilan dübarə çalıb öldürür. Varis bilməlidir ki, Məhərrəmin, Saşanın Bakıdan zənglərindən sonra, Qurbanın qışqır-bağırından, Lütün, Təftişin yalvar-yaxarından sonra Sultan yumşalıbmış; “avariya” günündən əvvəlki gecə gedib orda – çaylaqda Mədədə təklif eləyib ki, “Bəlkə təhvil verək?”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Süleyman padşahın xəzinəsi 1

Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi “super dövlət” SSRİ-nin tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə “tısbağa yumurtası” adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu – “yaiçnıy paraşok” da nemət sayılırdı: taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu “paraşok” demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə “yaiçnıy paraşok” gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin “payoku¹”ndan hər cür nemət dadıb özünü “kişmiş acı” saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində – qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, atasından “çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə, doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula – göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa, “Çax-çux özünə gün ağlasın, biz də özümüzə” – deyib gülüşsünlər.

31 min
Süleyman padşahın xəzinəsi 2

Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka”¹⁹ yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir... Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların,²⁰ xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin²¹ üç para kəndində, o cümlədən burda, Qonaqlıqda da alverçilərə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, alverindən qalmırdı.²² Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə “Məsimin zonası” – ərazisi olsa da, Sultan əmi bu sakit, qaraqabaq oğlanı “əfəl” saydığına görə hərdən Səmədə “Get o əfələ kömək elə”, – deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd, Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu şəxsi dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqitəbii duyurdu, əmma o həyətə nə qədər göz yetirsə də, bir vaxtkı “yaiçni paraşok”, kişmiş alverçisini, təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-filanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin projektorsayağı “mil” işıqlarını görəndə də dərhal o qara üzü görürdü, makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu, Çax-çux Xalıqın özü isə, o il qəbristandan gedəndi ki, hələ də gözə dəymirdi. Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-qarala qalırdı. Odur ki, hətta son iki ildə – Bakıda da Səməd onu unutmamışdı.¹⁹ Əsgərlər üçün qalın üst geyimləri.

22 min
Süleyman padşahın xəzinəsi 3

Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.

30 min
Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 min

Poems by other poets