Xəzinə üstündə yatan ilan 1
Page 1 of 4
Oturacaqda ağzı açıq bir konvert vardı. Müslüm, yola düşər-düşməz, o konvertə işarə eləyib:
– Sənədi. Oxu, – dedi.
Səməd oxudu: “Kürəyimdə dünya ağırlığında yük var. Gəl götür üstümdən, heç olmasa bir az rahatlanım. Gəlməsən, bəlkə də məni görmüyəcəksən daha”.
Müslüm:
– Cır at, – dedi. – Qayda belədi.
Səməd kağızı, konvertlə birlikdə, xırda-xırda cırıb pəncərədən külçəyə sovurdu. Sonra isə harda, nə vaxt yuxuya getdiyini bilmədi. Uşaqlıqla ilk gənclik arasında, əzələlərini təzə-təzə daşlaşdırmağa başladığı çağlarda, Sarıyerdəki haman göl dibində qara camış Qıllı Qeybalı ilə, Qudalıların cin-şeytan yığnağı ilə vuruşurdu. Yusif kimi gözəl Yusiflə Məmməd Xələf Zaldan başqa Müslüm də boz “Pobeda” ilə birlikdə orda – suyun altında idi, “rul”dan qoşa əlli tutub: “Səni çağırır”, – deyirdi. “Eşitmirsənmi?! Çağırır!” – deyirdi. Əmma daş əzələlər əskiyə dönmüşdü, qara camışın qıllı qollarının, cin-şeytan yığnağının əyiş-üyüş qaraltılarının arasından çıxmaq mümkün deyildi. Müslümün təkidli səsindən, göl dibinin uğultusundan başqa, Səməd öz xırıltısını eşidirdi və başa düşürdü ki, bir az da belə getsə boğulacaq. Odur ki, son gücünü toplayıb, Qeybalının döşünə təpik vurdu və bu təpiklə də yuxudan canını qurtardı.
Nəfəsi qaralırdı, ağrıdan başını tərpədə bilmirdi. Radioda bir-birinə qarışan dalğaların çatıltı-patıltısı qulaqlarını deşirdi. Çatıltı-patıltı kəsiləndə mühacir Aşıq Cavanın səsi eşidildi: “Xoca Əziz sənə qurban. Ağlama, oğul, ağlama. Ağlama, Məsim ağlama...”
Səmədə elə gəldi ki, Müslüm bu verilişi məhz onunçün tutub.
Üz-gözünü əydi:
– Əmimin evində o qədər ağlamışam ki, ömrümün axırınacan yaş çıxmaz gözümdən, – dedi.
Müslüm yanakı baxıb, sərnişininin üzündə nə gördüsə, dərhal radionu söndürdü.
– Bağışla... çatmışıq. Onçun qurtdaladım, – dedi.
Və Səməd ancaq indi anladı ki, maşındadır, çatdıqları yer isə Bakıdır, ərnik qır qoxusu ilə dolu, ala-tala işıqlı, dar bir küçə ilə üzü aşağı – enişə gedirlər.
Pencəyi arxadan – oturacağın söykəyindən sürüşüb, sağ budunun altında əzilmişdi. Sağ əli də budunun altında qalıb, keyikib, tamam hərəkətsiz ət parçasına çevrilmişdi: elə hərəkətsizdi ki, barmaqlarında gizilti olmasaydı, Səməd iflic gümanına düşərdi. Ovuşdurub, silkələyib, maşının ora-burasına çırpıb əlini hərəkətə gətirdi və indicə hiss etdi ki, gözlərinə qor dolub, baxışı dumanlanıb: “avariya” günü saqqızın altından kəndə doğru gedəndə ayağının altında yer necə çökəlib, dəniz kimi qabarıb dalğalanırdısa, ərnik asfalt yol da elə dalğalanırdı.
Əlini Müslümün biləyinə atdı.
– Müslüm, aptek tap!... Qan təzyiqindən ötrü bir şey... Başımın ağrısı kəsməsə, bu vəziyyətdə heç yana çıxammaram. Gözümə qaranlıq çökəcək indicə.
Müslüm maşını qırağa verib saxladı. Oturacağa qara daş cildləri yada salan qara “padnos”, “padnos”un üstünə isə “qranyonnı stəkan” qoydu. Sultan əminin termosunu oturacağın dalındakı cibdən çıxarıb çay tökdü, müharibədən sonra RİK Atamalının açdırdığı “Əlillər emalatxanası”nda hazırlanıb şəhərdə və vağzallarda satılan “saçaqlı konfet”dən birini parçalayıb, stəkanın böyrünə qoydu.
– Hələ bir bunu iç. Aptek qaçmır, – dedi.
Sultan əminin termosu ilə samovarın lüləsindən indicə düşmüş kimi qaynar, ədviyyatlı çay da, “saçaqlı konfet” də Naxçıvan səfərini, o nadan, yelbeyin ərköyünü xatırladırdı. Çoxmu keçmişdi o vaxtdan? O – qırx altıncı il, oktyabr, bu – əlli dörd, avqust. Düşündü ki, ilahi, səkkizcə ildə insan nə qədər dəyişərmiş! Köməyə, “yük götürməyə” çağıran əmi də dəyişmişdi: acizləşmişdi, güzəştli olmuşdu? Deyəsən... Ağrı, ağrı, ağrı... Gözlərini yumub, qaynar çayı üfürə-üfürə, qurtum-qurtum içdi.
– Tök! Bir də tök! – dedi.
İkinci stəkanı konfetsiz içəndə başa düşdü ki, bu çay deyil, ədviyyat da deyil, nə isə başqa şeydir. Gözlərini açıb Müslümə baxanda isə hiss etdi ki, daha nə ağrı var, nə də qaranlıq çökmək təhlükəsi.
Təəccüb içində, Səməd uşaq kimi sevindi.
– Bu nədi, ay fırıldaq, nə verdin mənə?
Müslüm güldü.
– Aptek-maptek lazım deyil ki?
– De görüm nədi axı bu?!
– Sultan Mamedoviç “dirilik suyu” deyir buna. Yemşən suyudu. Təziqi o dəqiqə götürür.
– Doğrudan da, “dirilik suyudu!” Yemşən!
– Qarışığı da var. Onu da bir allah bilir, bir də Xızr Abı.
– Deməli, Abı düzəldib?
Müslümün üzündən gülüş çəkildi.
– O ili, avariyadan iki-üç ay qabaq risq eləmişdi Abı, ermənilərin təzə-təzə qızışan, qan-qan deyən vaxtı Göyçəyə getmişdi. Ordan bizim “qoyun gözü” dediyimiz jenşen meyvəsi gətirmişdi. Jenşen kolunun boyu bir qarışdı, meyvəsi elə yemişəninki təkidi. Məncə odu bu. Kökü deyil. Kökünə toxunmuruq biz. Çünki müqəddəs sayılır. Köksünü ötürüb, birdən-birə:
– Heyif! Heyif Göyçəmizdən! Belə də ədalətsizlik olar, a kişi?! “Qardaş olub Haystan, Aaazərbaycan!..” Torpağını versin “qardaşına”, özü getsin Muğanın duzlaqlarına, Sibirin şaxtasına!.. Aşıq Hüseyn cavanın konsertini bu vaxta salırlar həmişə, ay Səmi. Niyə? Şər qarışandan sonra adam onsuz da qəmlənir. Bir yandan da bu: “Ağlama, oğul, ağlama...” Necə ağlamayım? Müqəddəs dağlarımda müqəddəs dərmənlərim, sağlamlığım gedib!.. O vaxtdan Sultan Mamedoviçi saxlayan elə budu. YemSən hara, “jenşen” hara?! Yer-yurd əldən gedəndə dil də gedir! Sultan Mamedoviç deyir “y”ya “j” deyən Qazaxlardı, Rus Qazaxdan alıb bu “jenşen” kəlməsini, arvadının adına da “Jenşen” qoyub! Onu da “jenşina” eləyib. İndi bax Gör Göyçə nədi, Yemsən nədi, “jenşina” nədi?!
Səməd astadan:
– Yaxşı, bəsdi! – dedi. – Bilirəm, alimlər yanında oturub alim olmusan! Əmma adi şeyi qanmırsan: “Jenşina!..”
Sevinc getdi, iniltili xəstə əminin evindən nifrətlə qaçan sərxoş nadanı xəcalət təri basdı.
Müslüm günahkar kimi, xeyli susub, sonra birdən danışmağa başladı.
– Qurbanın olum, kobud olma! Abı da danlayır məni... “Qiyabi oxuyursan, ali təhsil alırsan. Dilindən söz çıxanda fikirləş də, ay oğul”. Deyirəm, ay baba, bütün o tay-bu tay Azərbaycan “dərman” deyir, “dərman” eşidir. Nə böyük xəta eləyirəm ki, hər dəfə “dərmana gəlmişəm” deyəndə bu qədər danlayırsan”. Deyir: “Evimiz elə onda yıxılıb ki, o tay-bu tay Azərbaycan da “dərman” deyir, bütün Türkiyə də, Türkmənistan da, Özbəkistan, Qırğızıstan da, Tatarstan da, Başqırdstan, Göy Oğuz, Uyğur-filan da! Bir fikirləşən yoxdu ki, “yemşən” deyil bu, “yemşən” suyu deyil, YemSəndi! YemSən! YemSən! Bu kəlməni sənin dilinə verən bədbəxt “DərMən” deyib. Yəni “dərirəm!”. Budu bax, qaynadıram, tökürəm termosa, aparırsan Sultanım içir, ikicə dəqiqəyə qan təziqi düşür, sən də fikirləşirsən ki, “Bah, bah, bu Xızr Abı nə müdrik adamdı!”. Mən deyiləm müdrik, ay oğul, sənə yem yaradıb “YemSən” deyəndi! Tanımırsan sənə yem yaradanı...
Səməd termosa baxırdı. İndi o da bir az günahkar kimi idi.
– Belə çıxır ki, çay adına kişinin dərmənini içmişəm həmişə?!.. Təhkimçilikdən qayıdanda Xeyrə arvadın samovarını gözləməzdim, bu termosun üstə cumardım... Eşşəkliyə bax!.. Öldüm ey!..
– Allah eləməsin!.. Bundan bilirsən nə qədərdi? – Müslüm oturacağın dalından – termosun yanından büzməli torba çıxartdı, büzməsini aralayıb, ovcunda quru YemSən – “Jenşen” göstərdi. – Budu ha!.. Xeyrə arvadda da var bundan. O taydan gətirib vaxtilə. Boxçaçiçəyidi, Qaymaq çiçəyidi bir də budu, xarab olmur, istər yüz il saxla. Sultan Mamedoviçin kabinetində stolun siyirmələrinin hansını açsan elə YemSəndi. İsti-isti içəndə ikicə dəqiqəyə sağaldır.
Soyuq içəndə bir az gec təsir eləyir. Damarı genəldir, qanı durulaşdırır, başda ağrını götürür. Qara ciyərə, ödə xeyir eləyir. Nə bilim, özgə neyləyir. Dam direktor Ələsgər müəllimin arvadı Sestra “çudo”¹ deyir buna.
– O da bilir?
– Dam direktorunun da başağrısı var.
Rəhmətlik Mədəd əmi boğulanda, elə bilirdin sinəgir-astmadı.
– Atam da?!
– Onda lap pisinnəniydi... Yəni heç görməyibsən?
– Yox...
– Mədəd əminin sağlığında KeQeBe yaman çəkirdi Abını o yanbuyana. Abı da məcburuydu, aralı gəzirdi Sultan Mamedoviçdən. Bizim evə telefonu o vaxt qoydurdu Sultan Mamedoviç. Gecələr o cəlladnan danışandan sonra elə ki görürdüm rəngi dəyişib, əli də boğazındadı, o dəqiqə xoddayırdım maşını... “Emadin” idi onda. Elə gedirdim, elə qayıdırdım, Kəsəyolda şaxa-budağa çırpılmaqdan o gördüyün qara “Emadin” bomboz bozarırdı. Yarımca saata gedib gətirirdim Mədəd əmini. Qapıdan girən kimi sappadan-sağ eləyirdi Sultan Mamedoviçi.
¹ Möcüzə, xariqə. Əmgəyini ülgücnən çərtirdi. O vaxt cibində ülgüc gəzdirirdi Sultan Mamedoviç. Bir ülgüc də Mədəd əminin cibindəydi...
Yanğısı kəsməsə də, Səməd daha içə bilməyib, stəkanı “padnos”a qoydu. Xəcalətinə, narahatlığına hiddət qarışmışdı.
– Mən hələ təzə-təzə qanıram Mirqəzəb kimdi. Burda, partiya məktəbində yoldaşlarım deyirdilər gecələr ekzemasının gicişiyi şiddətlənir, guya elə ona görə səhərə qədər zəng eləyir, zəhərləyir hamını... Hələ çox adam tanımır onu, Müslüm. Yaxşı oldu çağırdınız məni. Görmək istəyirəm, bu qədər qan-qırğından sonra necə oturur müttəhim kürsüsündə. Niyə sürmürsən? Məncə, propusk²-zad yazdırmaq lazım olacaq. Hər adamı buraxmazlar axı elə məhkəməyə. Sür!
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-xezine-ustunde-yatan-ilan-1
Use ← → keys to move, R for a random poem
More by this author
Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Süleyman padşahın xəzinəsi 8Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatının”, “Cəbrin”, “Həndəsənin”-filanın vərəqlərini o yan-buyana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.
Süleyman padşahın xəzinəsi 9Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.
Poems by other poets
— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Khosrow and Shirin, chapter 41شبی از جمله شبهای بهاریسعادت رخ نمود و بخت یاری