Xəzinə üstündə yatan ilan 1
Page 2 of 4 · 25%
Müslüm tərpənmədi. Dayandıqları yerdə küçə genişdi, hündür dəmir dirəklərdə sərt işıqlı lampaların qoşa cərgəsi uzanırdı. Tək-tək maşın keçirdi. Səkilərdə başları, yaxaları açıq, tərli adamlar tərpənişirdilər. Müslüm gah maşınlara, gah adamlara baxsa da, puçurdan təzəcə çıxmış yarpaq rəngində, xırdaca gözlərindən görünürdü ki, fikri ayrı yerdə idi.
– Səməd... Söhbət var... Mən bilirəm, həyatınız, mühitinizdi sizi sarsıdan. Əmbə əlacım yoxdu, ciddi söhbətim var sənnən.
– ...Əmimə bir şey olmasın!
– Yox, yox!.. Nə danışırsan?! Ayrı şeydi... Açığı, yolda qəsdən demədim. Qorxdum qızışarsan, yoldan qayıdarsan.
– De görək!
– Bilirsənmi... Səni boş-boşuna çağırmayıblar... Qurban əmi Məhərrəm Abbasoviçnən danışanda yanındaydım. Danışıb qurtarandan sonra dedi get benzin götür, hazırlaş, təcili apar Səmədi, özünə də deynən vəziyyəti yaxşı deyil kişinin. Çağırır. Əmma mən düzünü deyəcəm sənə. Rayondan Sultan Mamedoviçə zəng vurublar.
– Kim?
– Çox adam...
– Məndən şikayət eləyiblər? Təhkimçilik eləmirəm, yığıma köməyim dəymir.
– Hə...
– Nə olsun ki? Təhkimçilərin elə hamısı bütün günü kölgəliklərdə səvərişib çay içirlər. Kimdi iş görən? Faydası yoxdu təhkimçiliyin! Pambığı yığanların özlərinin rəhbər işçiləri var, daha bu “təhkimçi” nədi?!
– Gülənov da danışıb.
² Buraxılış vərəqəsi.
– Əmimnən?! Mənim barəmdə?!
– Hə... Deyib: “avara-sərgərdəndi, Məcnun olub çöllərə düşüb, sənin ad-sanını batırır. Bizə, orqan işçilərinə də söz gəlir ki, katibin, partiyanın şərəfini qorumuruq”.
Səməd çiynini çəkdi.
– Bezobraziyenin köhnə işidi böhtan atmaq. Əmim tanımırmı Gülənovu?! Çoxlu qeydim var. Cəmaat it günündədi! Xəlvət Rəhimin, briqadirlərinin, mühasibinin dədələrini bellərinə şələliyəcəm! O biri kolxozlarda olmamışam hələ. Başa düşmürəm, Qurban əmi niyə ayırır məni işdən?! Səbəbini niyə gizlədir?! Bəs əmimin yazdığı o “yük” nədi?
Müslüm elə küçəyə baxırdı.
– “Yük?..” Açığı, Elmi bərpa eliyəmmiyəcək əmin. Yığdığımız cildlərin çoxu parça-parçadı, tək-tək, əzik-üzük vərəqlərdi. Tək bir “Sirli dəstanlar” kitabı az-çox oxunur. “Dədə Qorqud...”, “Koroğlunun Divlərnən müharibəsi...” Əmin istəyir elə bunlardan başlıyasan. Qurban əmi deyir “Səmədi işə qoşma hələ”.
– Niyə?
– Bilmirəm, qardaşım. Bilsəm də, incimə, mən çox şeyə qarışammaram.
– Çox şeyə?! Nəyə?
– Qurban əmi deyir Səməd sarsıntılıdı, əmisini də çox sarsıdır. Beynini yükləmək olmaz onun. O nalı, deyir, al ondan, at getsin.
Səmədin qaşları düyünlü idi.
– Əgər Qurban əmi sənnən bu mövzuda danışıbsa, deməli, sənə xəbərdarlıq eləyib ki, yolda mənim beynimi çox yükləmiyəsən? Burdan da belə nəticə çıxır ki, sən özün də sirr dağarcığısan! Açıq danış! Bilirəm, sən də çekistsən. Çəkinmə məndən! Sözünü de!
Müslüm qızardı.
– Böyük adamların şoferlərinin hamısının qarnı sirnən dolu olur, ay Səməd. Vəzifələri dəyişəndə niyə şoferlərini də özləriynən aparırlar? Hamısı elə sirrə görədi də! Sultan Mamedoviç deyir: “Bu planetdə nə qədər gözəgörünməz mikrob varsa, “Xəzinə üstündə yatan İlan”ın da bir o qədər mikro ilanı var. Mikroilanlar elə zəhərləyirlər ki, heç Bağlar da bilmirlər!..” Əmin yenə açıq, mərd kişi söhbəti eləmək istəyir sənnən. Deyir: “Səmədnən aramızda çoxdu gizlin şey. Nə əmisini tanıyır Səməd, nə də öz imkanlarını bilir”. Sən, açığı, düşmənlərimizi də tanımırsan, qardaş. Sultan Mamedoviç deyir: “Şüşəli”yə yığışanlar şpionajın heç beşdən biri də deyil”. Moskvadan gələn bəlaların hamısının kökü xaricdədi. Mikroilanları tanımalısan sən. Onda daxilimizi, Bezobraziyenin özünü də tanıyarsan. Xalqı, vətəni qoruyanlarımıza köməyin dəyər. Sultan Mamedoviç deyir: “Bizim bir-birimizdən lap cüzi narazılığımızdan da dərhal istifadə eləyirlər, təhlükə törədirlər”, ...Şamaxıdan bu yanda, Acıdərədə körpünün altında dirəklər laxlamışdı. Gördüm, körpü yırğalanır, üstəlik, körpünün lap ortasından iki enli taxta çıxarıb qırağa qoyublar. O dəqiqə saxladım maşını, dala verdim, torpaq yolnan dolayı çıxdım asfalta. Xeyli qıraqda qoşa podfarnik saralırdı. Hiss elədim ki, kimdilərsə, məhz onlardı bizə tələ quranlar. Sonra gördüm dalımızca gəlirlər. Maşını qaza basdım.
Təhlükəni gərək vaxtında görəsən. Açığı, ölüm-dirimdi. Çax-çux Xalıqı da tanımırsan sən, qardaş. Rütbəli adamdı. Həm də çox təhlükəlidi. Səni, bir tərəfdən, elə buna görə belə təcili çağırıblar. Tək əmin özü deyil səni çağıran. Bu sözü deməyə bilməzdim sənə. İstəyirəm Məhərrəm Abbasoviçnən əmiyin yanına hazır gedəsən. Başqa sözüm də var... Bir dəli şeytan deyir o sözü də de.
Dəli şeytana qulaq asım beynini yükləyim, yoxsa Qılınc Qurbanın xəbərdarlığını nəzərə alım, yükləməyim?..
Müslüm gülümsünəndə “quş dimdiyi” burnunun ucunda dəri dartılıb ağarırdı, sifətinin nazikliyinə nisbətən ətli dodaqları qatlanıb dörddodaq olub Müslümü çirkinləşdirirdi, əmma xırdaca quş gözlərinin təzə yarpaq yaşıllığından necə məlahət saçılırdısa, Səməd özündən iki yaş böyük dostunu uşaq kimi qucaqlayıb bağrına basmaya bilmirdi.
Bu dəfə o məlahət olmadı. Çünki Müslüm süni gülümsünürdü.
– Yükləyim, yükləməyim?.. Niyə dillənmirsən?
Səməd stəkanı göstərdi.
– Bunu götür. Sonra yüklə. Gözümü deşir bu stəkan.
“Dirilik suyu” elə ağır fikirlər oyatmışdı ki, bir tərəfdən “Mirqəzəbə qalib gələn Kişi” ilə yeni münasibət yaratmağa, o biri tərəfdən “Mirqəzəbə qalib gələn Kişi”yə yeni zərbə vurmağa cəhd göstərən Bezobraziye xadimlərinin çaxnaşmasına laqeyd qalmaq mümkün deyildi. Bezobraziye hər yerdə hakim kəsilsə, nə olar? Tutqu, sürgün, qırğın son həddə çatmazmı?!
Lakin Müslüm tamam başqa, gözlənilməz xəbər dedi:
– Bilirsənmi... iş bu yerdədi ki, bacı ikicanlıdı. Uşağı var. Dörd aylıq uşağı.
Səmədin sifəti birdən-birə tamam ifadəsiz oldu. Dodaqları keyləşdi. Nə qədər qəribə olsa da, sevgi adlı əzabı yalnız indi dərk edirdi.
– Gülgəzin... uşağı...
Müslüm, “bacı”nın adını Bircə balanın dilindən eşitdiyinə heyrətlənib, duruxub gözlərini döydü.
Səməd isə yenə birdən-birə dəyişmişdi. “Uşaq!.. Əmimin evində... öz varisi... Mən ələ-ayağa dolaşacam. Mən yaşamamalıyam!.. O sərxoşluq... O konyak şüşəsi... O zaks... Nəticəsi də bu...” Qıllı Qeybalının səsi gəldi: “Kimdəndi uşaq, ay Səməd? Sənnəndi, yoxsa əmindən?!” “Uşaq... Uşaq... Sultan əmimin qucağında öz balası!..”
Birdən yenə də darvaza qabağından ağ binanın içinə baxanda düşündüklərini xatırladı, “sonsuz əmi”nin qucağında körpə gördü! Hiss etdi ki, belə gözlənilmədən qayıdan o sevinci gizlətmək istəmir. Əmma nə isə mane olurdu. Nə? Bu barədə düşünmədən:
– Dost olsaq da, çox açıq deyil aramız, – dedi. – “Gülgəz” adı eşidəndə gözlərin böyüdü... Eşit və bil, Müslüm, onnan mənim aramda heç nə olmayıb. Heç nə! Çox pak qonşuluq olub, sonra istəyə çevrilib, vəssalam. O da qurban olsun Sultan Əmirliyə, mən də! Bildin?! Uşaq!.. Uşaq demə, Müslüm, Sultan Əmirli üçün əsl dirilik suyu de! Ağ Əmir, Boz Əmir de! Məhəmməd Əmir de! Mədəd de! Sura de!.. On iki ildi şoferlik eləyirsən Sultan Əmirliyə, sirdaşı, qardaşı olmusan! Bilirsən uşaq nə deməkdi Sultan Əmirli üçün! Niyə mısmırıqlı danışırsan uşaq barədə?!
Belə qışqırıb, birdən susdu.
“Pobeda”nın böyründə, küçənin işığında “podfornik”ləri sarala-sarala arxadan gələn bir “Villis” dayandı. Tünd abı kitelinin döşündə qızıl ulduz, çiyinlərində yaşıl zehli, zərli paqonları parıldayan bir mayor “rul”un – sükanın arxasından başını çıxarıb gülümsəyirdi.
– Xoş gördük, qadası. Xoş gəlmisən vətənimizin mərkəzinə! Son günlərin hadisələri yaman heyrətləndirir səni. Yadındadımı dediklərim? Əmin qırx qazanın çalasısıdı! Bütün dünyaynan bağlıdı! Hey elə qurban verir xalqına, özünü saxlayır. Qanmır ki, Eçmiədzinin o qızıl xaçlı Varneti də bəsdi ki, Sultan adında adam qalmasın bu dünyada!.. Nə çox baxırsan ora-burama, qadası, mənim bu görkəmimə heyrətlənmə. Forma geyinmirik biz. Bu axşam xüsusi izn almışam ki, Bircə bala görsün Xalıq Qudalovun əsil sifətini!.. Ulduzuma yaman baxırsan! Sovetlər İttifaqının daxili və xarici düşmənlərinə qarşı mübarizəmə görə verilib.
İcazənlə keçim başqa söhbətə:
– Gördüm gəlirsən, bu dəfə keçəcəksən o qatilin tərəfində fəaliyyət göstərəcəksən. Baxtın gətirdi, bu dəfə Müslümün həssaslığı xilas elədi səni. Əmbə müvəqqəti sağlıqdı bu, qadası. Bu bir. Hə! Əyri yola düşsən, kim sağ qoyar səni?!
İkincisi, sənə dönə-dönə demişdim Gülbənizi gör. Axır ki gördün. Əmbə qardaş qatilinə münasibətin kəskin deyil. Bu da xeyrinə deyil sənin. Hə!
Səmədin əli qapının dəstəyində titrəyirdi.
Qapını açıb, bir andaca suya batmış əlini Çax-çuxun boğazına uzatdı. Lakin “Villis” vaxtında tərpəndi, qıjıldayıb getdi.
Səməd özünə gələ bilmirdi. Müslüm ehtiyatla qolundan tutub, yavaşca çəkdi.
– Gəl, qardaşım... Allah özü bəlasını versin Bezobraziyenin! Gəl otur. Əmin intizar qalar.
Səməd keçib oturub, qapını çəkdi.
Müslüm yenə süni güldü.
– Əmbə lap tumana əl apardı ha qaniçən köpəyoğlu! Adamı üstəliyəndə şirdi, zor görəndə tülküdü! Sultan Əmirlinin çörəyi halalın olsun! Rəhmətliklərin torpağı sanı yaşıyasan. Sən əmini necə istəyirsən, rəhmətliklər də elə istəyirmişlər bir-birlərini... Bu dərmən-dava işindən savayı, Xızr Abının görücülüyü də var axı. Sən anayın qoynunda olanda anayın üzünə baxıb, Mədəd əmiyə deyib: “Uşağın olan günü Sura rəhmətə gedəcək. Uşağı xərc eləsəniz, özü səlamət qalacaq, əmma doğar qarnı olmuyacaq”. Anan eşidib bunu, həkimə gedib. Həkim də Abının sözünü təsdiq eləyib deyib: “Ya uşağından keç, ya canından”. Anan canından keçib ki, Mədəd əmi övladsız qalmasın... Srağagün gecə danışdı bunu mənə Sultan Mamedoviç, dedi: “Səmədin ürəyi anasının ürəyidi...” Çox içibsiniz ikiniz də, nəsə olub, sən pis çıxıbsan evdən. Zəng vurdu Sultan Mamedoviç, getdim gördüm təkcə oturub tut ağacının altında, bu termosnan bu stəkan da qabağında. Stəkanı doldurmuşdu, içmirdi... İnsanın insana məhəbbətinə bax ki, o da sən deyəni dedi: “Mənim dirilik suyum Səməddi! Comərddi, Süleymandı Səməd! Məhəmməd Əmirdi Səməd! Ağ Əmirdi, Boz Əmirdi, Mədəddi, Suradı Səməd!..”
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-xezine-ustunde-yatan-ilan-1
Use ← → keys to move, R for a random poem
More by this author
Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Süleyman padşahın xəzinəsi 8Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatının”, “Cəbrin”, “Həndəsənin”-filanın vərəqlərini o yan-buyana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.
Süleyman padşahın xəzinəsi 9Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.
Poems by other poets
— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Khosrow and Shirin, chapter 41شبی از جمله شبهای بهاریسعادت رخ نمود و بخت یاری