Page 2 of 5 · 20%

⁸ Əsrin əvvəlində Tiflisdə, İrəvanda da məscidlər vardı, əhalinin əksəriyyəti dindar azərbaycanlılardı. 1918-ci ildə rusların qələbəsindən sonra qədim ƏrEvÜn – o dərcəsi: (Ər-işıq, Ev, Ün – İşıq Evinin ünü), indiki “Yerevan” Ermənilərə verilib. otuzuncu ilin qışında iki qardaşın ikisi də bir gündə xəlvəti öldürülüb, “Əmir məzarstanı” deyilən qəbristanda dəfn olunub... Atası Səmədi stolun böyründə oturtdu, özü isə ayağa qalxdı. Boyu elə uca idi ki, stolunun dalından qalxanda başı divarda Stalinin portreti ilə yanaşı durardı və bu vaxt Səməd qalın, bir az yağlıtəhər saçlarında daraq dişlərinin izi qalan, bığı da saçları kimi parıldayan atasının Stalinə necə oxşadığını daha yaxşı görüb, kükrək qürurla coşub dik atılardı. Atası bu hərəkətdən təəccüblənib, “hoppanırsan elə”, – deyərdi. Sonra gözucu portretə baxıb dodaqucu gülümsünərdi, “Yaxşı böyüyürsən, oğlum. İşıqlı böyüyürsən, əmma çox hoppanma. Oğul təmkinli olmalıdı”, – deyib hər dəfə nəsihət eləsə də, Səməd heç cür təmkin saxlaya bilməzdi. O gün isə, sədr stolunun böyründə, xüsusi xalça üstündə, Sultan əmi kimi, Qılınc Qurban kimi böyük adamlar üçün qorunub saxlanan “qonaq yerində” – kresloda oturduğunu da hiss eləməyib, atası kabinetdən çıxıb gedəndən sonra da kresloya yapışıqlı qaldı.

Qabağında, stolun küncündə üç şəkil vardı. Biri “Əmir məzarıstanı”nda bir cüt yanaşı qəbrin şəkli idi. İkinci, üçüncü şəkillər isə, həmin qəbirlərin başdaşlarının ayrı-ayrılıqda şəkilləri idi. Danışıb qurtarıb kabinetdən çıxanda, atası qapıdan qayıdıb bu şəkilləri buraya atdı və hirsli-hirsli gəzinməyə başlayıb:

– Bax! Bax! – dedi.

– Baban Məhəmməd Əmirin qəbri də o məzarıstandadı, əmilərin Ağ Əmirnən Boz Əmirin qəbirləri də. Adlarını kommunist qoyanlar şeyx adlananları özlərinə düşmən sayırlar, – dedi.

– Aclıq ili⁹ gəlib bu tayda qalmasaydıq, rus dilini öyrənib, Leninin kitablarını oxuyub Kommunist Partiyasına daxil olmasaydıq, Sultan əminnən mənim yerimiz də o məzarıstan olardı indi, – dedi. – Cəllad şahın əli çatmadı, bu tayda səlamət qaldıq. İndi özümüz özümüzə cəllad olmuşuq. O taydan şeyx qəbirlərinin şəkillərini gətirdirik, bu tayda kommunist Sultan Əmirliynən kommunist Mədəd Əmirlini çək-çevirə salırıq: “Sinfi düşmənlərimizin qardaşlarısınız!” – filan!.. Bax o şəkillərə, fəxr elə ki, Əmir adınnan adlanan o məzarıstanda qədim nəslin-kökün, Səttar xan, Bağır xan mücahidlərinə haqq-ədalət dərsi deyən şeyx əmilərin var. “Şeyx” kəlməsi qorxutmasın səni. Oxumusan, Lenin deyir: “Religiya opium dlya narodov”. “Din tiryəkdir xalqlar üçün”. Yəni beyinləri dumanlandırır din, real dünyadan ayırır. Əmilərin Ağ Əmirnən Boz Əmir razıydılar bu fikirnən, tez-tez bizim Doktornan, yəni Nəriman Nərimanovnan görüşürdülər. Dini məhz “tiryək” adlandırırdılar. “Mollaların nazıynan oynama, Doktor, – deyirdilər. – Çox hiyləgər məxluqatdı mollalar, bir də ayılıb görərsən elə özün də tiryək çəkirsən”, – gülüşürdülər. “Şeyx” rütbəsinin, din libasının altında gizlənib “Kainat elmi” – “SafAğ Elmi” adlanan böyük elm yayırdılar əmilərin.

⁹ XX əsrin əvvəllərində Cənubi Azərbaycanda (cənuba “Güney” də deyilir) aramsız üsyanlar nəticəsində kütləvi aclıq olmuş və Arazın o tayından bu tayına insan axını gəlib burada məskunlaşmışdı.

Təbrizdə mədrəsəmiz vardı. “Quran”ın tədrisində surələrin oxunuşu, yəni kəlmələrin, ayələrin-cümlələrin ərəbcə tələffüz tərzi, qiraət üsulu qurtarandan sonra mədrəsənin qapılarını bağlayıb “batin”, yəni gizlin “təfsir”ə, yəni şərhə – izaha başlayırdılar.

“Həqiqət Quran”ın kəlmələrində, ayələrində, surələrində deyil, hürufatda, hər bir hərfin əslindədi. Hərfin əsli isə ərəbcə deyil (yazıram bura, oxu): OdƏr dili adlanan dildədi. Məsələn, “Quran”ın ilk surəsinin əvvəlindəki iki hərfə diqqət yetirək:

“Əlif Lam”.

“Əlif – “A” hərfinin əsli – OdƏrcəsi “ƏlEv”di. Mənası: “Evin Əli”.

Bunları da yazıram kağızda, gözünnən görəsən ki, OdƏr kəlmələri, söz daxilindəki söz birləşmələrinin hamısı böyük hərfnən yazılır.¹⁰ Məna isə izahat tələb eləyir. Necə yəni “ƏlEv” – “Evin Əli”? Kimin evinin əli? Evin də əli olarmı?.. Uzun təfsirdən – şərhdən sonra məlum olurdu ki, “Ev” (hələlik belə bil) Allahın Evidi. Bu Evin Əli, yəni işləyəni, yaradanı isə Allahın Oğludu.

Nə başa düşdün?

Əgər Əli-Oğlu varsa, demək Allah tək deyil və demək, “Quran”dakı “Allah təkdir”, “Allah doğub törəmir” sözləri yalanmış?!

Bax belə təfsir-şərh!

“Lam” hərfinin əslinə – OdƏrcəsinə diqqət yetir:

“Əlim!”

Birinci surənin əvvəlindəki “Əlif Lam” hərflərinin birlikdə mənası nə olur?

“ƏlEv Əlim!” Yəni “Evin Əli mənim əlimdir”. Hər bir Aləmdə, yəni “Qalaktikada” əhaliyə söz, məna çatdıran, kitab, həqiqət verən Əl-Oğul var:

¹⁰ Yabançı tədqiqatçılar deyirlər: “Qədim Türk dilində hər bir söz hecalardan ibarətdir”. Yəni dilimizin zənginliyini anlamayıblar.

İndi görək bu “Allah” və ya Ərəbin dilindəki kimi “Əllah” deyilən bu kəlmənin özünün əsli – OdƏrcəsi nədi?

ƏlAğdı!

Yazıram, əyani gör: “ƏlAğ”.

Yəni “Ağ”ın “Əli?” Bəli.

Bəs “Ağ” nədi?

SafAğ İnsandı “Ağ”. Yəni, ən saf İnsan, rusca desək, “Preçistıy”.

ƏlAğın mənası oldu “SafAğ İnsanın əli.

Demək, “Oğul” – ƏlAğ – “Allah” özü kiminsə Əli-Oğludusa, o Oğulun özünün də oğlu ola bilərmi? Əlbəttə! Demək, bir daha aydın olur ki, “Allah” doğub törəmir” demək olmaz. Yəni, “Quran”ın əsas müddəasına – “Lailahəilləllah” – “Allahdan başqa Allah yoxdur” müddəasına inanmaq mümkün deyil. Elə isə, “İslam milləti” deyilən bu qədər əhalini necə inandırıblar? “İslam” dinini necə yaradıblar? Sadəcə olaraq, “Quran”ın əslini yazan kişiynən bütün qohum-əqrabasını qırıblar, qılıncı dirəyiblər boğazımıza: “Kəlmeyi şəhadətini de!” Elə ki, “Lailahəilləllah” demədin, başın getdi bədəndən!.. Nəyə lazım olub bu? Kimlərə lazım olub? Bax, bu sualların cavablarını öyrənəndə, dünyamızın tarixini biləndə hər şey aydın olur və insan, həqiqəti bərpa eləməkdən ötrü mübarizəyə başlayır.

Baban Məhəmməd Əmir, əmilərin Ağ Əmirlə Boz Əmir bax belə işlər görürdülər. Belə adamlara SafAğ Elmi Alimləri deyirlər.

Sözüm çoxdu, oğul. Əmma qısa deyəcəm.

Lenin kimdi? Stalin kimdi? Mir Cəfər Bağırov kimdi? Biz – Sultan, Mədəd adlananlar kimik? İnqilab nədi, kommunizm nədi? Sən hələ heç nə bilmirsən, oğul.

Mir Cəfər Bağırova hamı Mirqəzəb – cəllad deyir xəlvətdə. Niyə? Öyrənməlisən, bilməlisən!

Vəzifəlilər “Kişi” deyirlər ona, “Azərbaycan bolşeviklərinin atası”, “xazeyin” deyirlər.

“Kişi” sayılanın “Pers” çağırdığı istəkli bir generalı var. O “Pers”, KQB¹¹ Xudiyevi, NKVD¹² Gülənovu, prokuror Sayılovu, RİK¹³ Ağamalını çəkib dövrəsinə, rayonun bütün aktivi əmilərini nöqsan tutur bizə. “Tərcümeyi-halınızı düz yazmayıbsınız”. “Sinfi mənsubiyyətinizi gizlədibsiniz!”, “Partiyanı aldadıbsınız!..” “Təhlükəli adamlarsınız!..” Siz də “batin”, yəni gizlin işləyənlərdənsiniz, “Pünhan”, “AdıPünhan” deyirlər sizə...” və sairə. Xəlvəti qırğın, sürgün planları düzəldirdilər ki, ümumiyyətnən xalqımızı məhv eləsinlər. Niyə? Lap sadəsini deyirəm sənə: vətənimizə, torpağımıza, varidatımıza sahib olmaqdan ötrü.

¹¹ “KQB” – Komitet Qosudarstvennoy Bezopasnosti (Dövlət Təhlükəsizlik Komitəsi).

¹² “NKVD” – Narodnıy Komissariat Vnutrennıx del (Xalq Daxili İşlər Komissarlığı).

¹³ “RİK” – Rayon İcraiyyə Komitəsi.

Müharibədən qabaq başlanmışdı bu söhbət... Danışıram ki, başımıza bir iş gəlsə, fikirləşmiyəsən ki, görəsən niyə gizlədiblər məndən bu işləri. Körpəydin onda sən, cəmi on yaşın vardı. Xüsusi izahat yazdıq onda ki, dünyanın həqiqətlərini açan “Pünhan” alimlər, el arasında gəzərgi şeyxlər, müridlər, dastanların rəmzlərində Kainatın sirrlərini açan ustad aşıqlar, Alı, Ələsgər kimiləri azalıb, kommunizm üçün təhlükəsiz olublar, yəni siz çox nahaq belə əl-ayağa düşübsünüz. İzah elədik ki, şeyx qardaşlarımızın bir çox fikirləri Leninin fikirlərilə oxşardır. Biz özümüz də sinfi düşmən-filan deyilik, Vətənimizin o tayında olanda bu tayı “xaric” saymırıq, bizə inansanız, çox xeyrimiz dəyər sizə.

Lap cavanlıqdan bir ayağımız Bakıda, o biri ayağımız o tayda, fədailərin arasında olub, oğul. İki qardaş bir qarına ac, bir qarına tox, Doktorumuzun başçılığıynan “Hümmət” Partiyasının pudnan qızılını daşımışıq o taya ki, Səttar xan fədailəri silahsız qalmasınlar çöllərdə. Qohum-əqrabalarımızı qan içində qoyub qayıtmışıq bu taya ki, lazımıq burda.

Başa düşürsənmi nə deməkdi bu, oğul?

Fədakarlıqdı bunun adı, qəhrəmanlıqdı! Demək olar ki, hər gün “dopros” – istintaq eləyirdilər, çalışırdılar bizim vasitəmiznən təbliğatçı kommunistlər göndərsinlər o taya, SafAğ alimlərimizi axtarsınlar, tapıb qırsınlar – məhv eləsinlər.

Sonra biləcəksən, tariximizdə çox olub belə qırğınlar.

Bil! Başa düş! Yadında saxla. Əmma lal-kar ol, danışma heç kəsə ha! Heç kəsə!

İyirminci ildə Doktorun mandatıynan gəlmişik biz bu rayona, yerli cəmaatnan, Qılınc Qurbannan çiyin-çiyinə, hökumət qurmuşuq. Əsas şeyləri deyirəm sənə. Yazdıq bunun hamısını o vaxt, müharibədən əvvəl, verdik, göndərdilər yuxarıya – Bakıda o “Kişi” deyilən Mirqəzəbin özünə, çünki elə o vaxtdan onun özünün göstərişiynən incidirdilər bizi. Xəlvətdə özümüz də başa düşürdük ki, Marksın, Engelsin, Leninin “bütün dünya füqərayi-kasıbları, birləşin” şüarıynan heç cür razılaşammırıq. Çünki lap aydın məsələdi ki, dünyamızın xarablığı adamların bir qisminin varlı, istismarçı kapitalist, feodal olmağında deyil; bizim hələ Nizamimizdən əvvəllər də məlum olub ki, dünyamızın xarablığı insanın özünün, yəni bütün bəşəriyyətimizin özünün qanmazlığındandı. Dünyamızın keçmişini bilmir insan. Həqiqətin, yaxşının, pisin nə olduğunu qanmır. Nə iş görürsə, həm özünün zərərinə eləyir, həm də başqalarının. Belə olan halda, yəni kapitalistin, feodalın əlinin altında zillət çəkən füqərayi-kasıb ilə birgə istismarçının özü daha qanmazdısa, milləti iki yerə bölməyin nə mənası var?! Qan-qırğın, kin, ədavət daha da xarab eləmirmi insanı?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 min
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 min
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 min
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 min

Poems by other poets