Süleyman padşahın xəzinəsi 4
Page 3 of 4 · 50%
– De!
– Deyirəm... Sultan, mən, “Adıpünhanlar” (Yəni “Muğ”larımız – Bağlarımız) özümüz də xeyli vaxtdı xeyli açıq işləyirik. Beynəlxalq miqyasda dost-tərəfdar axtarırıq. Çünki SafAğ Elmi düşmənlərinin, məhz beynəlxalq miqyasda casusların, çuğulların sayı-hesabı yoxdu! Biləcəksən, tanıyacaqsan. SafAğ ƏsƏrlərimizi, dəstanlarımızı fəsilbə-fəsil, sətirbəsətir dəyişdiriblər. Bu saat, indinin özündə Bakıda Moskvanın, Tehranın casus alimləri işləyirlər, Məhərrəmin gözünün qabağındaca, Nizamidən, üzübəri hamısının SafAğa aid nəyi varsa, dəyişdirirlər! Biri var Bakıda, Akademiyada. Cılız bir şeydi. Məndən betər. Əmma hələ o cür həyasız, qorxusuz insan görməmişəm mən. Bakıda gizlin şairlik eləyən bir Pünhanımıza deyib, kömək elə “İsgəndərnamə”ni dəyişdirək, hər sətrinə bir manat verərəm. Üstəlik bir kilo qızıl, yaxşı varlanarsan... Lap çoxdankı bəladı bu. Sən bilməlisən və ətrafında gördüyün adamların hamısıyla dil tapmağı bacarmalısan. Tarixən beləyik biz: təhrif insanın evimizə dürtülən ən həyasız, ən iyrənc casusuyla da dil tapmışıq, Elm verib beynini-şüurunu dəyişdirmişik.
Düşmənin əsas üsulu zordu, silahdı, qırğındı. Əmma ikinci üsulu, cahilləri təsir altına salıb ikicə kəlmə “Allahdan qorx” kəlməsilə və bunun əsasında əməli işlə qorxudub, həqiqət əleyhinə qaldırmaq bacarığı daha təhlükəlidi.
Bir neçə tarixi fakt deyim, yadında saxla.
Müasir “Azərbaycan”da ayrı-ayrı guşələrdə saysız-hesabsız dili dəyişmiş “Yəhudi” var ki, çoxunun kəndlərinin adı “Muğanlı”dır. Bilən varmı ki, bu da fatehlərin əməlidir?!
“İsrayıl”ı indi də “İzrail” eləyirlər! Əsli – OdƏrcəsi ƏsƏrƏldi (Yaradan İşığın Əli). Bilirsən ki, lap qədimlərdən “Beytül müqəddəs” deyilən ziyarətgah var orda. “Ərəb”cədi bu “beyt”, guya “ev” deməkdi. Əsli OdƏrcəsi BağOddu (Bağ Həqiqəti). “Ərəb”in dilində “Yəhudi”, “Qrek”in dilində “İudey”ə dönən EyOd OdƏrlərimizin övladları haman BağOdun əhatə elədiyi yerlərdə Elm öyrənərmişlər. Geri sananan əlliminillik tarixin ortalarından başlayaraq “Assuriya”lılar – “Suriya”lılar, “Qreklər”, “Latınlar” dəfələrlə dağıdıblar BağOdu. Sonra görüblər “Beyt”ləri dağıtmaqla tədrisin qabağını alammırlar, bayaq dediyim haman ikinci üsula əl atıblar: “Beytül müqəddəs”i veriblər EyOd – “Yəhud” qiyafəli “Qrek” “monax”larının ixtiyarına... “Beyt”dən – BağOddan bir az o yanda bir dağın adını qoyublar “Səfa dağı”. Diqqət yetir. “SafAğ” kəlməsinin əvəzində təhrif dildə – Ərəbcə “Səfa!” Yəni təmizlik. O “Səfa” dağından “Beyt”ə doğru axan suyun adını da qoyublar “Səfa suyu”. Ətraf ölkələrdə, o cümlədən fəth elədikləri Bağday ərazisində də tədris dayandırıldığına görə Elmdən ayrılan, Qrek kaloniyalarında qula dönən kütlələri, qocalı-cavanlı, sel kimi axıdıblar o “Saf su” axan yerə: əl-üzünü, ayaqlarını yu “müqəddəs Səfa suyu”nda, get “Beyt”in kandarına yıxıl, daşı-divarı öp, arzunu-diləyini de, vəssalam! Diqqət yetir, gör SafAğ Elmini, Kainat haqqında məlumatı nə ilə əvəz eləyiblər: su ilə!.. Qrekin köhnə “xristian” üsuludu bu – “su”dan istifadə yolu ilə “Religiya” yaratmaq!.. Bədbəxt cahil hardan bilsin ki, “su” OdƏrcə Əs (Yaradan) sözündən azıb. Danışanda üz-gözümüz əsir-titrəyir, həm sifətimizdə məna yaranır, həm də səsimizdə – Ünümüzdə, sözümüzdə. Suyun axınından başqa, lap laltərpənməz qalanı da Əsir-yaradır. Torpaq, daş, qaya, dağ, dərə, hamısı hər şey Əsir-yaradır. Hətta ən tərpənməz suyun özündə də səs var. O da Bağlarımızın Ünü – səsi sayılır. Bağlarımız məhz Ünlə, sözlə – məna ilə bağlayırlar Kainatı özlərinə. Bağ Əsməsə – yaratmasa, təhrif “ins”an ÜnƏsə – Yaradan Ünə çevrilməyib “ins”liyində – mənasızlığında qalar. Bax buna görə də fatehlər ÖdƏr dilinin “Əs”ini “su”ya döndərib bədbəxt insanı “Səfa dağı”nın “saf su”yuna bağlayıblar. Bu cür asan, sadə bir üsulla yıxıblar bəşəriyyətin evini! Suya bas, çıxart de: “okrestili”, oldun xristian!
Düşməni tanımırsan sən, oğul. Bütün planetdə cəhalətdi bizim nəslimizi, kökümüzü kəsən! Çax-çux Xalıq, Xudiyev dəstəsi “Saxara” deyilən, “Dəşti kəbir” deyilən səhrada qum dənəsidi.
Səməd diksindi:
– Don Kixotam, nəyəm mən, kişi, “Dəşti-kəbir”nən döyüşməliyəm?! Sən lap sərsəmləyirsən, Abı! Bağışla məni, köhnənin kobuduyam. Getdim!
– Dayan, cahil! – Uzun qol kənara uzanıb necə qayıtdısa, şapalaq Səmədin üzündə iz saldı. – Otur aşağı. Sizi kimi əbləhlərin əla roman saydıqları o “Don Kixot”lar deyilmi insanı yolundan azdıran?! Guya ədalət yoxdu dünyada?! Bəs mən kiməm, ay cahil! Sizin Tolstoyunuzu cibinə qoyan saysız-hesabsız SafAğ Alimlərini tanıyanda biləcəksən necə zibillərdi o “Don Kixot”unuz!, “Hərb və sülh”ünüz!
İyirmi altı yaşındasan indi. Deyilib: “Əlli yaşında yüksək rütbəyə çatacaq”. Yalandı bu. “Altmış yaş” deyiblər şeyx əmilərin, Mədəd gizlədib səndən, “əlli” deyib. Soruşma “niyə”, sirrdi bu. Məhz altmış yaşında biləcəksən nədi o “yüksək rütbə”. Yəni səksən səkkizinci ildə.
De görüm, iyirmi altı il bundan əvvəl şeyx əmilərin necə biliblər altmış il sonranın hadisəsini? Sadə deyirəm, loru deyirəm: göydən eşidiblər!.. Ən pis təhrif sözlərdən biri də “vəhy” deyiləndi. Cəbrayıl adına çıxılan kəlamlar EvEydən deyilib. Uca Evdən. “Quran” yox, “Gur Ün” deyilib.
Ağ Əmir də Ün eşidirdi, Boz Əmir də! Baban Məhəmməd Əmir də! Ulu baban Musa ağa da! Musa ağanın başqa Pünhan Bağ oğulları da!
Yəni Peyğəmbərdi hamısı? Bəli! Bəli, ey Peyğəmbərlər varisi! “Muğ” – Bağ nəslindən ancaq sənin kimi nadan cavanlar bilmirlər “Peyğəmbər” nədi.
“Peyğəmbər” – “Peyğünbər”in əsli – OdƏrcəsi Bağ Ün Ev ƏrEydi (Uca İşıq Evinin BağÜnü – “beyni”). “Ərəb” “BağÜn” sözünü təhrif eləyib “PeygÜn” şəklinə salıb. Hiss eləyirsənmi necə təhrifdi?! “PeygÜn”ə “əvvəlcədən xəbər verən” mənası veriblər. Belə şərhlərin – izahların vaxtı deyil hələ, nəslini tanımalısan indi. Özünü tanımalısan!
Diqqətli ol!
Bağlarımız ilk-əvvəl Olam adında kiçik bir yerdə olublar. O ayrı söhbətdi. Əsil dövlət Olamdan sonra yaranıb. Bağdayın ilk vilayəti ƏrEydə, “Əmir” EvƏrEylər ordandılar. Mən də sizdənəm. Təhrif dillərdə “Yevrey”ə dönən EvƏrEylərik. EvƏrEy OdƏrləri, əbədi Bağlar deyirlər bizə. Əbədi! Ölümsüz! Hoppanma! Qulaq as!
Olam, irəli sınanan əlli minillik tarixin birinci minilliyində olub. O minilliyin axırında GurAğ – “Qreklər” hücumları başlanıb. Belədi. SafAğ İnsan mühitində, yəni əbədi insan mühitində ilk ölümlər tarixi – o vaxtdandı.
Bağdayın ordusu olub GurAğlar. Niyə qiyama qalxıblar, o xüsusi dərsdi, öyrənəcəksən.
Silah işlədən, qan axıdan əxlaqca, mənəviyyatca, ağıl-şüurca murdarlaşan insan torpağa gedir-çürüyür. Saf mənəviyyatlı SafAğ İnsan öləndə isə bətnindən təhrif dildə “Ruh” adlanan ƏrAğ (SafAğ İşıq) çıxır. Adını hələ bilmədiyin planetə çatana qədər “Ruh” – ƏrAğ təhrif dildə “element” adlanan zərrəciklərlə dolur, beləliklə, ölən insan ikinci dəfə yaranıb əbədi yaşayır. “İkinci yaranış” yox, “ikinci doğuluş” deyirlər buna. Çünki ölən insanın beynindən çıxan ƏrAğ rüşeymidi o insanın, başqa sözlə proqramıdı. İşığın içində başqa planetə uça-uça proqramdan yaranır, işıqdan doğulur. Həm də lap qısa müddətdə!
Sultan təfsilatla danışacaq sənə bu ikinci doğuluşu. Hələlik bircə bunu bil ki, “Əmir” – EvƏrEy OdƏrlərinə ölüm yoxdu. Bir şərtlə: qan tökməsinlər, bətnlərindəki SafAğ İşığı – ikinci doğuluş proqramını öldürməsinlər. Bu əsas şərtə əməl eləsən, “Yer” mühitində nə qədər çirkaba batsan da, sarsıntılar, işgəncələr bahasına saflaşa bilərsən.
Yerin özündəcə. Bildin?! Yalnız tək-tək hallarda həqiqət naminə qisas almaq niyyətilə qan tökənlərdən də elə Yerin özündə əzab-işgəncə hesabına saflaşanlar olur.
İşgəncələrdən keçib əbədiyyət qazananlarımıza, yəni təhrif həyatı dərindən dərk edənlərimizə icazə verilir ki, “Yer”ə, öz vətənlərinə Ün göndərsinlər. Belələri, lazım gələndə, “İşıq gəmiləri” dediyimiz planetlərarası gəmilərdə “Yer”ə gəlib, gizlin guşələrdə gizlin yaşayırlar, EySarın tapşırığı ilə iş görürlər. Gözlərin böyüməsin! Nə deyirəm, həqiqətdi hamısı!
Bax bu Xızr Abı deyilən kaftarın indikindən qat-qat pis kaftarlaşan bir vaxtı vardı. Rus, Göyçəni əlimizdən alıb Erməniyə verməmişdi hələ. Getdim ki, bulaq suyu içim, qantəpər, baldırğan, qoyungözü³²-zad yeyim, dirçəlim bir az. Elə gedən günü baban Məhəmməd Əmirin səsini eşitdim: “Niyə belə axmaqladın, ay Abı? Göyçənin nemətlərini elə burdan göndərmirikmi sənə?!” Məlum oldu ki, SafAğ İşıq içində hər şey göndərirlər, mənim bu kaftar canımda qanıma, onun hesabına yaşayıram.
SafAğ Elmindən kənar insanın, yəni, təhrif insanın beyni yox dərəcəsindədi. “Ölüb” – doğulub qayıdanlarımızdan bəziləri, özlərindən asılı olmuyan səbəblərə görə “Yer”də gözə görünəndə “xortdayıb” deyir təhrif insan. Həqiqət Ününə – OdÜnə “Din” deyənlərin sözüdü “xortdamaq”. Öldürürlər “xortdayan”ları. “Ruh” bədəndən ayrı yaşamalıdı” deyirlər ki, ikinci doğuluş, planetlərdə əbədi həyat, OdƏr bəşəriyyəti haqqında bir kəlmə də həqiqət deyilməsin. Çünki diri ikən çürüyən murdarların xeyrinə deyil həqiqət. Məhz buna görə “din”lərdən dördəlli yapışırlar çürümüşlər.
Səbrini itirmə! Bir-iki dəqiqə də qulaq as.
ÖdƏr dilində üç sözdən ibarət bir söz var: EyOdƏr. Uca Həqiqət İşığı deməkdi. Kainatda ilk və ən böyük planetin adıdı bu, həm də Kainatın sahibi, yaşı məlum olmuyan əbədi Bağ EyOdƏr Babamızın adıdı. Pünhanlarımız ƏsƏrlərində Yer təbirilə, “Heydər” yazırlar. On beşinci əsrdə Şah İsmayılın lap uşaq vaxtı Məkkədən “Heydərilər” adıyla casus ordusu dolub içərimizə. Ona görə də bilməlisən ki, hər “Heydəri”yəm deyənə SafAğ demək olmaz. “Biz ayrıyıq” deyiblər onlar sonralar! “Şiə”yik – Ayrıyıq! Və başlayıblar Bağları açıq-açığına qırmağa. Bağday tarixinin ən qara səhifələrindən biri də budu. SafAğ Alimi Şah İsmayılın dövrəsində hakimiyyəti alıb, üstəlik “Ruma” – Ərimə, indiki Türkiyəyə də əl uzadıblar. Sultan Səlib kəsib əllərini! Diqqətli ol!
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-4
Use ← → keys to move, R for a random poem
More by this author
Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!
Kainat sakinləri 1...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:
Kainat sakinləri 2Müslüm gedəndən sonra Sultan dönə-dönə başını bulayıb, papiros sümürdü.– Sui-qəsd... Yenə sui-qəsd! Ağ Əmirnən Boz Əmirin başlarını xurcunda gətirib nümayiş elətdirdilər qələbələrini! “Boqi obezqlavleni” yazdılar, yenə də qələbə hiss eləmədilər. O tayda qırğınlar, bu tayda sürgünlər, qırğınlar! Türkiyədə bədbəxt AtaTürkümüzün öldürməknən kifayətlənməyib orda da gizlin qırğın getdi! Ermənilərin aralarındakı Sovet kəşfiyyatçılarıynan bir yerdə Andranikin qılıncını işə saldılar! Yenə sakitləşmədilər! Pariji, bütün Avropanı Erməniynən doldurub tufan, tünü kimi antitürk təbliğata başlayıb dünyanı əleyhimizə qaldırdılar! Guya Bakıda on səkkizinci ildə Türkü qıran da Erməni deyilmiş! Guya əsas neft yataqlarını xaricilərə satan da Erməni deyilmiş! Hətta Leninə məktubları var: “Baku, eto armyane i ruskiye!” Uddular var-yoxumuzu, yenə də qələbə hiss eləmədilər! Yekəbaş, pensneli “ziyalı” Beriya Moskvaya çağırdı, gözümün içinə dedi: “Mı boremsya s boqami, çtobı osçastlivit lyudey!” “Vot “Bibliya”, proçti, Sultan: “Avram pobedil Boqa”. Ponyal?!..³⁸ “Bir gecə səhərə qədər içə-içə mübahisə elədik, çalışdım başa salım ki, “Avram” deyil, EvƏrimdi, Bağ Atanın oğludu, atasıynan döyüşməz. Qanmadı: “İtak, “Bibliya” vret?!”³⁹ Yenə çalışdım qandırım ki, “Bibl”iya deyil əsli, OdƏrcə – türkcədi orijinalı. “Tövr+at”, “Tora” adları OdEvƏrdəndi, “Bibl” – Bağbildəndi. “Xa! Xa! Xa!” – qəhqəhə çəkdi... Güllələndi!... Heç Stalin də öz əcəliynən ölmədi... Bunlar heç... Romanovların taleyini danışıram, görün deyirəm necə faciələrnən qurtardı dövranları. Dərs götürün, ayılın deyirəm. Qanmırlar, oğul! Qanmırlar! Əmma qorxma. Qurtaracaq bu qanqırğınlar!.. Mənim ölümünnən dəyişdirəmməzlər dövranın gedişatını: Millətin Pünhandı, ƏsAğ – “Aşıq”dı, Alimdi!...
Ölüm-dirimMin doqquz yüz əlli dördüncü il ilə min doqquz yüz səksən səkkizinci illər arasında, yəni Sultan Əmirlinin yeganə yadigarı Mədədin otuz dörd illik ömründə, necə deyərlər, çox sular axsa da, Mədəd universitetin dissertantı olub, tarix elmləri namizədlik dissertasiyasını tamamladığı bir vaxtda gözlənilmədən hər şeyi atıb, Qonaqlıdakı Əmirli mülkünə qayıtdığı günə qədər baş verən hadisələr içində, Əmirli nəslinin sonuncu nümayəndəsi kimi tanınan bu oğlanın zehnində üç hadisə daha dərin iz salmışdı.Birinci hadisə: Mədəd hələ beş yaşında ikən əmisi Səməd Əmirli rayonda ən məşhur – bilikli, bacarıqlı kolxoz sədri sayılarkən Bakıdan general Məhərrəmov ağ, par-par “Volqa”sında gəlib onu – Səmədi zorla maşına basıb aparmışdı və Səməd cavan, gözəl arvadı Torksinlə oğulluğa götürdüyü körpəni Qonaqlıda qoyub, ildə bir-iki dəfə bir-iki günlüyə qayıtmağı sayılmasa, uzun müddət yoxa çıxmışdı.