Page 3 of 4 · 50%

Əlləzoğlunun cır, quru-sərt səsi indi əsəbilik törədirdi:

– ...Açığı, gözləmirdim qapımızı açasan. Xoş gəlibsən, dərdin alım. Bu üst-başını harda bu kökə salıbsan? Şalvarın cırılıb. Sudüşəndən kəsəsinə gəlibsən nədi, balağların batıb. Corabların da su içindədi... Yamaqlı paltar geyən yoxdu daha, dərdin alım, yoxsa deyərdim şalvarını yamasın Hənifə xalan. Əli qızıldı Hənifə xalayın. Axır vaxtlar arvaddı məni dolandıran. O yetmiş manatın sirri var: mənim adıma gəlir, ayrısı alır, dərdin alım. Rəhmətlik Mədəddən sonra xeyir-bərəkət yoxdu kənddə. Gündə bir sədr qoyurlar, hər sədr də bir hoqqa çıxardır. Qılınc Qurban da elə o köhnəcə qılıncdı, gah yerimizi ölçür, deyir artıqdı, kəsir, gah heyvanı sanayır, bircə baş şaqqıldaqlı toğlunu da qoymur normadan artıq qalsın bu həyətdə,³⁵ qonaq-qonaça gələndə bir toğlu boğazı qanadaq, özümüz də bir tikə dadaq. Hərdən prakror Sayılovun ayağı dəyərdə bizim qapıya, uzaq qohumumdu, ondan bir az çəkinərdi Qılınc Qurban. Sayılov ayağını qapımızdan kəsəli, genə ley³⁶ təki cumur üstümə Qılınc Qurban: “Lüt Cəfəri cana doydurubsan. Rayondan böyük-böyük adamları qonaq çağırırsan, kabab verirsən, iş düzəldirsən, Lütün xirtdəyindən yapışırsan ki, xərcim çıxıb böyüklərə, bu kağıza qol çək”. Nolar, a bala?! Mənim ağ sürülərimi udan kolxozdan bir toğlu alsam, dağılar kolxoz?! Deyirəm, eşit, yeri düşəndə qamaşdır o Qurbanı. Beləydimi Mədədin vaxtında? Yox, yox. Ayrı əyyamıydı o əyyam, dərdin alım. Əməkgününə kolxoz özü verirdi ətliyi. Toğlu nədi, həftədə, yarım ayda bir əmlik kəsərdi qonağının ayağının altında bu suyumsuz Göbələk Məmiş. İndi Hənifə xalayın əriştəsinədi umudum. Olanda əvəliknən, pencərnən dəyişirik dişimizi, olmuyanda elə ərişdədi ki, ərişdədi...

Məlum oldu ki, Əlləzoğlu qonaqlarına toğlu-filan kəsmək niyyətində deyildi.

Abının aramsız ayaq səsləri də bir tərəfdən əsəbiləşdirirdi. Üstəlik, Hənifə arvad gah içəridə, gah da eşikdə, ocağın, qazanın böyür-başında yüyürüb-yıxılırdı.

Əlləzoğlu isə, Abının arada dediyi kimi, “yaman xoda düşmüşdü”:

– Məktəbini qurtardınmı, dərdin alım? Bakıya qayıdacaqsan, yoxsa qalacaqsan? Şəhərdə yaşamaq ayrı şeydi... – Fındıq burunun xırdaca, zərif pərələri tir-tir əsirdi. Cücən gözlərin kirpiksiz qapaqları vur-hay tərpənirdi. Dırnaqları qaralan, gödək-gödək, yoğun-yoğun, qabarlı barmaqlar vur-hay qəlyanı doldururdu. Səməd bunun hamısını görürdü. Daha doğrusu, diqqət yetirirdi və elə bil hər şeyi birinci dəfə görürdü.

Kəmərindən asılı kisədən tütünü çimdik-çimdik çıxarıb, barmaqlarının ucunda didə-didə, əzə-əzə, uzun həngamədən sonra qəlyanı

³⁵ Kolxozçunun həyətyanı sahəsində “arıq torpaq”, “normadan artıq heyvan” zorla alınırdı.

³⁶ Ley – kiçik qartal cinsi. doldurub, nəhayət, alışdırmaq lazım gələndə, kibrit əvəzinə, Əlləzoğlu evinin suvaqsız divarından bir saman çöpü qopartdı. İndicə taxtın küncünə çıxıb, ordan əlini uzadıb, quru saman çöpünü lampadan alışdırıb qəlyanda tənbəkinin üstünə qoyacaqdı. Hələ “başı qızıl əsgər papaqlı” vaxtlarından ta bu son illərə qədər Səməd Əlləzoğlunun bu hərəkətini min-milyon dəfə görmüşdü. Yadında idi ki, bu hərəkətə hamı gülərdi, o cümlədən, Abı da gülərdi: “Göbələk Məmişdi də. Göbələkdən nə əhliyyət umursunuz?” – deyərdi. Tək bir nəfər – “Göy” gülməzdi. “Bəsdi, a kişi, bəsdi. Belə şeylər eləmə! Ucuzlaşdırma özünü!” – deyərdi. “Mən sənin hörmətini qoruyuram cəmaatın arasında, sən güldürürsən özünə cəmaatı!” – deyərdi və o vaxtlar burda – kənddə dükanda işləyən Qayım Qudalıdan kibriti yeşiklə alıb gətirərdi ki, “Qayınata” bir də saman çöpünə əl uzatmasın, saqqalının çallaşan vaxtında uşaq kimi taxta dırmanmasın. Belə şeylər o qədər olmuşdu ki, kənddə hətta zərbi-məsəl əmələ gəlmişdi; hardasa, kim isə xəsislik eləyəndə və ya dünya dolanması – güzəranlıq üzündən çox qənaətcillik eləyəndə dərhal o zərbi-məsəl yada düşərdi: “Əlləzoğlu təki qəpik qısırsan, acından köpük qusursan”.

Səməd diqqət yetirdi: Əlləzoğlu hamanca uşaq çevikliyi ilə taxta qalxdı, əlini uzadıb saman çöpünü lampadan alışdırdı. Sonrasına Səməd daha baxa bilmədi. Qəribə idi ki, cırtdan kişinin bütün başqa hərəkətləri kimi, min-milyon dəfə gördüyü bu son hərəkətini də elə bil birinci dəfə görürdü.

Hörmətini, ləyaqətini qoruduğu “Qayınata” əvəzinə tamam başqa, yad-yabançı bir adam, əldəqayırma, çılpaq stolun o tərəfində, kətildə oturub, Abıya: – Əşi, adamlığın olsun, evə gəlibsən, yanını yerə qoy, – deyib, onu da oturmağa məcbur eləyib, qəlyanını tüstülədə-tüstülədə, yenə nə isə danışırdı, Səməd isə daha bir kəlmə də eşitmirdi. Bayaq Abının dilindən eşitdiyi “Xudiyev iti” sözlərindən də bir o qədər təsirlənmədiyi halda, indi Əlləzoğlunun həmişəki adi hərəkətindən – saman çöpü alışdırmağından sarsıntı duyub, başını köksünə əymişdi. Müsibətin, bədbəxtliyin içində də qəlyanını saman çöpü ilə yandırmağı unutmurdusa, belə yüngül sümüklə taxta qalxıb taxtdan tullanırdısa, demək, bu kişi üçün heç bir müsibət yoxdu?! Əksinə, sevinirdi?! Sevinirdi ki, raykom katibinin qayınatası olub?! Qudalı Rəhim öz məşhur professor qudası Məhərrəmov Məhərrəm Abbasoviçə arxalandığı kimi, bu da öz şan-şöhrətli katib göyü-kürəkəni Sultan Əmirliyə arxalanacaq, daha nə qapısında yeri ölçüləcək, nə heyvanı sananacaq, “qəpik qısmaq, köpük qusmaq” əvəzinə firavanlıq, xoşbəxtlik tapacaq?! Bu müsibətin içində də “xeyir-bərəkətdən” danışırdısa, evinin suvaqsız divarlarında işıldaşan saman çöpləri ilə bu adamın nə fərqi vardı? Yoxdusa, Səməd burda nə üçün oturdu?! Saman çöpü ilə nə danışmaq istəyirdi?

– Ay Hənifə, nə oldu əriştən? Süzmədinmi? Yağ əritmə, qovurma çıxart. Əmlik kəsəmmirik dərdini aldığıma, heç olmasa qovurmaynan çıxaq əvəzini. Köhnə qovurmaynan əriştə yaxşı tutur, dərdin alım. Xızr Abıya da, o eşikdəki çürümüş Çürüyə də elə əriştə yaxşıdı. Diş sarıdan da kasaddılar, ağılları təki, bu alimi biəməllər...

Səməd başını qaldıra bilmirdi. Təhqirdən, xəcalətindən, öz ləyaqəti, ucalığı qarşısında utandığından ölüb yerə girirdi.

Ayaq səsləri – çəkələk şappıltısı eşidildi. Hənifə arvad gəlib, Səmədin sözlərindən dəhşətlənib, birdən yenə qurumuşdu.

– Əriştə yeməyəmi gəlmişəm mən bura?! Sağ söz deyəmmirsən demə! Cəhənnəmə, goracan demə! Mən hiss eləyirəm, duyuram, görürəm ki, nə isə qurğu qurublar. Abı da etiraz eləmir buna. Bə sən niyə bir şey demək istəmirsən?! Qızını raykom katibinə verib xoşbəxt olmusan?! Yəni güman eləyirsən ki, binələnib qalacaq qızın orda?!

“Armud saplağı” yenə də çiyinlərin arasına çəkilmişdi, Əlləzoğlunun hülqumu gedib gəlirdi.

– Diyəsən yaman yorulubsan, dərdin alım. Çox yorulanda adam heç danışığını da bilmir... Ay arvad, tərpənsənə!.. O ki qaldı qızın orda binələnib-binələnməməsinə, onu Həqq-təala bilər, dərdin alım. Olan olub, keçən keçib. Cavansan sən, ömrün hələ qabaqdadı. Qayıdarsan Bakıya, inşallah, ad-san sahibi olarsan. Yaxşı qulluqdu, ixtiyaratdı bu zamanınkı, dərdin alım. Onda hər şey öz-özünə yağacaq başından aşağı, mən təki çulucırıq kəndçiynən heç danışmaq da istəmiyəcəksən. Saman çöpüynən yandırdım qəlyanı, dedim görüm neyniyəcəksən? Buludtəki tutuldu qaşqabağın. Niyə? Çünki şəhər adamısan sən daha, dərdin alım, qəpik qısannan oturub-durammazsan sən daha. Düz deyir Xızr Abı, ləyaqət-zad hardadı bizdə?! Üz-gözümə, əlimə-ayağıma fikir verirsən bayaqdan. Həftədə bir kərə ülgüc dəymir üzümə. Dırnağımı da vaxtlı-vaxtında kəsəmmirəm. Sədr bir yana buyurur, partkom o biri yana, ispalkom bu biri yana. Briqadirnən manqabaşı da əlahiddə buyurur. Hamısına “bəli” deyəsən gərək, hamısını razı salasan, üstəlik, qapıbacanda da qurtdalanasan gərək ki, çörəyin olsun bir tikə. Ayının, deyir, yüz əlli iki oyunu var, hamısı da bir armud ağacının başında. Neynəsəm, nə iş görsəm, hamısı qəpiyə bağlanır, dərdin alım. İyirmi ildən artıqdı kolxozçuluq alıb insanlığımızı. Evin divarına suvaq da vurammıram ki, deyərlər manatı artıq düşüb!..

Səməd yenə tüstü görürdü və yenə də nə isə pis qoxu hiss edirdi.

Hənifə qazanı içəri gətirib birbaş yerə – torpaq döşəməyə qoydu, ətəyilə sininin üstündən külü sildi. Gülgəzin “qaynar bulaq gözlü” anası əvəzinə, Səməd eynilə bu cırtdan kişinin yatımında, yad-yabançı bir qadının süni gümrah səsini eşitdi:

– Ay kişi, nə “qəpik-qəpik” başlayıbsan yenə? Hökmətdimi, divan-dərədimi Səməd, nədi ki, bu qədər ah-zar eləyirsən? Öz balan deyilmi! Ah-zardansa, Bakıdan-zaddan soruşsan, görək qurbanı olduğum nə danışır?

– Çox yorulub, arvad, yaman birtəhərdi dərdini aldığım. Yoldan gəlib, axı! Əvvəl gərək adamın canı dincəlsin ki, sonra da boğazına çörək getsin. O tası-zadı bəri elə, isti su gətir, bir ayağını, başını yuyaq yaxşı-yaxşı...

Hənifə yenə eşiyə yüyürdü.

Əlləzoğlu “hə, hm” elədi.

– Yuyaq ayağını, başını. Dincəl, qal gecəni. Sonrasını özün bilərsən, dərdin alım. Eşikdə Çürük dəydi gözümə. Hələ də elə bilirsən qumrovdu səsi batmışın. İçəri çağırram indi, çalar, oxuyar. Məndən olsa, heç görükmə bu kənddə. Qudalılardı indi bu kəndin ağası. Başda Rəhimnən Qeybalı, ayaqda Çax-çux Xalıqnan yeniyetmələr... Qurbanlıdan o yanda razyezd³⁷ var, poyezd gah bir dəqiqə dayanır o razyezddə, gah da eləcə yavaşıyıb keçir. Elə ki, bu Qudalı yeniyetmələri maşınnan gedib dururlar o razyezddə, bil ki, Çax-çux Xalıq gəlməlidi. Poyezd yavaşıyanda çamadanlar, bağlamalar dolu təki yağır vaqondan. Bu yeniyetmələr göydə tuturlar, doldururlar maşına, Xalıqı da oturdurlar kabinkada. Ordan sürürlər əvvəl Qurbanlıya, mal paylayırlar Xalıqın adamlarına. Sonra Tahirlidə paylayırlar, sonra da burda. Belə pullu adamlardı indi burda dövran sürən, dərdin alım. Hökumət-zad sayan yoxdu daha. “Dünya bizimdi” deyirlər bu alver adamları. Açığı, sənin kimilərin yeri deyil daha bura. Hayıf deyilmi sədr Mədədin belə pəhləvan oğlu, gəlsin bu Qudalıya-zada yoldaş olsun burda? Get otur Bakıda, böyü! Yaxşı sədan gəlsin qulağımıza, biz də sevinək, fəxr eliyək o sədan-sorağınnan! Sultana yol vermiyənlər sənnən də yola getməzlər, dərdin alım!...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Süleyman padşahın xəzinəsi 13

Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş, Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi “baqajnik”ə – yükyerinə, oturacaqların “sideniye”lərin aralarına doldurdular. Sultan necə hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında, quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə özözünə: – Kimin işidi?! Kimin işidi?! – deyə-deyə Qılıncı çağırıb sorğusuala tutmuşdu: “Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..”, “Mən Müslümü çox sədaqətli sayıram, sən necə?”, “Bəlkə, deyirəm Bakıdan təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?”, “Vərəsə”nin bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!” və sairə.Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.

24 min
Xəzinə üstündə yatan ilan 1

Oturacaqda ağzı açıq bir konvert vardı. Müslüm, yola düşər-düşməz, o konvertə işarə eləyib:– Sənədi. Oxu, – dedi.

26 min
Xəzinə üstündə yatan ilan 2

Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora “spalni” – yataq otağı idi.Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.

12 min
Xəzinə üstündə yatan ilan 3

...Heç yerdə dayanmadan, dincəlmədən qayıtdılar.Səhərə yaxın maşını birbaş Əlləzoğlunun həyətinə sürdülər. Səməd, açıq qapı arasından içəriyə: – Mənəm! – dedi.

26 min

Poems by other poets