Evin kişisi
Page 9 of 10 · 80%
– Hə, di tərpət, – dedi.
Yarım saatdan sonra əlini Qaçayın kürəyinə vurdu:
– Ay maşallah, sən lap od parçasısan ki. Mən bu andırın dilini bir aya güclə öyrəndim...
İndi Qaçay motosikleti görəndə həvəsə düşdü. İstədi Canəli rəisin yanından çıxanacan motosikletə minib həyətdə bir-iki dövrə vursun. Yadına düşdü ki, açar Canəlinin cibindədir. Qapının girəcəyində qoyulmuş uzun skamyada oturdu.
Bir azdan Canəli imtahan vermiş tələbə kimi sevinə-sevinə içəridən çıxdı. Oğlanın yanında əyləşib qıçını qıçı üstə aşırdı. Elə bil Qaçayı görmürdü, onun burda olmağından xəbərsiz idi. Xəyalı harasa uçmuşdu. Yanlarında nazik qırışlar olan xırda parlaq gözlərini səmaya zilləmişdi. Qaçay da yuxarı baxdı. Səma göyümtül, nəhayətsiz və tərtəmiz idi... Canəlinin sifətindəki təbəssüm birdən-birə çəkildi. Batıq ovurdları səyridi. Ancaq yanları gərilib daha da xırdalaşan gözləri yalnız özünün gördüyü bir nöqtəyə dikilib qalmışdı. Canəlinin dodaqları büzüldü. Başı yavaş-yavaş aşağı endi. Deyəsən, fikirləri də göydən qopub yerə, torpağa qayıtdı. Qaçay bu vaxta qədər onun gözlərində belə yorğunluq, belə kədər görməmişdi. Heç ağlına gəlməmişdi ki, bu adam – qarışqa haçansa düşüncələrin ağırlığından bax beləcə sustala bilər, qəmlənə bilər. Sanki Canəlinin bütün qüvvəsi tükənmişdi və o, bir daha ayağa qalxmayacaqdı. Qaçay uzun skamyada büzüşüb balacalanmış kişiyə diqqətlə baxırdı: “Görəsən, atlı qarışqalar da qayğı çəkirlərmi?... Bir-birilərindən küsürlərmi? Qeybət qırırlarmı?.. Yorğunarğın düşüb dinclərini alırlarmı?” Canəli kirpiklərini tez-tez çırpdı və Qaçaya elə gəldi ki, onun gözləri nəmlidir.
– Niyə bikefsən? – deyə onu diksindirəcəyindən qorxurmuş təkin astadan soruşdu.
Kişi qımıldanmadı. Oğlan onun dirsəyindən yapışıb ehmalca silkələdi:
– Canəli dayı, ay Canəli dayı, sənə nə oldu, qanın niyə qaraldı?
Canəlinin donuq nəzərləri Qaçayın üzündə ilişib qaldı. Köks ötürdü və bu an onun çiyinləri qulaqlarına qədər qalxdı. Nazik boğazı itibbatdı, görünməz oldu.
– Bic vələdürzinalar yenə qan-qan deyirlər, Koroğlu. Dünyadan müharibə iyi gəlir. Qəzetləri oxumursan?.. Qoymurlar rahat dolanaq. Aləm qarışıb bir-birinə. Davanın da naxoşları, azarkeşləri var. Bu saat qazan qarışdırırlar. Balaca dövlət görən kimi qapazlamaq istəyirlər. Bunlara deyən gərək, a köpəkuşağı, camaatdan nə istəyirsiniz? Balaca xalqın adamları adam döyül? Onlar da yaşamaq istəyirlər axı. Onların da dərd-sərləri var, iş-gücləri var, qoyun dolansınlar də.
– Yəni deyirsən, müharibə olacaq?
– Bizdən qorxurlar. Sən öləsən, yoxsa günü sabah kürreyi-ərzi külə döndərərlər.
– Əşi, fikir çəkmə, əl-qol atsalar, cavablarını verərik.
– Yox, yox! Allah eləməsin. Sən müharibə görməmisən. Dədəndən soruşsan, danışar. Müharibə müsibətdir. Razıyam, ac olum, susuz olum, amma müharibə olmasın, – Canəli qıçını qıçının üstündən götürüb, qolunu skamyanın söykənəcəyinə qoydu. – Kiçik qızım Bakıda institutda oxuyur. Qurtarsın, çıxacam pensiyaya. Əl-ayağımı uzadıb dincələcəm. Davanın ağrısı hələ canımdan çıxmayıb... Yox, yox, müharibə olmasın. Gecələr rahat yatmaq istəyirəm... Adam gərək öləndə də rahat ölsün.
Qaçay söhbətin semtini dəyişdirməyə çalışdı. Yoxsa Canəlinin ovqatı təlx vaxtında ondan borc istəmək yerinə düşməzdi. Ancaq nə desin? Birdən-birə bulud kimi tutulmuş kişinin könlünü necə açsın?
Canəli köks ötürdü. Furajkasının günlüyündən tutub bir balaca tərpətdi. Bu vaxta qədər hamıdan gizlətdiyi qırmızı ləkəli, tüksüz başının qabağı göründü. Qaçayın yadına Qıratı qaçırdan fəndgir Həmzə düşdü. Və indi, allah bilir, Türkmənistanın hansı guşəsində olan Nurmurad Çarıyevi xatırladı.
Canəlinin fikrini dağıtmaq üçün Qaçay hardansa ağlına gələn ilk sualı verdi:
– Canəli dayı, sən toylarda ağır havaya oynayırsan, yoxsa yüngül havaya?
Canəli əcaib bir şeyə baxırmış kimi ağzını açıb təəccüblə oğlanı süzdü. Deyəsən, Qaçayın sözlərini tamam-kamal başa düşməmişdi. Kişinin, dərisi işıldayan üzündəki, xırda, oynaq gözlərindəki çaşqın ifadədən oğlan anladı ki, Canəlinin ona yazığı gəlir və güman ki, bu dəqiqə belə fikirləşir: “İlahi, görəydim bu yer üzündə bu Qaçaydan səfeh adam varmı?”
– Nə dedin, ə?
Yersiz sual verdiyini Qaçay söz ağzından qurtarmamış anlamışdı, ancaq gec idi.
– Deyirəm, ağır havanı xoşlayırsan, yoxsa...
– Niyə soruşursan?
– Maşallah, çox qıvraqsan, deyirəm, yəqin oynamağın da qıvraq olar.
– Yaman bəzzadsan, ha! – Canəli dodaqlarını marçıldadıb gülümsədi. – Havanın ağırı da sümüyümə düşür, yüngülü də. Amma toylarda oynadığım yadıma gəlmir. Utanıram. Atalar demişkən, utanmasan, oynamağa nə var?.. Radioda hərdən oyun havaları çalırlar ha, bax, onda xəlvətə düşəndə bir-iki dəfə fərasətimi yoxlamışam. Görürəm ki, bacarmıram. Əllərimi oynadıram, ayaqlarım yadımdan çıxır, ayaqlarımı oynadıram, əllərim yadımdan çıxır.
Canəlinin kefi durulmuşdu, gözləri gülürdü. Qaçay fikirləşdi ki, borc istəmək üçün məqam çatıb. Ancaq bilmirdi söhbətə nədən başlasın, mətləbini necə desin.
Canəli onu dümsüklədi:
– Motosikletin beşiyində qarpız var. Dur gətir, kəsək.
Canəli hər gün işə qarpız gətirərdi. Ürəyi su istəyəndə qarpız yeyərdi.
Qaçay alaköynək iri qarpızı qucağına alıb geri qayıdınca Canəli skamyadan durub akasiya ağacının altında oturmuşdu. Uzun qəməli, qatlama bıçağı əlində hazır idi. Oğlan onunla üzbəüz çömdü: “Canəli qarpız yeyəndə məsələni açaram”.
Kişi əvvəlcə qarpızı çırtmaladı, sonra qulağına yaxınlaşdırıb iki əlinin arasında sıxdı.
– İçi qan kimidir, – dedi. Bıçağı qarpızın baş tərəfinə dirədi. – Qədim təbiblər buyurublar ki, qarpız yeyən adamın böyrəklərində heç vədə daş olmaz. İndiyəcən böyrəyimdə bir damcı ağrı olmayıb, çünki tez-tez qarpız yeyirəm. – Canəli qarpızın baş tərəfini dəyirmicə kəsib, bıçağın ucu ilə dörd yerə böldü. Həmin parçaları ovcuna yığıb, əlini qarpızın üstündə dolandırdı. – Koroğlu, ürəyində bir niyyət tut.
Qaçay ürəyində niyyət tutdu: “Əgər Canəli mənə borc pul verəcəksə, qabıqların ikisi üzü üstə düşsün, ikisi arxası üstə”.
Canəli qabıqları yerə atdı. Hamısı üzü üstə düşdü. Qaçayın mısmırığı sallandı. Elə bil taleyi Canəlinin bu falından asılı imiş. Yazıq-yazıq soruşdu:
– Bir də atmaq olar?
– Atalar üçəcən deyib. – Atdı. – Necədir?
Oğlanın gözlərinə işıq gəldi. Əllərini bir-birinə vurdu. Qabıqlar onun istədiyi kimi düşmüşdü.
– Əla!
– Onda ürəyini buz kimi elə, işin düzələcək. – Canəli qarpızı dilimləməyə başladı. O da gülümsəyirdi. Sevinirdi ki, Qaçayın niyyəti düz gəlib. İri dilim kəsib oğlana uzatdı: – Ye.
Qaçay dilimin o biri başından yapışdı və Canəli onun yoğun barmaqlarına nəzər saldı. Əlini tez çəkdi. Öz barmaqlarının balaca, nazik və yöndəmsiz olduğunu elə bil indicə gördü. Qaçayın qalın qara qaşlarına, pərələri enli burnuna, sümüklü, qarabuğdayı sifətinə baxdı.
– Neçə yaşın var?
Oğlan ortası çökək dəyirmi çənəsinə axan qarpız suyunu əlinin dalı ilə sildi:
– İyirmi iki.
– Yaxşı böyümüsən. Maşallah, cantaraqsan... Amma gözlərin müsəlman gözlərinə oxşamır. Göydür.
Qaçay:
– Göy deyil, qonurdu. Bacımın da gözləri belədir, atamın da, – dedi və Mikayılın gözlərində indi boz-bulanıq pərdə olduğu yadına düşdü. İstədi səhvini düzəltsin. Desin: “Əvvəllər atamın da gözləri qonur idi”. Ancaq ağzından başqa söz çıxdı. – Bizim gözlərimiz atamın gözlərinə oxşayır.
Canəli əlindəki dilimi qıçaladı. Bıçağın ucunu batırıb qıçanın birini ağzına qoydu.
– Bəh, bəh. Mətdi, mət... Camaat basa-basa bura nahaq yerə gəlmir ki? Oğurluq-doğurluq bir ucdan daşıyırlar. Özü də gecələr aparırlar ki, görən olmasın... Bir həftənin sözüdür, gecə durmuşdum pusquda. Dörd yol ayrıcında, kanalın üstündə stolova var ha, orada dayanıb gözləyirdim. Bir də gördüm budu, maşınlar dalbadal gəlir. Saxlatdım. Beş maşındı. Kürqırağı tərəfdən, Yastıyol bostanlarından qarpız yığmışdılar. Maşınları dodaqbadodaq tığlamışdılar. Sənədləri də yox idi. Dedim, qaytarın! Düşdülər əl-ayağıma. Bir pəzəvəngi vardı, çəkdi məni qırağa. Dedi, maşınbaşı iki yüz manat veririk, bizi burax. Hirs məni boğdu. Dedim, ə, pulunu göstərirsən? Sən öləsən, səni elə vurram, pərpətöyün toxumu kimi dağılarsan. Amma zalım oğlu zor şeydi, əl bulasaydı sümüklərimi xıncım-xıncım eliyərdi. Qırımımdan qorxdu. Yəqin fikirləşdi ki, belə odlu-odlu danışan adamın dilinə görə dilçəyi də var. Əlqərəz, maşınların beşini də saldım motosikletin qabağına. Qarpızları elə gecəynən tökdürdüm koptorqun dükanına.
Canəli susan kimi Qaçay istədi borc məsələsini atsın ortaya. Amma Canəlinin söhbətini fikrindən çıxarıb özünü cəmləşdirə bilmədi. Düşündü ki, kişinin indicə dedikləri şişirtmədir. Bir maşın qarpız üçün heç kim ona iki yüz manat verməz. “Beş maşının hərəsinə o qədər versəydilər, Canəlinin min manatı olardı. Bir mebelin qiyməti...”
– Canəli dayı, indi də qarpız daşıyırlar? Axı, bostanlar sovuşub.
Canəli alt dodağına yapışmış qara tumu dilinin ucu ilə itələyib yerə saldı.
Kitabxana.az · https://kitabxana.az/en/works/isi-melikzade-evin-kisisi
Use ← → keys to move, R for a random poem
More by this author
Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi: