Page 2 of 3 · 33%

– Kim çıxardıb?

– Nə bilim kim? Siz, kolxozumuzun böyükləri kimdirsə, onlar.

– Mənim heç nədən xəbərim yoxdur.

– Niyə yoxdur? Bəs kolxoz sədri bir iş görəndə partkomla məsləhətləşmir? İdarə heyətinin üzvlərini yanına çağırıb onların fikrini soruşmur? Yoxsa kefi nə istəyirsə onu da eləyir?

Nəsib dayı Zeynəbin getdikcə həyəcanlandığını, hirsindən ağlayacağını gördü, onu sakitləşdirməyə çalışdı:

– Axı bu xəbəri sənə kim deyib? Belə iş olsa gərək biz səndən əvvəl bilək, yox? Mən bilmirəm, demək, yalandır. Sən də nahaq yerə özünü üzmə.

– Nəsib dayı, sən bilməsən də, mən hər şeyi bilirəm. Bunun hamısını eləyən Kosaoğluyla xır-xır Kazımdır. O, ilana ağı verən kərtənkələ kimi həmişə Kosaoğlunun yanında hərlənir. Bizim kolxoz sədri də onun dediyi ilə oturub-durur. Daha bir fikirləşmir ki, axı adamdan haqq-hesab soruşarlar, yoxsa kim nə istəsə, eləyə bilər?

– Əlbəttə.

Nəsib dayı Zeynəbə yaxınlaşdı. Xeyli, dərin həsrətlə qızın üzünə baxdı. Sifəti mülayim, mehriban və hüznlü bir görkəm aldı.

– Kimin haqqı var sənin təki qızı incitsin? Sən kəndimizin gülüsən. Keçən il kolxozumuzda hamıdan əvvəl planı sən ödədin.

– Elə ona görə du qədrimi bilirsiniz! Biz söz vermişdik ki, gərək bu il rayonda hamını ötək, bizim kimi pambıq becərən olmasın. Qızlar indidən fikirləşirlər ki, çayırı, çör-çöpü necə təmizləyəcəyik, alağı necə vuracağıq, nə vaxt pambığı suvarıb dərimə başlayacağıq, siz də ki, belə... - Zeynəb kövrəldi-

– Bax, buna yoxam. Uşaqlığı burax. Ağlamaq nədir?!

– Neyləyim, Nəsib dayı? Adamı odsuz-ocaqsız yandırırlar! – O birdən-birə sərtləşdi. - Bax, düzünü deyirəm, mənim çox ağlım yoxdur. Özün işə qarış, yoxsa Kosaoğlunu bir Kosaoğlu qayıraram ki, adı da yadından çıxar. Ona de ki, gözünü silsin, mənə düz-əməlli baxsın.

Yoxsa bütün rayonu bura tökərəm. Daha bəsdir. Kəndi barmağına az dolasın!

Zeynəbin sözləri Nəsib dayını düşündürdü. Doğrudan da axır vaxtlar Kosaoğlu özünü pis aparır, heç kimlə hesablaşmır, hətta partiya iclaslarının qərarlarına fikir vermək istəmirdi. Onun bu cür yekəxanalığı, kolxozun idarə heyətinə belə fikir verməməsi Nəsib dayını narahat edirdi. O bir neçə dəfə Kosaoğlu ilə təklikdə söhbət etmiş, bu cür işlərin yaxşı nəticə verməyəcəyini demişdi. Nəsib dayını ən çox təəccübləndirən o idi ki, Kosaoğluna bir söz deyəndə gülür, laqeydliklə "nə qayıracaqlar ki?" - deyirdi.

Nəsib dayı çalışırdı ki, onu başa salsın, kolxozun daxilində ikitirəlik və ziddiyyət olmasın. Ancaq deyəsən bu mümkün deyildi.

Zeynəbin dediklərinə diqqətlə qulaq asdıqdan sonra o yenə öz-özündən soruşdu: "Axı bu niyə belə olsun?", lakin cavab tapa bilmədi-

– Qızım, - deyə nəhayət o, sözə başladı, - sən çıx get evə, işində ol.

Heç kəs sənin manqam əlindən ala bilməz. Səni manqabaşçılıqdan çıxartmaq üçün əldə heç bir əsas yoxdur. - O, bir qədər duruxdu.

Azacıq fikrə getdi və sınayıcı nəzərlərlə Zeynəbi süzdü. - Yaxşı, bəs Kazım nə üçün sənin əleyhinə çıxır? O ki keçən il harda olsa, səni tərifləyirdi, briqadanın gözüdür, deyirdi. İndi nə oldu?

Zeynəb qızardı. Ürküdülmüş kimi yerindən qalxdı. Nəsib dayının üzünə baxmaqdan utanıb başını aşağı saldı. - Mən nə bilim? Nəsib dayı qızın yaralı yerinə toxunduğunu hiss etdi.

– Yaxşı, arxayın ol. Mən özüm hər şeyi ayırd edərəm.

– Bax, sənə ümidliyəm. Mən Kosaoğlunun yanına getsəm, biabırçılıq olar.

– Yaxşı, yaxşı. Bizi qorxutma.

Zeynəb şalına bürünüb idarədən çıxdı. Nəsib dayı fikri dağınıq halda bir xeyli onun arxasınca baxdı. Sonra asta-asta otaqda gəzinməyə başladı...


Onlar at tövləsinin yanında rastlaşdılar. İmran sahələri gəzməkdən yenicə qayıdırdı. Ayaq tappıltısı eşidən mehtər, dərhal bayıra çıxıb, İmranın atının başını tutmaq istədi.

– Zəhmət çəkmə, Abdı dayı, - deyə İmran cəld yerə sıçradı, qocaya əziyyət verməmək üçün özü atı tövləyə çəkdi, yəhər-yüyənini aldı.

Mehtər qarnı kürəyinə yapışmış atı nəzərdən keçirib başını bnladı:

– A bala, nə gec gəldin? Səhərdən getdiyindir.

İmran, axurda yem axtaran ata baxdı.

– Elədir, atı da əldən salmışam. Abdı dayı, sən allah, onun axurunu dolu elə.

Mehtər dillənmədi.

İmranın çəkmələri, sınqlı gödəkcəsinin ətəyi palçığa bulanmışdı. O, papağını peysərinə itələyib, əlindəki balaca çubuğu oynada-oynada idarəyə sarı addımladı. Yolda Zeynəblə qabaqlaşdı.

– Axşamın xeyir, ay qonşu, hara belə? – deyə İmran gülə-gülə ona yaxınlaşdı.

Zeynəb:

– Evə, - dedi, sonra əlavə etdi. - Deyəsən, kefin doxsan doqquzdur.

– Əcəb doxsan doqquzdur! Səhərdən çöllərdəyəm.

– Yazıq arvad eşiyə çıxıb, içəri girməkdən yorulub.

İmran ciddiləşdi:

– Yaxşı, onda istəyirsən bir azca gözlə, idarəyə dəyib qayıdıram.

Bir yerdə gedək.

– Mən də koperativə gedirəm. Orada səni gözləyəcəm. Ancaq tez gəl. Ləngisən, çıxıb gedəcəm...

Zeynəb kooperativdə işini qurtarandan sonra qapıda dayanıb qızlarla xeyli söhbət elədi. İdarəyə doğru baxa-baxa gözlədi. İmranın ləngidiyini görüb, dalınca idarəyə getmək istədi, sonra fikrindən daşındı. "Kosaoğlunun sifətini görməsəm yaxşıdır".

Bir az da keçdi. İmran gəlmədi. Zeynəb təkcə yola düşdü. "Onun ki ağzı qızışdı, gəlib çıxmaz".

O, kəndin ortasından keçən böyük yolla evlərinə tərəf addımladı. Məktəbin yanında Kazıma rast gəldi. Qız Kazımın üzünə baxmadan ötüb keçmək istədi. Ancaq briqadir onu saxladı:

– Yenə nə olub, ay qız? Haqq-salamı havaxtdan kəsibsən?

– Sən aralıqda quyruq bulamağa başlayandan.

Kazım tutuldu, qaşqabağını salladı.

– Yenə nə olub?

– Mən hardan bilim?

– Doğrudan bilmirsən?

– Çörək haqqı, düz deyirəm.

– Arvad kimi and içməkdənsə, kişi kimi üzə söz danış. Gedib orda-burda qeybət qırıb əl altından iş düzəltmə.

– Mən nə iş düzəltmişəm ki?

– Özün yaxşı bilirsən. Kosaoğlunun çənəsinin altını mən ha kəsdirmirəm.

– Kəsdirəndə nə olar? Kişi ilə şəxsən dostam. Evinə də gedib gəlirəm. Bunun heç kəsə dəxli yoxdur. Bunu şəxsən o, bir də mən bilərəm.

– Kolxozun işini də şəxsən siz həll edirsiniz?

– Bəs kim həll eləyəsidir.

– Məni də manqabaşçılıqdan şəxsən siz çıxardıbsınız?

Kazım ürəyində sevindi: "Belə əl-ayağa düşərsən! Adamı saymayanda başına bu oyunu açarlar! İndi sənin canın mənim əlimdədir! Hara istəsəm sürüyəcəm. Heç atılıb-düşmə". Zahirdə isə özünü bilməməzliyə vurdu.

– Yalan sözdür. Qurban qağa elə iş tutmaz.

– Amma tutub. Burda sənin də barmağın var.

Kazım Zeynəbə daha da yaxınlaşdı. Qaranlıqda onun gözləri parıldadı. Səsinə mülayim, nəvazişli bir ahəng vermək istədi.

– Bura bax, Zeynəb. Mən həmişə sənin tərəfini saxlamışam. Keçən il hər yerdə adını birinciliyə çəkdim. Amma sən mənim qədrimi bilmədin. Axır vaxt adama heç məhəl də qoymursan. Zərər yoxdur, mən yenə sənə kömək elərəm. Qoymaram səni manqabaşçılığından çıxarsınlar. Qurban qağamla şəxsən danışaram.

– Qorxuram, əziyyətə düşəsən.

– Nə əziyyəti var, özün bilirsən ki, Qurban qağam mənim bir sözümü iki eləməz. Kişinin yanında xətir-hörmətim var.

– Allah özü sizi bədnəzərdən saxlasın. Həmişə xətir-hörmətli olun.

Biz də sizin kölgənizdə dolanaq.

Kazım Zeynəbin səsində aşkar sezilən kinayəni anlamadı. Xırıltılı səslə gülüb ona daha da yaxınlaşdı.

– Elə əvvəldən beləcə yumşalsan nə olardı ki? Gəl, əl-ələ verib işləyək. Onda Qurban qağamın da gözü üstümüzdə olar.

Hər ikisi susdu. Zeynəb başını aşağı saldı. Kazım bir-iki dəfə udqunub ətrafa boylandı. Nə isə demək istədi. Səsi xırıldayıb tutuldu. Zeynəb gülümsündü. Kazımın gözləri işıldadı. Dişlərini ağardıb hırıldamağa başladı. Zeynəb əvvəlcə astadan. sonra bərkdən güldü, onun qaqqıltısı getdikcə ucalıb ətrafa yayıldı. Əvvəlcə sevinən Kazım yavaş-yavaş ehtiyat eləməyə başladı. Özünü yığışdırıb soruşdu:

– Bura bax, nəyə gülürsən?

– Gülməli adama gülərlər.

– Mən gülməliyom'." - Kazım daha da ciddiləşdi. - Gəl əməyindən daşı tök, sonra peşman olarsan.

– Bircə onu görməzsən!

Zeynəb dirsəyini göstərdi və dabanı üstündə fırlanıb cəld aralandı. Kazım papağını başına basdı.

– Yaxşı, borc olsun!

Zeynəb itləri duyuq salmaqdan qorxub çəpərin dibi ilə səssizcə yeriyirdi. Döngədəki teleqraf dirəyinin yanına qədər nəfəsini belə dərmədi. Sonra yoldan çıxıb, kəndin aşağısındakı evlərinə doğru uzanan cığıra düşdü və yalnız bu vaxt ayaq saxlayıb ətrafa göz gəzdirdi.

Çöllərdə heç kəs görünmürdü, təkcə aramsız güyüldəyən teleqraf dirəkləri, bir də quru pambıq kollarının uclan nəzərə çarpırdı...

O üç il bundan əvvəl orta məktəbi qurtarandan sonra pambıqda işləməyə başlamış və rayonlararası yarışlara qoşularaq, öz manqası ilə birlikdə hər hektardan qırx beş sentner pambıq verməyi öhdəsinə götürmüşdü. İlk günlərdə öz-özünə inanmamış, sözünün yalan çıxaracağından qorxmuşdu. Ancaq onun manqası sözünə əməl etmişdi. Bu il onlar hər hektardan əlli sentner pambıq yığmaq ümidində idilər. İndi, Zeynəbin arzu ilə yaşadığı bir vaxtda, onu öz manqasından ayırmaq istəyirdilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, 12

Yataqxananın qapısı açılan kimi uşaqlar yorğanı üstlərinə çəkib gözlərini yumdular. Otağa xorultu yayıldı. Kənardan baxan onların çoxdan ağır yuxuya getdiklərini zənn edərdi. Əslində isə özlərini yatmış göstərən bu uşaqlar, bir az bundan əvvəl çarpayıların üstündə oturub Osmanın nağılına qulaq asırdılar. İndi isə nəfəslərini içəri salıb susur, gələnin kim olduğunu bilmək istəyirdilər. Əgər müəllimlərdən biri içəri girsəydi, onlar yerlərindən tərpənməyəcəkdilər.Firidun çarpayıların arası ilə irəlilədi. Uşaqlar gələnin öz yoldaşları olduğunu bilən kimi yorğanı üstlərindən atdılar və yerin içində dik oturdular. Hamının gözü ona zilləndi:

19573 min
Dördüncü hissə, 13

Zər paqonlu cavan bir zabit meşin çəkilmiş qapını açıb Semyonovu içəri saldı və dabanlarını cütləyib təzim etdikdən sonra geri çəkildi. Dmitri Dmitriyeviç böyük zalın astanasında dayandı. Bir xeyli hansı tərəfə gedəcəyini müəyyənləşdirə bilmədi. Qubernatorun kabineti o qədər böyük idi ki, özünün harada oturduğunu dərhal görmək mümkün deyildi. Həm də küçəyə baxan pəncərələrin çoxunun taxtası bağlandığından, yuxarı başa qaranlıq çökmüşdü.Kim isə öskürdü. Semyonov astaca addımlarla küncə doğru irəlilədi. İri yazı masasının önünə çatanda kürsüdə əyləşən qubernatoru gördü və azacıq əyilib təzim etdi. Qubernator ona başını tərpətməklə cavab verdi və əli ilə işarə etdi ki, əyləşsin. Semyonov yumşaq stullardan birində oturdu və qarşısındakı kağızlara baxan qubernatora göz qoydu. Onun boyu balaca idi. Qıvrım saçları ağarmışdı. Hətta bəzi yerlər papiros hisinə düşmüş kimi saralmışdı. Çiynindəki paqonun zərli saçaqları astaca tərpənirdi. Qubernatorun bakenbardı az qala uzun bığlarına qarışmışdı. O sakit və qaraqabaq adama oxşayırdı.

195713 min
Dördüncü hissə, 14

Gecədən xeyli keçmiş Göytəpənin kənarında bir dəstə atlı göründü. Səs salmamaq üçün xır yolundan çıxdılar. Təpələrin arasında cilovu çəkib dayandılar. Bir xeyli, nəfəs belə almadan ətrafı dinşədilər. Xır yolu bomboş idi. Kəndin arasındakı cığırlarda da bir tərpəniş sezilmirdi. Sükutdan qulaq batırdı. Sahil boyu səpələnmiş daxmaların işığı çoxdan sönmüşdü. Göyün üzü tutqun olduğundan, kəndin üstünə çökən qaranlıq daha da qatılaşmışdı. Yalnız Kür daxili bir qəzəbdən titrəyirmiş kimi boğuq-boğuq uğuldayırdı. Hardasa kəsik-kəsik it hürürdü.Atlılar xısınlaşdılar. Astadan fit çalındı. Bu işarədən sonra Acı dərə tərəfdən qatar-qatar qaraltılar axışıb gəldi. Onlar da təpələrin arasında dayandılar. Kimi isə gözlədilər. Nəhayət, axırıncı dəstə də onlara qarışdı. Yalnız bundan sonra hissələrə bölündülər. On-on beş atlı da xır yolunu keçib kəndin alt tərəfinə doğru irəlilədi. Sahilə yaxınlaşanda cığırdan çıxıb Cahandar ağanın evinə doğru getdilər. Yarğanın kənarında seyrəlib zəncir kimi uzandılar. Suvadağa gedən yolu kəsdilər. O biri dəstə boz kolların arası ilə kəndin üst tərəfinə doğru yollandı. Yenidən hər şey sakitləşdi. Üçüncü dəstə isə torpaq yolla irəlilədi. "Zayej"in bərabərinə qədər səssizcə getdilər. Burada dönüb xır yoluna keçdilər. Birbaş həyətə doluşdular. Cilovu çəkib dayandılar. Kim isə qaranlıqda əli ilə işarə etdi. Atlılar iki bölünüb evi arakəsməyə aldılar. Bir xeyli gözlədikdən sonra üç nəfər atdan düşdü. Çaxmaq səsləndi. Sinə-sinə eyvana çıxdılar. Otaqda adam olub-olmadığını yəqinləşdirmək məqsədilə qapının dalında dayandılar. Susdular. Heç nə eşidilmirdi. Bəlkə onu duyuq salmışdılar? Bizdən fənd tərpənib aradan çıxmışdır? Bəlkə hər şeydən xəbərsizdir, yorğan-döşəkdə şirincə yatır? Bəlkə də içəridə, əlində tüfəng, dayanıb gözləyir?

19578 min
Dördüncü hissə, 15

Cahandar ağa oyanıb mütəkkəyə dirsəkləndi. Yerin içində hərəkətsiz dayanıb bir xeyli ətrafı dinşədi. Hamı yatmışdı. Qonşu otaqdan səs-səmir gəlmirdi. Elə həyətdə də sakitlik idi. O, pəncərənin taxtasını araladı. Kürün o tərəfindəki dağların arxasında üfüq azacıq ağarsa da, hələ qaranlıq idi. Səhər zülməti ətrafı bürümüşdü. Kişi taxtanı örtdü. Əli ilə döşəyin yanını yoxladı. Tüfəng də, xəncər də öz yerində idi. Qoltuqaltısı başının altında idi.Cahandar ağa şalvarını tapdı. Tütünqabını çıxardıb papiros eşdi. Müştüyə taxıb yandırdı. Arxası üstə uzanıb gözünü tavana zillədi. Otuzluq lampanın fitili aşağı çəkildiyindən, ev yarıqaranlıq idi. Ancaq bu solğun işıqda burula-burula havaya qalxıb, tavanda laylanan tüstü aydınca görünürdü. Tavanın taxtaları qaralmışdı.

19579 min

Poems by other poets