Birinci hissə, 3
Page 1 of 3
Günbatan çağı Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-asta ətrafa yayıldı. Gün qərbə doğru əyiləndən sonra yuxarıdakı boz dağlardan xəfif meli əsdi. Otların, dəmyələrdə əkilmiş sinəsi laləli taxılların üstündən keçib gələn bu axşam küləyi sahilə enib Kürün üzərinə duvaq kimi çəkilmiş ağ, nazik dumanı qovub uzaqlara - aşağıdakı kəndlərə doğru apardı. Getdikcə suyun səthinə yatan çiskinli duman cələdəki yulğun kollarına toxunaraq parçalanır, sürünə-sürünə o taya - meşəyə doğru gedir, orada isə ağacların başına dolanıb yox olurdu. Örüşdən qayıdan mallar buynuzlaşa-buynuzlaşa sahilə enib doyunca su içir, o taydan, odun qırmaqdan qayıdan kənd cavanları isə sal bağlayıb bəri üzə keçirdilər.
Səhərki hadisədən sonra atına minib meşəyə gedən Cahandar ağa da sahildə idi. O bütün günü hirsli-hirsli meşədə gəzmiş, dərdini dağıdıb, başını qatmaq üçün qabağına çıxan quşlara, vəhşi donuzlara güllə atmışdı. Nəhayət, axşamüstü Qarasuyun yaxası boyu keçib gedən maralların izinə düşüb Kürün sahilinə qədər gəlmişdi. Cahandar ağa su içən maralların üstünü almış və sərrast atdığı güllə ilə iri bir maralı vurub yıxmışdı. Atdan düşüb ovunu kənara çəkmiş, cələdə dalda bir yerdə gizlətmişdi.
Cahandar ağa Kürün kiçik qolunu keçib cələyə çatdı. Qarşı sahildəki kənd evlərini görən at bərkdən kişnədi. Cahandar ağa iki barmağını ağzına salıb fit çaldı. O həmişə evdən qayıdanda bu yolda Kürdən keçər və cələyə çatanda iki dəfə fil çalardı. Evdəkilər dərhal onu başa düşər, vurulmuş ovu gətirmək üçün araba qoşub sahilə enərdilər.
Bu dəfə də belə oldu.
Cahandar ağa atını girmədən salıb sahilə çıxanda enişdən gələn araba ilə qabaqlaşdı. Həmişə ovdan qayıdanda onu oğlu Şamxal qarşılayırdı. İndi isə arabanın boynunda oğlu yox, nökərlərdən biri əyləşmişdi. Maralı vurandan sonra kefi bir qədər açılan Cahandar ağanın qaşqabağı yenə tutuldu. O, kəllərin qabağını saxlayıb cavab gözləyən nökərə üzünü belə çevirmədən dilləndi:
– A bala, a Tapdıq, arabanı yuxarıdan, girmədən sal. Qız qayasının alt tərəfindəki cələyə sür. Oradakı içi ovuq qovağı görmüsənmi? Həmin ağacın dibində maral var. Arabaya qoy gətir.
Oğlan horultu ilə su içən kəlləri çubuqlayıb arabanı suya saldı. Təkərin dəmir şini xırda daşları əzib qıcırdadı. Su əvvəlcə təkərin topunu, sonra da cağları batırıb tara çıxanda təkərlərin qıcıltısı da çəkildi. Atını mahmızlayıb dikdirə qalxan Cahandar ağa qanrılıb geri baxdı.
– Ayə, yuxarıdan sür, yoxsa arabanı çiləkənə vurub döndərərsən. - Araba qarşıdakı cələdə gözdən itəndə, sahildən düz həyətlərinə çıxan cığırla birbaş evlərinə gəldi. Atdan düşüb nökərləri səslədi: - Ay uşaq, kim var, gəlin, atın yəhərini alın!
O, tüfəngi eyvanın dirəyindən asıb samanlığın üstünə çıxdı. Gözünü günbatan tərəfə, çəmənliyə zillədi. Mallar Kürün yaxası boyu qatarlaşıb gəlirdilər. Yelini dolmuş inəklər balasına çatmaq üçün mələyir, yazabuğalar, düyələr bir-birini buynuzlayıb qovurdular. Naxırdan xeyli aralanıb nərildəyən iri bir buğa ayağı ilə yeri eşib tozu göyə sovururdu. Cahandar ağa naxır Kürdən su içib yarğanın qaşına çıxana qədər samanlığın üstündən enmədi, Boğazı zınqırovlu maral erkac kimi qabağa düşüb xalxala yaxınlaşanda nökərləri səslədi. Özü də onlarla bərabər naxırın qabağına getdi. Pərli-budaqlı buynuzunu şax tutub yeriyən maralı onu görən kimi yaxınlaşıb əlini iylədi. Heyvanın soyuq və nəm burnunun təmasından kişinin qıdığı gəldi. Cahandar ağa heyvanın başını, qulaqlarının və buynuzunun dibini qaşıdı. Üç il bundan əvvəl meşədən tutub gətirdiyi və əldə böyüdüb naxıra qatdığı bu maral həmişə onun dərdini dağıdardı. Ancaq bu dəfə belə olmadı.
Nökərlər heyvanları yerləşdirdilər. Qulluqçular inəkləri sağıb rahatladılar. Zəncirdən açılmış itlər mırıldaşa-mırıldaşa yallarını içdikdən sonra evin ətrafına dolanmağa başladılar.
Heyətə sakitlik çökdü. Bu sükut getdikcə gücləndi və bütün şənliyi bürüdü. Sahilboyu səpələnmiş kənd evlərinin solğun işıqları, həyətlərdə qalanan ocaqların közərtiləri də yavaş-yavaş söndü. Kürün qıjıltısı gücləndi. Əsən asta külək biçilmiş otların qoxusunu kəndə doldurdu. Hamı evə çəkildi. Cahandar ağa isə qapıda hərlənir, pəncərəsindən zəif işıq gələn otağa yaxınlaşa bilmirdi. İndi o nə etməli idi? Öz hərəkətlərinə necə bəraət qazandırmalı idi?..
İki gün bundan əvvəl, şəhərdən qayıdarkən, Kürün sahilində Mələyə rast gələndə o heç nə fikirləşməmişdi. Cavan, ətli-qanlı gəlini su kənarında görəndə sönməkdə olan ehtirası birdən-birə quduz kimi oyanmışdı. Hələ keçən il, dağa köçəndə, Cahandar ağanın gözü bu gəlini almışdı. Göytəpəlilər dağ yolunda, çay kənarında arabalarını açmışdılar. Kürün aşağısındakı obaların köçü isə gəlib keçirdi. Bir dəstə qız-gəlin atla, arabalardan qabaq yola düşmüşdü. Onlar bulaq başında cilovu çəkib atlarını suladılar. Elə bu vaxt Cahandar ağanın gözü yəhərin üstündə şəstlə oturmuş Mələyin açıq buduna sataşdı. Gəlin ətəyinin çirmənməyindən xəbərsiz olsa da, bir qadın sövq-təbii ilə kiminsə ona baxdığını duydu və ətrafına göz gəzdirəndə bulağın üst tərəfində tüfəngini qucaqlayıb otluğa uzanmış Cahandar ağanı gördü. Gəlin öz gözəlliyini dərk edən bir qadın qürurundanmı, yoxsa ona gözünü zilləyən kişinin ağayanalığını xoşladığındanmı, nədənsə, gülümsündü. Bunu hiss cdən Cahandar ağanın iri dodaqları aralandı. Ancaq Mələk ani şaşqınlıqdan sonra özünü ələ aldı. Pul kimi qızardı. Kəlağayısını gözünün üstünə çəkib atını mahmızladı. Donunun çir-mənmiş yerini düzəldib budunu örtdü. Bir göz qırpımında qarşıdakı döngədən burulub yox oldu. Cahandar ağa arabaçılardan bu köçün hansı obanın olduğunu öyrənsə də, nə gəlinin adını, nə də kimliyini heç kəsdən soruşa bilmədi.
...İndi bir ildən sonra təsadüf onları yenə qabaqlaşdırmışdı. Cahandar ağa çoxdan bəri xəyalından çıxmayan gəlini görəndə atının başını çəkib saxlamış və donunun ətəyini dizindən yuxarı qaldırıb paçasının arasında bürmələmiş gəlinin suda daha gözəl görünən maya kimi ağ baldırlarına həsrətlə, oğrun-oğrun baxmışdı. Mələk axşamüstü günəşin son şüalarını əks etdirib parıldayan Kürün qızılı sularında əl-üzünü yuyurdu.
Cahandar ağa atını yaxşı sürüb:
– Ay bacı, atan ehsanına bir qab su ver, içim, - demişdi.
Mələk səsə diksinib geri dönmüş və başının üstünü kəsdirən enli-kürük kişinin bığının altından gülümsədiyini görmüşdü. Gəlin əlləri titrəyə-titrəyə iri mis parçı doldurub qabağa uzadanda Cahandar ağa Mələyin biləyindən yapışıb özünə doğru çəkmiş və bir göz qırpımında atın qucağına almışdı. Onun çırpınmasına baxmayaraq atı Kürə salmış və birbaş o taya, meşəyə keçmişdi. İki gün binələrdə gecələdikdən sonra öz qələbəsindən məst olan Cahandar ağa Mələyi götürüb birbaş evə gəlmişdi. Onsuz da taleyindən narazı olan Mələk isə bu şir ürəkli kişinin iradəsinə tabe olub susmuşdu.
Cahandar ağa hər şeyin sakit keçəcəyini, Zərnigarın bir az deyinib susacağını zənn etmişdi. Ancaq səhərki hadisə onu sarsıtmışdı. Əksinə baxsan, Cahandar ağa gözü qızıb Mələyi gətirəndə uşaqlarını heç yadına salmamışdı.
... İndi o, qapıda hərlənir, içəri girməyə cəsarət etmirdi. Qorxurdu ki, qapını açan kimi yenə hay-küy düşəcək, kim bilir, bəlkə də əlindən bir xata da çıxacaqdır.
Nəhayət, göyün üzünə ulduzlar səpələnib, hava tamam soyuyanda Cahandar ağa içəri girdi. Gözlədiyinin əksinə olaraq onu sükutla qar-şıladılar. Əksinə baxsan, heç onun qabağına çıxan olmadı. Şamxal evdən gedəndən sonra Zərnigar xanım küncün birinə çəkilib ağlayır, Salatın isə qorxusundan gözə görünmürdü. Yalnız Mələk evdə idi. O, taxtın ayaq tərəfİndə divara qısılıb oturmuşdıı.
Tavandan asılmış çırağın fitilini qaldıran olmadığından, otaq güclə işıqlanırdı. Bu zəif və solğun işıq onu daha da darıxdırdı. Əlini uzadıb fitili yuxarı çəkdi. Yalnız bu zaman dönüb Mələyə baxdı. Əli qoynunda dayanmış gəlin gözünü pəncərəyə zilləmişdi. Paltarı bir neçə yerdən cırılmışdı. Yanağında və alnında qara ləkələr vardı.
Cahandar ağa xeyli nə edəcəyini bilmədi. Ona yaxınlaşıb könlünümü alsın, yoxsa qışqırıb "səsini kəs"mi desin. Sükut xeyli çəkdi. Mələyin sakit axan göz yaşı gücləndi. Otağı hıçqırıq bürüdü. Taxtın üstündə mütəkkəyə dirsəklənən Cahandar ağanın səbri tükəndi.
– Di yaxşı, axşam-axşanı gözünün yaşım az axıt. Dur, bəri gəl görüm.
Matok yavaşca ayağa durdu. Taxla yaxınlaşıb kişinin qabağında dayandı.
– Məni niyə bədbəxt elədin? Yurduma-yuvama niyə su saldın?
Mələyin kədərli görkəmi kişini qəhərləndirdi.
– Axı sənə nə olub? - deyə soruşdu.
– Daha bundan artıq nə olacaq, el içində biabır oldum. İndi mən hansı üzlə geri qayıdım? Mənim böyük tikəmi qulağım boyda eləməzlərmi?
– Sarsaq-sarsaq danışma. Sərt bu evdən heç yana getməyəcəksən!
– Bəs Şamxal?
– Kim? O nə qoduqdur? - Kişi qalxıb dik oturdu. - Bir də onun adını mənim yanımda çəkmə!
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-birinci-hisse-3
Use ← → keys to move, R for a random poem
More by this author
Son vaxtlar Ömər koxanın yuxusu ərşə çəkilmişdi. Mal-qara tövləyə, xalxala salındıqdan, əl-ayaq yığışdırılıb kənd camaatı qapı-bacasına çəkildikdən sonra eyvanda xeyli oturardı. Qapı-bacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. Çaqqal- tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və kəndə doluşmağa hazırlaşırdılar. Ömər koxa onlara sakitcə qulaq asır və görürdü ki, kənd itləri nəyisə qabaqlarına qatıb cələyə qədər qovurdular. "Bu qırılmışlar yaman çoxalıb. Az qalırlar evlərə doluşsunlar. Eh, zamana yaman dəyişib. Əvvəllər bizim kəndin həndəvərində ağzı qatılı canavarlar dolaşardı. İndi də çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək".Ömər koxa qaratikan kolundan düzəldilmiş gümüş örtüklü qəlyanını közərdir, fikrində dağı arana, aranı da dağa köçürürdü.
III fəsil, 2Qaratel nişanlısı Ələddini bircə dəfə görmüşdü. Bircə dəfə əlləri əlinə toxunmuş, barmaqları bədəninə dəymişdi. İlin-ayın axır çərşənbəsi idi. Qızlar Qaratelgilə toplaşmışdılar. Əvvəlcə həyətdəki ota, samana od vurub tonqal qalamış, üstündən atılmışdilar. Oğlanlar görmədən düzəltdikləri lopaya od vurmuşdular. Həyət bir anlığa işığa qərq olmuşdu. Qızlar lopanın işığında hərlənən oğlanlara, onların göyə atdığı fişənglərə doyunca tamaşa etmişdilər. Elə bil kəndin üstünə yarpızböcəkləri səpələnmişdi. İşığınbiri yanıb biri sönürdü. Sonra qızlar içəri keçdilər, plov yedilər, şirni paylarını götürüb qağıldaşa- qağıldaşa ortaya sulu bir qab qoyub iynəlik saldılar. Düz dan yeri qızarana qədər deyib güldülər. Bu kəndin qaydası idi: ilin - ayın axır çərşənbəsində köhnə ili yola salanda, baharın gəldiyini xəbər verən Novruzun ilk günündə dan yeri qızarar-qızarmaz axar suya– Kürə tökülüşərdilər. Su bumbuz olub adamı qılınc kimi kəssə də, çimişər, ağırlıqlarını-uğurluqlarını yuyar, təzə ilə tərtəmiz gələrdilər. Bu dəfə də elə oldu. Qızlar Kürün sahilinə gələndə artıq dan yerinə səda düşmüşdü. Kənd xoruzları banlayırdı. Göyün üzü yavaş-yavaş çəhrayı rəngə boyanırdı. Sakit havalı, tərtəmiz bir səhər gəlirdi. Kürün üstünə tül kimi nazik duman çökmüşdü. Bu duman gah sürünüb sahilə yaxınlaşır, gah da o taydakı meşəyə tərəf qanad açırdı. Elə bil Kürün üstünü qəsdən örtmək, mələk kimi uçub çimməyə gələn qızların bədənlərini yad gözlərdən qorumağa çalışırdı.
III fəsil, 3Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır. Fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyin- sə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara- daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər- təmizəm". Qaratel bəzən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvranırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.Elçilər getdilər. Bir həftədən sonra qıza nişan geldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.
III fəsil, 4Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".
Poems by other poets
Bahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
BayatılarBağça barın arzular,Aşiq yarın arzular,
İmirlu Əmir Aslan haqqında söylədiyi həcvAğlının qan Cavanşir Əmir Aslan gəlirMərd ü mərdanə olub azim meydan gəlir
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.