Dördüncü hissə, 13
Page 2 of 2 · 50%
– Bunu tanıyırsınızmı?
Dmitri Dmitriyeviç şəkli götürdü. Jiletinin döş cibindən eynəyini çıxardıb gözünə taxdı və diqqətlə baxdı:
– Tanıyıram. Müəllimdir. Bizim seminariyaya tələbə gətirmişdi.
Göytəpədəndir. Adı Əhməddir.
– Bəlkə tələbələri bəhanə edib Kipiani ilə görüşməyə gəlmişdi?
– Mən Sizə təəccüb edirəm, cənab qubernator, nə üçün hamıya şübhə ilə yanaşırsınız?
– Bəs bu necə? – deyə qubernator təzə bir şəkli qəzəblə masanın üstünə atdı.
Semyonov şəklə baxdı. Təəccüblə çiyinlərini çəkdi. Sonra ayağa durub otaqda hirslə gəzinən qubernatora baxdı. O, elə bil bir az bundan əvvəlki sakit adam deyildi. Dabanlarının zərbindən döşəmə titrəyir, mahmızlarının cingiltisi otağı doldururdu.
– Bunun oğlu Sizin seminariyada oxuyur. Özü isə meydanda at oynadıb bizim kazaklarla döşləşir. Heç kəsi tanımaq istəmir. Başa düşdünüzmü bunlar nə deməkdir, cənab Semyonov? Əgər onları vaxtında əzməsək, bizə qan uddurarlar. Unutmayın ki, biz buraya qoşunla, ordu ilə gəlmişik. Süngülər, kazak qılıncları, qalalar olmasa, bircə gün də hakimiyyəti əldə saxlaya bilmərik. Aydındırmı? Bizə Sizin maarif ordunuz yox, əli qılınclı kazak lazımdır.
Qubernator dabanı üstə qalxıb bir-iki dəfə ləngər vurduqdan sonra keçib yerində əyləşdi. Dərhal əvvəlki kimi balacalaşdı və sakitləşdi:
– Qəhvənizi için.
Semyonov soyumuş qəhvəni dodaqlarına yaxınlaşdırdı. Qurtum-qtırtum içməyə başladı. Onun hulqumu qalxıb-endi, nə qədər çalışdısa da, qurultunu kəsə bilmədi. Özü də hiss etdi ki, əlləri əsməyə başlayıb. Qubernator qaşığı sakitcə fıncanın içində hərlədi. Gözünü qapıya doğru zillədi:
– Sizin neçə yaşınız var?
– Əlli tamam olmuşdur.
Ortaya sukut çökdü. Qubernator kiçik qurtumlarla fincanı boşaltdı siniyə qoyub geri itələdi. Təzədən kürsüyə yayxandı və gözünü qıyıb Semyonovu süzdü:
– Çox yorğun görünürsünüz, deyəsən, Qafqaz Sizi əldən salıb.
Semyonov fincanı dodaqlarında saxladı və təəccüblə qubernatorun üzünə baxdı. Son qurtumunu içmədən fincanı siniyə qoydu. Dəsmalla ağzını quruladı:
– Hələlik yorğunluqdan şikayət etmirəm.
– Siz gizlətsəniz də qayğınıza qalmaq bizim borcumuzdur. – o xeyli dayandı və birdən irəli əyilib iki əlini mizin üstünə qoydu. Bu dəfə onun qaşları qalxdı, alnı düyünləndi və gözləri hiyləgərcəsinə qıyıldı.
– Necə bilirsiniz, Sizin istirahət vaxtınız çatmayıbmı?
Dmitri Dmitriyeviç dəhşətli və zəhərli bir varlıqla qarşılaşmış kimi diksindi. Qubernator yenə əvvəlki vəziyyətində dayanıb, qıyıq gözlərini ona zillədi. Aşkarca fısıldamağa başladı.
– Siz mənə istefaya çıxmağımı təklif edirsiniz?
– Xeyr, cənab direktor, məsləhət görürəm.
Qubernator ayağa durdu. Pəncərənin taxtasını örtdü. Qaranlıq ağız-ağıza qovuşub işığı uddu.
Semyonov qubernatorun yanından çox pərt çıxdı. Ondan vəsiqə soruşanlara cavab vermədi, həyətdə keşik çəkən kazakların yanından dinməz-söyləməz ötdü, arxasınca deyinən qorodovoyların səsini belə eşitmədi. Darvazadan çıxan kimi birbaş küçəyə endi, axışıb gedən izdihama qarışdı. Günortaüstü idi. Tiflis elə bil od tutub yanırdı. Daş səkilər, kərpic divarlar qızmışdı. Adamlar sərin yer axtarır, mümkün qədər evlərin kölgəsinə qısılmağa çalışırdılar. Faytonçular qamçılarını havada oynadırdılar. Qan-tərə batan atlar dördnala çapdıqca divarlar nal şaqqıltısını əks etdirib cingildəyirdi.
Semyonov əyri-üyrü küçələrdən, dar dalanlardan keçdi və özü də hiss etmədən şəhəri ortadan bölən Kürün sahilinə endi. Suyun nəfəsi onun üzünə vurdu. Kişi dayanıb dərindən köksünü ötürdü. Qalstukunu açdı, köynəyinin yaxasını boşaltdı, pencəyini soyunub qolunun üstünə aldı. Külək onun islaq köynəyini bədəninə yapışdırdı. Semyonov dəsmal çıxardıb boynunu quruladı. Hirsdən və pərtlikdən od tutub yanan bədəni bir azca sərinlədi, ancaq ürəyi sakit olmadı. Qubernatorun son sözləri yenidən qulaqlarında səsləndi: "Sizin neçə yaşınız var? Necə bilirsiniz, artıq istirahət vaxtınız çatmayıbmı? Bu nə demək idi? O mənim qayğımamı qalırdı?" Semyonov təzədən həyəcanlandı. Sulara baxa-baxa körpüyə addımladı. Hər iki tərəfdən sıxışdırılıb yatağı daraldan Kür sanki burada, şəhərin ortasında sərbəst əl-qol ata bilmədiyindən, qəzəblənib özünü sahil daşlarına çırpır, onun boz-bulanıq suları burulub fırlanır, nəriltisini içəri salıb boğuq-boğuq uğuldayırdı. Elə bil o da insanlar kimi bu dar keçidlərdən çıxıb getmək və haysız-küysüz səhralarda asudə nəfəs almaq istəyirdi.
Semyonov suyun axarı ilə xeyli irəlilədi və Metex qalasının bərabərində ayaq saxladı. O birinci dəfə görürmüş kimi qarşıdakı sahilə gözünü zillədi. Hündür yarğanın lap üstündə iki, üçmərtəbəli evlər tikilmişdi. Eyvanlar süzüb Kürün üstünə gəlmişdi. Külək dirəklərə bağlanmış iplərin üstünə sərilən paltarları havada oynadırdı. Adama elə gəlirdi ki, bu saat yarğanın torpağı axıb töküləcək, evlərin divarları qarınlanıb gurultu ilə suya düşəcək. Orada yaşamaq bir yana qalsın, kənardan tamaşa etmək insanı vahimələndirir. Ancaq bu evlərin sakinləri heç nəyi veclərinə almırdılar. Əksinə, suya baxan pəncərələri açıb qurşağa qədər sallanır, qonşularını səsləyib nə isə deyirdilər. Uşaqlar eyvanlarda qaçışırdılar.
Semyonov bir xeyli sıldırım qayalıqlardakı qartal yuvalarını xatırladan bu evlərə baxdıqdan sonra gözünü Metex qalasına zillədi. Kilsəyə oxşayan bu bina nəhəng bir qayanın üstündə tikilmişdi. Sal daşların ətəyini Kürün ləpələri yalayırdı. Sular özünü həmin qayaya çırpır, sonra da bunu əzilmiş kimi geri çəkilib yatağına qısılırdı. Qala divarlarının üstündə keşikçilər dolaşırdılar. Onlar açıq səmanın fonunda xırdaca qarışqalara bənzəyirdilər. Semyonov istər-istəməz Kipianini xatırladı. Ona elə gəldi ki, o, buradadır. Bəlkə dar barmaqlıqların arasından şəhərə boylanır? Bəlkə o da Semyonov kimi gözünü Kürün burulğanlı sularına zilləyib həsrətlə sahili seyr eləyir? Semyonov xəyalında yarğanın hündürlüyünü ölçdü: "Yəqin altmış arşın olar. Yox, lap çoxdur. Bəlkə də lap yüz arşındır? Görəsən, oradan atılıb suya düşmək olarmı? Adam qayalara dəyib parçalanmazmı? Yox, çətin işdir. Bu zindandan yaxa qurtarmaq heç ağlasığan iş deyil". Semyonov köksünü ötürüb yenidən qalanın zirvəsinə baxdı. Qüllənin arxasında səmanın açıq-maviyə çalan bir parçası görünürdü. Orada iki qartal qanad çalıb süzürdü. Onların kölgəsi bəzən qalanın üstünə düşür, bəzən də bərilərə gəlirdi.
Körpünün altından bir qayıq çıxdı. Suyun axan ilə irəlilədi. Semyonov onların geyimindən başa düşdü ki, gələnlər kintolardır. Qayın qalanın bərabərinə çatanda kintolardan biri çaxır tuluğunu havaya qaldırdı. Balabançılar nəyi inildətdilər. Qayıqdakılar xorla oxudular. Onların səsi sal daşlara toxunub parçalandı. Köpüklü sular qayığı bura-bura uzaqlaşdırdı.
Semyonov qubernatorun sözlərini yenidən xatırladı: "Biz buraya qoşunla, ordu ilə gəlmişik. Süngülər, qalalar olmasa, bircə gün də hakimiyyəti əldə saxlaya bilmərik. Yoxsa öz maarif ordunuzu bizə qarşı qoymaq istəyirsiniz? Məsləhət görmürəm, cənab". Qubernator düz başa düşmüşdü. O, qəlblərdə yandırdığı maarif məşəlinin sönəcəyini heç cür ağlına gətirə bilmirdi. Onun idealı insanlığa xidmət etmək idi. O, elmi, maarifi bir işıq, bir nur hesab edirdi. Bunu söndürmək yox, daha da gücləndirmək lazım idi. Bu yolda çətinliklər də olacaq. Qoy olsun. Məsləkə dönük çıxmaqdansa, namusla ölmək yaxşıdır. Semyonov öz yolundan qayıtmayacağını, yenə əvvəlki kimi işləyəcəyini qət etdi. Lakin Kipiani yadına düşdükdə yenə sarsıldı. Onu müdafiə edə bilmədiyinə görə xəcalət çəkdi. Əslində o, bu gün qubernatorla görüşə gedəndə inanırdı ki, hər şeyi knyaza başa salacaq və sübut edəcək ki, Kipiani günahsızdır. O, ümid edirdi ki, müəllimi həbsxanadan azad etdirəcəkdir. Ancaq qubernator bu barədə danışmaq belə istəmədi. Hətta onun özünü günahlandırdı. Üstəlik, çox incə eyhamla başa saldı ki, istefaya çıxmaq lazımdır. Ona ən çox təsir edən də bu idi. Neçə ildən bəri zəhmət çəkib məktəbi sahmana salmışdı. Müəllimlər kəndbəkənd düşüb tələbə yığmışdılar. Yeni şöbə açmışdılar. Bunları qoyub hara getsin? Seminariyadan başqa Qoridə qız gimnaziyası da açmışdılar. Müəllimlər orada könüllü olaraq dərs deyirdilər. Bütün bu zəhmətləri hədərmi getsin? Yox, mən geri çəkilməyəcəyəm. Peterburqa yazacam. Maarif Nazirliyinə, lap imperatorun özünə müraciət edəcəm. Bəlkə bu işdə mənə Uşinskinin dostları da kömək etdilər. Axı, o mənim qayınatam olmaqdan başqa böyük pedaqoqdur. Mənim müəllimim olmuşdur. Onun tələbələrinin çoxu indi nazirlikdə işləyir.
Semyonov bu cür qarışıq fikirlərlə xeyli gəzdikdən sonra sahildən aralandı. Meydançaların birində fayton saxlatdı. Vağzala sürməsini xahiş etdi. Daş döşəmədə nal şaqqıldadı. Atlar yeknəsəq addımlarla irəlilədilər. Qədim daş körpüdən keçəndə kilsə zəngləri çalındı. Semyonov dönüb şəhərə baxdı. Boz daşdan tikilmiş kilsələr şəhərin evlərindən seçilirdi. Onların sivri qülləsi qılınc kimi sıyırıb göyə ucalırdı. Qızılı xaçlar parıldayırdı. Kilsə zəngləri ara verən kimi müsəlman hissəsindəki məscidin göy kərpicdən tikilmiş qoşa minarəsindən müəzzinin səsi eşidildi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-dorduncu-hisse-13
Use ← → keys to move, R for a random poem
More by this author
Məktəbin küncündəkı otağın pəncərələrindən işıq gəlirdi. Axşamdan xeyli keçmişdi. Məktəbin qabağındakı bağda baş-başa verən çinar ağacları, qollu-budaqlı armudlar, salxım söyüdlər elə bil mürgüləyirdi. Arabir yarpaqlar astadan xışıldayırdı. Ağacların dibindən axan suyun şırıltısı sanki bu sakitliyə layla çalırdı. Lap uzaqda, kəndin kənarındakı gölməçələrdə qurbağalar quruldaşırdı. İmran pilləkənə yaxınlaşdı. Səs salacağından ehtiyat edərək, asta-asta yuxarı qalxdı. Qapının ağzında dayandı. Pəncərədə kitab oxuyan bir adamın kölgəsi görünürdü. "Evdədir" - deyə İmran öz-özünə pıçıldadı. Əlini qaldırıb qapını döymək istədi. "Birdən mənim gəlişimdən incidi, bəlkə də heç qapını açmaq istəmədi, onda nə olsun? - deyə düşündü. - Deməzmi gecə vaxtı sənin qız xeylağı ilə nə işin ola bilər? Nə cavab verərəm?" O qayıdıb getmək istədi. İçəridən ayaq səsi gəldi. Stul tərpəndi və birdən qapı açıldı. Onlar üzü-üzə gəldilər. Qız qəfildən qarşısına çıxan adamı görəndə diksinib geri çəkildi. qapını örtdü.– Kimdir?
18Onlar idarədən birgə çıxdılar. At tövləsinin yanında Nəsib dayı İmranın qolundan tutdu.– Getmə, səninlə işim var.
19Rayonda açılmış tibb məktəbi şəhərin qurtaracağında, pambıq məntəqəsinin qarşısındakı ikimərtəbəli binada yerləşmişdi. Tibb məktəbində oxuyan qızlar elə burada da yaşayırdılar. İkinci mərtəbə onların yataqxanası idi. Hər gün dərsdən sonra qızlar məktəbin həyətində, arxın kənarında oturub kitab oxuyur, səhərlər isə dəsmal, sabun götürüb yuyunmağa gedirdilər. Arabir zarafatlaşıb bir-birinin üstünə su atanlar da olurdu.Məktəb direktoru qızları şəhərə az-az buraxırdı. Dörd divar arasında darıxan qızlar, pəncərələrdən küçəyə çıxır, pencəklərini çiyinlərinə salıb qapı ağzında dayanırdılar. Hörüklərini döşlərinin üstündən qabağa sallayan bu qızlar əllərini qoyunlarına qoyub elə məlul-məlul dayanırdılar ki, baxanda adamın onlara yazığı gəlirdi.
20Klubda adam əlindən tərpənmək olmurdu. Yerlər tutulduğundan, gələnlərin çoxu ayaq üstündə qalmışdı. Pəncərə ağzında oturanlar, dal tərəfdə çənələrini əllərindəki yabaya söykəyib dayananlar da var idi.Kazım Kosaoğlunun tapşırığı ilə qapının ağzını kəsmişdi. O, istədiyi adamı içəri buraxır, istəmədiyini döşündən itələyib xırıldayırdı:
Poems by other poets
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,