Dördüncü hissə, 16
Kürün o tayından əsən qəfil külək sahildəki biçənəyin üstündən adlayıb kəndin arasını dolaşdıqdan sonra kövşənliyi xışıldatdı, xır yolu tərəfə gəldi və gözlənilmədən yana burulub təpədəki qəbristanlığa doğru döndü. Qədim qəbir daşlarının başına dolandı, burulğan kimi fırlanıb qurumuş otları, boz kətyən kollarını, keçən ildən qalmış çör-çöpü süpürdü, qabağına qatıb təpədən aşağı tökdü. Elə bil son bahar nəfəsi ilə cana gəlib cücərən qəbristanlığa süpürgə çəkdilər, hər yer tərtəmiz oldu. Azacıq sonra isə göyün üzünü seyrək, qara bulud bürüdü. Hara isə tələsən bu duman kəndin bərabərində aşağı çökdü, ətəyini sallayıb torpağı yaladı, onun soyuq nəfəsi qəbristanlığa qədər gəlib çıxdı. İri yağış damcıladı. Qəbirlərin torpağı xal-xal oldu.
Əşrəf ayağa durdu. Dizini çırpıb köksünü ötürdü. Boyun-boyuna verən dərin bir hüzn içində mürgüləyən qəbir daşlarına xeyli baxdı. Təpənin lap yuxarısında az qala iki adam boyu ucalığında olan çəhrayı rəngli başdaşının üstünü mamır basmışdı. Otların naxışları, yazıları güclə seçilirdi. Köhnə, batıq qəbirlər torpağın altında qalmışdı. Yanlarında tüfəng, xəncər, at çəkilmiş başdaşılarının bəzisi böyrü üstə əyilmişdi. İzi tamam itən qəbirlər də var idi.
Əşrəf sükut içində, başdaşlarından seçilməz halda xeyli dayandıqdan sonra atasının hələ torpağı yapıxmamış qəbrinə baxdı. Onu Şahnigarla yanaşı basdırmışdılar. Bacı-qardaş qoşa yatırdı. Əşrəfin bir az əvvəl əli ilə sığallayıb, yan-yörəsini düzəltdiyi qəbri iri yağış damcıları döyəcləməyə başladı. Balaca təpəciyə oxşayan bozumtul torpağın üstündəki qara nöqtələr çoxaldı. Şahnigarın qəbri yapıxdığından, yağan damlalar gilələnib süzüldü və Cahandar ağanın qəbrinə doğru gəldi. Elə bil kim isə qəsdən bu qəbrin yanında dayanıb gözündən gilə-gilə yaş axıdırdı.
Əşrəf əlini islanmış saçına çəkdi. Furajkasını başına qoydu. Asta addımlarla qəbristanlıqdan uzaqlaşdı. Xır yoluna çıxdı. Hara getdiyini özü də bilmədən bir xeyli irəlilədi. "Zayej"in bərabərində ayaq saxladı. Döndü, sürüşkən cığırları ot basmışdı. Pilləkəni ehtiyatla çıxıb eyvanda dayandı. Qapılar bağlı idi. Pəncərə şüşələrinin bəzisi sınmışdı. Yağış həyətə səpələnmiş kağızları döyəcləyirdi. Əşrəf qapıya yaxınlaşdı, paslı qıfılı yoxladı. Pəncərədən içəri boylandı, dəftərlər döşəməyə səpələnmişdi. Kitablar cırılıb tapdalanmışdı. Xəritə küncə atılmışdı. Qlobus otağın ortasına düşmüşdü, külək onu tərpədib dığırladırdı. Əşrəf dözmədi. Zərblə çəkib qıfılı qopartdı. İçəri girdi. Dəftərləri, kitabları yığdı. Səliqə ilə pəncərənin qabağına qoydu. Qlobusu götürdü. Xəritəni əvvəlki yerindən, divardan asdı. Stulları qaldırdı. Çiliklənmiş şüşələrin içindən Əhmədin ən çox sevdiyi şəkli götürdü. Baxdı. Əhmədin atası ilə anası yanaşı oturmuşdular. Balaca Əhməd isə onların çiyninin üstündən boylanırdı. Əşrəf kövrəldi. Pəncərənin önünə gəldi. Çiynini divara söykəyib qollarını sinəsində çarpazladı. Kəndə doğru baxdı. Sərin-sərin yağış yağırdı. Damlalar "Zayej"in kirəmitlərini döyəcləyirdi. Trubalardan süzülən yağış şırıldayırdı. Köpüklü su zolaqlanıb həyətə axırdı.
Pəncərənin şüşəsi elə bil tərlədi. Çisək şüşədə birləşib gilələndi. Süzülüb damla-damla axdı. Əşrəfə elə gəldi ki, pəncərəyə baxmır. Qarşısındakı güzgüdür. Orada gilələnən yağış damlaları yox, özünün göz yaşlarıdır. O, əlini yanağına apardı. Ovcu islandı. Bayırda yenə sərin-sərin yağış yağırdı.
– Səhərdən haradasan?
Əşrəf diksindi. Dönüb qapının ağzında dayanan qardaşına baxdı. Şamxal çərkəzi çuxasının ətəyini belinə sancmışdı. Sallamalı gümüş kəmərinə yaraşan xəncər bağlamışdı. Başdan-ayağa geyindiyi qara paltar onun rəngini boğmur, əksinə bir az da açırdı. Qaşqabağı tökülmüşdü. Əlində tüfəng var idi. Şamxal hiss etdi ki, qardaşı dönüb ona baxsa da, hələ tamam özünə gəlməyib, fikrini cəmləşdirə bilmir.
Bir az əvvəl ürəyində coşan hirsini boğdu. Əşrəfi tapdığına sevindi və içəri keçib stulun birində oturdu. Tüfəngini dizinin üstünə qoyub, papiros qutusunu çıxartdı. Əşrəf onun eyni ilə atası kimi təmkinlə papiros eşdiyinə, barmaqları əsə-əsə müştüyə keçirib yandırdığına və asta-asta, ancaq hərisliklə sümürüb, tüstünü necə ciyərinə çəkdiyinə baxdı. Əşrəfə elə gəldi ki, gozünün qabağındakı Şamxal yox, atasıdır. Ona heç nə olmayıb, əksinə bir az da cavanlaşıb.
Pəncərədən aralandı. Stul götürüb Şamxalla yanaşı oturdu:
– Qutunu mənə ver.
Şamxalın qaşları çatıldı. Təəccüblə qardaşının üzünə baxdı və qutunu çıxardıb dinməzcə ona uzatdı. Əşrəf naşılıqla papiros eşdı. Ehtiyatla çəkməyə başladı.
– Gedəkmi?
Qalxdılar. Xır yolunun daşları yuyulmuşdu. Yağış kövşənləri döyəcləyirdi. Torağaylar pırıltı ilə havaya qalxır, yolun ortasına düşüb dazıyırdılar.
Şamxal arxada qaldı. Ətrafa boylandı. Xəndəklərə göz gəzdirdi. Sonra qardaşının paltarına baxdı. Əşrəfin şalvarının balağı açıq idi. Qara çəkməsi palçığa batmışdı. Pencəyinə narın yağış qonmuşdu. Başında furajka var idi. Şamxala elə gəldi ki, gözünün qabağındakı doğma qardaşı yox, tamamilə yad bir adamdır. O, Əşrəflə bərabərləşdi. Gözaltı onun sifətinə, pencəyinin düymələrinə baxdı. "Atam sağ olsaydı, onu urus paltarında gəzməyə qoymazdı. Elə vağzalda, vaqondan düşməmiş soyundurub, ayrısını geyindirərdi. Bə Əşrəf atamın nəyi xoşlayıb-xoşlamadığını nə tez yadından çıxartdı? Bilmirmi ki, hələ kişinin nəfəsi üstümüzdədir? Yoxsa özünü böyük hesab eləyir?" Şamxal əsəbiləşdi. Papirosunu axırıncı dəfə sümürüb, hirslə yolun kənarına atdı:
– Paltarını niyə dəyişməmisən?
Əşrəf qardaşının nə demək istədiyini başa düşdü:
– Daha mən bu paltarı əynimdən heç vaxt çıxartmayacağam.
– Bizi biabır eləmək istəyirsən?
Susdular. Bir dəstə sığırçın başlarının üstündən pırıltı ilə uçub kəndə doğru getdi, orada bürülüb-büküldü və Kürün vadisində gözdən itdi.
– Atamı nə vaxt basdırdınız?
– Atışmadan iki gün sonra.
Əşrəf ayaq saxladı. Şamxal da dayandı. Üz-üzə durdular. Şamxal qardaşının gözlərindən oxudu ki, o her şeyi bilmək istəyir. Bilmək istəyir ki, at yarğanla bərabər Kürə uçduqdan sonra nələr olub? Atasının son nəfəsinə özünü çatdıran tapılıbmı? Kazaklar nə yaxşı onlardan əl çəkiblər? Şamxal hamısını danışa bilərdi, ancaq susdu. İstəmədi ki, qardaşı atasının necə öldüyünü bilsin. Şamxalın kazaklar kənddən getdikdən sonra özünü Kürə atdığını, cələni gəzdiyini, meşəyə gedib atasını axtardığını, nəhayət, kiçik bir adada yulğun kollarının arasında tapdığını bilsin. Atın baldırı sınmışdı. Kişininsə hələ nəfəsi vardı. Dili söz tutmasa da, ürəyindən keçənləri gözlərindən oxumaq olurdu. Şamxal atasının son anda, onu görəndə, əvvəlcə diksindiyini, sonra isə arxayınlıqla gülümsəməyə çalışdığını indi də unuda bilmir. Elə bil kişi demək istəyirdi ki, sən ki bu ağır günümdə məni axtarıb tapdın, bütün günahlarından keçirəm. Sonra Şamxal onu gecə ikən Kürü keçirib evə gətirdi. Kişini bir gün sonra dəfn etdilər. Şamxal bunların heç birini qardaşına danışmadı. Fikirləşdi ki, qardaşını atamın dəfninə çatmadı, onun ölüsünü görmədi, qoy elə axıracan kişinin diri vaxtı gözünün önündə dayansın. Əşrəf onu həmişə at oynadıb, tüfəng atan şəkildə yadında saxlasın.
– Bə sən nə üçün gec gəldin?
– Buraxmadılar.
– Niyə?
– Dustaq idim.
– Nəyin üstündə?
Əşrəf çiynini çəkdi. O da seminariyada baş verən əhvalatları danışmağı yersiz bildi. Ancaq Şamxalın sifətindəki təşviş, gözlərindəki təəccüb və maraq onu dillənməyə məcbur etdi:
– Oralarda da sakitlik deyil. Müəllimimizin birini tutdular. Direktorumuzu da işdən çıxartdılar. Adını da qoydular ki, qocalıbsan, get istirahətə. Əvəzinə təzəsi gəldi. Elə faytondan düşməmiş bizi asıb-kəsməyə başladı:
– Bə, cavabını vermədiniz?
– Verdik. Sözü bir yerə qoyduq. Dərsə getmədik. Tələb etdik ki, təzə direktor qovulsun.
– Qovdularmı?
– Yox, bizi qovdular. Məktəbimizi iki aylığa bağladılar.
Yenidən susdular. Şamxal bu dəfə təəccüb və heyrətlə, bir qədər də heyranlıqla Əşrəfi süzdü. Qardaşının söylədiklərini o qədər anlamasa da, başa düşdü ki, deyəsən, dinc oturmur. O, böyük olduğuna görə bir az ehtiyatlandı. Qayğıkeşliklə , "uşağın başına bir iş gələ bilər", – deyə xəyalından keçirdi. Eyni zamanda düşündü ki, deyəsən xəmir yeyənin fağırı olmaz. Şamxal bir az qürurlandı da.
Kəndin kənarına gəldilər. Uşaqlar yağış başladığından, mal-qaranı örüşdən qaytarırdılar. Daxmaların bacalarından tüstü çıxırdı. Ayaqyalın arvadlar cığırlarda ora-bura qaçırdılar. Kişilər məscid tərəfə gedirdilər. Azan çəkilirdi. Əşrəf gördü ki, Şamxalın rəngi qaçdı. Tüfəngin qundağını bərk-bərk sıxdı. Atasının dodaqlarını xatırladan qalın dodaqları səyridi.
– Atamı kazaklar niyə tutmaq istəyirdilər?
– Onu gözaltı elədiyin Pakizə xanımın atası Molla Sadıqdan soruş.
Əşrəf köksünü ötürdü. Bildi ki, bu saat Şamxalı başa salmaq çətin olacaq. Ona desə ki, Kürün qırağında atamın kazaklarla toqquşduğunu, pristavla olan söhbəti yadına sal, meşənin qoruq edilməsini xatırla, səbəbi burda axtar, inanmayacaq. Ona görə susdu.
Yarğanın qaşına çatdılar. Kürün boz-bulanıq suları qabarmışdı. Ləpələr yarğanı döyəcləyirdi. Şaxələnmiş qollar bəzi yerdə ağız-ağıza qovuşmuşdu. Adaların çoxunu su basmışdı. Çiləkənlərin ətrafındakı burulğanlar uğuldayırdı. Sahildə mal-qara otlayırdı. Atlar kişnəyib bir-birini qovurdu. Bir dəstə qız, çiynində səhəng, sürüşkən cığırla suya enirdi. O tayda, meşənin bərabərində gəmini yuxarı çəkirdilər.
Əşrəf hiss etdi ki, qardaşı ondan aralanmaq, cığırla öz daxmasına doğru getmək istəyir. Qabağa keçdi. Hər ikisi ayaq saxladı. Əşrəf pəncərələri Kürə açılan evlərinə, sonra da Şamxalın üzünə baxdı. Onun səsi titrədi:
– Qayıt evə.
– Bə sən?
– Mənim yolum başqadır.
Susdular. Yenə də narın-narın yağış yağırdı. Kürün uğultusundan başqa heç nə eşidilmirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-dorduncu-hisse-16
Use ← → keys to move, R for a random poem
More by this author
Nəsib dayı adəti üzrə bu gün yenə hamıdan əvvəl yuxudan durub kolxoz idarəsinə getdi. O, axşamdan verdiyi tapşırıqları yoxlamalı, maşınları yola saimalı, sonra briqadalara getməliydi.Son partiya iclasından sonra Kosaoğlu çəkilib kənarda durur, əlini ağdan qaraya vurmurdu. Artıq yer əkdirdiyinə və kolxozçuların pulunu düzgün paylatdırmadığına görə partiya iclasında ona töhmət elan edildikdə Kosaoğlu qulaqlarına inanmamış, "Necə? Mənə, Kosaoğlu Qurbana töhmət verirsiniz? Ə, başınıza at təpib?" - deyə qışqırmış, sonra da, təklifi irəli sürən Nəsib dayının üstünə düşmüşdü. "Ə, heç nə danışdığını bilirsənmi? Ağlını başına yığ, isti yerini soyuq eləmə".
23İmran dan yeri ağaranda yuxudan durub geyindi və həyətə çıxdı. Əvvəlcə qolundakı saata, sonra qızaran üfüqlərə baxdı. Göy üzünə səpələnmiş ulduzlar solğunlaşıb bir-bir sönürdü. Yalnız şərq tərəfdə dan ulduzu iri almaz parçası kimi titrəyirdi."Yaman gecikmişəm" - deyə o, fikrindən keçirdi.
24Zeynəb yarı arxı keçəndə diksinib dayandı. Ona elə gəldi ki, yarğanın dibindən qalxan kölgə sinəsinə ötüb qaratikan kolları arasında gizləndi. Hətta oradan şıqqıltı eşidildi.Zeynəb ayaq saxladı, ürəyi döyünə-döyünə qulaq asdı. Çöllər səssiz idi. Yalnız gecə böcəkləri qəmli-qəmli ötürdü. Elə bil onlar isti payız günündən sonra axşam sərinliyində dincələn çöllərə laylay çalırdılar. Cırcıramaların, çəyirtkələrin bu məhzun nəğmələri Zeynəbi darıxdırdı. Onun da qəlbini hüzn bürüdü. Ürəyində özünün də başa düşmədiyi hisslər oyandı. Tərəddüd içində dayanıb pıçıldadı: "Bu nə idi? Bu zaman yarğanda gizlənən kim ola? Düz adamdırsa, niyə yolla getmir?"
25Kosaoğlu dincələ bilmirdi. Gözünün yuxusu, ürəyinin rahatlığı yox olmuşdu. Axşamdan yer saldırıb yorğan-döşəyə girsə də, yata bilmir, o üz-bu üzə çevrilir, durub papiros çəkir. qaranlıqda gözlərini tavana zilləyirdi. Hər şıqqıltı onu diksindirir, hər səs yuxudan oyadırdı. Son günlər heç yata bilmirdi. Arvadı Sayalı bir neçə dəfə "a kişi, sənə nə olub?" - deyə soruşmuşdusa da, toxtadıcı cavab ala bilməmişdi.Kosaoğlu ürəyindəkiləri arvadına deməsə də, Sayalı kişinin gündən-günə əridiyini, daha da qaşqabaqlı olduğunu, evdə uşaqların üzünə baxmadığını görürdü. Sayalı da çox vaxt yatmır, ürəyində qarğış edirdi. "Allah bizə əyri baxanları dərdə salsın! Görüm o İmranın uğuru xeyrə çıxmasın! Mərdimazar oğlu kəndi çaxnaşdırıb, aləmi bir-birinə qatdı".
Poems by other poets
Əqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Can sağ ikən yurd vermənih düşmanaƏhli-İslam olan eşitsin, bilsin,Can sağ ikən yurd verməniz düşmana.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
QışQar yağaraq dünya açmış ağ çiçəkNə qoyun var otlaqlarda, nə inək.