Page 2 of 2 · 50%

– Yoxsa inqilabçılara qoşulmuşdun?

– Bir balaca meyl etmişdim.

– Bəs indi necə?

– İndimi? - deyə Əhməd səsini bir az uzatdı. - İndi heç bir şey. Gördüyünüz kimi, ən ucqar kəndə gəlib çıxmışam. Cəmiyyətdən ayrı kimi yaşayırdın. Atam-anam da məndən üz döndərib. Əlimdən heç nə gəlmir.

– Düz demirsən, Əhməd, sən özün də bilmədən yaxşı bir iş başlamısan. Zənnimcə, millətinə kömək etmək istəyən hər kəs elm və maarifə fikir verməlidir. Sənin bu kənddə uşaqlara dərs deməyin böyük xidmətdir. Bu işə çoxdanmı başlayıbsan?

– İkinci ildir.

– Uşaqlar bir şey öyrənə bilirlərmi?

– Öyrənirlər.

– Sabah onlarla söhbət edə bilərikmi?

– Yoxlamaq istəyirsiniz?

– Yox, yox... Bilirsinizmi, mən Qori seminariyasında işləyirəm. Biz orada təzə şöbə açmışıq.

– Harada işləyirsiniz?

– Qoridə. Necə məgər? - deyə Aleksey Osipoviç gözləri genişlənmiş Əhmədə baxdı.

– Bağışlayın, Siz Çernyayevski deyilsiniz ki, Aleksey Osipoviç?

İndi də qonaq heyrət və maraqla ev sahibini süzdü.

– Bəli, düz tapmısınız. Bəs Siz mənim adımı hardan bilirsiniz?

– Əşrəfin məktublarından. O həmişə Sizdən yazır. Axı, onu mən oxutmuşam. İndi Sizin tələbənizdir.

– Hansı Əşrəf? Göytəpəlimi? - deyə qonaq təəccüblə soruşdu.

– Bəli.

– Çox yaxşı tanıyıram. Ən yaxşı oxuyan tələbələrimizdəndir. Bilirsinizmi nə var, Əhməd, madam ki, Əşrəfi siz oxutmusunuz, demək, o biri uşaqlar da fərasətli olacaq. Necə deyərlər, xəstə sağalası olsa, təbib qənşər gələr. Demək, Siz mənə kömək edə biləcəksiniz. Uşaqlarınızdan neçəsini Qoriyə oxumağa apara bilərəm?

– Ailələri razı olsa, altı-yeddi nəfər.

– Yəni, deyirsiniz, bu işə etiraz edərlər?

– Bilirsinizmi? - deyə Əhməd kədərli səslə sözünə davam etdi.

– Bizim camaatın dərdi böyükdür. Ümumən, balaca millət olmaq bədbəxtlikdir. Hərə bir qapaz vurur, gözünü açmağa qoymur. Bir yandan da özümüzün satqınlarımız aman vermirlər. Siz bizim mollaları tanımırsınız. Onlar qoymurlar ki, camaat gözünü açsın.

– Ruhanilərin xalqa mənfəəti azdır.

– Düzdür, amma bizimkilərin dərdi heç açılası deyil. Kənddə bir adamın savadlı olmasını istəmirlər. Neçə dəfə mənə hücum çəkiblər. Keçən il də böyük dava oldu.

– Nəyin üstündə?

– Əşrəfin. Atası onu Qoriyə oxumağa göndərmək istəyəndə Molla Sadıq hay-haray saldı. Camaatın içində kişiyə "kafirsən" dedi. Hələ üstəlik məni də yamanladı. "Uşaqların mollaxanadan qaçmasının baisi sənsən, - deyə lənət yağdırdı.

– Demək, kəndinizdə mollaxana var.

– Bəli.

– Çox maraqlıdır. Sabah ora getmək pis olmaz.

– Məsləhət görmürəm.

– Heç nədən qorxmayın.

Onların başı söhbətə o qədər qarışmışdı ki, İvan Filippiçi həyətdə odun yarıb, ocaq qalamasından, qaynamış samovarı içəri gətirməsindən belə xəbərləri olmadı. Yalnız söhbətin çox uzun çəkdiyini hiss edən faytonçu "Aleksey Osipoviç, çay hazırdır" - deyə qışqırandan sonra dönüb baxdılar. Qonaq jiletinin yaxasından gümüş zənciri sallanan saatını çıxartdı. Düyməni basıb, qapağını açdı.

– İvan Filippiç, gərək bizi bağışlayasan, başımız söhbətə yaman qarışıb.

– Gecə keçir, rahatlanmaq lazımdır. Səhər tezdən yola çıxasıyıq.

Aleksey Osipoviç saatının qapağını şaqqıltı ila qapayıb, döş cibinə qoydu. Əhmədin tələsik düzəltdiyi süfrəyə yaxınlaşdı. Buğlanan isti çayı qabağına çəkdi.

– Camaat hələ yaylağa köçməyib ki?

– Xeyr. Amma bu gün-sabah tərpənəsidirlər.

– Demək hamı kənddədir?

– Meşəyə, binəyə köçənlər də var.

– Demək belə. İvan Filippiç, deyəsən bir-iki gün bu kənddə qalası olacağıq.

– Bəs şəhərə tələsmirdiniz?

– Fikrimi dəyişdim.

– Özünüz bilən yaxşıdır.

– Gəlin əyləşin, çörək yeyək.

İvan Filippiç kətil çəkib oturdu. Lüləyi açıb, pıqhapıqla qaynayan samovardan bir stəkan çay süzdü. Tələsdiyindən çayın soyumasını gözləyə bilmədi. Stəkanı yarıya qədər boşaldıb, nəlbəkini barmaqlarının, ucunda yuxarı qaldırdı. Dirsəyini stola söykədi. Sol əli ilə dodağının üstünü örtən bığını geri sığalladı. Nəlbəkini ağzına yaxınlaşdırıb, buğlanan çayı hortahortla içməyə başladı. İkicə qutumda nəlbəkini boşaldıb, əlini yenidən stəkana uzatdı. Elə bu vaxt haradasa dalbadal güllə açıldı. Kənd itləri səs-səsə verib zingildəşdilər. Belə şeylərə adət eləyən Əhməd yerindən tərpənmədən çayını içdi və qonaqlara "narahat olmayın, yəqin tülkü-mülkü qovurlar" - dedi. Ancaq atışma şiddətlənib, itlər səs-səsə verəndə Əhməd nəlbəkini yerə qoydu və bayırdakı səs-küyü xeyli sakitcə dinlədi. Ehmalca ayağa durub qoşalüləni gotürdü.

– Yəqin yenə kiminsə evinə basqın eləyirlər.

– Nə, basqın? – deyə Aleksey Osipoviç təəccüblə soruşdu və özü də hiss etmədən Əhmədlə bərabər eyvana çıxdı. Onlar, ağız-ağıza verib hürüşən itlərə və gecənin sükutunu pozan qışqırtılara qulaq asdılar. Hay-haray əvvəlcə kəndin aşağısından gəlirdi. Sonra itlər basa-basa Kürün üstünə endilər. Çəmənlikdə bir xeyli nəyi isə qovdular. Dalbadal güllə atıldı. Əhməd göyün üzündəki qızartıları görəndə nəyinsə yandığını anladı və yanğının harda olduğunu bilmək üçün dərhal məhəccərin üstünə çıxdı. Buradan hər şey aydınca görünürdü. Sahildə çathaçatla yanan ot tayalarının alovları qaranlıqda şölələnirdi.

İtlər kimisə qovub suya saldılar. Atışmanın arası kəsəndə at kişnəməsi və boğuq tappıltılar eşidildi. Haradasa qıy çəkdilər.

– Nə olub? - deyə heç nə başa düşməyən Aleksey Osipoviç yenə soruşdu.

Əhməd məhəccərin üstündən boylana-boylana:

– Ot tayaları yanır, - dedi.

– Oğurluğa gələn otu niyə yandırır?

Əhməd məhəccərin üstündən aşağı endi.

– Bu oğru işinə oxşamır. Deyəsən düşmənçilik məsələsidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, 5

Qaranlıq qarışıb əl-ayaq yığışandan sonra Zərnigar xanım yan otağa çəkildi. Səhərdən dilinə bir şey dəyməsə də qulluqçuların gətir-diyi çay-çörəyə əl vurmadı. Anası ilə bərabər, göz yaşı axıdan Salatın nə qədər yalvardısa da, arvad inadından dönmədi. Evə qaranlıq çökdü. Qızının lampanı yandırmaq istədiyini görəndə acıqlandı:– Yıxıl, öl bir yerdə! Mənim çırağımı fələk özü söndürüb.

195713 min
Birinci hissə, 6

Mələyin yoxa çıxması xəbərini eşidəndən yarımca saat sonra Allahyar yola hazırlaşdı. Qumar yoldaşlarının və karvansara sahibini duyuq salmamaq üçün əhvalatı açmadı. Onların sualına "daha bəsdir, evdə işim-gücüm tökülüb qalıb", - deyə təmkinlə cavab verdi.Onun atını gətirdilər. Bu neçə gündə arpa yeyib kökələn ot yüyənini çeynəyir, həndəvərinə hərlənən adamları dişləyib gəmirmək istəyirdi. Allahyar kəhərin qoltuqaltısını yoxladı, qarın qayışını çəkib bərkitdi Sonra gümüş döşlüyünü sahmana saldı. Ayağını üzəngiyə qoyub, atın belinə qalxmazdan əvvəl mehtərin haqqını verdi.

195714 min
Birinci hissə, 7

Əlləri qoynunda, eyvanın dirəyinə söykənib selləmə bahar yağışına tamaşa edən Salatını fıkir götürmüşdü. Şamxal evə qayıtmamışdı. Onun hara getdiyini dəqiq bilən yox idi. Atasının qorxusundan, bir də söz-söhbətdən xoşu gəlib ara qızışdıran arvadların üzünü görmək istəmədiyindən evdən eşiyə çıxmamışdı. Anası da o gündən bəri ağzı üstə döşənib qalmışdı. Ev suyu soğulmuş dəyirmana dönmüşdü.Cahandar ağa ailəsini o taya, meşəyə, binəyə göndərmək istəmişdisə də, Zərnigar xanım: "Bircə onu görməyəcəksən, - deyə kişisinə cavab vermişdi.

195710 min
Birinci hissə, 8

Qoca ağır-ağır yoxuşu qalxırdı. Əlindəki söyüd çubuğuna keçirdiyi balıqların pulları parıldayır və quyruqları açıq-çəhrayı rəngə çalırdı. Kişi yorulmuşdu. Tez-tez dayanıb nəfəsini dərir, çiynindəki əndırləri silkələyib kürəyinin ortasına atırdı. O, möhkəm islanmışdı. Dizi yamaqlı şalvarı, arxalığının altından görünən boynu qara sapla işlənmiş kirli alt köynəyi belə yaş idi. Çarıqlarını və iplik corabını soyunub əlinə almışdı. Gecəli-gündüzlü suda qaldığından ağappaq olan dabanını və codlaşmış ayaq barmaqlarını qızmış tozlu torpağa basdıqca, bədəninə istilik yayılırdı. O, iri, saçaqlı papağını boynunun dalına itələmişdi. Qırxıq başından buğ qalxırdı. Sinəsinə düşən ağ saqqalının pərakəndə tüklərini səhər küləyi oynadırdı.Kişi dayanıb nəfəsini dərdi. Bir xeyli Kürdə çimişən uşaqlara, yulğunluğa doluşan mal-qaraya baxdı. Öküzünün burada olub-olmadığını yoxladı. Sonra yenə yoluna davam etdi. Dikdirin qaşına çatanda bir dəstə uşaqla qarşılaşdı. Onların əllərində balaca qarmaqlar var idi.

19579 min

Poems by other poets