İkinci hissə, 9
Page 2 of 2 · 50%
O, atın başını döndərib sahilə endi. Kür köpüklənmişdi. Boz-bulanıq sular yerindəcə çalxalanıb qumları yalayırdı. Cələdəki kolların, yarğanların dibi ilə qatarlaşan qalın yulğunların, otların üstünə şeh düşmüşdü. Quşlar artıq oyanmışdı. Hardasa, ağacların budaqları arasında gizlənmiş bir bülbül səhərin açılmasına sevindiyindənmi, yoxsa ürəyindəki kədərin təsirindənmi, nədənsə cəh-cəh vururdu. Onun səsi budaqdan-budağa düşüb yarğanda cingildəyirdi. Kürün üzərinə çəkmüş duman da yavaş-yavaş geri çəkilirdi. Cığırlara şeh qonmuşdu. O yenə dinmirdi. Bacısını qabağına salıb, cığırla cələnin içərilərinə gedirdi.
Şahnigar taqətdən düşmüşdü. Ayaqqabısının dabanı qopmuş, əyindəki paltar didik-didik olmuşdu. Bədənində salamat yer qalmamışdı. O yerimir, güclə sürünürdü. Qardaşının heç olmasa insafa gəlib dayanmasını gözləyirdi. Cığır isə qol-budağı bir-birinə çarpazlaşmış iri ağacların arası ilə qıvrılıb daha da qalınlığa gedirdi. Meşənin qatı kölgəsi elə bil səhərin açılmasını bir az da ləngitmək, ağacların mürgüləməsinə mane olan səhər mehinin qarşısını almaq, yarpaqların xışıldayıb quşları oyatmasına imkan vermək istəmirdi. Amma gözlənilməyən qonaqların ayaq tappıltısı, at fınxırtısı bu sükutu pozurdu. Quşlar inilti ilə ora-bura uçurdular.
Cığır iri bir palıdın ətrafına dolanıb açıqlığa çıxanda Şahnigar dayandı. Kürün ayrılan bir qolu yolu kəsmişdi. İrəli getmək mümkün deyildi. O bir qarşıdakı suya, bir də dönüb atın üstündə dayanan qardaşına baxdı. Cahandar ağanın gözü qan çanağına dönmüşdü. O buna pis məna vermədi. "Bacın ölsün, ay qardaş, səni də yuxusuz qoydum", -deyə xəyalından keçirdi. Cahandar ağa da atın başını çəkib dayandı. Yüngülcə sıçrayıb yerə düşdü. Qəməri çidarlayıb otluğa buraxdı. Özü isə suya yaxınlaşdı. Bir xeyli xırdaca ləpələrə, sonra da üfüqdən baş qaldıran günəşə baxdı. Göyün üzü tərtəmiz idi. Meşənin üstünə elə bil su çilənmişdi. Ağacların yarpaqlarından süzülən və lap ucda yumrulanıb dayanan şeh damcıları parıldayırdı. Havaya nəm xəzəl qoxusu hopmuşdu.
O əyilib üzünə bir-iki ovuc su çırpdı. Yalnız bundan sonra dönüb bacısına baxdı. Yenicə çırtlayan günəşin maili şüaları yarpaqların arasından süzülüb. Şahnigarın üstünə düşmüşdü. Onun donu cırıq-cırıq olmuşdu. Koftasının qolu çiynindən üzülüb sallanmışdı. Ağ bədənində qara zolaqlar görünürdü. Pırpızlanmış saçına və hörüklərinin ucuna pıtırğan yapışmışdı. Gözünün altı göyərmişdi. Sinəsi açıq idi. Donunun ətəyi şehə batmışdı. Qolları və cırıq paltarından görünən dizləri al qana boyanmışdı. Ayaq üstə güclə dayanırdı. Şahnigar ağlamamaq üçün dodağını çeynəsə də olmur, yaş sel kimi axıb yanaqlarından süzülürdü.
Cahandar ağa bacısının məzəmmət və yalvarışla dolu gözlərindəki məzlumluğu, imdad istəyən bir adamın iztirabını duyanda kövrəldi. Bir-iki dəfə udqunub, gözünün həlqələrini dolduran yaşı geri qaytardı. Hönkürtü ilə ağlayacağından qorxub, üzünü yana çevirdi. Şahnigarın dodağını çeynəyib səssizcə ağlaması, hıçqırığını boğub titrəməsi onun xəyalını uzaqlara apardı. Bacısının balacalığını gözünün qabağına gətirdi. Şahnigar uşaq vaxtı da təqsiri olanda beləcə səssizcə ağlayırdı. Arvadın görkəmi onu sarsıtdı. Bir anlığa hər şeyi unutdu. Uşaqlıqda olduğu kimi qanadlanıb boynunu qucaqlamağa hazırlaşan və balaca bir işarə gözləyən bacısını bağrına basmaq istədi. Hər şey tükdən asılı idi. Bunu hiss edən Şahnigar bir-iki addım irəli gəldi. Amma Cahandar ağa cəld geri döndü. Onun qanı sağılmış gözləri bacısının üzünə zilləndi. İri qıllı qaşları birləşib aşağı endi:
– Əl-üzünü yu!
Şahnigarın qolları yanına düşdü. Qıllı qaşlar altında mağaraya çəkilmiş yaralı və qəzəbli pələng kimi ona baxan gözlərin zəhmindən sarsıldı. Bir an bundan əvvəl ona təsəlli verən, həlqəsi yaşla dolub-boşalan nəmli gözlər əvəzinə, qardaşının qan çanağına dönmüş bəbəklərini görəndə bütün ümidləri alt-üst oldu. Ürkək addımlarla suya yaxınlaşdı. Səksəkəli də olsa sahildə dayanıb, kolların arasından boylanan günəşə, alışıb-yanan Kürə baxdı, Meşə çıraqban kimi parıldayırdı. Ala-bəzək qızlarquşu dəstə ilə havaya qalxıb adaların üstü ilə uçur, bəzən də çiləkənlərin ətrafında fırlanırdı. Onların səsi şırıldayıb, axan suların zümzüməsinə qarışmışdı. Şahnigar cələni ortadan yarıb otları yalaya-yalaya axan suyun kənarında çömbəltmə oturdu. Əlini şıltaq ləpələrə uzatdı. Bir xeyli beləcə dayanıb nə edəcəyini bilmədi. Doğrudanmı üzünü yusun? Bu uzun yolu bircə kəlmə də danışmayan qardaşı nə üçün ona bele bir əmr vermişdi? Bu nə demək idi? Şahnigarın gözü dalda idi. Sümüyü çaxnaşan arvadın kürəyi gizildəyirdi. O ehtiyatla, qardaşına sezdirmədən geri baxdı. Cahandar ağanın qutu çıxardıb papiros eşdiyini görəndə ürəyi rahatlandı. Əlini suya saldı. Barmaqlarının arasına və qoluna dolan sarı tikanların yeri göynədisə də, bədəninə sərinlik yayıldı. Elə bil dizlərinin ağrısı da azaldı. Şahnigar yüngülləşən kimi oldu. "Bacın ölsün, ay qardaş, sənciyəzi əldən saldım", - deyə ürəyindən keçirdi.
Meşə oyanmışdı. Bayaqkı bülbül yenə şaqqıldayırdı. Ayağı çidarlı Qəmər isə fınxıra-fınxıra göy otu xımırtladırdı. Tüstünü ciyərlərinə çəkib acgözlüklə papiros sümürən Cahandar ağanın gözləri əl-üzünü yuyan bacısından başqa heç nə görmürdü. Hər şey dumana bürünmüş kimi bir-birinə qarışmışdı. "Bəlkə elə indi... heç özünün də xəbəri olmadan..." – deyə düşünən Cahandar ağa tüfəngi hərlədi.
Lap yaxından bir quş qalxdı. Günəşin zərrələri altında sinəsi və kiçik qanadları parıldayan quşcığaz havalanmış kimi süzüb bir-iki dəfə mayallaq vurdu. Şahnigar ixtiyarsız olaraq əlini gözünün üstünə qoyub ayağa qalxdı: mavi ənginliklərə doğru baş alıb gedən quşu gözdən itirməməyə çalışdı. Birdən hardansa peyda olan ley onun üstünə cumdu. Yazıq quş tərpənə bilmədi. Havada lələklər oynadı. Şahnigar ağzını açıb qışqırmaq istədi. Ancaq nəfəsini çəkə bilmədi. Meşə uğuldayıb saqqıldadı. Kürəyinın arası od tutub yandı. Nə üçün gözündən tüstü çıxdığını başı gicəllənib səldirlədiyini bilmədi. Yıxılmamaq üçün suyun kənarındakı balaca yulğun kolundan yapışdı. Qanrılıb geri, qardaşına baxdı. Bir an, yalnız bircə an onların gözləri bir-birinə sancıldı. Şahnigarın sifətində gülüşdən çox məzəmməti andıran bir təbəssüm oynadı. Gözlər süzüldü. "Qurban olum, ay qağa, məni niyə..." Cahandar ağa bu sözləri güclə eşitdi. Şahnigarın təngildəyib fırlandığını və kökündən kəsilmiş ağac kimi göy otların üzərinə sərildiyini görmədi. Onun gözləri torlanmışdı. Yaş bəbəklərini qapamışdı. Bacısının son anda üzünə zillənmiş lal baxışı - durğun göl kimi sakit dayanan iri qumral gözləri, sifətindəki məzəmmət dolu təbəssüm beynində əbədi həkk olunmuşdu. Onun dodaqları titrəyə-titrəyə dediyi son sözlərdən başqa qulağı heç nə eşitmirdi. Cahandar ağa bir-iki addım qabağa gəlib, yerə sərilmiş Şahnigarın yanında dayandı. Bəbəklərini torlandıran yaş yanaqları aşağı süzüldü. Elə bil onun gözünün qabağından tor götürüldü: hər şey aydınlaşdı. Bacısı şehli otların arasında arxası üstə uzanmışdı. Yaxası açıq idi. Sinəsinin ortasından axan qan buğlanırdı. Dodağı azca aralanmışdı. Nazik qaşlarının ucu aşağı əyilmişdi. Elə bil burun pərələri titrəyirdi. Cahandar ağa ilk dəfə görürmüş kimi bacısını diqqətlə süzdü. Onun xəyalı allandı. Ona elə gəldi ki, qarşısındakı Şahnigar yox, anasıdır. Qız nə qədər də ona oxşayırmış! Kişi diz çökdü. Bacısının geniş açılmış bəbəklərində əyilib ovunu parçalamaq istəyən heybətli bir sifət gördü. Qıllı papaqlı, qıllı qaşlı, iri həbəşi dodaqlı bir adam onun özünə də yad gəldi. Birdən-birə hələ istisi soyumamış cəsədin üstünə sərilib hönkürdü.
Quşlar yenə oxuyurdular. Bayaqkı bülbül daha bərkdən cikkildəyirdi. Ağacların yarpaqları arasından süzülüb düşən səhər günəşinin maili şüalarında çimən sular heç nə olmamış kimi şırıltı ilə axıb gedirdi. Üfüq qan rənginə boyanmışdı. Kürün suları da qızarmışdı. Hər şey öz ahəngində idi. Yalnız sahibinin ağzı üstə döşənib inildədiyini duyan kəhər ayağı ilə yeri eşir, haray salıb köməyə adam çağırırmış kimi bərkdən kişnəyirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-ikinci-hisse-9
Use ← → keys to move, R for a random poem
More by this author
Təpələrin ətəyindəki xır yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonçunun cidd-cəhdinə baxmayaraq, yerişlərinə haram qatmaq istəmirdilər. Havada şaqqıldayan qamçının səsini eşitdikdə azca hərəkətə gəlib daş yola səs salsalar da, qaçmır, beş-on addımdan sonra yenə də yerişlərini yavaşıdırdılar. Faytonçu da yorulmuşdu. Görünür, uzun və kimsəsiz yol onu da taqətdən salmışdı. Ancaq həvəsdən düşmür, necə olursa-olsun axşama Tiflisə çatmaq istəyirdi.Faytonda oturan müsafir isə heç nəyə fikir vermədən sakitcə ətrafı seyr edirdi. O, ayağını-ayağının üstünə aşıraraq, yanpörtü əyləşmişdi. Xırdaca gözlərini qıyıb boz təpələrə, lap uzaqdan güclə görünən Kürün sahilinə səpələnmiş kənd evlərinə, düzənliyə dağılmış mal-qaraya tamaşa edirdi. Hava isti idi. Təpələrin ətəyindən qalxan boğanaq toz-torpağı göyə sovurub, yay kimi burula-burula yuxarı qalxdı və yolun ortasında xeyli dayandıqdan sonra üzü aşağı, Kürə doğru süründü.
İkinci hissə, 3Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü. "Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə çiyinlərini çəkdi. Qapı bir də döyüldü. Əhməd şüşəsi hislənmiş lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. Hər ehtimala qarşı qoşalüləsini götürüb, qapıya yaxınlaşdı. Səsini çıxarmadan bir xeyli dayandı. Həyətdən at fınxırtısı və xısın-xısın danışan kişi səsi gəlirdi. Əhməd ehtiyatlandı. Onun bu kənddə düşməni olmasa da, gecələr qapını möhkəm bağlayır, pəncərə taxtalarını da qapayırdı.– Ay ev yiyəsi.
İkinci hissə, 4Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmən pusquda dayanıb, qapını gözlədiyini yaxşi bildiyindən, tüfəngi götürüb pəncərədən bayıra atıldı. Həyətə çıxmayıb, birbaş evin dal tərəfinə hərləndi. Çəpərin dibinə sinəsinə kölgə kimi sürünüb, talvarın altına gəldi. Dirəyə daldalanıb, itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Yaşıla çalan barıt alovu parıldayıb söndü. Cahandar ağa tətiyi bir də çəkib işıq gələn səmtə atəş atdı. Çaxmağı hərləyib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. Kişi "ayə, qoymayın!" - deyə qıy çəkdi. Nökərlər əllərinə nə keçdisə götürüb darvazadan çıxdılar. Tapdıq tövlədəki atlardan birini yallayıb belinə qalxdı və siyirməxəncər sahilə doğru çapdı.İtlər qaraltını yaxaladılar. Onu əvvəlcə kəndin içinə doğru, sonra isə yanan tayalara tərəf qovdular. Cahandar ağa qaraltı alovun işığına çıxan kimi nişan almaq üçün barmağı tətikdə hazır dayandı. İtlər qaçanın qabağını kəsdilər. Cahandar ağa hiss etdi ki, at bürküb fınxırdı və birdən sıçrayıb üzüaşağı, Kürə doğru çapdı. İllər ondan əl çəkmədilər. Kişi yenə bir-iki güllə atdı. Nökərlərin qaçan adamı qamarlamağa çalışdıqlarını bilib gözlədi. O hiss etdi ki, Tapdıq itlərin geri qaytardığı adamın qabağını kəsmək fikrindədir.
İkinci hissə, 5Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.
Poems by other poets
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
GəlmədiEy ağalar, könlüm çapdı əylənməz,Sultanım, sərdarım, ağam gəlmədi.
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Ey nəşi qalan yerdə, keçən başı eidayəEy nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.