Üçüncü hissə, 12
Page 2 of 2 · 50%
– Acığın tutmasın, Şamxal, heç adam da atasını tək qoyarmı?
– Bə ata da mən boyda kişinin anasının üstünə arvad alarmı? Təzə arvadın gözünün qabağında oğlunu təpiyin altına salarmı?
Şamxalın səsi qəzəbdən xırıldadı. Hulqumu bir neçə dəfə qalxıb-endi. Əşrəf onun da atası kimi gicgahlarındakı xırdaca damarların vurduğunu gördü:
– Bəs fikrin nədir'? Onu biryolluq atalıqdan çıxartdın?
– Yox. O mənim atamdır. Onun namusu mənim namusumdur. Onun ayağına daş dəyəndə ürəyimin başı göynəyir, eşitdinmi, bir adam onun itinə daş atanda hirsimdən ürəyim partlayır, başa düşürsənmi, mən buna dözə bilmirəm.
Şamxal lap qəhərləndi. Üzünü yana çevirdi. Gözünün yaşardığını qardaşına sezdirmək istəmədi. Əşrəf özü də doluxsundu:
– Yaxşı, indi nə eləyək deyirsən?
– Nə eləyəcəksən, kişi ol. Atamın namusu bizim namusumuzdur.
Onun düşməni bizim də düşmənimizdir.
Susdular. Əşrəf qardaşının nəyə işarə etdiyini başa düşdü. O çox gözəl bilirdi ki, Cahandar ağa Molla Sadıqla barışmayacaq. Onu da hiss edirdi ki, Pakizənin tez-tez yolunun üstünə çıxması qohumlarının xoşuna gəlmir. Əslində Əşrəf özü də bütün bunların nə demək olduğunu özünə aydınlaşdıra bilmirdi.
– Demək, geri qayıtmaq istəmirsən?
– Yox.
– Niyə?
– Çünki sən varsan.
– Mən oxumağa gedəcəyəm.
– Getmə.
– Bu mümkün deyil.
– Niyə? – Şamxal ayaq saxladı. Sınayıcı nəzərlə qardaşına baxdı
Onun dediklərinin nə qədər ciddi olub-olmadığını bilmək istədi.
– Dədə-babamız oxumayıb, acından ölmüşük?
– Sən yenə dədə-baba qaydası ilə yaşamaq istəyirsən?
– Yoxsa oxumaqdan təzə qayda-qanun gətirmisən?
– Eh, Şamxal, – Əşrəf köksünü ötürdü. Elə dərd burasındadır ki, nə elədiyini özün də bilmirsən. Bir yandan köhnə qaydaları müdafiə eləyirsən, bir yandan da ona tabe olmaq istəmirsən.
– Kim deyir onu?
– Mən. Atam dədə-baba qaydası ilə ikinci dəfə arvad alıb, bə sən niyə buna dözmürsən, hə?
– Bu ayrı şeydir. Sən hər şeyi bir-birinə qatma.
– Görürsənmi, məsələ özümüzə gələndə, sənə toxunan bir şey olanda dözmürsən, bu ayrı şeydir deyirsən, amma başqasının tüstüsünü təpəsindən çıxardırsan, vecinə də gəlmir.
– Mən kimə nə eləmişəm?
– Qoca kişinin qızını gətirmisən, amma atası ilə barışmırsan qardaşı Çərkəzi özünə düşmən eləmisən. Güləsəri də evdə dustaq kimi saxlayırsan. Bəs onlar insan deyil? Onlar bir-birini görmək istəmir?
Başqasının ürəyinə çalın-çarpaz dağ çəkə bilirsən, özünə isə bir balaca toxunanda göynəyirsən. Bu insafdırmı?
– Mən Güləsərə nə pislik eləmişəm? Bir qarın çörək də tapmırdı, indi əyni də doyub, qarnı da.
– Məsələ çörəkdə deyil, gərək insanın ruhi aləmi də tox olsun.
Şamxal ürəyində qardaşına azacıq haqq versə də, onun dediklərini tam qəbul edə bilmirdi. Bir də, Əşrəfin Qoca kişini də, Çərkəzi də özünə tay etməsi onun xoşuna gəlmirdi. Belə getsə, Əşrəf hər iti-qurdu gətirib Cahandar ağanın süfrəsinə çıxardıb, yuxarı başda oturdardı.
– İndi nə eləyək deyirsən, qapımızda tayamızı yandırsınlar, naxırımızda maralımızı vursunlar, biz də oturub baxaq?
– Kimdir taqsırkar?
– Necə yəni kimdir taqsırkar? Sən nə danışırsaıı? Hələ indiyə kimi bizim həndəvərə hərlənən olmayıb, bundan sonra da olmayacaq!
– Olacaq. Atam başqasının kəbinli arvadını gətirəndə bilmirdimi başı ağrıyacaq? Sənin başına belə iş gəlsə, dözərsənmi?
Şamxal dabanı üstə fırlanıb səsini ucaltdı:
– Biqeyrət-biqeyrət danışma, kəs səsini.
Susdular. Şamxal qaşqabağını sallayıb qabağa düşdü. "Bu gədə lap zayıllayıb, – deyə öz-özünə düşünməyə başladı. – Hər iti-qurdu gətirib bizə tay eləyir. Hamını bir gözlə görür. Mənim atami Qoca kişiyə tay tutur. Nə olsun ki, mən onun qızını almışam, atam hara, o hara'? Qızıl quşun öz yeri var, qarğanın başqa. At-atdır ki, seçəndə cinsini, əslini axtarırlar. Yox, oxumaq onun olan-qalan ağlını da aparıb. Necə yəni biz köhnə qaydalarla yaşaya bilmərik? Necə yəni bizim əsl düşmənimiz elə dədə-baba qaydalarıdır. O nə demək istəyir? Mənim atama sataşacaqlar, mən də durub baxacam? Gündə kəndə beş-on atlı tökülüb gələcək, divan-dərə adamları görünəcək deyin mən qorxacam? Yox. Mən axtardığımı tapım, onda baxarıq kimin anası ağlar qalacaq. Deyəsən, bu gədə zənnimi itirəcək. Lap xoşqeyrət olub. Eşitdiyimə görə, mollanın qızının tumanını iyləməyə hazırdır".
Dikdirə çatdılar. Burda ayrılmalı idilər. Şamxal öz dəyəsinə doğru addımlamaq istədi. Ancaq ayaq saxladı. Əşrəfin üzünə baxmadı. Zəhər tökülən qaşqabağını daha da turşaltdı:
– Bura bax, ağlını başına yığ, bir də belə sözlər danışma.
– Çalışaram, ancaq evdə papağını qabağına qoy, mən dediklərimi əməlli-başlı fikirləş.
– Mən fikirləşmişəm, sən fikirləş.
Əşrəf ona yenə nəsə demək istədi. Ancaq Salatının qaça-qaça onlara yaxınlaşdığını görüb susdu. Qız əvvəlcə dinmədi. Gözaltı Şamxala, sonra da Əşrəfə baxdı. Başa düşdü ki, qardaşları nədənsə hirslidirlər.
– Atam səni çağırır.
Şamxal tüfəngi çiyninə keçirdi. Bacısını tərs-tərs süzdü. Onun axır günlər gah atasının yanına, gah da anasının yanına gedib-gəlməsini xoşlamırdı. İndi onun Əşrəfin dalınca gəlməsi də Şamxalı hirsləndirdi.
– Nə çox o yan-bu yana qaçırsan?
– Neyləyim, atam göndərdi.
– Başqa adam yoxdur?
Qız dinmədi. Şamxal elə bil Əşrəfin də acığını Salatından almaq istəyirdi.
– Bir də səni buralarda görsəm, ətini şişə çəkəcəm.
O, hirsli-hirsli öz dəyəsinə getdi. Salatının dodaqları səyridi. Nə qədər çalışdısa, hıçqırığını boğa bilmədi. Birdən önlüyü ilə üzünü örtüb hönkürdü. Əşrəf onun boynunu qucaqladı.
– Ay dəli, niyə ağlayırsan, adama qardaşı acıqlanar.
– Axı mənim günahım nədir?
– Yaxşı, yaxşı, gözünü sil, ayıbdır, görən olar.
Salatın özünü güclə toxtatdı. Əşrəf təmiz dəsmal çıxardıb, onun göz yaşını sildi. Yenə boynunu qucaqladı.
– Yaxşı, gedək.
Yanaşı addımladılar. Salatın yanağına yapışmış saçını geri itələdi. Hələ yaşı qurumamış gözünü qardaşının üzünə zillədi:
– Bilirsən kim gəlib?
– Kim?
– Uçitel Əhməd.
Cahandar ağa döşəkcənin üstünə uzanıb mütəkkəyə dirsəklənmişdi. Əhməd isə onunla üzbəüz, döşəkcədə bardaş qurub oturmuşdu. Onların qabağında çay vardı.
Cahandar ağa oğlunu görən kimi stəkanı qabağına çəkdi. Əşrəfin üzünə belə baxmadan, astadan dilləndi:
– Sənə neçə dəfə tapşırmışam, bir yana gedəndə özünlə tüfəng götür.
– Nə olub ki, ata?
– O nə səs-küy idi, deyəsən, güllə atırdılar?
Əşrəf tutuldu. Onunla görüşmək üçün ayağa qalxmaq istəyən Əhməd də pərt oldu.
– Elə bir şey yox idi.
Kişi rahatlandı. Çayını götürüb hortuldatdı. Əhməd hiss etdi ki, Cahandar ağanın qəzəbi oğlundan ötəri narahat olan bir atanın hirslənməsindən başqa bir şey deyil.
– Qapının ağzında durma.
Əşrəf içəri keçdi. Əhmədlə görüşdü və onun yanında bardaş qurub sakitcə oturdu.
Bir xeyli heç kəs dinmədi. Cahandar ağa çay içə-içə gözünü alaçığın qapısından o tərəfə – üfüqdəki dağlara doğru zillədi. O öz məhəlləsində yad adamların olmasını istəyən kişilərdən deyildi. Ancaq qapısına gələnləri, ona pənah gətirənləri də geri qaytarmazdı. İndi o nə etsin? Əhməd xəbərsiz-ətərsiz kəndin yetim-yesirini də yığıb birbaş yaylağa gətirmişdi. Özü də furqonu onun məhəlləsinə sürdürmüşdü. Əgər o bir adama arxalanmasa, belə etməzdi. Görəsən Əşrəf nə düşünür?
Kişi gözaltı oğluna baxdı. Bəlkə elə belə yaxşıdır? Bəlkə bundan sonra təkbaşına dağ-daşı gəzməyib, Əhmədlə bərabər dəyələrin birində oturacaq? Beş-altı gündən sonra arana, peşqurda gedəcəm, onda Əşrəfin yanında bir kişinin olması pisdirmi?
Sükut uzun çəkdi. Əhməd çayıni içib ayağa durdu:
– Sağ olun, mən gedim. Uşaqları rahatlamaq lazımdır.
Əşrəf də ayağa durdu.
– Hara gedirsən?
– Görək harda yer tapırıq, uşaqlara dəyədən-zaddan tikək.
Onlar alaçıqdan çıxmaq istədilər. Ancaq Cahandar ağa onları saxladı.
– A bala, siz oturun, uşaqlar gedib furqonu gətirər.
– Cahandar əmi...
– Sözümə qulaq as. Mənim qapıma gələn adam geri qayıtmaz.
Cahandar ağa papirosunu sümürdü. Göyümsov tüstü alaçığın içinə yayılıb laylandı və sonra bulud qatları kimi sürünüb qapıdan bayıra çıxdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-ucuncu-hisse-12
Use ← → keys to move, R for a random poem
More by this author
Məktəbin həyətində bir dəstə atlı dayandı. Qabaqdakı kəhərin belində əyləşən kişi cilovu çəkdi, sonra qamçısını çərkəzi yəhərin üstündən aşırıb yanpörtü oturdu. Onun uzunboğaz çəkməsi azca palçığa bulaşmışdi. Əynində qalife şalvar və yarımkürk var idi. Geyimindən hərbi adama oxşayırdı. O, əlini cibinə salıb qızıl papiros qutusunu çıxartdı, qapağını açıb iri cığalı kağızı götürdü. Saçaqlı sarı tütündən arasına doldurub papiros bükdü. Zoğal müştüyünə taxıb yandırdı. Tüstü-duman içində gözlərini qıyıb məktəbin ikinci mərtəbəsinə baxdı.Mürsəl eyvanda dayanmışdı. O elə bil həyətdəkiləri görmürdü. Kəndin üstündəki təpəliklərə, göy üzündə laylanmış ağ buludlara və üfüqlərin sonsuz ənginliklərinə baxırdı. Yəhərdə qılçasını qılçasının üstünə aşırıb papiros çəkən kişi xeyli onun boy-buxununa tamaşa etdi. Oğlan şıvırtı kimi nazik, ucaboylu idi. Yenicə qoyduğu və qalınlaşan bığı sifətinə yaraşırdı.
IV fəsil, 5Bu il havalar tez istiləşmişdi. Təpələrdəki qar örtükləri götürülmüş, yer-göy birdən-birə yaşıllaşmışdı. Çəpərlərin diblərində balaca mavi çiçəklər pıtrax kimi qalxmışdı. Vaxtından tez oyanan qara xallı qırmızı böcəklər onların arasında gəzişirdi. Təbiətin belə tez ayılmasından Mürsəl sevinirdi. O bu il məktəbdə əməlli-başlı may bayramı keçirməyi qərara almışdı. Qırmızı, yaşıl, sarı və göy rəngli kağızlar tapmışdı. Uşaqları başına yığıb həmin kağızları bərabər ölçüdə kəsərək yapışqanla birləşdirir və sonra zəncirvarı həlqələri bir-birinə calayırdı. Bu bəzəkil, naxışlı və müxtəlif rəngli kağız zəncirlər sinif otaqlarından birinin küncünə yığılırdı. Mürsəl müəllim bayrama bir neçə gün qalmış dükandan cürbəcür şəkillər aldı və məktəbin divarlarına yapışdırdı. Həyətdə iki uzun dirək basdırıb keçid düzəltdilər. Keçidin yuxarısına qırmızı parça örtdülər və cürbəcür şüarlar yazdılar. Lap ortada isə Leninin ipək parçadan toxunmuş şəklini vurdular. Şəklin ətrafı dairəvi idi. Bu dairənin içində inqilab edən, yeni traktor sürən, zindanların üstündə dəmir döyən adamların əksi var idi. Fabrik-zavodların bacalarından tüstü qalxırdı. Bir sözlə, dünya əməkçiləri rəbbəri əhatəyə almışdılar. Lap yuxarı başda isə "Cümlə-cahan füqareyi-kasibəsi, birləşiniz" sözləri yazılmışdı. Bayrama iki gün qalmış uşaqlar sərçə kimi civildəşə-civildəşə həyət-bacanı, sinif otaqlarını, eyvanları süpürüb təmizlədilər, pəncərə şüşələrini yuyub parıldatdılar. Oğlanlar kəndin kənarındakı dərəyə, İncə çayının sahilinə gedərək, saçaqlı söyüdlərin budaqlarından qırıb məktəbə gətirdilər. Eyvanların, otaqların dirəklərini yaşıllığa bürüdülər. Sonra rəngli kağızlardan düzəltdikləri zəncirləri saçaq-saçaq burub divarlardan, həyətdən keçidə qədər düzdülər. Məktəb hisi silinmiş çıraq kimi par-par parıldayırdı. Mürsəl sevincdən hər şeyi unutmuşdu. Başı bəzək-düzəyə o qədər qarışmışdı ki, kənd camaatından maraqlanıb onlara tamaşa etməyə gələnlərə fikir vermirdi. Fikir vermirdi ki, onların bəziləri pilləkənin qurtaracağında dayanıb Mürsəl müəllimin otağına baxır, onun yatdığı yeri gözdən keçirir və divara nə isə işarə qoyurdular.Mayın 1-i gəldi. Göyün üzü tər-təmiz, hava ilıq idi. Bu gün kənd lap tezdən oyanmışdı. Zümzümələr baharın ilıq havasına qovuşmuşdu. Mürsəl də tezdən oyanıb, qrammofonunu işə salmışdı. Gün xeyli qalxdı. Alabəzək parçalardan paltar geymiş qızlar-oğlanlar axışıb gəldilər. Mürsəl müəllim zurna səsi eşidəndə qulaqlarına inanmadı. Tez həyətə düşdü. Gördü ki, Hümmət də, Dursun da burdadır. Onlar zurnalarını kökləyir, dəfi günə tutub qurudurdular.
IV fəsil, 6Uçitel birdən-birə titrətməli adam kimi büzüşdü. Pencəyinin yaxasını dartıb düymələdi. Elə bil bir anın içində kişinin beli əyildi. Astaca addımlarla məscidə doğru getdi. Səhər tezdən olmasına baxmayaraq baş molla məscidin yuxarı tərəfində əyləşmişdi. Onun qaşları da, saqqalı da əmmaməsi kimi dümağ idi. Qabağında kitabə, üstündə də Qurani-Kərim var idi. O, Uçitelin gəldiyini hiss etsə də, qımıldanmadı, əvvəlki ciddiyyətilə, sakitcə Quranı oxumaqda davam etdi. Uçitel astanada ayaqqabısını soyunaraq onun mütaliəsinin qurtarmasını gözlədi. Hərçənd, bilirdi ki, molla Qurani-Kərimi oxumaqdan daha çox vərəqlərə baxır və özünü məşğul kimi göstərir. Ancaq gözləməli idi. Quran və namaz üstə olan adamı yarımçıq dindirməzdilər.Aradan xeyli keçdikdən sonra molla Quranı örtdü, əbasını düzəltdi, ağarmış qaşlarının altından boylanan və hələ diriliyini itirməyən gözlərini astaca qaldırıb Uçitelin üzünə zillədi.
V fəsil, 1Güllü xanım bu gün itləri zəncirdən tez açdırmışdı. Gəlinlər itlərin yalaxlarını yal ilə doldurmuşdu. İtlər əvvəlcə zəncirdən açılandan sonra evin ətrafında hərlənmiş, Kürün yaxası boyu qaçmış, sonra da yalaxların üstə cumaraq mırıldaşa-mırıldaşa yala hücum etmişdilər. Güllü xanım eyvanda dayanaraq onlara tamaşa edir, tüfəng çiynində həyətdə hərlənən oğlu Həsən ağanı gözaltı süzürdü. O hiss edirdi ki, Ömər koxa rəhmətə gedəndən sonra Həsən ağa heç kəsə açıb-ağartmasa da, çox narahatlıq keçirir. Tüfəngi əlindən yerə qoymur, atını da çox vaxt gecələr belə yəhər altında saxlayır. Arvad tikir vermişdi ki, oğlu gah samanlıqda gecələyir, gah tövlədə qalır, gah da otaqların birində mürgüləyir. O bir yerdə yatmır, tez-tez yerini dəyişdirir. İndi, bu gün də narahat idi, bir yerdə dayanmır: gah samanlığın, gah tövlənin belinə qalxır, gah da ot tayalarının yanında hərlənirdi. Güllü xanım kəndin yuxarı başındakı səs-küydən, itlərin çaxnaşmasından ehtiyatlanırdı. O bu gecə nəsə baş verəcəyindən qorxurdu.Ömər koxanın sağlığında hər şeyin sakit gəlib-keçəcəyini bilən Həsən ağa arxayın idi ki, bu ağsaqqalın sözündən heç kəs çıxa bilməz. O hamını başa salmışdı ki, Ələddinin ölümü bir bədbəxtliyin nəticəsidi və buna görə araya qan salmaq, təzə düşmənçilik törətmək lazım deyil. Hətta onun ayağına qəza mərkəzindən gulən və "Nə üçün şikayət eləmirsən'.'" - deyən hökumət adamlarını geri qaytarmış, "Ölən də, öldürən də öz uşağımızdır, burada heç bir qəsdi- qərəzlik yoxdur", - demişdi. Ondan sonra Həsən ağaya dəyib-dolaşan olmamışdı. Həsən ağa onu da başa düşürdü ki, Ömər koxanın oğlu Şamil və Çıraqlılar onunla barışsalar da, ürəklərində kin var idi. Atalarının sözündən çıxa bilməsələr də, içəridən qovrulub yanırdılar. Ona görə də, Həsən ağa gözə az-az dəyir, Şamilin, Qönçə xanımın gözünə az-az görünürdü. Amma axır vaxtlar onu bir-iki dəfə idarəyə çağırmışdılar. Hətta bir dəfə kənd şurasının milisioneri Keçəl Xondulu zarafata salıb demişdi ki, "Nə vaxta qədər belə səksəkəli dolanacaqsan? Əlindən xata çıxıb, get üç-dörd ay yat sonra gəl, rahat dolan".
Poems by other poets
Düşmüşəm seyd kimi damdə səyyad əlinə,Bivəfa, qaniçici kafirü cəllad əünə.
Gər səninçün qılmayam çak, ey büti-nazik bədənGər səninçün qılmayam çak, ey büti-nazik bədən.Gorum olsun bu qəba, əgnimdə pirahən-kəfən.
Zəhra üçünİləri qoş, illəri,Ey mənim gözəl qızım.
VücudnaməƏsli binadan vəsfimi söyləyim:Ata bətnindən gəlmişəm anaya.