Axtaran tapar...
Page 4 of 6 · 50%
– Xoşbəxt olasınız, balalarınızla birlikdə... Sizin palatanızdan sağ-salamat çıxan yoldaşlarım da həyatları ilə sizə borcludur...
Səhərdən bəri şəhərin küçələrini nə məqsədlə gəzdiyimi unudacağımdan qorxmuş kimi dərhal da sizin evinizi soruşdum. O mənim üzümə çox zənnlə baxdı, sanki, məndən gizlətmək istədiyi bir sirri ört-basdır üçün elə o dəqiqə də naz-qəmzə ilə gözlərini süzdürdü:
– Yəni inanım ki, bu vaxtacan Səmirə xanımın ünvanını bilmirsiniz? – deyə buna şübhə elədiyini söyləməyə hazırlaşırdı ki, görünür, mənim bu zarafatdan o qədər də xoşlanmadığımı duyub, sözünü dəyişdi:
– Əlbəttə, Kamran yoldaş, mən bu barədə yanıla bilərəm... Onların evində kimi görmək istəyirsiniz, qızlarını, yoxsa qayınanasını?
– Özünü! – dedim. – Necə məgər, olmaz?
Səidə xanım alnını qırışdırdı, qaşları sınmış quş qanadları kimi aşağı əyildi. Dodaqları titrədi:
– Elə isə doğrudan da adresini bilmirsiniz, – dedi. – Mən onun xəstəxanadan buraxılmağına bacardığım qədər mane oldum. Bilirdim ki, ordan çıxan kimi başına nə isə bir fəlakət gələcək. Özü günahkardır. Çox israr elədi, razılaşmaqdan başqa çarəm qalmadı. – O, kirpiklərini aşağı salıb, qüssəli baxışlarını məndən gizlətdi, amma səsindəki həyəcandan sənin taleyinə ürəkdən acıdığını duymaq o qədər də çətin deyildi.
– Bəs sürgünə göndərildiyindən hələ xəbəriniz yoxdur?
Sinəmdən sancı qalxdı. Ehtiyat üçün cibimdə gəzdirdiyim nitroqlitserini çıxardıb, bir tabletkasını dilimin altına qoydum. Səidə xanım dərhal biləyimdən yapışıb nəbzimi yoxladı:
– Belə hallarda o dəqiqə uzanın, sərt hərəkətlər eləməyin... – dedi.
– Yəqin səhərdən bəri çox gəzmisiniz. Bir az da məndə günah oldu... Hə, indi necədir, spazm kəsildi?
– Yox, hələ... Deməli sürgün olunub?
Soruşa bilərsən ki, bəs bu iki həftədə nə üçün səni xatırlamamışdım? Yox, xatırlamışdım, yəni əslinə baxsan, səni unutduğum bir saat belə olmamışdı, ancaq xəstəxanadan çıxan gün, rayonda, kiçik qardaşımın yanında qalan anamı görməyə getdiyimdən, sənin ünvanını axtara bilməzdim.
– Hə, ağrı kəsildi?
– Bəli, kəsildi.
– Bu cür qüssəli xəbərləri eşidəndə, heç olmasa bir neçə saat qulaqardına verin...
– Yox, Səidə xanım, – dedim. – Məni həyəcanlandıran odur ki, Səmirə xanımın bu əhvalatından çox gec xəbər tutmuşam, yəni ilk dəfə bunu sizdən eşidirəm. Evlərini görməmisiniz? – Mən indi ondan ayrılmaağa və necə olur-olsun elə o gün sizə baş çəkməyə tələsirdim.
Səidə xanım mənim qoluma girdi:
– Sizi tək buraxmaq istəmirəm, – dedi, – yaman həyəcanlandınız. Birdən işdir...gedək, göstərim. O qədər də uzaqda deyil...
Mən Səidə xanımın yanında sənin uşaqlarınla və qayınananla istədiyim kimi sərbəst danışa biləcəyimə şübhə eləyirdim, ona görə də hardasa, sizin evə yaxın bir yerdə üzr istəyib ondan ayrılmağa bəhanə uydurmağa çalışırdım, qəsdən ağır-ağır yeriyir və tez-tez ayaq saxlayıb, dərindən köksümü ötürürdüm. Həyətə, yaşadığınız zirzəminin pilləkəninə çatanda, Səidə xanım özü məndən üzr istədi:
– Evdə bir-iki gün uzanmağınız məsləhətdir, – deyib təlqinli baxışları ilə gözlərimin içinə baxdı və geriyə dönüb məndən uzaqlaşdı.
Mən səssizcə addımlarla zirzəmiyə enib qapını döydüm. İçəridən zəif və xəstə bir səs eşitdim:
– Buyurun!
Küçə tərəfdəki əl boyda pəncərədən düşən işıq otağın qapıya yaxın bir parçasını az-çox aydın görməyə imkan verirdi. Gözlərim qaranlığa alışsın deyə bir-iki dəqiqə qapı ağzında dayanıb gözləməyə məcbur oldum. Özün yaxşı bilirsən ki, mən ürəyinazik adamlardan deyiləm, amma bu rütubətli və qaranlıq evinizdə gördüyüm mənzərədən bərk sarsıldım. Hər iki qızın, bir də Bədirnisa xala cərgə ilə yerdə uzanıb yatırdılar. Məni tanımadıqlarına görə, baxışlarında həm təəccüb, həm də qorxu ifadəsi vardı. Mənim yerimdə kim olsaydı, onların hər an xof içində nə isə daha yeni, daha böyük bir fəlakət gözlədiklərini duya bilərdi. Mən onların bu qüssəli halına ürəkdən şərik olduğumu və acıdığımı bildirmək üçün, bacardığım qədər mehriban görünməyə çalışdım.
– Xoş gördük, Bədirnisa xala... Salam, qızlar. Olmasın azar... – dedim.
Bədirnisa xala kəsik-kəsik nəfəs alaraq, mənim gəlişimdən sevindiyini və ya kədərləndiyini bildirmədən, son dərəcə biganə bir tərzdə cavab verdi:
– Hər şey allahın əlindədir, oğul, neyliyəsən? Olacağa çarə yoxdur...
– Yorğandan qırağa sallanmış arıq, damarlı əli ilə qızları göstərdi. – Mən heç... Bunların dərdi məni diri gözlü öldürüb... Kiçik qız ayaq üstündə olanda, qohumlara xəbər göndərirdik. Tərs kimi o da bu gün yıxıldı...
Mən evə göz gəzdirdim, dava-dərman adına heç nə görmədim:
– Bu saat, – deyib eşiyə atıldım, vaxtı ilə müharibədən əvvəl dişimi çəkdirməyə gəldiyim rayon poliklinikasına tərəf yönəldim. Baş həkimin qapısı ağzında uzun bir növbə vardı. Zabit libasında olduğum üçün növbə gözləyənlər mənə o dəqiqə yol açdılar. Qapını bircə dəfə vurub, cavab almadan içəri girdim. İlk dəfə burda gördüyüm qadın həkimə ucadan salam verdim:
– Üzr istəyirəm, bacı, bu yaxında bütün bir ailə çox ağır vəziyyətdədir, əgər mümkünsə onlara təcili yardım göstərin.
Pərdə arxasından paltarını geyinən və təşəkkür eləyib çıxan xəstəni müayinədən keçirəndən sonra əllərini yuyan həkimin məni növbədənkənar içəri girməkdə təqsirləndirəcəyini gözlədiyim halda, tamam başqa bir cavab eşitdim:
– Yoldaş Kamran, necəsiniz? Məni tanımadınız?
Mən donub qaldım. “Bu qadın kimdir? Necə olub ki, o məni tanıyır, ancaq mən onu tanımıram?..” deyə, özüm-özümə danlamağa hazırlaşırdım ki, o, iri və yumru gözləri ilə gülüb dəsmalla əllərini qurulaya-qurulaya dedi:
– Təəccüb eləməyin, siz məni tanımırsınız, amma mən sizi tanıyıram. Tibb institutunu sizin arvadınız Lətafət xanımla bir ildə qurtarmışıq...
Bu adı eşidəndə elə bil ürəyimin üstündən ağır bir dürtmə vuruldu. Mən qeyri-ixtiyari dalı-dalı çəkilib, divara söykəndim. Sir-sifətimdə necə dəyişiklik əmələ gəldisə, həkim onun sözlərindən sevinmək əvəzinə pərt olduğumu dərhal başa düşüb, yoğun qaşlarını çatdı, tezcə də irəliləyib, mənimlə nəfəs-nəfəs dayandı:
– Sizə nə oldu, yoldaş Kamran?
Mən bir daha bu otaqdan sağ çıxa biləcəyimə ümid eləməyib, tez-tələsik xahişimi ona deyib qurtardım:
– Bax, onların evi burdan da görünür. Baxın. O beşmərtəbəli binanın zirzəmisində olurlar. Familiyaları Aydındır.
– Sakit olun, gəlin, divanda uzanın, – deyə həkim qadın qolumdan tutub, pərdə arxasındakı divana tərəf çəkdi və içəri girən tibb bacısına əmr verdi. – Kofein iynəsi!
Mən uzanmadım:
– Zəhmət çəkirsiniz, – dedim, – keçib gedər. Son zamanlarda bu ağrılara öyrəşmişəm. Daha ürəyim mənə qulluq eləməkdən boyun qaçırır, bu qədər əzaba dözməyib üsyan qaldırır...
– Cəbhədə xəstələnmisiniz? – Həkim özünü mənə daha məhrəm göstərmək üçün, kitelimin düymələrini açdı. – Uzanın, uzanın, – deyə əlindəki iynəni havaya qaldırıb yoxlayan tibb bacısına döndü. – Mən daha heç kimi qəbul eləmirəm... – O, yenə mənə üz tutdu: – Deməli, cəbhədə xəstələnmisiniz, hə?
– Yox, burda, – dedim. – Əgər Lətafət xanımı yaxşı tanıyırsınızsa, bu xəstəliyin də səbəbini bilməmiş olmazsınız... Mən heç... O xəstə ailəyə kömək eləyin...
Tibb bacısı sağ qoluma iynə vurdu:
– Hər halda uzansanız yaxşıdır, – dedi. – Onsuz da tamam özünüzü yaxşı hiss eləməmiş sizi buraxan deyilik.
Həkim qadın mənim xəstə uşaqlar sarıdan çox həyəcanlandığımı görüb, xalatını çıxartdı, tonometrini və fonendaskopunu qoltuğuna vurub dedi:
– Arxayın olun, yoldaş Kamran, gedirəm... Sözünüzdən belə çıxdı ki, xəstəliyinizə bais Lətafət xanımdır, hə?
– Yanılmamısınız, ancaq, görünür, siz öz tələbə yoldaşınızla çoxdan əlaqəni kəsmisiniz. Yoxsa bu barədə heç sual da verməzdiniz...
– Doğru buyurursunuz, yoldaş Kamran, beş-altı ildir mən ona rast gəlməmişəm. Kefi-əhvalı necədir?
Bu xüsusda dediyi hər bir sözlə mənim ağrılarımı necə artırdığını duymayan həkim qadına, özüm də fərqinə varmadan, sərt cavab verməyə məcbur oldum:
– Onun pisliyindən başqa heç nə deyə bilmərəm.
İynədən sonra bədənimin hər yerinə elə bil isti bir cərəyan yayıldı və sinəmin ağrısı kəsildi:
– Bağışlayın məni, doktor, adınızı da bilmirəm (o, “Esmeralda” deyə öz adının əzəmətindən qürur duyan bir tövrlə cavab verdi,) – deyə mən də onunla bərabər sizə getməyə hazırlaşdım, – bu yaxşılığınızı heç bir vaxt unutmayacağam.
Həkim üzümə təəccüblə baxdı:
– Hansı yaxşılığımı, yoldaş Kamran? – Sizə iynə vurmağımı? Bunun üçün nə təşəkkür?
– Yox, o sahibsiz ailəyə köməyinizi nəzərdə tuturam. Siz bilmirsiniz, belə hallarda təsəlli üçün deyilən ən adi bir söz də insanın ömrünü uzada bilər. Daha mən özümü yaxşı hiss edirəm, doktor, gedək. Onların evini sizə göstərim...
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-axtaran-tapar
Use ← → keys to move, R for a random poem
More by this author
Kənd toyu qurtarırdı.Oğlan evindən gəlmiş dəliqanlılar geri qayıtmağa hazırlaşırdılar. Gəlinlər, qızlar, nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. Hamı əl-ayağa düşmüşdü. Arabanı rəngbərəng xalılarla bəzəyənlərin sevinci yerə-göyə sığmırdı. Onların hamısı bəzənmişdi. Bəziləri, ayaqyalın da olsalar, qanovuzdan don geyinmişdilər.
KonsertI**Balaca otaqda iki yoldaş oturmuşdu. Səbri piano çalırdı, Ədhəm isə papiros çəkə-çəkə onu dinləyirdi.
Çarpayıİsfəndiyar yuxudan oyanıb sakit-sakit ətrafına boylandı. Evdə ondan başqa heç kim yox idi. Qapı örtülü idi. Həyətə baxan balaca pəncərədən buludlu səmanın kiçik bir parçası görünürdü.– Ana, ay ana!..
Maral əfsanəsiƏhməd Cəmilə ithaf*Meşədə boğuq bir güllə səsi eşidildi. Sahil boyunda ağacların xırdaca budaqları titrəşdi. Saralıb solmuş yarpaqlar bir müddət havada qanad çalaraq, yerə səpələndi. Bu anda elə bil ağaclar arasında saysız-hesabsız kəpənəklər uçuşurdu. Sonra hər tərəfə qərib, əsrarəngiz bir sükut çökdü.