Page 4 of 11 · 27%

– Mən bilirəm, bu davalar hamısı qara qızıldan ötrüdür, – deyirdi. Hitler üstümüzə niyə dişini qıcamışdı? Trumenin ağzından da neft iyi gəlir...

Tahir birdən gil məhlulu cərəyanının kəsildiyini görüb, udquna-udquna, geniş açılmış gözlərilə Cəmilə baxdı.

– Bu nədir, niyə belə oldu? – deyə qeyri-ixtiyari soruşdu.

Cəmil də, əlinə girəvə düşdüyünə sevinmiş kimi, istehza ilə gülüb dedi:

– Əldəqayırma ustaların axırını həmişə belə gördüm. Korladın getdi. Tez ustaya xəbər ver!

Tahir yüyürüb ustanı çağırdı. Ramazanla Vasilyev quyuya yanaşanda hər bir şey onlara aydın oldu.

– Ramazan...

– Korlanıb... – deyə yan-yörəsinə göz gəzdirib nəyi isə axtardı, başını narazı halda bulaya-bulaya arxasına baxmadan mədəni budkaya doğru getdi.

Lətifə, qabağındakı balaca stolun üstünə sərdiyi qalın cildli bir kitabı (Jorj Sandın “Konsuela” romanını) oxuyurdu. O mütaliəyə necə dalmışdısa, qocanın gəlişini belə duymadı.

– Qızım, – deyə usta səslənərkən, Lətifə diksinib başını kitabdan qaldırdı və onun həyəcanlı olduğunu görüb səbəbini soruşdu. Usta tez qazıma idarəsinə zəng etdirdi. Ancaq orada yenə heç kəs tapılmadığından, Qüdrəti çağırmağı xahiş edib, balaca stolun qarşısındakı kürsüdə oturdu, iş köynəyinin biləyilə alnının tərini sildi.

Lətifə telefonun dəstəyini götürdü:

– Tamara, Tamara, tez İsmayılzadəni ver! Eşitmirsən? İsmayılzadəni deyirəm! Kabinetdə yoxdur? Kabinetindən öyrən görüm hara gedib? Lazımdır də... Evinə gedib? Nə əcəb ondan?

– Yoxdur? – deyə Ramazan əllərini dizinə çırpdı.

– Axı nə olub ki? Nə üçün ovqatınız təlxdir, usta? – deyə Lətifə də həyəcanlamağa başladı. – İşləri korlayıblar...

– Kim?

– Kim olacaq? Uşaqlar... Tahir, Cəmil... Gil zəhrimar axır gedir... Material lazımdır. Bədirliyə qalsa, bir həftə gözləməli olacağıq.

Lətifənin qaşqabağı bulud kimi qaraldı. Gözlərini yerə dikib ürəyində Tahiri danladı. “yenə fikri kənddədir” deyə xəyalından keçirdi. Birdən özünü yığışdırıb yenə dəstəyi götürdü.

– Evinə zəng edimmi usta? – deyə soruşdu.

– Yox, lazım deyil, qızım. Ayda-ildə bir namaz, onu da şeytan qoymaz. Qoy dincəlsin. Gör nə qədər yorulub ki, dayana bilməyib, gedib...

Lakin bu zaman İsmayılzadə Bədirli ilə bərabər cavan fəhlələrin ümumi yaşayış evini gəzirdi. Onlar duş otağına girəndə Qüdrət ölüzyuyana, duşa baxıb dayandı, gözünə sataşan paslı kəfkiri göstərərək:

– Bu nədir, – deyə Bədirliyə tərs-tərs baxanda, onun alt dodağı səyridi. – Neçə aydır buraya ayaq basmamısan? Kranlardan birini aç görüm.

Trest müdirinin belə işlərə qarışması Bədirliyə qəribə və təəccüblü göründü. O, çiyinlərini çəkdi:

– Yoldaş İsmayılzadə, – dedi, – sabahdan özüm hər şeyi yoxlaram, lazım olan tədbirləri görərəm, deyəsən buranın komendantı heç nəyə fikir vermir, siz nə üçün belə xırda işlərlə özünüzü yorursunuz?

– Nə? Xırda? – deyə Qüdrət az qala bağırdı. – Fəhlənin sağlamlığı nə vaxtdan bəri xırda iş olub? Görünür ki, sən hələ Mantaşevin, ya da Hacı Zeynalabdın Tağıyevin qanunları ilə yaşayırsan. Bir bax, bir bax! Kranı aç görüm!

Bədirli yenə dilinin bəlasına düşəcəyindən qorxub dinmədi, kranlardan birini açdı. Su, kəfkirin yekə bir deşiyindən fışqıraraq töküldü.

– Bu duşdur, yoxsa fantan? – deyə Qüdrət dişlərini qıcadı. – Lap bu gecə təmir elətdir, qurtaran kimi mənə telefonla xəbər ver. Aydın oldu, yoxsa bir də izah edim?

Bədirli müti bir tərzdə başını tərpətdi:

– Bəli, aydındır.

İsmayılzadə, Tahirlə Cəmilin yatdığı otağa girdi. Burada Səməndərdən başqa heç kəs yox idi. O, dalı üstündə uzanıb Tahirin adına gələn qəzeti oxuyurdu. O yenə də qəzetə, kitaba pul vermirdi. Ancaq “Qurbanəli bəy”i oxuyub məzmununu Cəmilə danışmışdı.

– Yaman xoşuma gəldi, balam, – demişdi, – Molla Nəsrəddin nə məzəli kişi imiş... Bu gündən sonra nəyini tapsam oxuyacağam.

Doğrudan da o, kitabxanaya gedib üzv yazılmış gözaltı elədiyi Zivəri orada görəndən sonra daha da həvəslənib, hər gün, kitab almaq bəhanəsilə, kitabxanaya yol açmışdı. İndi o, Cəmillə ayrı-ayrı hekayələr barədə mübahisəyə belə girişirdi. Cəmil ona artıq “Qarın” deməkdən çəkinir, bəzən çox ciddi və ağıla batan fikirlər söylədiyini görüb, onun fitri istedadına təəccüb edirdi. Səməndər, oxuduğu hekayələrə dair özünün dediyi bəzi fikirlərə qəzet səhifələrindəki məqalələrdə də rast gələndə, altından xətt çəkib Cəmilə göstərir:

– Gördün, mən deyəni yazır? Məsələ çox oxumaqda deyil, balam, yaxşı başa düşməkdədir, – deyirdi.

Əvvəllər Cəmilə elə gəlirdi ki, Səməndər haradansa bu fikri eşitmiş, yalnız başqa adamların rəyini təkrar edir, ancaq sonralar gördü ki, onun mühakimələrində özünə məxsus möhkəm bir məntiq var. Xüsusən o, Cəmilin yaxşı diqqət yetirmədiyi nöqtələrə dair fikir yürüdəndə:

– Bax, bunu düz deyirsən, yaxşı tapmısan! – deyə Səməndəri tərifləməyə məcbur olurdu.

Səməndər son günlərdə “Kommunist” qəzetini əlindən yerə qoymurdu...

– Salam! – deyə Qüdrət İsmayılzadə Səməndərə baxanda, o, qəzetdən başını qaldırdı. Təəccüb ifadəsilə parıldayan qıyıq gözlərini Qüdrətə zillədi.

Səməndər İsmayılzadəni tanımırdı. Amma Bədirlinin arxadan gəldiyini və Qüdrətin yanında əzilib-büzüldüyünü görəndə, tez ayağa durdu.

– Buyurun! – dedi.

İsmayılzadə nazik yun yorğanları qaldırıb bir-bir döşəkağılarına baxdı:

– Hə, bunlar təmizdir, – deyə pəncərəyə yanaşdı və pərakəndə halda tökülmüş kitabları görüb yenə Bədirliyə tərəf döndü:

– Sən evində kitabları pəncərəyə yığırsan? Bəlkə heç yerli-dibli kitabın yoxdur, hə?

Bədirli Qüdrətin əsəbinə toxunan yaltaq bir təbəssümlə güldü:

– Var, yoldaş İsmayılzadə... Niyə yoxdur?

– Elə isə hər otaq üçün bir etajerka aldırarsan. Aydın oldu, yoxsa bir də izah edim?

– Bəli, aydındır.

Sonra Qüdrət Səməndərin qabağında dayandı:

– Hansı mədəndə işləyirsən qoçaq? – deyə soruşdu.

– Mən o biri trestdənəm.

– Burada səndən başqa kim olur?

– Cəmil, Biləndər, Tahir...

Tahirin adını eşidəndə, Qüdrət pəncərənin yanındakı kitablara bir də baxdı:

– Bu kitablar kimindir? – deyə soruşdu.

– Bunlar Cəmilindir, bunlar da Tahirin...

İsmayılzadə Tahirin kitabları arasında yeddi-səkkiz şer məcmuəsi, bir roman (“Dumanlı Təbriz”), bir də rus dili dərsliyi görüb dəftərçəsini çıxartdı. Ora nə isə qeyd edib qapıya yanaşdı, Səməndərlə xudahafizləşib çıxdı. Onu addım-addım təqib edən Bədirli də qoltuğundakı zorba portfeli açdı, kağız-qələm çıxarıb, dizinin üstündə İsmayılzadənin dediklərini yazdı.

Onlar küçədə dayanmış maşına minib dəniz sahilinə yola düşdülər.

– Bilirsənmi, yoldaş Bədirli, – deyə Qüdrət onun üzünə bir dəfə də olsun baxmayıb, ürəyində qövr edən bir sözü açıb söylədi: – Bəzi adamlar naçalniklərinə yaltaqlanmaqla, öz işlərindəki qüsurları örtüb-basdırmaq istəyirlər. Çünki onlar iş üçün yox, özləri üçün can yandırırlar.

– Mənim də belə adamlardan zəhləm gedir! – deyə Bədirli yenə yaltaq təbəssümlə irişdi və onun alt çənəsindəki mırıq dişləri göründü.

İsmayılzadə ilə Bədirli maşından düşüb sahilə enəndə, fəhlələr təzəcə gətirilmiş taxta-şalbanları gəmiyə doldururdular. İş yerini projektora bənzəyən iri bir fənər işıqlandırırdı.

Dənizin ləpələri sahili döyəcləməkdən yorulmuş kimi, yavaşcadan gəminin yanlarına toxunub, ağır-ağır da geri qayıdırdı.

Bədirli, hələ dünən buruqlara yollamalı olduğu taxta-şalbanların yenə burada qaldığını görəndə Qüdrətdən bir də ağır söz eşidəcəyini bildiyi üçün, onu qabaqlamaq istədi:

– Hamı işə can yandırsa, vallah, dağı-dağ üstünə qoyarıq. Azərneftin süründürməçiləri mənim canımı boğazıma yığıblar. Belə də müsibət olar? – O, əl-qolunu ölçdüsə də, Qüdrət onun bu bəhanəni yalnız indicə uydurduğunu hiss edib, sərt bir əl hərəkətilə havanı yararaq, Bədirlinin sözünü kəsdi:

– Yaxşı, yaxşı, – dedi, – niyə bunu əvvəldən mənə xəbər verməmisən?

– Axı trest müdirinin taxta-şalbana nə dəxli? Belə xırda şeylər...

– Canım, bu xırda sözünü əzbərləmisən, nədir? – Qüdrət, bayaqdan bəri gah süni bir təbəssümlə gülüb ona xoş gəlmək istəyən, gah da aşağı əyilib müti bir qul kimi hər sözə “bəli, bəli” cavabını verən bu adamın adi və təbii hərəkətlərindən də qəzəblənməyə başladı. – Xırda iş yox, xırda adamlar var. Anladın, yoxsa bir də izah edim?

– Bəli, bəli, anladım! – Bədirli yenə eyni təbəssümlə gülüb, boynunu yana sarı əydi.

Qüdrət artıq dözmədi.

– Mənə adam kimi cavab ver, yoldaş Bədirli! Elə güman eləmə ki, mən bu hərəkətlərini xoşlayıram. Mənim əlimdən yaltaqlıqla can qurtarmaq istəyirsənsə, zəhmətin əbəsdir! – deyə o, taxta-şalbanları gəmiyə daşıyan fəhlələrə yanaşıb salam verdi.

Fəhlələr arasında İsmayılzadəni köhnədən tanıyanlar belə, onun salamını sadəcə bir hörmətlə alıb yenə uzaqlaşdılar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü fəsil

1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:

1 h
Altıncı fəsil

1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.

34 min
Yeddinci fəsil

1**Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?

56 min
Səkkizinci fəsil

1**Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.

1 h 15 min

Poems by other poets