Page 11 of 11 · 91%

– Elədir, elədir, – deyə qoca daha da tələsməyə başladı.

– Çilingər lazım olanda, xarrat lazım olanda da bu cür gözləyirik. Əgər sabah boran qopsa, dörd saat yox, dörd gün, beş gün gözləyəcəyik. Mən görürəm, qızıl kimi saatlar boş keçir, bundan həm hökumətə ziyan dəyir, həm də bizə.

Ramazanın gözləri sevinclə parıldadı.

– Biz nə üçün bu qədər gözləyək, usta?

– Bəs neyləyək?

– Bu işləri özümüz görə bilmərik? – deyə Tahir soruşdu, ancaq o bu sözləri sualdan çox, qəti bir hökm tərzində söylədi.

– Axı hərənin bir sənəti var. Nə sən, nə Cəmil, nə də Qrişa montyorluq bacarmır.

– Doğrudur, nə onlar bacarır, nə də mən. Ancaq öyrənə bilərik, ya yox?

– Əlbəttə, əlbəttə!

– Buruğa kənardan adam çağırıb əlimiz qoynumuzda gözləməkdənsə, hərəmiz bir sənət öyrənsək, lazım olanda da bu işləri özümüz görsək olmaz?

Ramazan sevinirdi. Ona xoş gələn, Tahirin bu təklifindən ümumi işə dəyəcək böyük xeyir deyildi, onu ən çox sevindirən, belə xeyirli təklifi lap əvvəldən, ilk görüşdən doğru tanıya bildiyi Tahir kimi bir şagirdindən eşitməyi idi.

– Bundan hökumətə xeyir gələcək, ziyan? – deyə Tahir izah etməyə başladı: – Əlbəttə xeyir... Ona görə ki, iki adam əvəzinə bir adam işləyəcək, deməli, iki maaş əvəzinə bir maaş veriləcək. Bundan başqa, o qədər boş saat havayı getməyəcək.

Usta Ramazan onun sözünü kəsdi:

– Yaxşı, bəs bu sənəti harada, kimdən öyrənəcəksiniz?

– Kimdən? Onu da fikirləşmişəm, usta. Klubda dərnək düzəldərik.

Ramazan indi daha çox tələsirdi:

– Yaxşı, deyək ki, sən montyorluq öyrəndin, bəs çilingərliyi kim öyrənəcək?

– Kim? O biri yoldaşlar... Axı, bir də mən tək öz buruğumuzu demirəm. O birisilər də bizim yolumuzla getsinlər də...

Tahir susdu. Onun ürəyində indi tamam ayrı bir narahatlıq baş qaldırdı: “Mənim səsimə səs verən olacaqmı?”

– Sağ ol, bala!.. – deyə qoca usta ayağa qalxdı, – sağ ol! Deməli, mən sənin barəndə yanılmamışam. Xeyirli sözə nə deyim?

Usta şagirdini qucaqlayıb öpmədisə də, bu onun az mehriban olmağından deyildi, usta Ramazan artıq inanırdı ki, bundan sonra Tahirdən belə-belə ağıllı sözləri çox eşidəcək və bu sözlər daxili bir ehtiyacdan, nə isə yaratmaq, ümumi işə ürəklə yapışmaq ehtiyacından doğduğu üçün, bu gün də olmasa sabah onun kəşfiyyat buruğunda öz səmərəsini verəcək.

Tahir də ayağa qalxdı.

– İndi iclas var, usta. Mənim məsələmi qoyublar. Nə desələr haqları var. İzin verin gedim.

– Get, oğlum, get. Amma sözümüz sözdür.

– Əlbəttə, usta, əlbəttə!

8

Tahirin məsələsini müzakirə edən iclas çoxdan qurtarmışdı. O, pəncərənin qabağında oturub, boz və yovşanlı təpələrin arxasında batan günəşə baxırdısa da, fikri tamam başqa yerdə idi. Hamı çıxıb getmişdi. O isə hələ yerindən qalxmaq istəmirdi: “Məni yaman əzişdirdilər. Mənə hələ bu da azdır. Günah özümdədir. Usta mənə etibar eləyib iş tapşırdı, amma mən...” Tahir bunu fikirləşə-fikirləşə özündən narazı halda başını buladı. Onu yandıran yoldaşlarının haqlı tənqidi deyildi. Tahirə yalnız Lətifənin sözləri ağır gəlirdi. Görünür, qızın son təklifini bütün ömür boyu unuda bilməyəcək idi: “Tahir heç vaxt düzəlməz,” – Nə üçün düzəlməz? Kimin səhvi olmur ki? Ax, Lətifə! Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış!..”

Tahir Dadaşlını insafsız və daş ürəkli bir oğlan hesab edirdi. Amma hamıdan insaflı o danışdı: “Biz hər bir yoldaşımıza kömək etməyi bacarmalıyıq. Tahirin səhvi böyükdür, gərək bundan nəticə çıxarsın!”

– Düz deyir! Bax, mən də kişi kimi söz verirəm ki, bu mənim axırıncı səhvim olacaq!..

Tahirin dediyi bu sözlər, indi özünə də xoş gəlirdi. İclasdakılara da bu vəd səmimi bir təsir bağışlamışdı. Yalnız Lətifə gözlərini yerə dikib yenə də istehzalı bir tərzdə gülümsəyirdi. Deyəsən yalnız o Tahirə inanmırdı. “Axı niyə inanmasın?” Tahir yerindən qalxdı, qapıya tərəf addımladı. Eşiyə çıxdı. İxtiyarsız olaraq Lətifəgilin evinə doğru getməyə başladı: “Yox, gərək onu görüb ürəyimi boşaldam. O nə üçün mənə inanmır?”

Fəhlə qəsəbəsi üzərinə axşam qaranlığı çökürdü. Hələ də fənərləri yandırmamışdılar. Asfalt yolla şütüyüb keçən minik və yük maşınları da Tahiri öz düşüncələrindən ayıra bilmirdi. Kim isə onun qulağının dibində qışqırdı:

– Kar deyilsən ki?

Yalnız indicə başını yuxarı qaldıran Tahir, yolun ortasında, düz çənəsinin dibində dayanmış ZİS maşınını görüb, bu sözlərin özünə aid olduğunu anladı və cəld kənara sıçradı. “Lətifəni görüm, görməyim?” deyə bir müddət səkidə dayanıb tərəddüd göstərdi. Yanındakı dirəkdə fənərlər yandı: “Tahir heç vaxt düzəlməz!” sözləri yenə onun qulağında səslənir, Lətifə isə ilk günlərdə gördüyü kimi istehza ilə gülümsəyirdi: “Görəcəyəm!” deyə Tahir təpənin döşünə qalxan daş pilləkənlə yuxarı dırmanmağa başladı: “Niyə hamı mənə inanır, amma o?..”

– Hara belə, Tahir? – deyən bir qız onun arxasından səslənəndə, Tahir tez dönüb baxdı: Lətifə idi. Tahir gözlərinə inanmadı. O bu zaman haradan gəlirdi?

– Hara gedirdin?

Artıq utanmaq yeri deyildi:

– Sizə! – dedi və dik-dik qıza baxdı.

– Bizdə nə var?

– Anana, atana şikayət edəcəyəm.

Lətifə güldü:

– Nədən?

– Qız olasan, belə daş ürəyin ola?

Tahirin qaşqabağı yerlə gedirdi. Amma Lətifə isə elə bil onu daha da cırmatmaq üçün qayğısız bir təbəssümlə gülürdü.

– Sözün doğrusunu dediyim üçünmü?

– Sözün doğrusu... – Tahirin üz-gözü əyildi. O daha qızın gözlərinə güz baxa bilməyib, başını aşağı saldı. – Axı sən nə haqla mənə inanmırsan?

– Onu özündən soruş.

– Mənim günahım nədir ki?

Hər ikisi susdu. Lətifə düşünürdü: “Aha, görünür sözlərimin təsiri olub...”

– Bura bax, Tahir, atama şikayət eləsən, bundan təkcə sənə ziyan dəyər. Əgər o bilsə ki, sən buruğu korlamısan, elə orada tutub, qulağını dibindən qoparar.

– Buruq niyə korlanır? Axı bilmirəm sizə nə düşüb ey? Usta Ramazan yalan olub, siz gerçək. O kişi bir söz deməyə-deməyə, bunlar ona vəkillik eləyirlər.

– Bax, sən hələ də səhvini başa düşməmisən.

İclasda yadımdan çıxdı deyim: “Yalnız ölülər səhv etmirlər...”

– Hikmətli sözləri əzbərləmək azdır, başa düşmək lazımdır! – deyə Lətifə soyuqqanlı halda Tahirin üstünə ayaq aldı. – Doğrusu, mənim sənə yazığım gəlir.

– Özünə yazığın gəlsin! Tahir dabanı üstə geriyə fırlanıb uzaqlaşdı. Lətifə onun dalınca bir neçə dəqiqə baxıb yerindən tərpənmədi: “Tərs!” deyə ucadan səslənib, daş pillələri dırmaşdı.

Tahir isə düz evə gəldi. Otaqlarında heç kim yox idi. Çarpayıda uzanıb əlfəcinli kitabı əlinə aldı. Oxumaq istədi, amma fikrini toplaya bilmədi: “Bu qız niyə mənə düşmən olsun?” deyə öz-özündən soruşdu. Bu suala cavab tapa bilməyib, yerində qurcalanmağa başladı. Bu halda Səməndər içəri girdi.

– Tahir, kefini pozma, – dedi. – Belə şeylər çox olar.

– Eşitmədin zalım qızı nə deyirdi?

– Pişik balasını istədiyindən yeyər.

– Nə o pişikdir, nə də mən balası.

– El məsəlidir də... Bir de görüm, nə əcəb işə getməmisən?

Tahir cavab vermədi. Bu sirri hamıdan gizli saxlamaq istəyirdi. Ancaq Səməndərin səmimi qıyıq gözlərinə baxanda, “sənə inanıram, açıb söyləyəcəm” deyə düşünüb, əvvəlcədən şərt kəsdi.

– Əgər öz aramızda qalsa, deyərəm. Kişi kimi söz ver.

– Verirəm.

– De sən öl, daşdan səs çıxar, məndən yox.

Tahir yenə imtahanedici bir nəzərlə dostuna baxdı: bir sən, bir də Allah... yox ey, elə ikimiz bilirik.

Səməndər pərt olub udqundu.

– Qayıtmayacaqsan?

– Yox, qayıdacağam. Ustaya söz vermişəm. Qayıtmasam, kişilikdən olmaz. Sən elə bilirsən ki, trestimizin geri qalmağı mənim qeyrətimə toxunmur? Nə təhər olsa qayıdacağam.

– Gedirsən, izin al get.

– Ustadan izin istəyəcəyəm. Əlbəttə ki, izinsiz getmək yaxşı olmaz.

Səməndər bu səfərin məqsədini bilmək üçün:

– Nə olub ki? – deyə soruşdu. – Olmaya yenə anandan kağız gəlib?

– Yox. Kağız üçün yox. Ayrı fikrim var.

– Nədi axı?

– Bax, bunu sənə deməyəcəyəm. Bu sirri tək özüm bilirəm.

Səməndər nə qədər təkid etdisə də, Tahirdən səs çıxmadı.

– Mən gələndə biləcəksən. Tələsmə!

O, yeni aldığı balaca çamadanını götürüb, vağzala hazırlaşanda, Səməndərin ürəyində nə üçünsə yenə şübhə oyandı:

– Ayə, birdən qayıtmazsan ha?

– Yox, sən öl qayıdacağam!

O, Səməndəri qucaqladı:

– Bakıya elə öyrəşmişəm ki, dünya da dağılsa qayıdacağam, – deyib otaqdan çıxdı.

Səməndər yalnız indi başa düşürdü ki, Tahirdən ayrı onun ürəyi bərk darıxacaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü fəsil

1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:

1 h
Altıncı fəsil

1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.

34 min
Yeddinci fəsil

1**Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?

56 min
Səkkizinci fəsil

1**Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.

1 h 15 min

Poems by other poets