Beşinci fəsil
Page 10 of 11 · 82%
Cüməzadə – Dərslərdən yaxşıdır.
Qüdrət – Doğrudanmı?
Ortalığa sükut çökdü. Qüdrət narazı halda başını buladı:
– İnanmıram, – dedi, – o həmişə hekayə və şeirlə maraqlanır. Kitablarının arasında bircə dənə də texniki əsər yoxdur. Bəs o necə oxuyur?
Cüməzadə Tahiri müdafiə eləmək istədi:
– Bütün dərslərdən beş alır, yoldaş İsmayılzadə.
Tahirin qaşqabağı açıldı. O gülümsündü. “Sağ ol, müəllim!” deyə ürəyində Cüməzadəni tə'riflədi. Amma Qüdrət yenə başını buladı.
– Məncə siz onu həddindən artıq tərifləyirsiniz, – dedi. – Tahir nə qədər iste'dadlıdırsa, bir o qədər də iradəsiz və diqqətsizdir. Düzdür, yox?
– Orası elədir, yoldaş İsmayılzadə, – deyə Cüməzadə istər-istəməz razılaşdı.
Tahirin üzü yenə tutuldu. O, gözlərini yerə dikdi. “Elə bil aralarında şərt bağlayıblar” deyə düşündü. Bu sözləri ona ayrılıqda desəydilər, əlbəttə, Tahirə bu qədər ağır gəlməzdi. Sabah bu əhvalatdan Lətifə də xəbər tuta bilərdi. Üçüncü zərbəyə dözmək üçün doğrudan da cəsarət və iradə lazımdır.
7
İki saatdan çox idi ki, kəşfiyyat buruğunda elektrik xətti korlanmışdı. Briqadanın tərkibində montyor olmadığı üçün bütün mexanizmlər dayanmış, fəhlələr işdən soyuyub, mə'dən idarəsindən montyorun gəlməsini gözləyirdilər. Hamının, xüsusən usta Ramazanla Vasilyevin ovqatı təlx idi. Boş keçən hər saat, trest müdirinə verilmiş təntənəli və'din vaxtında ödənilməsinə əngəl törədirdi. Oktyabr bayramı günü yaxınlaşır, bütün yerli qəzetlər xüsusi başlıq altında “fəxri lövhədə” qaliblərin adını qeyd edir; müxbirlər, fotoqraflar səhərdən axşama kimi mə'dənlər arasında gəzinərək, yarışa dair maraqlı mə'lumat toplayır, şəkillər çəkir, dəniz buruqlarını da yaddan çıxarmayıb, iki gündən bir usta Ramazanın yanına gəlib-gedir, onun vədini həm özünə, həm də qəzet oxucularına xatırladırdılar. Hələ dünən axşamüstü Moskvadan gələn müxbir, usta Ramazanın bütün briqadasının şəklini çəkmiş, buruqda işin gedişinə dair məlumat alıb qayıtmışdı. Usta, müxbirə cavanları, xüsusən Cəmili çox tərifləmiş, ancaq Tahirə dair bir kəlmə belə deməmişdi.
Bu dərd Tahiri yandırıb tökürdü. Lakin o, heç kimi təqsirləndirmir, bütün günahların yalnız özündə olduğunu dərk edir, quyudan uzaqda, buruğun taxta döşəməsi üstündə oturan, ayaqlarını aşağı sallayaraq söhbət edən, bir-birinə nə isə deyib gülən fəhlə yoldaşlarına qarışmırdı, hər zaman qayıq dayanan tərəfdə gəzinərək hey düşünür, bu rüsvayçılığı namusuna sığışdıra bilmirdi. Lətifənin son sözlərini xatırladıqca, ona ürəkdən haqq verir, “təqsir məndədir” – deyib tez-tez dərindən köksünü ötürürdü. İndi buruqda iş dayandığından, onun bütün fikri özündə, öz günahının ətrafında dolanırdı: “Ustanın gözündən düşmüşəm. Dünəndən bəri mənə baxdıqca elə bil düşməninə baxır”.
Tahir bu fikirdə ikən, böyrünə bir əl toxundu. Səksənmiş kimi dönüb baxdı. Cəmil idi.
– Nə olub, aşna, nə çox fikir eləyirsən? Bəri gəl, uşaqlar deyir ki, Tahiri çağır, oxusun.
O, Tahirin qolundan tutub aparmaq istədi. Tahir dartınıb onun əlindən qopdu:
– Yox, oxumayacağam. Mənim kefimə soğan doğranıb, bilmirəm siz nə haydasınız?
Amma o, Cəmilin bu gəlişindən razı idi: hər halda ilk dəfə onun qayğısına qalan Cəmil olmuşdu.
– Gəl, oxu, hamısı yadından çıxsın. Onsuz da üç-dörd saat boş oturacağıq. Montyor tapılası, o gələsi. Uzun çəkər...
Tahir gözlərini uzaqlara dikmiş, üzərinə axşam qaranlığı çökməyə başladıqca mavi rəngini itirib qaraya çalan sakit dənizə baxırdı. Üfüqdən görünən gəmi yavaş-yavaş böyüyür, Nargin adasının böyründən ötüb Bakıya sarı irəliləyirdi. Tahirin gözləri o gəmiyə baxırdı, amma fikri yenə də özü ilə, öz kədəri ilə məşğul idi. “Bu gündən sonra hər şey bir tərəfə, iş bir tərəfə” deyə düşünürdü.
– Deməli, oxumursan?
Tahir qaşqabağını turşudub, yavaşcadan, amma tərs bir cavab verdi:
– Cəmil, sən Allah məndən əl çək!..
Cəmil ondan aralanıb, yoldaşlarının yanına qayıtdıqdan sonra Tahir yenə dərin düşüncələrə daldı: “Usta müxbirə hamını tərifləyir, mənə gələndə...” Birdən onun başına tamam ayrı fikir gəldi: “Montyor gözləyirik. İş dayanır. Nə üçün? Montyorsuz keçinmək olmazmı?..” – Tahir o dəqiqə öz-özünü istehzaya qoydu: “Bu rüsvayçılıqdan sonra hələ bir ustaya məsləhət də verirsən? Hələ sabah iclasa çağırıblar. Özü də sənin məsələndir, tükünü didib yola salacaqlar. Niyə bunun dərdini çəkmirsən?”
Gəmi yaxınlaşırdı.
Tahir bir də ona baxanda, bu gün səhər qəzetdə oxuduğu bir qeydi xatırladı: “Dənizçilərin iş üsulu... Aha, bəs onlar niyə gəminin sürətini çoxaldırlar? Deməli, hər şey bacarıqdan asılıdır. Gərək baş işlədəsən...” Tahir günahını unudub, yalnız bu xüsusda düşünürdü: “Mənim borcum ustaya deməkdir. Bəyənər də yaxşı, bəyənməz də yaxşı. Yox, bəyənər, mən deyənin xeyri olar ki, zərəri olmaz”.
Tahir quyuya tərəf getdi. Yanaşı oturub söhbət edən ustalar onu gördülər, amma yenə özlərini görməməzliyə vurdular. “İkisinin də mənim ilə arası dəyib. Fikrimi onlara desəm necə olar, hə? – Yox, gülərlər, daha da biabır olaram. Bəs boş keçən saatlar?.. Axı nə üçün boş keçsin?” Tahir yenə tərəddüd göstərib geri qayıtdı. Gəmi iki-üç yüz addımlığa gələndə, bir az əvvəl xəyalından keçən fikri, indi ona rahatlıq vermirdi: “Cavan olanda nə olar?” Bu barədə o çox düşünüb-daşındı. Ən axırda qəti fikrə gəldi: “Ustaya ayrılıqda deyəcəyəm. Mənə gülsə də, qoy tək özü gülsün...” Onlar gecə növbəsini çox səmərəsiz keçirib, yalnız iyirmi metr qazıdıqdan sonra Ramazanla bərabər sahilə qayıdırdılar. Tahir hamıdan beş-altı addım geridə yeriyir, ustanın fəhlələrdən ayrılmağını gözləyirdi. Ramazan briqada üzvləri ilə vidalaşıb, izdihamlı küçədən keçərək tində gözdən itincəyə qədər Tahir onu izlədi. Daldan gələ-gələ:
– Usta, – dedi, – zəhmət olmasa bir ayaq saxlayın.
Şagirdinin səsini eşidən usta dayanıb geriyə sarı boylandı.
– Hə, nə var, oğul? – deyə soruşdu.
– Yarımca saatlığa sizə gəlmək istəyirəm. Olarmı?
– Hə, nə sözün var? – deyə Ramazan qaşqabaqlı halda yenə soruşdu və Tahirin üzünə diqqətlə baxdıqda onun nə isə mühüm bir iş haqqında danışmaq istədiyini hiss elədi. – Burada deyə bilməzsən?
– Yox, usta... Ayaq üstündə deyiləsi söz deyil.
Ramazan Tahirin ağzını yoxlamaq üçün, səsinin ahəngini dəyişmədən xəbər aldı:
– Yoxsa yenə kəndə qayıtmaq fikrindəsən?
– Xeyr, tamam ayrı məsələdir. Mən istəyirəm sizə ayrılıqda, xəlvətdə deyim. İzin verin sizə gəlim, usta. Buruq barədə sözüm var.
– “Buruq barədə... sözü var” – deyə düşünən usta, təəccüblə qaşlarını yuxarı qaldırıb, güclə sezilən xəfif bir təbəssümlə gülümsədi. Tahir onun üzündəki istehza ifadəsini dərhal görüb, udquna-udquna başını sinəsinə endirdi.
– Onda get dincəl, üç-dörd saatdan sonra gələrsən. Evdə olacağam.
– Baş üstə!
Usta yoluna düzəldi.
Tahir ümumi yaşayış evinə gələndə, Cəmil artıq çoxdan yatmışdı. O, nəfəs aldıqca adyalının üstündə örtülü halda duran kitab enib-qalxırdı. Yarımaçıq gözləri azacıq qızarmışdı. Sağ əli kitabdan üzülüşüb yanına düşmüşdü.
Tahir də paltarını soyunub yerinə girdi, ancaq onun yuxusu göyə çəkilmişdi. Xəyalında Ramazanla söhbətə hazırlaşırdı. Əvvəlcə öz düşündüyünü deyir, sonra ustanın etirazlarını səbirlə dinləyir, yenə öz fikrini müdafiə edir, başqa dəlillər gətirirdi.
İki saatdan çox sağına-soluna buruldusa da, yata bilməyib ayağa qalxdı, paltarını geyindi. Cəmili oyatmamaq üçün səssizcə eşiyə çıxdı. Qonşuluqdakı bağa getdi. Tək-tənha gəzinərək, dünəndən bəri onu bu qədər həyəcanlandıran fikri hərtərəfli götür-qoy elədi.
...Usta Ramazan onu mehriban qarşıladı:
– Hə, buyur oğul, – dedi və Tahirin üzündəki ciddiyyəti yalnız indi görmüş kimi təəccüblə baxdı. – Niyə belə qəmginsən?
– Günah məndədir, usta... – deyə Tahir elə bil Ramazanın nüfuzedici baxışlarına dözməyib gözlərini yerə dikdi. – Amma söz verirəm ki, bundan sonra bir də elə səhv buraxmayacağam.
Qoca, şagirdinin səmimiyyətlə titrəyən səsindən, təcrübəli və yaşlı adamlara məxsus ciddiyyətindən, bu sözləri elə-belə, gözə kül üfürmək üçün yox, dərin bir etiqadla, iztirablı və uzun daxili çarpışmadan sonra dediyini hiss edib sevindi, ancaq bu sevincini büruzə vermədi:
– Baxarıq, – dedi, – gərək bunu söznən yox, işnən sübut eləyəsən.
– Elərəm, usta, elərəm. İndi mən çox şey başa düşmüşəm. Necə deyərlər, Allah qoysa siz də görərsiniz ki, mən söz verdim, eləyəcəyəm.
Tahir susdu. Müqəddiməsindən razı qalıb başını yuxarı qaldırdı, daha da inamla qocanın gözlərinin içinə baxdı.
– Başıma bir fikir gəlib, usta... – dedi – elə onu sizə deməyə gəlmişdim.
Usta Ramazan adəti xilafına səbirsizlik göstərdi.
– Hə, de görüm, de görüm...
– Dünən hesab elədim, düz dörd saat işi dayandırıb montyor gözlədik.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:
Altıncı fəsil1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.
Yeddinci fəsil1**Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?
Səkkizinci fəsil1**Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.
Poems by other poets
Sənsən ilk baharım mənim,Sevimli gülzarım mənim.
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənEy sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,