Page 9 of 11 · 73%

Lalənin gözləri Şirmayının əlindəki kağız parçasına sataşdı və o, həyəcanla əlini irəli uzadaraq, kağızı dartıb aldı:

– Hər şeyi oxumazlar! – dedi.

– Öyrənmək istəyirəm, ana can, “iradə” nədir. – Qızcığaz püstə dodaqlarını büzdü və sualında heç bir qəbahət görmədiyindən, köyrəlib ağlamaq dərəcəsinə gəldi.

Lalə, baş tərəfi mətbəə hərfləri ilə çap olunmuş bloknot vərəqəsində bu sözləri oxudu: “Lalə! Hələlik mənim işimdə qüsur çoxdur. Ancaq mən heç kəsdən kömək ummaram. Mənim iradəm kafi qədər möhkəmdir və yarışda qalib gələcəyimə şübhəm yoxdur. Qüdrət.”

Bu anda eşik qapısının zəngi çalındı, Şirmayı yüyürüb qapını açdı. Gələn onun musiqi müəlliməsi Sədəf idi. O, tələbəsinin gözlərində parıldayan yaş damlalarını dərhal gördü:

– Şirmayı, nə olub sənə?

– Heç müəllimə... – deyə qızcığaz özünü saxlaya bilməyib hönkürdü.

Sədəf onun boynunu qucaqladı və yemək otağındakı pianonun yanına gətirdi. Bu zaman saçlarını arxaya darayıb, adəti üzrə boynunun ardında toplamış Lalə də gəldi. Sədəfə salam verdi. Onlar əl tutuşdular, hal-əhval bildilər.

Sədəf Şirmayını göstərib qaş-göz işarəsilə Lalədən soruşdu.

– Buna nə olub?

– Lazım olmayan şeyləri oxuyur, – deyə Lalə qızına tərs-tərs baxıb, üz-gözünü yığışdırdı. – Həmişə deyirəm məndən soruşmamış nə bir kağıza, nə də bir kitaba əl vurmasın. Sözümə baxmır... Sədəf xanım, gəlin, bizimlə çay için, sonra dərsinizə başlayın.

– Yox, yox sağ olun, mən bu saat içib gəlirəm, – deyə Sədəf onun təklifindən boyun qaçırdı və dərsinə başladı.

Sədəf beş il əvvəl dövlət konservatoriyasını bitirmişdi. Əri Mustafa müharibənin əvvəlində cəbhəyə gedib, Leninqrad uğrundakı qanlı hava vuruşmalarında həlak olmuşdu. Onun qəhrəmanlığına dair bir çox hekayə və nağıl yazılmışdı. Sədəf bu yazıları toplayaraq, xüsusi bir alboma yapışdırıb saxlayırdı. Mustafanın ölüm xəbəri gələndən bir neçə gün sonra onun şəklini böyütdürüb, kiçik otağındakı çarpayısının baş tərəfindən asmışdı. Mustafa uşaqlıqdan təyyarəçilər dərnəyinə davam etmiş və sonra hərbi məktəbdə oxuyub qırıcı təyyarəçi olmuşdu. Onların hissəsi Bakıda ikən orada düzəlmiş musiqi dərnəyinə rəhbərlik edən Sədəflə tanış olub sevişmişdi. Mustafa onun sadəliyini, o da Mustafanın mərdliyini bəyənmişdi. Onların toyundan ikicə gün sonra müharibə başlamış, Mustafa da o gündən cəbhəyə göndərilmişdi.

Qırx ikinci ilin ağır vuruşmalarında həlak olmuş Mustafanın ölüm xəbəri gələndə, Sədəf buna inanmadı. Əslində o bu xəbərə indi də inanmır, Mustafanın xəyalı ilə yaşayırdı. Bunu yaxşı bilən Lalə Sədəfin xətrini çox istəyirdi. O bəzən konsertlərdə oxuyan artistləri royalda müşayiət edər və dinləyiciləri çox razı salardı. Ancaq Mustafanın ölüm xəbəri gələndən sonra konsertlərdə çıxış etmir, onun yasını saxlayırdı. Köhnəpərəst olmasa da, ailə məsələsində ata-baba adətlərini sevirdi. Sifətdən o qədər gözəl deyildi. Ancaq ona çirkin də demək olmazdı. Orta boylu, nazik əndamı, sərt qara saçları, qaraşın sifəti, uzun kirpikləri, həmişə qüssəli görünən yumru gözləri və bir azca qalın qaşları vardı.

Ailəsi dağılandan sonra, İsmayılzadənin evindəki xoşbəxtliyə baxıb təsəlli tapırdı. O, Şirmayını doğma qızı kimi istəyir və onun musiqi dərslərindəki müvəffəqiyyətindən ana kimi sevinirdi. Ancaq gözlərindəki qüssə bir an belə onu tərk etmirdi.

Şirmayının dərsi qurtarmamış, Lalə küçədən maşının qudok səsini eşidib Sədəflə xudahafizləşdi, trestə yola düşdü.

Müəllimə isə bu günkü dərsindən razı deyildi. Şirmayının fikri dağınıq idi. O, taktların çoxusunu düz vurmurdu. Həmişə səbirli olmağa adət etmiş Sədəf bu dəfə də mülayim və mehriban bir səslə şagirdinin səhvlərini göstərir, o istədiyi kimi çalmayınca, yeni xanəyə keçmirdi.

– Əzizim, – deyirdi, – istedadlı gənclərin konserti olanda, musiqini yaxşı bilən adamlar gələcək. Ona görə hər taktı vuranda gərək diqqətli olasan. Yoxsa ikimiz də biabır olarıq.

Amma yenə də Şirmayı fikrini bir yerə toplaya bilmir, bəzən çox qaba səhvlər buraxırdı.

Sədəf tənəffüs verdi.

– Çayını iç, – dedi və Tükəzban qarı ilə söhbət zamanı Lalənin nə üçün onu danladığını öyrəndikdən sonra, elə bil məcburi çay içən Şirmayıya üz tutdu: – Anan haqlıdır, balaca uşaqlar hər şeyi oxumazlar.

– Niyə balaca oluram, müəllimə? – deyə Şirmayı etiraf etdi və bu yeni “təhqir”dən də incidi.

Sədəflə Tükəzban qarı bir-birlərinə baxıb gülümsədilər.

Sonra yenə də dərs başlandı.

– Konsertə çox az qalır, – deyə Sədəf ona bir də xatırlatdı, – səhnəyə çıxanda ürəyin bərk-bərk döyünəcək. Ancaq sən buna fikir vermə. Möhkəm ol. İradəni ələ al.

Şirmayı bu tanış səsi eşidəndə, cəld bir hərəkətlə başını çevirib Sədəfə baxdı:

– Müəllimə, – dedi, – “iradə” nədir? Anamdan soruşdum, cavab verməyib acıqlandı. Pis sözdür?

Sədəf onun saçlarını oxşadı:

– Əksinə! – dedi, – “iradə” çox böyük sözdür. Ancaq mən səni necə başa salım?

Sədəf bir an duruxub, sükut içində uzaq və məchul bir nöqtəyə baxdı. Ərinin həyatından yazılmış “İradə” adlı bir vaqeəni xatırladı. Hava vuruşmasında, üç ölümcül yara almış Mustafa öz təyyarə meydanına qayıtmaq əvəzinə, yaralarının müdhiş ağrılarını unudaraq, canını dişinə tutub düşmən təyyarəsilə vuruşur, onu şəhərə yaxın buraxmaq istəmir, qolundan bir yara da alır, təyyarəsini tək əlli idarə edərək, düşmən quzğununu vurub yerə salır, yalnız bundan sonra çoxlu qan itirmiş və rəngi kağız kimi ağarmış halda qayıdıb öz təyyarə meydanlarında düşür.

Sədəf Şirmayıya bu vaqeəni danışmadı. Danışsaydı, özünü saxlaya bilməyib ağlayardı.

– “İradə” böyük sözdür, əzizim, – dedi, – əgər iradənin nə olduğunu bilmək istəsən, ata-anana və onun neftçi yoldaşlarına bax. Yağışda, qarda, çovğunda, boranda vuruşurlar, heç bir çətinlikdən qorxmurlar. Çünki onlar cəsur və iradəli insanlardır.

– Bəs anam məni niyə danlayır, müəllimə?

Sədəf cavab vermədi. Gözlərində sezilən qüssəli təbəssümünü gizlətmək üçün kirpiklərini aşağı saldı.

6

Lətifə ilə Tahir arasında da iradə məsələsi üstündə ixtilaf törədi. Kəşfiyyat buruğunda baş vermiş avariya min bir əziyyətlə ləğv olunandan sonra, onlar qayıqla sahilə gəlib, evə də birlikdə getməli oldular. Lətifənin qaşqabağı açılmır, o, bir dəfə də başını yuxarı qaldırıb Tahirin üzünə baxmırdı. Usta Ramazan bu işdə Tahirin müqəssir olduğunu açıb-ağartmadığı üçün Tahirə elə gəlirdi ki, Lətifənin belə incik görünməsinə səbəb yenə Cəmildir. “Bu şeytan oğlu şeytan niyə bizim aramıza girir?” deyə fikirləşib, ürəyini Lətifədən də gizlətmədi.

– Yenə nə olub, məndən sənə nə deyiblər?

– Nə deyəcəklər? Özüm bilmirəmmi?

– Mən də bilim də... Günahım nədir ki, üzümə baxmırsan?

Lətifənin gözlərində qəzəbli bir qığılcım yanıb söndü.

– O dəfə qaçdın, bir söz demədim. Elə güman elədim ki, uşaqsan, anadan uzaqda ürəyin darıxır. Qoca kişi tutub səni yoldan qaytarandan sonra, dedim yəqin səhvini başa düşmüsən, ağlını başına yığıb əməlli-başlı işləyəcəksən. Ancaq indi mən görürəm ki, yanılmışam. Sən zərrə qədər də ağıllanmamısan.

– Axı nə olub ey?

– Bundan artıq nə olacaq? Səni adam bilib iş tapşırıblar. Sən də kişinin adını batırırsan.

– Nə kişinin, hansı kişinin?

– Bura bax, Tahir, məni də, özünü də uşaq yerinə qoyma. Sən özün yaxşı bilirsən mən nəyi, kimi nəzərdə tuturam. Dünənki avariyanın səbəbi kim olub, hə? Yoxsa indi də Cəmil günahkardır?

– Sən onu az mənim gözümə sox!.. – deyə Tahir üzünü yana tərəf çevirdi.

– Səndən ömründə neftçi olmaz! – deyə Lətifə böyürlərindən ötüb gedən adamları saymayaraq səsini ucaltdı. Bu söz indi Tahirə ən ağır təhqir kimi tə'sir etdi. O, sərt və qəti bir hərəkətlə Lətifəyə tərəf döndü:

– Niyə olmur?

– Çünki neftçiyə üç şey lazımdır, onun heç biri səndə yoxdur.

– O nədir elə?

– Diqqət, cəsarət, iradə!..

Onlar vidalaşmadan ayrıldılar.

Tahirə dəyən bu zərbədən sonra, axşam, dərs vaxtı ona ikinci bir zərbə də dəydi. Cüməzadə yerin sirlərindən, gil məhlulunun axınından danışırdı. Bu anda sinif otağının qapısı açıldı və Qüdrət İsmayılzadə içəri girdi. Müəllimlə şagirdlər sükut içində ona baxdılar. yenə sual-cavab başlayacağını güman edirdilər. Ancaq o salam verib, Cüməzadəyə yanaşdı.

– Bağışlayın, yoldaş müəllim, üzr istəyirəm, – dedi.

Arxa sırada oturmuş Tahirin gözləri də İsmayılzadəyə zillənmişdi. Ürəyinə bir şey dammış kimi, gözlərini yerə dikdi, yanaqlarını qızartı bürüdü. Qüdrətlə Cüməzadə arasında belə bir mükalimə oldu.

Qüdrət – Tahir Bayramlı necə oxuyur?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü fəsil

1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:

1 h
Altıncı fəsil

1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.

34 min
Yeddinci fəsil

1**Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?

56 min
Səkkizinci fəsil

1**Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.

1 h 15 min

Poems by other poets