Page 8 of 10 · 70%

– Çünki, mənim bəxtim gətirir...

Hər şeydən artıq riyazi haqq-hesab sevən neft istehsalında saç ağartmış dostu, Qüdrətin xurafata inanan bir adam olmadığını gözəl bilirdi, ona görə də bu söhbətin zarafata çevrilməsini istəməyib:

– Mən sənin iş üsullarınla maraqlanıram, bir onlardan danışsana! – deyə daha da ciddi təkid edəndə, Qüdrət yenə zarafata saldı:

– İş üsullarımdan nə danışım? Elə bir üsulum yoxdur. Ancaq gümrah olmağımın səbəbini deyə bilərəm. Mən də siz alan normanı alıram. Maaşım da həmin maaşdır. Canın üçün, sizin hamınızdan da az yatıram. On iki ildir bir dəfə də məzuniyyət alıb kurorta getməmişəm. Ancaq mənə elə gəlir ki, hələ bu cavanlıq uzun müddət məni tərk etməyəcək.

– Qüdrət gülümsündü. – Görünür bir qədər də arsızlığım var...

– Yox, yox, sənin haqqında bunu ən qəddar düşmənin də deyə bilməz. Bu, arsızlıq nişanəsi deyil. Görünür bunun çox dərin səbəbi var. Ancaq nədir, bunu hələ də təyin edə bilmirəm.

Qüdrət, fiziki əməklə məşğul olan adamların əli kimi iri və bir azca da qaba əlində tutduğu uzun müştüklü papirosunu damağına qoyub, avtomatik alışqanla yandırdı:

– Bunun sirrini mən özüm yaxşı bilirəm, – dedi. – Mənim anam yaxşı nağıllar söyləyir. O nağıllardan biri çox mənalıdır. Əgər onu bütün qadınlara başa salsaq, kişilərin hamısı bundan fayda görər.

Qüdrətin dostu, onun irəli uzatdığı və sonra açıq halda yazı masasının uc tərəfinə qoyduğu iri qutudan bir dənə papiros götürdü, qaşlafını azacıq yuxarı qaldırdı, sadəlövh tərzdə və bir qədər də tələsik soruşdu:

– O necə şeydir? Danışmazsan?

Qüdrət, burula-burula havaya qalxaraq, bir an gözlərinin qabağında dumanlanan göyümtül papiros tüstüsünü üfürüb dağıtdı və əsil mətləbini indi söyləyəcəkmiş kimi, düşüncəli baxışlarını yerə dikdi:

– Mənim işimdəki müvəffəqiyyət ailəmdən başlanır, – dedi. – Həmin nağıl da elə bu fikri təsdiq edir. Mən onu anam kimi şirin danışmağı bacarmaram. O, qızım Şirmayının yaşını nəzərdə tutduğu üçün, sözləri elə bir ifadə ilə danışır ki, üz-gözünə elə bir ifadə verir ki, nağıl qat-qat təsirli çıxır... Xülasə, ağıllı padşahlardan biri... – Qüdrət yenə gülümsədi (“beləri də olub” deyə arada əlavə etdi). – Hə... padşah, rəiyyətinin həyatı ilə tanış olmaq üçün vəzir-vüzərası ilə bərabər, şəhərləri, kəndləri gəzirmiş. Günlərin birində qəribə bir hadisənin şahidi olur. Görür ki, cavan bir xarrat, mahnı oxuya-oxuya dəmir zindanın üstündə taxta yonur. Baltanı taxtaya nə qədər bərk endirirsə, balta bir dəfə də olsun zindana toxunmur. Şah vəzirdən soruşur:

– Bu necə şeydir, vəzir? Nə təhər olur ki, xarratın nacağı zindana dəymir?

Vəzir deyir:

– Şah sağ olsun, yəqin xarrat evdə arvadı ilə mehriban dolanır.

Bu cavab hökmdarı çox düşündürür. O, qaş qaralanda vəzirlə bərabər təğyir-libas edib, xarratın evinə getməyi qərara alır. Şahın xidmətkarları xarratın yerini öyrənirlər. Şahla vəzir cındır kəndli libası geyib oraya yola düşür. Qapını döyəndə, xarrat gülərüzlə onların qabağına çıxır, soruşur:

– Kimi istəyirsiniz, qardaşlar?

Vəzir cavab verir ki:

– Yol adamıyıq, qonaq istəmirsənmi? Sənin evində gecələmək olarmı?

Xarrat deyir:

– Buyurun, gözlərim üstündə yeriniz var.

Onlar içəri girəndə xarrat arvadına üz tutur, sevinə-sevinə deyir:

– Ay arvad, qonaq gətirmişəm.

Arvad da onları gülərüzlə qarşılayır:

– Əziz qonaqlara gözüm üstündə yer var, a kişi. Xoş gəliblər, səfa gətiriblər. Allah verəndən nə varsa onlara qurbandır.

Şah vəzirə baxıb mənalı-mənalı gülümsəyir. Onun ehtimalının düz çıxdığını görüb, dərin fikrə gedir... Onlar mahalları gəzib, paytaxta qayıdandan bir-iki il sonra yenə səyahətə çıxmalı olurlar. Həmin şəhərə gələndə yenə də şahın yadına o xarrat düşür, gəlib onun dükanının qabağından keçəndə görür ki, o, bu iki ildə ən azı iyirmi il qocalıb, beli ikiqat olub, saqqalı ağarıb. İndi qaşqabaqlı oturub, yenə taxta yonur amma nacağı hər dəfə taxtadan ötüb dəmir zindana toxunur...

Şah vəzirin üzünə baxıb soruşur:

– Buna nə olub görəsən?

Vəzir cavabında deyir:

– Şah sağ olsun, yəqin indi arvadı onu pis yola verir.

Onlar yenə təğyir-libas edib axşamüstü xarratın evinə yola düşürlər. Xarrat qonaqları içəri çağıranda, arvadı onun üzünə çımxırır:

– Boyuna boz ip ölçüm! Çörəyimi boğazımdan kəsib onlara verməyəcəyəm ki?

Şah yenə də vəzirin üzünə baxıb acı-acı gülümsəyir.

Qüdrət nağılını danışıb qurtaranda onun dostu da başını tərpədə-tərpədə, mənalı bir tərzdə qımışdı:

– Məlum oldu, – dedi. – Belə görünür ki, sənin də yaxşı işləməyinə, cavan qalmağına səbəb arvadın Lalədir, hə?

– Əlbəttə! – deyə Qüdrət təsdiq edəndə, kabinetin qapısı açıldı və bir nəfər kişi içəri girdi. İsmayılzadə ilk dəfə gördüyü bu adama zənlə baxdı. Üzünü bozumtul tük basmış bu arıq və gödək kişinin əyri qılçaları, azacıq donqar beli, sağ gözünün uc tərəfindəki iri xalı Qüdrətin diqqətli nəzərini dərhal cəlb etdi. Nazik sifətinə nisbətən uzun görünən fətir qulaqları ona çox nataraz bir görkəm verirdi. Lakin adamları çirkin sifətinə görə qiymətləndirmək Qüdrətin xasiyyəti deyildi. Kişinin yaxalığı çirkdən ləkə-ləkə idi, hülqumu görünən uzun boğazı qapqara olmuşdu. Belə natəmiz adamlar Qüdrətin heç xoşuna gəlməsə də, yenə onu nəzakətlə qarşıladı. Kişi trest müdirinin xoş sifətini görüb cəsarətləndi, ucadan salam verdi, kef-əhval bilmək istədi. Qüdrət də, nadir hallarda üzündən silinib gedən, sadə, səmimi, yumşaq və bir azca da istehzalı kimi görünən təbəssümü ilə gülə-gülə onun salamını aldı:

– Çox sağ olun! – dedi və öz trestində işləyən xidmətçilərdən olduğunu yəqin edib soruşdu: – Siz nəçisiniz, adınız nədir?

Kişinin dodağı qaçdı, seyrək, düz və sarımtıl dişləri göründü: – Adım Qonaq, familyam Qonaqovdur, – dedi, – trestin nəqliyyat işlərinə baxıram. İzin verin, sizi təbrik edim.

Qonaqovun bir balaca irəliyə doğru əyilmiş bədəninə və üzündəki itaətkar ifadəyə diqqət yetirəndə, Qüdrətin gözlərindəki yumşaq təbəssüm silinib yox oldu, sir-sifəti ciddiləşdi. O, Qonaqovun üzündən nüfuzedici nəzərlərini çəkməyib, təəccübünü gizlətmədən soruşdu:

– Yaxşı, məni nə münasibətlə təbrik edirsiniz?

Qonaqov, Qüdrətin sualındakı nazik kinayəni hiss etməyərək, yenə də eyni müti görkəmlə bir az da qabağa əyildi:

– Bizim trestin rəhbəri göndərilməniz münasibətilə sizi təbrik etmək istəyirəm. Ancaq, doğrusu, mən çoxdan xəstə idim. Vaxtında yanınıza gələ bilmədim.

İsmayılzadə onun sözünü kəsdi:

– Ayrı sözünüz?

– Bizim trest quyruqda sürünür. Köhnə rəhbərlik, düzü, hamının gözündən düşmüşdü. Ümid edirəm ki, sizin kimi bir rəhbər...

İsmayılzadə yan-yövrəsinə baxdı, kirpiklərini qırpmadan, gözlərini bir müddət Qonaqovun yanağında və gülümsərkən qırışıqla örtülmüş alnında gəzdirdi.

– Ayrı sözünüz yoxdur ki, yoldaş Qonaqov?

Qonaqov tutuldu. Qırışıq alnını iri tər damcıları basdı.

– Xeyr, ayrı nə sözüm? – dedi.

– Elə isə gedin, qayıq hazırlayın. Bu gün bütün dəniz buruqlarına baş çəkmək istəyirəm. Aydın oldu, yoxsa bir də izah edim?

Qonaqovun sarımtıl dişləri örtüldü. O, deməyə söz tapmayıb, bir neçə an yerində hərəkətsiz qaldıqda Qüdrət onu çətin vəziyyətdən qurtarmaq istədi:

– Nə üçün karıxırsınız? Başqa bir sözünüz varsa buyurun, onu da deyin!

Qonaqov cibindən çıxardığı ləkəli yaylıqla alnının tərini silə-silə bir neçə addım dalı-dalı çəkildi:

– Xeyr, elə bir sözüm yoxdur. Sizi təbrik etmək... – O, şərab içməkdən məst olmuş bir adam kimi, müvazinətini itirərək, səldirləyə-səldirləyə qapıya yanaşdı və dırnağının ucunda, səssizcə addımlarla bayıra çıxdı.

Qüdrətin dostu Qonaqovun gözdən itdiyini görüb əlini-əlinə vurdu, az qala pəncərələrin şüşəsini cingildədən bir şaqqıltı ilə güldü:

– Neyləsin, karıxmasın? – dedi. – Təzə rəhbərlik insafsızlıq eləyib, yazığın sözünü ağzında qoydu. Yəqin yol uzunu yekə bir monoloq əzbərləyibmiş.

Dostlar bir neçə an gülüşdülər və tez-tez qapıya tərəf baxaraq, elə bil Qonaqovu bir də görmək istədilər. Bu anda kabinetin qapısı ağzında Tahirlə Cəmil göründü. Onlar Qüdrəti salamladılar və içəri girməyə izin istədilər. İsmayılzadə cavanları gülərüzlə qarşıladı:

– Buyurun, uşaqlar, mənə görə qulluğunuz?

Cəmil özünü irəli verdi, usta Ramazanın dəniz buruğunda işlədiyini söyləyib, kadr şöbəsinə gəldiklərini bildirdi. İsmayılzadə “məndən asılı işdir?” – deyə soruşanda, Cəmil Tahiri İsmayılzadəyə təqdim etdi:

– Burada işləmək istəyir. Yeddillik məktəbi qurtarıb. İkimiz də bir kənddənik. Mən bir il bundan qabaq gəlmişəm. Kəndə məzuniyyətə gedəndə Bakıdan ona danışdım, həvəsə gəldi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İlk zərbə

Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.

27 min
İmtahan günləri başlanır...

Partbiletimi aldıqları zaman necə hönkürüb ağladığımı gizlətmək istəmirəm. Partiya sıralarından kənarda qaldığım on il müddətində bir dəqiqə, bəlkə də bir an mən özümü ondan ayrı təsəvvür eləməmişəm. Mən özüm istəsəm də, bunu bacarmazdım. Məni ona bağlayan mənəvi telləri qırmağa heç bir qərarın gücü çatmazdı...Direktorumuz bu günün işini sabaha qoyan adamlardan deyildi. O, məni işdən çıxarmaqla qalmadı, mənzilimizi də boşaltmağa əmr elədi. Biz, vaxtı ilə, hələ Müdhətlə evlənməmişdən qayınanamın, Müdhətin və qaynım Faiqin yaşadığı zirzəmiyə köçdük. Bu rütubətli zirzəmidə yeraltı suların qarşısını almaq üçün vasitə arayıb-tapmaq arzusu məndə daha çox güclənməyə başladı...

1 h 25 min
Ayrılıq

Xəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...

22 min
Çölün düzündə

Nağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.

35 min

Poems by other poets