Page 2 of 6 · 17%

Süfrə əvəzinə ortalığa salınmış qəzetin üstündə xırda-xırda doğranmış qara çörək, göy soğan, bir-iki dəstə tərxun və keşniş vardı. Mən, əlbəttə, onun təklifindən boyun qaçıra bilməzdim, çünki acından gözlərim qaralırdı. Ancaq mənim tərəddüd elədiyimi başa düşüb, o, yenə çağırdı:

– Gəl, bacı, utanma. Daha utanmaqdan keçib... Gərək bir-birimizə həyan olaq... Mənim dayım tolstoyçu imiş. Qraf həzrətlərinə tez-tez məktub yazırmış. Günlərin birində Yasnaya Polyanaya gedib çıxır. Tolstoy onu içəri aparır. Parket döşəmə çox sürüşkən imiş. Dayım onunla yanaşı yeriyənlə, birdən sürüşür, az qalır yıxılsın. Lev Nikolayeviç o dəqiqə dayımın qolundan yapışır, yıxılmağa qoymur. Deyir ki, bax, insanlar gərək həmişə beləcə bir-birinə kömək eləsin... Gəl, gəl, otur, bacı...

Yox. Mən daha utanmırdım. Dinməz-söyləməz, süfrənin bir qırağında dizlərimi yerə qoyub oturdum.

– Bu gün birtəhər keçinək, sabah da allah yetirər, – deyə o, sözünə ara vermədən, göy soğanı bükmələyib çörək və pendirlə bərabər iştaha ilə yeməyə başladı.

Bu adamın sifəti mənə hardansa tanış gəlirdi, ancaq onu məhz harda gördüyümü xatırlamağa çalışdımsa da, yadıma sala bilmədim. Mən də onun kimi bir parça pendir, çörək götürdüm.

– Ay qardaş, – dedim, – olan-qalanınızı da biz yesək, sonra özünüz ac qalacaqsınız.

– Yox, – dedi, – ac qoymazlar. Mən bu yolu bir dəfə də gedib gəlmişəm. Qayda-qanuna möhkəm əməl eləyirlər. Doğrudur, o vaxt demirdilər “yalnız yerimizi dəyişdirmişik”. Tutmuşdular, özü də bundan xeyli uzağa yollamışdılar, ancaq görürsünüz də, ölməmişəm, sağam...

– Niyə, nə üçün sizi tutmuşdular, axı? – soruşdum.

– Günahkardım, onda haqları vardı tutmağa, hətta güllələməyə...

Görünür, mənim ondan daha müfəssəl cavab gözlədiyimi başa düşüb dedi:

– Gizli millətçilər təşkiatının üzvü idim. Mətbəədə korrektor işlədiyimdən istifadə eləyib, Sovet hökumətinin əleyhinə intibahnamə buraxmışdım, heç nə... ağılsızlıq. Onca il Salovkada ayaq döydüm. Cəza müddətim qurtaran kimi buraxdılar. Ancaq onu da deyim ki, orda da qəzet buraxırdım, klub düzəldib, özfəaliyyət dərnəyi təşkil eləmişdim, həftədə bir tamaşadan, konsertdən verirdim. Beş-altı dəfə təşəkkür almışdım.

– Millətçilər təşkilatının məqsədi nə idi? – deyə soruşdum.

– Məqsədi? – O, üz-gözünü əydi və zəhlətökən bir milçəyi qovurmuş kimi əlini kəskin hərəkətlə qaldırıb-saldı. – Məqsəd böyük sözdür, bacı. Onlarınkı məqsəd deyildi, fitnə-fəsaddı. Böyük Turan dövləti... hımm... gör nə gurultulu adı var!.. Amma axırda fıs çıxdı. Ümumiyyətlə, millətçilərin lideri də, təşkilatı da dil ustası, ağıl xəstəsi idi. Hamısı fıs çıxdı. Avantüranın axırı bəs necə ola bilərdi ki? Əlbəttə, bunu mən gec başa düşdüm. Lap gec. Otuz yaşından sonra. Müharibə başlanan günü hərbi komissarlığa getdim, könüllü yazılmaq istədim, yazmadılar. Deməli, fikirləri buraya yollamaqmış... Nə olar, canları sağ olsun. İslanmışın yağışdan nə pakı?.. Burda da özümüzə məşğulat taparıq...

O, yenə iribaşlı bir soğanı dəstələyib, çörəyin arasına qoydu və daha həris bir iştaha ilə yeməyə başladı. Böyründə oturmuş kişilər onun söhbəti ilə maraqlanmırdılar. Deyəsən, tərcümeyi-halını ilk dəfə dinləmirdilər. Mən yenə sual verdim:

– Yaxşı, sovet hökumətinin əleyhinə çıxmağa sizi nə məcbur eləmişdi?

– Heç nə, sarsaqlıq. Mən özüm fəhlə balasıyam. Atam mədəndə dartayçı idi. Oxutdu, savadlandırdı. O vaxt da savadlıları günün günorta çağı əldə çıraq axtarırdılar. Məni korrektor qoydular. Qəzetdə elə odlu-odlu yazırdılar ki, hər oxuduqca öz-özümə deyirdim: dünyanı düzəltsələr yalnız bunlar düzəldəcəklər... Mən nə bilim ki, millət deyib bağıranlar millətin elə əsil düşmənləriymiş?.. Axırı nə oldu? Hamıdan qabaq milləti qoyub xaricə qaçan da onlar oldular.

Mən pendir-çörəkdən yedikcə, elə bil gözümə işıq gəlir və ətrafı daha aydın görməyə başlayırdım. Bizim bu son mənzilimiz vaxtı ilə uşaqlıqdan gördüyüm qaraçı köçünü xatırladırdı. Yalnız bir fərqlə ki, bizim düşərqəmizdən tüstü qalxmırdı. Atımız-arabamız yox idi. Biz kəndlərdə-kəsəklərdə satmaq üçün ələk, xəlbir toxumurduq. Uşaqlarımız dəstə düzəldib çiling-ağac, ya top-top oynamırdılar. Biz də qaraçılar kimi bir yerə toplaşıb rəqs eləyənlərə və ya kamança çalıb mahnı oxuyanlara qulaq asmırdıq... Təxminən iki hektar yeri tutmuş düşərgəmizdə adamların bəzisi bizim kimi iki-bir, üç-bir oturub çörək yeyir, bəzisi çanta və bağlamasını başının altına qoyub mürgüləyir, yorğunluğunu alırdı. Amma buranın baharı da bizim çöllərin baharı kimi cavan və gözəldi. Bir az o tərəflərdə iki qarış hündürlüyündə qalxmış göy otlarda şeh parıldayırdı. Rəng verib – rəng alan körpə çiçəklər, qızıl lalələr Mil və Muğan düzlərini mənim yadıma salırdı. Axı, burada mənim vətənim idi, yəni mənim bacılarımın, qardaşlarımın vətəni idi. Axı, mənə və mənim kimilərinə qarşı yönəldilmiş bu ədalətsiz hökm o qədər güclü deyildi ki, illərdən bəri ürəyimdə ucsuz-bucaqsız, bölünməz, vahid Sovet Vətəninə bəslədiyim böyük məhəbbəti öldürə bilsin? Mənim üçün əsil imtahan indi başlanırdı. Mən öz-özümə deyirdim: “Yox, Səmirə, sən yalnız şəxsi səadətin naminə qayəndən, məsləkindən, idealından üz döndərməyə haqlı deyilsən!..” – Mən düşərgəmizdəki adamlara baxırdım və onların da mənim kimi düşünməyini arzulayırdım. Mən artıq buradakıların sayı ilə maraqlanırdım.

– Bağışlayın, adınızı da bilmirəm, – deyə məni yeməyə dəvət eləyən kişinin üzünə baxdım.

– Əsil adım Sədəddin Gülməmmədovdur, ancaq mətbuatda işləyəndən özüm üçün təxəllüs götürmüşəm, indi çoxları məni bu təxəllüslə çağırır: “Sədi Kamal!..”

– Yoldaş Sədi Kamal...

– Yoldaş yox bacı, biz burda vətəndaşıq...

– Yaxşı, olsun vətəndaş Sədi Kamal, görəsən burda neçə adam var?

– Gəmi ilə gələnlərin yarısını başqa yerə apardılar. Deməli, biz iki yüz nəfərə yaxınıq... Necə məgər, niyə soruşursunuz?

– Bəs bu qədər adamın xərci-xərəcatı kimin boynuna düşəcək?

– Sən onun dərdini çəkmə, bacı. Əvvəl vaxtlar biz hökumətdən yeyəcəyik, sonra da hökumət bizdən... Borclu borclunun sağlığını istər...

– Yəni deyirəm ki, müharibənin bu vaxtında camaatı yığıb bura tökmək xeyirdən çox ziyan deyil?

– Əlbəttə, ziyandır. Ancaq bunun siyasi mənası var! – onun bu sözləri ciddi, ya zarafatla dediyini ayırd eləmək çətindi. – Hökumət ölkəni beşinci kalonnadan təmizləyir ki, əmin-amanlıq olsun.

Mənim sağımda oturmuş keçisaqqal kişi soruşdu:

– Bu nə sözdür, ay Kamal?

– Beşinci kalonna – yəni xarici kəşfiyyatın agentləri... Başa düşmədin?

– Düşdüm, düşdüm, amma inanmıram indi beləsi qalmış ola.

– Ay canım, siz də ayrı söz tapmırsınız danışmağa? – deyə o biri kişi ətrafına göz gəzdirdi. – Görəsən bu gün çadırları gətirəcəklər, ya yox?

Sədi Kamal axırıncı soğanı da bükmələyib ötürdü.

– Çadır oldu-olmadı, mənim halıma təfavüt eləməz. Öyrəşmişəm, – deyib ayağa qalxdı. – Nə gözəl hava var!.. Amma bir azdan susuzluq bizə güc gələcək, ha...

– Bir azdan niyə? – deyə keçisaqqal kişi də ayağa qalxdı, – duzlu pendiri də yedik, elə indidən ürəyimi yandırır, hey baxıram, bu yanlarda bir işarantı görünmür, arxı qazıb hazırlayıblar, amma su buraxmağı yadlarından çıxardıblar.

Sədi Kamal bu dəfə də təsəlli verdi:

– Günlərin birində yəqin ki, buraxacaqlar. Bayaq bizi gətirən gözətçi deyirdi ki, hələ bənd hazır deyil. Müharibə başlanan kimi işi dayandırıblar.

Keçisaqqal kişi bağlamasını açdı, paltosunu çıxartdı:

– Qardaş, mənciyəz yatdım, – deyə yerə çökdü, paltosunu yumurlayıb başının altına qoydu, – allah eləsin, gözümü açanacan su özünü yetirsin...

– Allaha qaldısa, heç nə. Batdıq... – deyə Sədi Kamal parusin köynəyinin döş cibindən tütünqabını çıxartdı, yoğun bir papiros büküb damağına qoydu və təyyarə şüşəsindən qayrılmış iri çaxmaqla yandırdı.

– Yat, yat, qardaş. Bütün Şərq aləmi yatıb.

Keçisaqqal kişi onun zarafatına zarafatla cavab verdi:

– Əslinə baxsan, yuxunun Şərqdə çox xeyri olub, çünki yuxu – böyük enerji mənbəyidir... Niyə gülürsən? Doğru deyirəm, vallah... Bilirsən çox yatan nə cavan qalır?

Sədi Kamal papirosunu qəribə bir ləzzətlə sümürüb müsahibini təpədən-dırnağa qədər süzdü və bu dəfə qəhqəhə ilə gülüb dedi:

– Əşi, mən səni belə filosof bilmirdim, sən bu cür məntiqlə tənbəlliyin fəlsəfəsini də yarada bilərsən ki... – O, birdən nəyi isə xatırlamış kimi üzünə ciddi bir ifadə verdi. – Çox yatmağa alışmasan yaxşıdır. Sən görməmisən, ancaq mən görmüşəm, iş başlananda, yuxu üçün o qədər də imkanın olmayacaq... Nəzərdə tut ki, istirahət evinə gəlməmisən.

– Bilirəm, bilirəm, amma buna baxmayaraq, mən yatdım, – deyə Sədi Kamalın müsahibi böyrü üstə uzanıb gözlərini yumdu və o dəqiqə də xoruldamağa başladı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Sabir – novator

Deyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, *lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi* ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:Nəsimini dabanından soydular!..

19364 min
Böyük aşıq

Azərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:

19385 min
M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlər

Deni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.

194026 min
Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

194210 min

Poems by other poets